23 Noyabr 2024

Şənbə, 12:45

SIĞORTALANMAMIŞ SIĞORTA

Bank setorunun ardınca Azərbaycan Mərkəzi Bankı sığorta bazarının sağlamlaşdırılmasına qərar verib

Müəllif:

01.05.2020

Azərbaycan maliyyə qurumları üzərində tənzimlənməyici funksiyaları özünə qaytarılan Mərkəzi Bank qısa müddət ərzində bazarı zəif həlqələrdən qurtarmaq qərarına gəldi. Bank sektoru təmsilçilərinin ardınca "lisenziyanın ləğvi" taleyi ilə sığorta şirkətləri də üzləşdilər. Düzdür, şirkətlərdən birinin - "Standard Insurance"ın rəhbəri də ləğv edilmişdi (ilin əvvəlindən dörd bank bağlanıb).

 

Birinci getdi

"Tənzimləyicinin iddia etdiyi kimi «Standard Insurance» kapitalını tamamilə itirdi, fəaliyyətini etibarlı şəkildə grçəkləşdirə bilmədi və istehlakçı hüquqlarını pozdu. Bu faktları nəzərə alan Mərkəzi Bank mayın 19-da sığorta şirkətinin lisenziyasını ləğv etmək və müvəqqəti inzibatçı təyin etmək qərarına gəldi, həmçinin şirkətin müflis elan edilməsi üçün məhkəməyə müraciət etdi",- deyə tənzimləyici bildirdi.

Qeyd edək ki, «Standard Insurance» Azərbaycanın sığorta bazarında 2002-ci ilin oktyabr ayından fəaliyyət göstərir. Şirkət icbari və könüllü sığorta üzrə 28 növ xidmət göstərib. Onun ləğvi ilə Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziyası olan sığorta şirkətlərinin sayı 21-ə qədər azalıb. AMB-dən qeyd ediblər ki, "Standard Insurance"da aparılan yoxlama nəticəsində məlum olub ki, sığorta şirkətinin məcmu kapitalı 5 milyon manatlıq minimum tələbdən xeyli aşağıdır. Eyni zamanda, tənzimləyici bu il bağlanan bankları çağırdığı kimi sığorta şirkətini də kapitalın artırılması üçün tədbirlər görməyə çağırdı, "lakin səhmdarlar konkret fəaliyyət planı təqdim etmədilər".  

"Qeyd etmək lazımdır ki, şirkət aşağı effektivliklə işləyir və son iki ili zərərlə başa vurub",- deyə Mərkəzi Bankdan əlavə ediblər. Belə ki, 2019-cu ildə fəaliyyətin yekunu üzrə «Standard Insurance»ın xalis itkisi 1,8 milyon manat təşkil edib ki, bu da bir il əvvələ nisbətən 73,2% çoxdur.  

“Şirkət rəhbərliyinin qarşısında dəfələrlə Sığorta Şirkətinin bazarda, xüsusən də istehlakçı hüquqlarının müdafiəsi sahəsində davranış məsələsi qaldırılıb. Şirkətin xroniki likvidlik problemi sığorta hallarının həllində ciddi gecikmələrə səbəb olub ki, bu da öz növbəsində istehlakçıların narazılığının artması ilə nəticələnib",- deyə AMB-dən vurğulayıblar.

Yeri gəlmişkən, tənzimləyicinin sözlərinə görə, şirkətin ləğvi prosesində onların hüquqları nəzərə alınır və sığorta hadisəsi varsa, mövcud müqavilələr üzrə zərər ödənilməlidir.

Bildirmək gərəkdir ki, 2016-cı ildə «Bank Standard»ın iflasından sonra «Standard Insurance»ın mövcudluğu faktı təəccüblü idi, çünki Azərbaycanda əksər sığorta şirkətlərinin işi ənənəvi olaraq banklarla bağlı olur və onlardan asılıdırlar. Yeri gəlmişkən, bu yaxınlarda bağlanmış bankların da "törmə" sığorta şirkətləri var, lakin tənzimləyici onların vəziyyəti barədə hələ susur.

“Sığorta bazarının sağlamlaşdırılması baxımından «Standard Insurance»ın bağlanması doğru addımdır. Öhdəliklərini yerinə yetirmək üçün yetərincə vəsaiti olmayan qeyri-sabit maliyyə şirkəti, təəssüf ki, bu sahədə daha mənfi imic yaratdı. Bu baxımdan, Mərkəzi Bankın, özəlliklə də pandemiya ilə bağlı iqtisadi vəziyyəti nəzərə alaraq, atdığı bu addım çox yerinə düşdü", - deyə Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri Azər Əliyev bildirib.

Onun sözlərinə görə, sığorta şirkətlərinin maliyyə vəziyyətinin bu gün AMB tərəfindən həyata keçirilən monitorinqi uzun müddət aparılmayıb və bu da bazar üçün müsbət bir çağırışdır. Bundan başqa, tənzimləyici sığorta agentlərinə nisbətən yüksək mükafatlar və komissiyon haqları barədə sərt ismarışlar göndərir. “İllərdir bir sıra sığorta şirkətləri, xüsusilə də icbari sığorta növləri üzrə satışların artımını stimullaşdırmaq üçün bir sıra məhsulları satarkən, sığorta agentləri üçün qanunvericilikdə nəzərdə tutulandan daha yüksək məbləğ təyin edirlər. Mərkəzi Bank bu qanun pozuntularına görə ciddi şəkildə cəza kəsəcəyi barədə xəbərdarlıq edərək, bu praktikaya qəti şəkildə qarşı çıxdı. Bu, sığortaya inamı artırmaq üçün çox müsbət bir dinamikadır",- deyə A.Əliyev vurğulayıb.

 

Yeni baxış

Sığorta sektorunda gözlənilən təmizlənmənin sədası daha öncədən AMB rəhbəri Elman Rüstəmovun son mətbuat konfransında səsləndirdiyi fikirlərdə hiss olunurdu. Bank işindən fərqli olaraq sığorta, ümumiyyətlə, Mərkəzi Bankın tənzimləməsi üçün yeni bir sahədir. Öncələr, yəni bu səlahiyyətlər ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilməmişdən əvvəl, sığorta sektoru uzun illər Maliyyə Nazirliyi tərəfindən tənzimlənmişdi.

Bununla yanaşı, AMB tez bir zamanda durumu ələ aldı, çünki artıq may ayında E.Rüstəmov sığorta bazarındakı vəziyyətlə bağlı, özü də mənfi qeydlərin çox olduğu bir xülasə verdi. “Sığorta sistemimiz çox zəif inkişaf edib, buna görə iqtisadiyyatın və əhalinin risklərini btünlüklə əhatə edə bilmir. Nəticədə, periodik olaraq problemlərlə qarşılaşırıq. Sığorta şirkətləri əhalinin kapital ehtiyatlarının yaradılması üçün bir sistem olmalıdır, fond kimi fəaliyyət göstərməlidir, amma bizdə belə bir yanaşma yoxdur. Buna görə də sanıram ki, bazarın inkişafı üçün yeni bir baxışa ehtiyac var",- deyə baş bankir bildirib.

İş bundadır ki, bu açıqlamadan bir neçə gün əvvəl "Eurohome" ticarət mərkəzində baş verən yanğından sonra daşınmaz əmlakın sığortası və biznes riskləri problemi yenidən gündəmə gəlmişdi. Yada salaq ki, oxşar fövqəladə hallar keçən il də baş vermişdi, bundan sonra tənzimləyiciyə problemi öyrənmək və mümkün qədər tez həll etmək üçün ən yüksək səviyyədə tapşırıq verilmişdi.

Lakin tapşırığın birinci bəndini ən qısa müddətdə yerinə yetirmək mümkün oldusa, ikinci bəndin yerinə yetirilməsi ilə bağlı E.Rüstəmovun sözlərinə görə, gözləmək lazımdır, çünki bu il üçün planlaşdırılan tədbirlər koronavirus pandemiyası və bank sektorundakı problemlər üzündən bir qədər gecikir.

“Azərbaycanın sığorta sistemində çoxdn yığılmış problemlər var və biz bu gün onlarla ciddi şəkildə məşğul oluruq. Sektorun əsas zəif tərəflərini bilirik və ciddi şəkildə həll edəcəyik. Dövlət sığorta risklərini öz üzərinə götürməməlidir. Sığorta bazarını inkişaf etdirmək lazımdır. Bunun üçün geniş tədbirlər planlaşdırırıq. Özəlliklə, daşınmaz əmlakın icbari sığortasının əhatə dairəsini genişləndirmək üçün”, - deyə AMB rəhbəri söz verdi.

 

Əmlakın sığortası: cərimlərə hə

Bununla yanaşı, tənzimləyici bu növlərdəki mənfi meyllərin müəyyən edilmiş obyektiv səbəbləri ilə yanaşı, biznes sektorunda sığorta ilə bağlı subyektiv sualtı axınlarınolmasına işarə vurur. İş bundadır ki, sahibkarlar heç də həmişə əmlaklarını və risklərini sığortalamaqdan çəkinmirlər - əksinə sığorta şirkətləri çox vaxt onlarla işləməkdən imtina edirlər. Bu paradoks bir daha kölgə iqtisadiyyatının olması ilə bağlıdır - iş adamları maliyyə göstəricilərini və real risklərini tam göstərmirlər, sığorta şirkətləri də vəziyyəti qiymətləndirə bilmirlər və saziş bağlamırlar. Başqa tərəfdən, bəzi böyük obyektlərdə Fövqəladə Hallar Nazirliyinin texnii təhlükəsizlik tədbirlərinə riayət edilməsi ilə bağlı göstərişləri tamamilə qulaqardına vurulur ki, bu da sığorta şirkətlərinin onlarla əməkdaşlıq etməsini mümkünsüz edir. Nəticədə, kölgə mühasibatla qənaət etmək istəyən sahibkarlar fövqəladə hal nəticəsində sığorta polisinin olmaması nəticəsində işlərini tamamilə itirməyə risk edirlərlər.

Yada salaq ki, ötən il bir sıra fövqəladə hallarla yanaşı, əmlaklarını sığortalamayan insanların böyük cərimələrlə üzləşəcəyi barədə qeyri-müəyyən açıqlamaların ajiotajı fonunda daşınmaz əmlakın sığortası mövzusu populyarlıq qazanmışdı. Sonda məlum oldu ki, qanunvericilikdəki boşluqlar və onların tutulması mexanizminin olmaması səbəbindən hər hansı bir cərimədən qorxmağa ehtiyac yoxdur, ancaq bu səs-küy yenə də statistik göstəricilərə müsbət təsir göstərdi. Belə ki, İcbari Sığorta Bürosunun (BOS) icraçı direktoru Rəşad Əhmədovun sözlərinə görə, bu ilin yanvar-aprel aylarında daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortası üzrə yığımlarda ötən ilin eyni dövrü ilə müqayisədə uyğun olaraq 66,6% və 5,3% artım qeydə alınıb.

Cərimələrə gəldikdə isə, həm qanunvericiliyin təkmilləşdirilməsi, həm də daşınmaz əmlakın sığortası üzrə polisin olması üzərində monitorinqin effektiv mexanizmi yaradılması üzrə iş gedir.  

“Qanunvericiliyə hələ düzəliş edilməməsinə baxmayaraq, biz test rejiində elektron sistemimizi İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Məsələləri Xidmətinin sistemi ilə inteqrasiya prosesinə başlamışıq. Gələcəkdə buna uyğun olaraq hüquqi və fiziki şəxslərin sığorta polisinin mövcudluğuna nəzarət etmək səlahiyyətinə sahib olan Fövqəladə Hallar Nazirliyi və icra hakimiyyəti orqanlarının sistemləri də qoşulacaqlar", - deyə R.Əhmədov bildirib. Onun sözlərinə görə, bütün bunlardan sonra daşınmaz əmlak sığortası bazarının həcmi ildə 45-50 milyon manatdan 300 milyon manata qədər arta bilər.

Öz növbəsində ASA-nın rəhbəri A.Əliyev əmindir ki, daşınmaz əmlakın icbari sığortası üzrə çıxarışların verilməsinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası polislərinin verilməsi kimi avtomatlaşdırılması bu sığorta növünün əhatə dairəsini genişləndirəcək.  

“Bu gün biz qeydləri kağız daşıyıcılar üzərində aparırıq ki, bu sığorta növünün idarə edilməsini müəyyən dərəcədə çətinləşdirir. Bu il onlayn sistemə keçsək, bu məhsulu daha çox sata biləcəyik",- deyə A.Əliyev bildirib.

Qeyd edək ki, AMB-nin sığorta nəzarəti departamentinin direktoru Vüsal Qurbanovun sözlərinə görə, demək olar ki, bütün sığorta növlərinin elektron platformaya keçirilməsi planlaşdırılır ki, bu da əhali üçün daha əlverişli maliyyə alətinə çevriləcək.

 

Sığorta karantini

Bununla yanaşı, problemlərə baxmayaraq, Azərbaycanın sığorta bazarında durum böhran vəziyyətindən uzaqdır: bu ilin yanvar-mart aylarında Azərbaycanda sığortaçıların ümumi yığımları ötən ilin uyğun dövrü ilə müqayisədə 19,7% artıb. Eyni zamanda, sığorta halları üzrə tələblərinin ödənilməsinə ötən ilin birinci rübü ilə müqayisədə 66,7% çox vəsait ayrılıb.

Ancaq qeyd etmək lazımdır ki, bu rəqəmlər ümumiyyətlə karantindən əvvəlki dövrü əhatə edir. COVID-19 pandemiyası Azərbaycanda sığorta sektoruna təsir göstəribmi? Əlbəttə.

“İkinci rübdə biz bazarda orta inkişaf tempi gözləyirik. «Yaşıl kart» sistemi üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında cüzi azalma var, ümumilikdə sığorta müqavilələrinin sayı bir qədər azalıb. Karantin qadağaları nəzərə alındıqda, bu, təbiidir”,- deyə İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru R.Əhmədov bildirib.

Onun fikrincə, karantin tədbirlərinin yumşaldılması nəqliyyat vasitələrinin daha çox istifadəsinə səbəb olacaq, buna görə də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına olan tələb bərpa olunacaq. R.Əhmədov sanır ki, pandemiya sığorta şirkətlərinin fəaliyyətinə kəskin mənfi təsir göstərməyəcək, çünki Mərkəzi Bank tərəfindən qabaqlayıcı tədbirlər görülüb və bu sırada köçürmələrin rədd edilməsi, İSB iştirakçıları üçün üzvlük haqlarının, icbari sığorta növləri üzrə təqvim haqlarının ödənilməsinin 30 sentyabra kimi təxirə salınması yer alır.  

Bununla belə, ASA rəhbəri A.Əliyev daha pessimistdir. Onun fikrincə, korporativ seqmentdə məcburi durğunluq vəziyyəti sığorta bazarına mənfi təsir göstərəcək. “Bir çox biznes nümayəndələri artıq sığortaçılardan ya müəyyən sığorta növləri üzrə böyük endirimlər xahiş edir, ya da debitor borcları artır. Sığorta haqlarını vaxtında ödəyə bilmirlər. Bütün bunlar sığorta bazarına mənfi təsir göstərir, amma biz vəziyyəti başa düşürük, çünki bu pandemiyadan daha çox əziyyət çəkən sənaye sahələri var", - deyə A.Əliyev vurğulayır.

Sığorta eksperti Xəyal Məmmədxanlının sözlərinə görə, əhalinin gəlirlərinin obyektiv azalması və pandemiya ilə bağlı hələ də mövcud olan qeyri-müəyyənlik nəzərə alınmaqla, könüllü sığorta növləri üzrə göstəricilərin azalacağını proqnozlaşdırmaq mümkündür.

“Belə deyək - turizm sektoru çöküb, onunla birgə turistlərin həyat və sağlamlıq sığortası da yox olub. İstehsalatda baş verən bədbəxt hadisələrdən sığortaya olan tələb kəskin azalıb. Belə məqamlar çoxdur. Ancaq yenə də, bütün bu mənfi amilləri bu gün bütün dünya sığortaçıları yaşayır və zərərləri sonda hesablamaq üçün hər kəs pandemiyanın sonunu gözləyir. Bu vəziyyət uzunmüddətli olarsa, sığorta şirkətləri də dövlətdən dəstək istəməli olacaqlar ”,- deyə X.Məmmədxanlı vurğulayıb.

Hələ ki, sığorta şirkətləri bu ili ən azı keçən ilin göstəriciləri ilə başa çatdırmaqda və yeni tənzimləyicinn islahatlar dövrünü layiqli keçirməyə çox ümid edirlər.


MƏSLƏHƏT GÖR:

340