Müəllif: Kənan RÖVŞƏNOĞLU
Türkiyənin Liviyaya hərbi yardımları öz nəticəsini çox gözlətmədi. Son bir ay ərzində general Xəlifə Həftərin qüvvələri Tripoli ətrafında, eləcə də qərb sahilləri və Tunislə sərhəd boyunca ciddi zərbələr aldı. Ən böyük zərbə isə strateji əhəmiyyətli Vattiyə hərbi hava bazasının Həftər qüvvələrindən alınması oldu. Məhz bundan sonra general Həftərin rəhbərlik etdiyi “Liviya Milli Ordusu” (LMO) bəyan etdi ki, Ramazan ayının başa çatması münasibəti ilə atəşkəs elan edir və qüvvələri geri 1,5-2 kilometr geri çəkir.
Ancaq əlbəttə bu, bayram münasibəti ilə geri çəkilmə deyildi. 2019-cu il aprelin 5-də Milli Razılıq Hökumətinin (MRH) paytaxtı Tripoliya hücum əmri verəndə general Həftər əməliyyatın bir ildən çox davam edəcəyini düşünməmişdi. Həmin vaxt Liviyanın az qala 90 faizinə nəzarət edən LMO qüvvələrinin qarşısında əsas hədəf Tripolini ələ keçirib MRH hökumətinə son qoymaq idi. Ancaq Tripoli müdafiə oluna bildi.
İndi isə meydanda hərbi güc balansı Həftərin ziyanına pozulmaqdadır. Son həftələrdə generalın qüvvələrin bir sıra şəhərləri, həmçinin qərb sahili və Tunis sərhədindəki məntəqələri itirib. Vəziyyət o həddə çatıb ki, artıq MRH rəsmiləri Həftər tərəfdarlarına təslim olmaq çağırışı edir, yaxın aylarda Liviyanın bütün ərzilərini Həftərdən geri alacaqlarını bəyan edirlər. Bütün bu dəyişikliyin əsas səbəbi isə Türkiyə oldu.
Liviyada kim kimlə döyüşür?
Məlum olduğu kimi, 2014-cü ildə faktiki olaraq bölünən Liviyada hazırda iki hökumət fəaliyyət göstərir. Paytaxt Tripoli və qərb sahilində bir neçə şəhərə BMT tərəfindən Liviyanın leqal hökuməti kimi tanınan Milli Razılıq Hökuməti nəzarət edir. Bu hökumətin baş naziri, həm də prezident şurasının sədri Fəyaz Sərracdır.
Mərkəzi şərq sahilindəki Tobruk şəhərində yerləşən Təmsilçilər Məclisi hökumətinin lideri Aqila Saleh İsa olsa da, bu quruma faktiki liderliyi general Xəlifə Həftər edir. Bir zamanlar Liviya lideri Müəmmar Qəzzafinin ən yaxın silahdaşı. Liviya ordusunun baş qərargah rəisi olan SSRİ-də hərbi akademiay təhsili almış general Xəlifə Həftər 1980-ci illərin əvvəllərində Çadla mühairbədə əsir düşdükdən sonra Qəzzafi ondan üz döndərib. Bir müddət həbsdə qalan Həftər daha sonra BAŞ tərəfindən azad edilib və Liviyada inqilab baş verənə qədər ABŞ-da yaşayıb. 2011-ci ildə inqilabdan sonra Liviyaya dönən Həftər öz ordusunu yaradıb.
Hazırda Həftər və Təmsilçilər Məclisi hökuməti qeyri-leqal hesab olunsa da, faktiki hökumətlərdən biri kimi qəbul olunur və Avropa ölkələri, o cümlədən Misir, Səudiyyə Ərəbistanı və BƏƏ bu qrupu dəstəkləyir.
Tripolidəki Milli Razılıq Hökuməti isə BMT tərəfindən leqal hökumət kimi qəbul olunur. Bu hökumətin əsas dəstəkçisi Qətər və Türkiyə hökumətləridir. Sərrac hökuməti əsasən Tripoli və Misrata rayonlarıan nəzarət edir. MRH-nin əsas hərbi gücünü yerli silahlı dəstələr, islamçı qruplar (Sərrac “Müsəlman Qardaşlar Hərəkatına yaxın şxsdir – K.R) və eləcə də keçmiş müdafiə naziri Usama əl-Ceveylinin komandanlıq etdiyi birləşmələr təşkil edir.
2019-cu il aprelin 5-də general Həftər Tripoliyə yekun hücum əmri verəndə Sərrac hökumətinin şansları çox aşağı qiymətləndirilirdi. Hətta bir neçə dəfə Tripoli süqut etməyə yaxın olub. Lakin Türkiyənin MRH hökumətinə hərbi yardımları döyüş cəbhəsində vəziyyəti ciddi şəkildə dəyişdi. Belə ki, 2019-cu il noyabrın 27-də Türkiyə və Liviya (MRH) hökumətləri arasında təhlükəsizlik və hərbi əməkdaşlıq, o cümlədən Aralıq dənizinin şərq sahillərində təsir dairəsini müəyyən edən razılaşmalar imzalanıb. Bu sazişlrə Türkiyənin Liviyaya hərbi qüvvə göndərməsinin önünü açıb. Yanvarın 2-də saziş Türkiyə Böyük Millət Məclisi tərəfindən ratifikasiya olunduqdan dərhal sonra Türkiyə Liviyaya hərbni təlimatçılar və xüsusi təyinatlı qüvvələr, o cümlədən modern silah və texnika göndərməyə başlayıb. Və tezlikıə bu dəstək cəbhədə öz təsirini göstərməyə başlayıb.
Bu il martın 25-də Milli Razılqı Hökuməti qüvvələri GENERAL Həftərin ordusuna qarşı “Qəzəb vulkanı” əməliyyatına başlayıb. Tezliklə bir sıra sahil rayonları, eləcə də sərhəd məntəqələri Sərrac qüvvələrinin nəzarətinə keçib. Bundan sonra mayın 5-də Vattiyə hərbi hava bazasına edilən uğursuz hücumdan 2 həftə sonra növbəti hücumda Sərrac qüvvələri Vattiyə bazasını ələ keçirib.
Vattiyə bazası
Tripolidən 125 cənub-qərbdə Zintan, Zvara və Assa şəhərlərinin arasında yerləşən Vattiyə hərbi hava bazası böyüklüyünə görə Liviyanın ən iri hərbi hava bazası olan Mitiqadan sonra ikinci yerdədir. 1942-ci ildə ABŞ ordusu tərəfindən inşa olunan Vattiyə hərbi bazasında uçuş meydançaları ilə yanaşı böyük həcmli yanacaq, silah və sursat anbarları, bunkerlər var. Bu imkanlarına görə Vattiyyə bazasının xarici aləmlə əlaqəsi olmadan belə uzun müddət müqavimtə göstərə bilməsi mümkündür.
Qəzzafi hakimiyyəti dönəmində Vattiyyə bazasında Liviya ordusunun əsas hava gücünü təşkil edən Fransa istehsalı “Dassault Mirage 2000” döyüş təyyarələri məhz bu bazada saxlanılıb. 2011-ci ildə Liviyada vətəndaş müharibəsi başlayanda Qəzzafiyə aid mövqeləri bombalayan NATO təyyarələri Vattiyyə bazasına ciddi zərər vurmayıb. Yalnız uçuş meydançasındakı təyyarələr və silah anbarları vurulub, bazanın infrstrukturu zərər görməyib. 2014-cü ilin avqustundan isə Vattiyyə bazası geleral Həftərə sadiq qüvvələrinə nəzarətinə keçib və mayın ortalarına qədər bazaya Həftər qüvvələri nəzarət edib. Bazada xeyli sayda silah və sursat MRH qüvvələrinin əlinə keçib.
Ehtimallara və ekspert rəylərinə görə, Vattiyənin ələ keçirilməsi Türkiyədən və Qətərdən göndərilən silah və texnikanın daha rahat və təhlükəsiz şəraitdə çatdırılmasını təmin etməyə xidmət edir. Çünki ötən il Türkiyədən Liviyaya silah və texnika gətirən bir hərbi yük təyyarəsi Həftər qüvvələri tərəfindən vurulmuşdu. İndi isə bu cür yükləri rahat şəkildə Vattiyə bazasına daşımaq mümkün olacaq.
Hava balansına rus “izi”
Son aylara qədər Liviyada hava üstünlüyü Həftərə məxsus idi. Çünki generalın əlində böyük miqdarda hərbi təyyarələr., həmçinin muzdlu peşəkar pilotlar vardı. Yeri gəlmişkən, bu pilotların bir qismi Rusiyanın “Vagner” təhlükəsizlik şirkəti varisətilə Liviyaya gətirilmiş ruslardır. Liviyada ümumilikdə 1400, hətta bəzi mənbələrə görə daha çox “Vagner” silahlısının olduğu güman edilir.
Ancaq Türkiyə ilə hərbi əməkdaşlqı başladıqdan az sonra Ankara Liviyaya silah və hərbi texnika göndərdi. Bunların arasında ən çox diqqət çəkən isə Türkiyənin yeni silahı olan “Bayraktar” Pilotsuz Uçuş Aparatları idi. Bu aparatlar vasitəsilə Sərrac qüvvələri Həftər ordusuna ağır zərbəlrə vurdu. Son həftələrdə təkcə Vattiyyə hərbi hava bazasında 3, ümumilikdə isə 8 ədəd Rusiya istehsalı “Pantsir” Hava Hücumundan Müdafiə Sistemləri Türkiyənin verdiyi “Bayraktar TB2” PUA-ları tərəfindən məhv edilib. Bu PUAların həm silahlı, həm də kəşfiyyat məqsədli silahsız versiyaları mövcuddur. Rusiya mediasının iddiasına görə, son bir ildə Bayraktar şirkəti və Türkiyə hökuməti Liviyaya 1 milyard dollarlıq PUA və digər oxşar sistemlər satıb.
Məhz “Bayraktar” vasitəsilə MRH qüvvələri Həftər ordusu üzərində hava üstünlüyünə nail olub. Bu isə Həftər üçün ağır itki hsab olunub. Ona görə də generalın hava qüvvələrinin komandanı Sakr Curuşi Liviyadakı bütün Türkiyə qüvvələrinin Liviya Milli Ordusu üçün leqal hədəf elan olunduğunu bildirib. Vattiyyə hərbi bazasının Sərrac qüvvələrinin əlinə keçməsindən dərhal sonra beynəlxalq mediada Rusiyanın Xəlifə Həftərə hava qüvvəsi dəstəyi göndərdiyi haqda xəbər yayıb.
Milli Razılıq Hökuməti Rusiyadan göndərilən 6 ədəd MİQ-29 və 2 ədəd SU-24 döyüş təyyarələrinin Suriyadakı Xmeymim hərbi bazasından Liviyaya göndərdiyini bəyan edib. Lakin eyni zamanda hərbi sahədə ixtisaslaşmış bəzi saytlar təyyarələrin BƏƏ tərəfindən Belarusdan alındığı haqda xəbər yayıb. İstənilən halda son alğı-satqı Həftərin hava gücünü qoruyub saxlamağa xidmət edir. Bu prosesdə Rusiyanın hansdı formada iştirakı isə ciddi mübahisə mövzusudur.
Bir çox ekspertlərə görə 2018-ci ildən bu yana Xəlifə Həftərə dəstək verən Rusiyanın əsas marağı daha çox silah satmaq, eyni zamanda Aralıq dənizində mövqelərini möhkəmləndirmək, gələcək Liviya hökumətindən müəyyən güzəştlər əldə etməkdir. Həmçinin general Həftərə dəstək verməklə yanaşı Rusiya Türkiyə ilə müzakirələri davam etdirir. Mümkündür ki, Həftərin əğlub olması labüd olacağı təqdirdə Rusiya Suriyada güzəşt əldə etmək naminə Liviyadan çəkilə bilər. Ancaq hələlik Moskva Liviyada aktiv fəaliyyətini davam etdirir.
Bundan sonra nə ola bilər?
Cəbhədə vəziyyətin bu şəklə düşməsi ən çox general Həftəri narahat edir. Çünki ardıcıl məğlubiyyətlər gündəmə gələrsə, müttəfiqləri yaşlı və xəstə (general Həftər bir neçə ildir ki, Almaniya və Fransada xərçəngdən müalicə alır – K.R) generaldan üz çevirə bilərlər. Çünki söhbət həm də regional rəqabətdən gedir. Liviyada kimin qalib gəlməsi həm də Aralıq dənizi regionunda güc balansına ciddi təsir edə bilər. Söhbət həm də Aralıq dənizinin şərq hissəsində tapılan böyük həcmdə neft və qaz ehtiyatlarının taleyindən gedir. Türkiyə artıq ötən ilin noyabrında Sərracla dəniz sərhədləri anlaşması imzalamaqla faktiki olaraq Yunanıstan, Cənubi Kipr, Misir, İsrail kimi dövlətlərin ortaq enerji ixracı layihəsinə ciddi zərbə vurub. Sərrac Liviyanı birləşdirib vahid hakimiyyətinə çevruilərsə, o zaman Şərqi Aralıq dənizi enerji layihəsi təhlükə altına düşə bilər. Bu səbəbdən də ötən həftə Misir, BƏƏ, Yunanıstan, Fransa kimi ölkələr Türkiyənin Liviyadakı fəaliyyətlərini qınayan bəyanat qəbul etdi. Lakin bu bəyanatın hüquqi olaraq əsası yoxdur və əgər Sərrac qalib gələrsə, o zaman vəziyyət Türkiyənin xeyrinə dəyişə bilər.
Bu səbəbdən də əgər Həftər cəbhədə ardıcıl uduzarsa o zaman generalı dəstəkləyən dövlətlər onu kənarlaşdırıb yeni qüvvələri dövriyyəyə daxil edə bilərlər. Hələliksə iki bu cür ciddi alternativ var.
Bunlardan biri Müəmmar Qəzzafinin siyasi varisi, oğlu Seyfəlislam Qəzzafi, digər isə 1969-cu ildə devrilmiş Liviya kralı İdris əs-Sanusinin nəvəsi Məhəmməd Həsən əs-Sanusidir. Oğul Qəzzafi ömürlük həbsə məhkum olunsa da, 2017-ci ilin yazınd aəfv olunub və həbsdən dərhal sonra Liviyanın nüfuzlu tayfa liderləri ilə görüşlər keçirib. Əgər müharibə qızışmasaydı, BMT təşəbbüsü ilə keçiriləcək seçkilərdə Seyfəlislam da iştirak edəcəkdi. Bəzi ekspertlərə görə, xaricdəki vəsaitləri, həmçinin Qəzzafiyə olan simpatiya ona ölkəni yenidən birləşdirmək, böyük tayfaları (Qəzzafi Liviyanın ikinci ən böyük və silahlı tayfası olan Qədhafa tayfasındandır – K.R.) öz ətrafında cəmləmək şansı verir.
Kral İdrisin nəvəsi Məhəmmdə Həsən isə son zamanlar meydana atılıb. Ölkə daxilində nə qədər gücünün olduğu dəqiq bilinmir. Lakin krallıq tərəfdarları, mənsub olduğu tayfa və Liviyanın əsas dini təriqəti olan Sanusilik dini hərəkatı tərəfdarlarının ona dəstək verməsi mümkündür. Maraqlıdır ki, son zamanlar Səudiyyə Ərəbistanı mediasına müsahibə verən Məhəmməd Həsən əs-Sanusi ehtiyatlı şəkildə monarxiyanın ölkənin gələcəyi ilə bağlı bir variant ola biləcəyini deyib.
Belə görünür ki, kralın şahzadə nəvəsini ehtiyat variant kimi nəzərdə tutan qüvvələr vardır. Əgər Həftər islamçı MRH hakimiyyətinə qalib gələ bilməsə, o zaman yeni alternativlər ortaya çıxa bilər. Çünki Liviya heç bri regional gücün itirmək istəmədiyi “yağlı tikədir”. Bu isə həm də o deməkdir ki, müharibə daha da şiddətlənəcək. Çünki Liviya müharibəsində üzdə görünən və görünməyən çoxlu sayda iştriakçılar, maraqlı tərəflər var.
MƏSLƏHƏT GÖR: