Müəllif: Səməd VƏLİYEV
Məlum olduğu kimi, COVID-19 yeni koronavirus pandemiyasının sürətlə yayıldığı şəraitdə xüsusi risk qrupuna yalnız yaşlılar və ağır xəstəliyi olanlar daxil deyil. Evsizlər, planetin ən yoxsul sakinləri və miqrantlar da böyük risklə qarşı-qarşıyadır.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının son məlumatına görə, dünyada 71 milyon qaçqın var. Üstəlik, son 10 ildə onların sayı 2 dəfə artıb. Son illər bu artım xüsusilə çox olub. Başqa ölkələrdə sığınacaq axtaranlar əsasən Suriya, Əfqanıstan, Yəmən, Myanma və bir sıra Afrika ölkəsi vətəndaşlarıdır. Qaçqınları qəbul edən əsas dövlətlər isə Avropa qitəsində yerləşənlərdir. Bu siyahıya Türkiyə liderlik edir.
Qaçqınlar – Türkiyə cəmiyyətinin əsas problemi
Bu gün qonşu ölkələrdən olan 4 milyondan çox insan Türkiyədə sığınacaq axtarır. Onların əsasını suriyalılar təşkil edir – 3,7 milyon nəfər. Bu, Türkiyəyə üz tutmuş ümumi qaçqınların 90%-dən çoxu deməkdir. Nəzərə alsaq ki, 85 milyonluq bu ölkə onların saxlanılması xərclərini faktiki olaraq təkbaşına çəkir, bu, kifayət qədər böyük rəqəmdir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hələ 2019-cu ilin payızında etiraf etmişdi ki, ölkəsi qaçqınlara artıq 37 milyard dollar xərcləyib və bu xərc durmadan artır. Bununla yanaşı, bu gün dünyanın əksər dövlətində olduğu kimi, Türkiyədə də iqtisadiyyat heç də özünün ən yaxşı dövrünü yaşamır. Burada işsizliyin səviyyəsi hələ pandemiyanın yaratdığı böhrandan əvvəl 13% idi. Xüsusilə regionlarda daha çətin sosial-iqtisadi vəziyyətdə yaşayan türklər isə hökuməti qaçqınlara daha çox imtiyaz tanımaqda ittiham edirdi.
Kadir Has Universitetinin bu yaxınlarda İstanbulda keçirdiyi sorğuya qatılanların 67,7%-i suriyalı qaçqınlar üzündən yaranmış sosial problemlərdən narazılığını ifadə edib. Maraqlıdır ki, bu gün Türkiyədə qaçqınları əməkhaqqının ən aşağı olduğu, nüfuz baxımından da ən geridə qalan iş yerlərinə götürürlər. Bu isə ixtisassız işçi qüvvəsi bazarında ciddi rəqabət yaradır, yerlə əhali arasında işsizliyin artımasına yol açır. Məsələ o həddə çatıb ki, sosial şəbəkələrdə miqrantların ölkə boyu paylanmasına məhdudiyyətlərin qoyulmasına çağırışlar edilir. Lakin daha çox istifadəçi hər kəsi mərhəmətə və həmrəyliyə çağırır. Bütün bunların fonunda Türkiyə hökuməti 2019-cu ilin sonunda İstanbulda qeyri-leqal miqrasiya ilə mübarizə məqsədilə suriyalı qaçqınların qeydiyyatını dayandırmağa məcbur olub.
Yeri gəlmişkən, qaçqınlar mövzusu İstanbulda ötən ilin iyununda keçirilmiş bələdiyyə seçkisi zamanı siyasi debatların da əsasını təşkil edirdi. Xatırladaq ki, həmin seçki müxalifətçi Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlunun hakim Ədalət və İnkişaf Partiyasından olan rəqibi Binəli Yıldırım üzərində qələbə çalması ilə başa çatıb. İmamoğlu qalib gəldikdən sonra verdiyi müsahibədə bildirib ki, İstanbulun bəzi rayonları üçün «qaçqın problemi ciddi travma olub». O, həmin rayonlarda sosial gərginlik üzündən aşkar problemlərin yarandığını söyləyib.
Türkiyədə əksəriyyət hesab edir ki, İmamoğlunun seçkidə qələbə qazanmasında böyük rolu onun məhz qaçqınlarla bağlı problemə yanaşması oynayıb.
Hər bir nəhsdə, bir xeyir də var?
Son aylarda koronavirus pandemiyasının sürətlə yayılması ilə beynəlxalq birliyin diqqəti yenidən qaçqınlar probleminə yönəlib. Bu, ilk növbədə, Türkiyə ərazisində məskunlaşmış qaçqınlara aiddir. Məlumata görə, suriyalı qaçqınların mütləq əksəriyyəti – 98%-i şəhər və kəndlərdə müvəqqəti sığınacaqdan və ya düşərgədən kənarda yaşayır. Başqa sözlə, onlar bütün ölkə boyu əsasən iri şəhərlərə və şəhər aqlomerasiyalarına səpələniblər. Bu isə onların infrastrukturuna əlavə sosial yükdür.
Ankara hələ martda Avropa İttifaqına 2016-cı ildən qucaq açdığı qaçqınlardan imtina edəcəyi təqdirdə Brüsseli nələrin gözlədiyini nümayiş etdirmişdi. Məhz bundan sonra Ankara ilə Brüssel arasında müvafiq miqrasiya sazişi imzalanmışdı. Lakin o zaman ölkədə 2,73 milyon qaçqın var idi və bu insanların böyük bir hissəsi Avropaya keçməyə çalışırdı. Bu gün isə onların sayı, ən azı, 1,5 dəfə artıb.
O zaman Türkiyə bu gedişlə Brüsseli Suriya müharibəsinə daha çox diqqət ayırmağa, Ankaraya açıq dəstək verməyə məcbur etməyə çalışırdı. Lakin sonradan vəziyyət koronavirus səbəbilə tam dəyişdi. Avropa İttifaqı SARS-CoV-2 koronavirus pandemiyası üzündən böhranlı regionlara yeni qaçqınların yerləşdirilməsini dayandırıb. Qəbul proqramının nə zaman bərpa olunacağı məlum deyil. Türkiyə isə öz növbəsində, xarici sərhədlərini bağlayıb.
Məlum olduğu kimi, hazırda Türkiyə pandemiyanın ən miqyaslı olduğu ölkələr sırasındadır. Jurnalımızın çapa hazırlandığı günlərdə ölkədə xəstəliyə yoluxmuş insanların sayı 130 mindən artıq, dünyasını dəyişmiş xəstələrin sayı isə 3,5 mindən çox idi. Belə bir şəraitdə Türkiyə hökuməti qaçqınların koronavirusdan qorunması məqsədilə təxirəsalınmaz tədbirlər görməyə başlayıb. Bu tədbirlər nəticəsində 10 minlərlə qaçqın təcili şəkildə avtobuslarla müvəqqəti saxlama yerlərinə daşınaraq, karantinə salınıb. Karantin müddətinin bitməsindən sonra onlar yenidən Türkiyənin bölgələrinə göndəriləcək.
Bu arada, Ümumdünya Səhyyə Təşkilatı (ÜST) Yaxın Şərq regionu ölkələrini koronavirusun yayılma miqyaslı ilə bağlı məlumatları gizlətməkdə təqsirləndirib. Qurumun regional direktoru Əhməd əl Mənzari bildirib ki, virusun yayılmasında «sıçrayış» hələ qarşıdadır. Onun sözlərinə görə, hərbi münaqişələrin davam etdiyi ölkələr üçün risk daha böyükdür.
ÜST-ün davam etməkdə olan münaqişələrə, xüsusilə qaçqınların təhlükəsizliyinə diqqət ayırması Ankarada kiçik də olsa ümid yaradıb. Bununla, Türkiyə hökuməti qaçqınların problemlərinin həllində özündən başqa da kiməsə ümid ola biləcəyinə inanmağa başlayıb. ÜST isə artıq Türkiyəyə yardım göstərməyə başlayıb. Bu yardım özünü qaçqınlar və miqrantlar üçün ilkin tibbi-sanitar yardım edilməsi sisteminin yaradılmasında göstərir. Köməyin miqyası son dərəcə məhdud olsa da, problemə diqqətin göstərilməsi faktının özü məsələnin yalnız regional deyil, qlobal miqyasda gündəmə gəldiyini düşünməyə əsas verir.
Gələcək hələ də dumanlıdır
Türkiyənin Yunanıstan və Suriya ilə sərhədlərində durum ağır olaraq qalır. Qaçqınlar arasında koronavirusun yayılmasının davam etməsi riski əvvəlkitək yüksəkdir. Bu gün bu kateqoriyaya aid insanlar hələ də zəif, az qorunan təbəqədir. Onların problemlərinin həlli üçün təxirəsalınmaz tədbirlərə ehtiyac var. Lakin aydındır ki, bu tədbirləri yalnız Türkiyə yox, həm də Yunanıstan hökuməti, Avropa Komissiyası, BMT kimi qurumlar da görməlidir. Amma bu gün əsas yük əvvəlkitək, Türkiyənin üzərinə düşür. Bu isə əlbəttə ki, vəziyyətin sahmana salınmasına kifayət etmir. Üstəlik, bir çox ölkələrdə olduğu kimi, Türkiyədə də epidemioloji vəziyyət kifayət qədər ağırdır. Burada virusun yayılması həndəsi silsilə ilə gedir, odur ki, Türkiyənin özünün ciddi yardıma ehtiyacı var. İndi, fəaliyyətin koordinasiyası, əvvəlki təcrübənin yenidən nəzərdən keçirilməsi, daha effektiv addımların atılması vacibdir. Başqa sözlə, yalnız sərhədlərin qapadılması və qaçqınların geri qaytarılması ilə vəziyyəti düzəltmək mümkün deyil. Hazırda praktik olaraq bütün dövlətlər öz sərhədlərini bağlayıb, bu isə potensial miqrantların da yolunun bağlanması deməkdir. Lakin digər tərəfdən bu tədbirlərin müvəqqəti xarakter daşıdığı hər kəsə bəllidir – sonda sərhədlər yenidən açılacaq. Bu zaman xüsusilə bir çox ölkədə yaranmış iqtisadi problemlər fonunda qaçqın axınının artması qaçılmazdır. Xüsusilə səhiyyəsi, sosial sistemi zəif ölkələrdə isə onlara daha çox rast gəlinəcək. Odur ki, bu gün dünya mümkün vəziyyəti modelləşdirməlidir – yaxın zamanlarda və postböhran dövründə nələrin baş verə biləcəyi indidən müəyyənləşdirilməlidir. Əslində, söhbət şərti olaraq postvirus dönəmindən gedir. Çoxları iqtisadi vəziyyətin, sosial göstəricilərin başdan-başa ağırlaşacağını proqnozlaşdırır.
Bir sözlə, əvvəlki yanaşmalara yenidən baxılmalıdır. Bu, ilk növbədə, Aİ-yə və Türkiyə ilə həmsərhəd dövlətlərə aiddir. Türkiyə qeyri-leqal miqrantlarla bağlı problemlərin həllində Aİ-nin tərəfdaşına çevrilməlidir. Brüssellə Ankara arasında belə tərəfdaş münasibətləri gələcəkdə onların ümumi münasibətlərinin inkişafı üçün də yaxşı əsas ola bilər. Bunun üçün Ankaranın tələb etdiyi yeni saziş də əsas ola bilər. Lakin Brüssel hələ ki, qabağa qaçmağa tələsmir və diqqəti daha çox daha vacib daxili problemlərin həllinə yönəldir.
MƏSLƏHƏT GÖR: