Müəllif: Nigar ABBASOVA
İstehsalın azalması, işdən çıxarmalar, işsizliyin artması, borclar - dünyada bugünkü iqtisadi reallığın kədərli mənzərəsidir. Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesablamalarına görə, COVID-19 üzündən 2020-ci ilin iyul ayına qədər dünyada 305 milyon insan iş yerlərini itirəcək, iqtisadiyyatın qeyri-rəsmi sektorlarında çalışan 1,6 milyard insan dolanışıq mənbəyini itirəcək. Bu, onların fəaliyyət sahələrindəki məhdudlaşdırıcı tədbirlər və ya onların koronavirusdan ən çox təsirlənən sektorlarda çalışması ilə izah olunur.
Bütün bu proseslər bu ilin mart ayında neft bazarında yaranmış əlverişsiz vəziyyətlə daha da ağırlaşdı. "Qara qızıl"ın qiymətlərinin düşməsi və COVİD-19 pandemiyası üzündən neftə olan tələbatın azalması sahədə çalışan şirkətlər üçün izsiz keçə bilmədi. Onların çoxu birinci rübdə xalis itkilərlə üzləşdilər, rübü mənfəətlə başa vuranlar isə bir il əvvəlkinə baxanda göstəricilərinin önəmli dərəcədə azaldığını göstərirlər. Bütün bunları nəzərə alaraq, bəzi ekspertlər dünyada "neft dövrünün" erkən başa çatması barədə danışmağa başladılar...
Zərərli rüb
Başlanğıc üçün vurğulayaq ki, pandemiya və onun neft qiymətləri bazarında yaratdığı vəziyyətə görə yerləşdiyi ərazidən, iş həcmindən və ya layihələrin sayından asılı olmayaraq dünyanın, demək olar ki, bütün neft şirkətləri zərər çəkib. Məsələn, Britaniyanın neft və qaz nəhəngi «BP»nin səhmdarlarının payına düşən xalis itkisi 2020-ci ilin birinci rübündə 4,4 milyard dollar təşkil edib, rüblük gəlir 12% azalıb. Vəziyyət Amerikanın «ExxonMobil» şirkəti ilə, demək olar ki, eynidir – otuz ildə ilk dəfə olaraq şirkət bazar itkiləri üzündən rübü 610 milyon dollar zərərlə başa vurub. Norveçin «Equinor» şirkəti (710 milyon dollar), İtaliyanın «Eni SpA» şirkəti (2,93 milyard avro), İspaniyanın «Repsol» şirkəti (487 milyon avro) itki verib.
Bu fonda, neft bazarındakı əsas oyunçulardan biri olan «Saudi Aramco»nun statistikası bir qədər nikbin görünür - 16,7 milyard dollar xalis mənfəət əldə edib, amma eyni zamanda bu rəqəm 2019-cu illə müqayisədə 1,3 dəfə azdır. Şirkət mənfəətin azalmasını neftin qiymətlərinin düşməsi, neft emalı və kimyəvi maddələr marjasının azalması, həmçinin maddi-texniki ehtiyatların yenidən qiymətləndirilməsinə görə itkilərlə əlaqələndirir. Şirkətdən verilən məlumata görə, bunun əvəzi xammal qiymətlərinin düşməsinə görə neft hasilatı üçün royaliti (mədən vergisi – red.) dərəcəsinin 20%-dən 15%-ə qədər düşməsi və qaz məhsullarının qiymətlərinin bərabərləşdirilməsindən gəlirlərin artması nəticəsində ödənilib. Gəlirlər də 16% azalıb.
Bütün bunlar, həmçinin aşağı tələb və qiymətlər üzündən neft bazarında davam edən qeyri-müəyyənlik neft şirkətlərini cari il üçün öz sərmayə planlarına azalma istiqamətində yenidən baxmağa məcbur edib. Özü də, əgər daha öncə sahənin nəhəngləri sərmayə proqramlarını, o cümlədən yeni layihələr hesabına 20-25% azaltmaq niyyətlərini bəyan edirdilərsə, bir neçə ay sonra bir sıra iri oyunçu əsaslı kapital qoyuluşları üzrə planlarını ilkin planla müqayisədə 30-60% azaltdılar.
Beynəlxalq Energetika Agentliyinin məlumatına görə, neft şirkətlərinin əsaslı xərcləri 2020-ci ildə qlobal səviyyədə keçən illə müqayisədə 335 milyard dollar (32% ) azalacaq. Neft İxracatçısı Ölkələr Təşkilatı (OPEK) isə öz növbəsində bu göstəricinin daha çox (450 milyard dollar) azalacağını gözləyir. Halbuki koronavirus pandemiyasından əvvəl OPEK kəşfiyyat və hasilat üzrə əsaslı xərclərinin həcminin əvvəlki ilin səviyyəsində qalacağını proqnozlaşdırmışdı. Bu proqnozlar 13 il üzrə ən aşağı səviyyədir.
Əslində, neft şirkətlərinin sərmayələrin azaldılması barədə qərarı neftin aşağı qiymətləri şəraitində ən çox gözləniləndir. Bu, "qara qızıl"ın qiymətlərinin düşdüyü köhnə günlərdə dəfələrlə baş verib. Ancaq bu dəfə bazardakı vəziyyət tamamilə gözlənilməz görünür, bu da şirkətlərə uzunmüddətli sərmayə planı hazırlamağa imkan vermir.
“Neftin qiyməti yalnız aşağı olmaqla qalmır, həm də daima oynayır. Bir həftə içində qiymət 10 dollar düşürsə və ya artırsa, bir neçə ili qabaqcadan planlaşdırmaq mümkün deyil. Belə şəraitdə sərmayələrin geri qaytarılması ilə bağlı heç bir zəmanət yoxdur, buna görə də yeni layihələri dayandırırlar", - deyə Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin müəllimi, Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı mütəxəssisi İqor Yuşkov bildirib.
Çox güman ki, neft şirkətlərinin sərmayələri azaltması, ilk növbədə, texnoloji ixtiralara, neft servis xidmətlərinə və kəşfiyyata yatırımlara təsir edəcək. Hər halda, bu, uzunmüddətli perspektivdə neft hasilatının daha da artması potensialını xeyli azaldacaq və bu, baş verərsə, iqtisadiyyatı neft sektoru gəlirlərindən çox asılı olan ölkələrə zərbə vuracaq.
Yeri gəlmişkən, mütəxəssislər sərmayələrin azaldılmasının dünya qiymətlərinə dərhal təsir göstərməyəcəyinə əmindirlər, çünki söhbət bir neçə ildən sonra istehsalın mümkün azalmasından gedir. "Sərmayələrin azalması ilk həyəcan siqnalıdır - neftin aşağı qiymətlərinin və bazarda balansın olmamasının əsas istehsalçıların maliyyə vəziyyətinin pisləşməsinə apardığını göstərir", - deyə «BKS Premyer»in baş analitiki Anton Pokatoviç xəbərdarlıq edir. Onun sözlərinə görə, bu, uzunmüddətli perspektivdə struktur problemləri riski yaradır.
Servis zərbə altındadır
Neft şirkətləri ilə yanaşı, neft servis şirkətləri də neft qiymətlərinin düşməsindən və tələbin azalmasından ciddi şəkildə zərər görənlər sırasındadır. Aşağı qiymətlər neft şirkətlərini büdcələrini, sifariş həcmini azaltmağa və neft servisi xidmətlərinin qiymətlərini nəzərdən keçirməyə məcbur etdi. Neft istehsalçıları quyuları konservasiya etməyə, layların hidravlik yarılmasının aparılmasından və planlaşdırılan qazma işlərindən imtina etməyə məcburdurlar. Analitiklər altı və daha çox ay neft qiymətlərinin indiki səviyyəsini qoruması şəraitində əksər neft-servis şirkətlərinin iflasını gözləyirlər.
Neft servisi xidmətləri sektorunun nəhəngləri – «Schlumberger», «Halliburton Co», «Baker Hughes Co» - ilin ilk rübü üçün böyük itkilər verdiklərini və hətta işçilərinin ixtisar edildiyini açıqlayıblar.
"Qazma neft servisi neft qiymətlərinin düşməsindən mütləq mənada digərlərindən daha çox zərər çəkdi və zərər çəkəcək, çünki bu, ən bahalı və kapital tələb edən xidmətdir. Qazma xidmətlərinə və ona bağlı neft servis xidmətlərinə verilən sifarişlərin həcmi artıq azalıb və azalmaqda davam edəcək. Güman edirəm ki, neftin qiymətinin düşməsi ilə bağlı neft servisi xidmətlərinə verilən sifarişlərin ümumi azalması 30% -dən 50% -ə qədər olacaq", - deyə Rusiyanın "PNQ" Qazma Şirkətinin rəhbəri bildirib.
«Bright» konsaltinq şirkətinin idarəedici tərəfdaşı Denis Abakumov da onunla razıdır: “Avadanlıq və material təchizatçıları də zərər çəkəcəklər. İxtisarlar istehsal zəncirinin bütün hissələrinə təsir edəcək. "
Hazırda ABŞ-da onlarla neft şirkəti yüz milyonlarla dollar vergi güzəştinə nail olmağa çalışır. «Bloomberg»in araşdırmasına görə 37 neft şirkəti, xidmət firması və podratçılar Qiymətli Kağızlar və Birjalar Komissiyasına 1,9 milyard dollardan çox vergi güzəşti üçün müraciət edib.
Qazaxıstanda da neft servis şirkətlərinin işi yaxşı getmir. Ölkənin Neft Servis Şirkətləri Birliyi prezident Kasım-Comart Tokayevə işçi qüvvəsinin ixtisarının və şirkətlərin iflasının qarşısının alınması üçün sahənin dəstəklənməsi xahişi ilə müraciət ediblər. Neft servis şirkətləri böhran dövründə yeganə qazanc şansı olaraq «Tengiz» yatağının genişləndirilməsi layihəsinə böyük ümidlər bəsləyirlər. Əgər layihə gələn ilədək təxirə salınarsa və bu, çox inandırıcıdır, bir çox şirkətlər gözlədiklərindən az qazanc əldə edəcəklər və uyğun olaraq işçilər gözlədikləri maaşları ala bilməyəcəklər.
Rusiyaya gəldikdə isə, orada hakimiyyət iyunun 15-dək illik gəliri 1 milyard rubldan çox olan neft servis şirkətlərini sistem yaradan müəssisələr siyahısına daxil etmək barədə düşünür. Belə olanda, onlar dövriyyə kapitalının artırılması üçün illik dərəcəsi 5%-ə qələr olan güzəştli kreditlərə ümid bağlaya biləcəklər və müflis ola bilməzlər, dövlət onların maliyyə və iqtisadi vəziyyətinə nəzarət edəcək.
Neft servis şirkətlərinin uğurları birbaşa karbohidrogen xammalı istehsalçılarının planları və neft qiymətləri ilə bağlıdır. Yəni dövlət yardımı bütün problemləri həll etməyəcək və neft servis xidmətləri bazarındakı bəzi iştirakçıların iflasla üzləşməsi mümkündür. Burda da, təbiətdə olduğu kimi, güclülər sağ qalır.
Azərbaycan: layihələrin təxirə salınması
Azərbaycanda koronavirus üzündən tətbiq olunan karantin tədbirləri və aşağı neft qiymətləri, ilk növbədə, yeni investisiya layihələrinin icrasına təsir göstərib. Konkret olaraq, COVID-19 pandemiyası 6 milyard dollar dəyəri olan «Mərkəzi Şərqi Azəri» layihəsi çərçivəsində yeni bir platformanın inşasında gecikmələrə səbəb olub:
“Layihə çərçivəsində, 2020-ci ilin birinci rübündə Bibiheybət tikinti-quraşdırma meydançasında qazma modulu da daxil olmaqla «Mərkəzi Şərqi Azəri» yeni istehsal platformasının yuxarı modullarının inşası davam etdirilib. Lakin karantin məhdudiyyətləri tikinti materiallarının və böyük avadanlıqların çatdırılasında gecikmələrə səbəb olub və bu da öz növbəsində tikintidə fasilələrlə nəticələndi ”, - deyə «BP-Azerbaijan»ın rüblük hesabatında bildirilir.
Bununla yanaşı, şirkət qeyd edir ki, İsveçrədə «Mərkəzi Şərqi Azəri» platformasının yaşayış blokunun tikintisi davam edir. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda platformanın dayaq blokunun inşasında da irəliləyiş var.
Bildirmək gərəkdir ki, şirkət «Mərkəzi Şərqi Azəri» platforması çərçivəsində tikinti işlərini 2022-ci ilin ortalarında başa çatdırmağa ümid edir ki, «Mərkəzi Şərqi Azəri» platformasından ilk neftin 2023-cü ildə hasilatına başlaya bilsin. Bu layihənin ölkə üçün strateji önəmi nəzərə alınaraq, bütün tikinti işlərini planlaşdırılan vaxt çərçivəsində başa çatdırmaq üçün hər şeyin ediləcəyi düşünülür. Axı, «Mərkəzi Şərqi Azəri» layihəsi «Azəri-Çıraq-Günəşli» blokunun işlənməsinin növbəti mərhələsidir, əlavə quyuların qazılması və əlavə dəniz qurğuları quraşdırılması hesabına gündəlik hasilatın zirvədə 100 min barel neft və 350 min kub fut qaz səviyyəsinə çatmasına yönəlib.
Bundan başqa, dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi ilə bağlı olaraq, BP və SOCAR Türkiyədəki «Merkuri» neft-kimya kompleksinin tikintisini gələn ilə təxirə salmaq barədə razılığa gəliblər. Müəssisənin 2023-2025-ci illərdə istifadəyə verilməsi üçün tikintini bu il ərzində başlamaq planlaşdırılırdı.
“Bu layihə 2021-ci ilin birinci rübünə qədər təxirə salınıb. Gələn ilin ilk rübündə bu layihənin rentabelliyi və sərmayə qoyuluşunun məqsədəuyğunluğu məsələlərini gözdən keçirəcəyik", - deyə BP şirkətinin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
Çox güman ki, eyni aqibət SOCAR-ın Bakının Qaradağ rayonunda planlaşdırdığı qaz emalı və polimer kompleksinin tikintisi layihəsini də gözləyir. Layihənin hazırkı durumu məlum deyil, lakin indi neft qiymətləri və dünyadakı ümumi iqtisadi vəziyyət nəzərə alınmaqla, onun yaxın gələcəkdə həyata keçirilməsinə inanmaq çətindir.
Yataqların kəşfiyyatı və işlənməsi ilə bağlı xoş xəbər Norveçin «Equinor» şirkətindən gəldi və şirkət mart ayında Xəzərin Azərbaycan sektorunda yeni bir yatağın açıldığını elan edən. "Yataqdakı geoloji neft ehtiyatları ilkin olaraq 60 milyon tondan çox qiymətləndirilir və bu, iqtisadi baxımdan işlənmə üçün yetərlidir",- deyə şirkətdən vurğulayıblar.
Eyni zamanda Abşeron arxipelağının dayaz sularında ilk kəşfiyyat quyusunun qazılması (Shallow Water Absheron Peninsula, SWAP) yenidən təxirə salındı. Daha öncə, layihənin operatoru olan BP şirkəti SWAP layihəsi çərçivəsində kəşfiyyat qazma işlərinə 2020-ci ilin birinci yarısında başlayacağını bildirmişdi, ancaq daha sonra işlərini bu ilin sonuna qədər təxirə saldı.
“Abşeron arxipelağının dayaz sularının seçilmiş ərazisində ilk kəşfiyyat quyusunun qazılması ilə bağlı planlaşdırma işləri hələ də davam edir. Qazma əməliyyatları bu məqsədlər üçün seçilmiş qazma qurğusunun optimallaşdırılması işləri başa çatdıqdan sonra 2021-ci ilin əvvəlində başlayacaq", - deyə şirkətdən bildiriblər.
Qalan məsələlərdə isə, Azərbaycanın neft-qaz sektorundakı vəziyyət elə də narahatlıq doğurmur, sahənin inkişafı sabit davam edir. Bununla yanaşı, Azərbaycanın OPEK+ öhdəliklərini yerinə yetirməsi ilə bağlı SOCAR yüksək maya dəyərli quru yataqlarında neft hasilatının dayandırılması barədə qərar verə bilər. Düzdür, şirkət neft hasilatında planlaşdırılan ixtisarlar nəticəsində işdən azad olunan işçilərin əksəriyyətinin quruda yerləşən yataqlarda quyuların konservasiya prosesində və avadanlıqlara texniki qulluqda işlə təmin edəcəyinə söz verir.
“Bir sıra yataqların istismarının dayandırılması ilə bağlı kadrların kütləvi ixtisarı gözlənilmir. İşdən çıxarılan işçilər kadrların ehtiyat bazasına daxil ediləcək, SOCAR-ın müəssisə və təşkilatlarında işə qəbul edilmələri üçün tədbirlər görüləcək", - deyə şirkətdən vurğulayırlar.
Bir sözlə, neft bazarı və onun iştirakçıları çətin günlər keçirirlər. Heç kim indiki böhranın hansı dəyişikliklərə səbəb olacağını dəqiq proqnozlaşdıra bilmir. Onun yaşıl enerjinin daha da inkişafına və elektrikli avtomobillərin payının artmasına töhfə verəcəyi, yaxud əksinə - yanacağın qiymətinin aşağı düşməsi sayəsində daxili yanma mühərrikli avtomobillər bazarına yeni bir təkan verəcəyi hələ ki, məlum deyil. Bazarın balans tapacağı anı öncədən görmək hələ də çətindir, lakin neft tələbatın bərpa olunacağına şübhə yoxdur, özəlliklə də, avtomobil nəqliyyatla, dəniz və hava daşımaları ilə bağlı karantin tədbirlərinin aradan qaldırılmasındn sonra. Beləliklə, neft dövrünün sonundan danışmaq hələ çox erkəndir.
MƏSLƏHƏT GÖR: