Müəllif: İrina XALTURİNA
Dünya koronavirus pandemiyası səbəbilə tətbiq olunmuş məhdudiyyətləri tədricən aradan qaldırmaqdadır. Lakin xəstəliyin ikinci dalğasının başlamayacağı təqdirdə belə, dünya iqtisadiyyatının tezliklə bərpa olunacağını heç kim gözləmir. Dünya 1929-cu ilin «Böyük depressiya»sından və İkinci Dünya müharibəsindən sonra ən ciddi böhranı yaşayır. Bu, özünü istər iqtisadiyyatda, istər maliyyə dünyasında, istərsə də ictimai, mədəni və hətta idman həyatında göstərir. Logistik və ticarət zənciri qopub, müflislik və işsizlik dalğası milyonlarla insanı bürüyüb, bir çox milli səhiyyə sistemində tam və ya qismən kollaps müşahidə olunur, təhsilə cavabdeh olanlar çaşqınlıq içərisindədir və s. Bütün bunların sosial etirazlara, millətçiliyə, populizmə və siyasi qeyri-sabitliyə yol aça biləcəyinə şübhə edənlər çox azdır. Siyasi qeyri-sabitlik isə uzun illər «dağılmaz qala» sayılmış ittifaqları belə, parçalaya bilər.
Bərpa cəhdləri
Ekspertlərin fikrincə, hazırkı böhrandan dünyada ən ciddi ziyanı Avropa İttifaqı (Aİ) görəcək. BVF və Avropa Komissiyası bu il «Köhnə dünya»da ÜDM-in, təxminən, 7%, Avropa Mərkəzi Bankı isə hətta 15%-dək geriləyəcəyini proqnozlaşdırır. Odur ki, Avropa ölkələri həyəcan içərisində vəziyyətdən çıxış yolu axtarır. Amma real effektiv anti-böhran tədbirləri üçün birlik tələb olunur, bu isə birləşmiş Avropada heç əvvəldən olmayıb. Koronavirus pandemiyası isə Aİ daxilində fikir ayrılıqlarını və sistem çatışmazlıqlarını daha da dərinləşdirib. Odur ki, bir çoxları düşünür ki, Avropanın iqtisadi cəhətdən zəif dövlətlərinə yardım edilməzsə, Aİ-nin sonu heç də yaxşı görünmür. Məsələn, COVID-19 pandemiyasından hər kəsdən çox əziyyət çəkən İtaliya əhalisi arasında avroskeptiklərin səsi getdikcə daha çox eşidilməkdədir. Ölkənin maliyyə və iqtisadiyyat naziri Bryuno Le Mer açıq şəkildə bildirib ki, güclülərlə zəiflər arasında balansın olmaması «Avropa konstruksiyasının sonu»nu gətirə bilər. Almaniya bundestaqının spikeri Volfqanq Şoyble isə hesab edir ki, Avropa yaşamını davam etdirə bilməsi üçün həmrəylik və işləmək bacarığını ortaya qoymalıdır. Milyarder Corc Soros belə, deyir ki, Aİ təcili tədbirlər görməzsə, yeni koronavirus onun mövcudluğunu təhlükə altına qoyacaq.
Aİ ölkələrinin iqtisadiyyatını xilas etmək üçün blokun iki nəhəng iqtisadiyyatı – Almaniya ilə Fransa mayın 18-də Avropa Bərpa Fondunun yaradılması təklifilə çıxış edib. O, Aİ-nin buraxacağı borc (koronabond) hesabına maliyyələşdirilməlidir. Avropa Komissiya da bu işə subsidiya (qrant) şəklində, həmçinin Aİ-nin büdcə qaydalarına uyğun olaraq, 500 milyard avro yardım ayıracaq. Təklifə görə, böhrandan daha çox zərərçəkmiş ölkələrə və iqtisadiyyatın daha ciddi zərbə almış maşınqayırma, aviasiya, turizm, qastronomiya və ivent-sənaye kimi sektorlarına yardımla bağlı konkret layihələr hazırlanmalıdır. Yaranacaq borc isə yardım almış ayrı-ayrı dövlətlərin hesabına deyil, Aİ-nin büdcəsindən üzvlərin iqtisadi qüdrətinə uyğun şəkildə ödənəcək. Məsələn, Aİ-nin ən güclü iqtisadiyyatı Almaniyadırsa, ümumi məbləğin beşdə biri, yaxud 100 milyard avro onun payına düşəcək. Yəni faktiki olaraq, əsas yükü az-çox sabit ölkələr çəkəcək.
Bir çox avropalı şərhçi yazır ki, koronabondlar məsələsində Makron Merkeli «sındırıb», çünki indiyədək özünü büdcə intizamının qoruyucusu kimi tanıdan Almaniya kansleri, hər zaman buna qarşı olub.
Maraqlıdır ki, mayın əvvəlində Almaniyanın Konstitusiya Məhkəməsi ölkənin avrozona iqtisadiyyatının stimullaşdırılması məqsədilə Avropa Mərkəzi Bankından istiqraz vərəqəsi almaq imkanını xeyli məhdudlaşdıran qərar çıxarıb. Lakin Aİ-nin Lüksemburq Məhkəməsi belə məsələlərlə bağlı qərar qəbul etmək hüququnun yalnız onda olduğunu bəyan edib. Belə olan təqdirdə, Merkel bir qədər düşündükdən sonra Avropada həmrəyliyə tərəfdar olduğunu göstərmək qərarına gəlib. Onu bu məsələdə XDİ-nin növbəti lideri və bəlkə də, növbəti kansler postuna əsas namizədlər sayılan Armin Laşet ilə Fridrix Merts də dəstəkləyiblər. «Fiskal qırğı» adlandırılan Mertsin dəstəyi xüsusilə önəmlidir və çox şeydən xəbər verir. Eyni sözləri Merkelə Volfqanq Şoyblenin dəstəyi haqda da demək olar. Beləliklə, Almaniyada bu vəziyyətdən narazı olanlar yalnız sağ-mərkəzçi siyasətçilərdir – Xristian-Demokrat İttifaqındakı mühafizəkar fraksiyalar artıq Merkelə müxalifətdə olduqlarını bəyan ediblər. Merkel koronabondların birdəfəlik, müddətli alət olduğunu deyərkən məhz onları sakitləşdirməyə çalışır. Lakin Avropa Parlamentində artıq «iqtisadiyyatın stimullaşdırılması» üçün 2 trilyon avroluq paketin hazırlanması tələbləri eşidilməkdədir…
Avstriya, Danimarka, Niderland və İsveç Avstriya kansleri Sebastyan Kurtsun qeyri-formal liderliyi altında Fransa ilə Almaniyanın planına etiraz edirlər. Onlar özlərini maliyyə mühafizəkarları və ya «iqtisadi dördlük» adlandırır, borcun kollektiv ödənilməsi ideyasına qarşı çıxırlar. Bu 4 ölkənin rəhbərliyi hesab edir ki, borcun bölüşdürülməsi Avropa iqtisadiyyatının sağlamlaşdırılmasına xidmət etməyəcək. Onların fikrincə, bu, büdcə intizamı daha az olan, daha zəif iqtisadiyyata malik ölkələrə Avropanın şimalında yer alan daha güclü iqtisadiyyatlardan faydalanmaq imkanı yaradacaq.
«Dördlük» hesab edir ki, problemi həll etmək üçün qrant vermək yox, 2 il müddətinə sərfəli şərtlərlə birdəfəlik kreditlərin ayrılması, həmin vəsaitin xərclənə biləcəyi sahələrə məhdudiyyətlərin tətbiqi daha yaxşı olar. Bunun üçün isə iqtisadiyyatın bərpasına daha çox kömək edəcək tədbirlər müəyyənləşdirilməlidir. Məsələn, elmi araşdırmalar və innovasiyalar, səhiyyənin dayanıqlılığının möhkəmləndirilməsi, «yaşıl iqtisadiyyat»a keçidin təmini və s. Bununla yanaşı, müvafiq dövlətlər miqyaslı islahatların aparılacağına dair öhdəlik götürməli, qarşılarında irəli sürüləcək büdcə öhdəliklərinə sərt əməl etməli, həmçinin korrupsiya ilə mübarizə mexanizmlərinə aydınlıq gətirməlidirlər.
«Dördlük» nəzəri baxımdan Fransa ilə Almaniyanın qərarının reallaşmasına imkan verməyə bilər. Çünki koronabondların buraxılması üçün Aİ-nin bütün üzvlərinin razılığı lazımdır. Lakin reallıqda onların müqavimətinin tezliklə qırılacağı gözlənilir. Çünki çoxları ümumi borc anlayışını ədalətli sayır. Bildirilir ki, kifayət qədər uzun müddət avrozonadan əsas faydalanan Almaniya olub və indi qazancı bölməyin vaxtıdır.
İstənilən halda, Aİ-də «şimal»la «cənub» arasında fərq son zamanlar daha aşkar şəkil alıb və növbəti parçalanma, həqiqətən, qaçılmaz ola bilər.
Sürprizlərlə dolu «ərzaq şovinizmi»
Bütün bunlarla yanaşı, ən zəif, kövrək iqtisadiyyatların nə qədər yardım alacağı da hələ sual altındadır. Məsələn, elə həmin Fransa artıq əhəmiyyətli vəsaitlərdən danışır. İqtisadiyyat naziri Bruno Le Mer yardım alacaq şəxslər kimi «müasirləşməyə və rəqəmsallaşmaya» ümid bəsləyən yerli avtomobil hissələri tədarükçülərini, qismən işsiz olanlara dəstək fondu olan «Sure»ni, yerli startapları göstərir. Almaniya hökuməti isə ciddi ziyanla üzləşmiş «Lufthansa» şirkətinə 9 milyard avro ayrılacağını, əvəzində onun səhmlərinin 20%-nə və Müşahidə Şurasında 2 yerə sahib çıxacağını bəyan edib. Məhz bu üzdən digər dövlətlər Berlinin növbəti dəfə üstünlük qazanacağından narahatdır. Axı, Almaniya iqtisadiyyatı, həqiqətən də, lokomotivdir və bütün Aİ-nin yükünü o daşıyır.
Görəsən, bu kontekstdə Avropanı nə gözləyir və real bərpa necə gedəcək? Məsələn, hazırda Avropanın bir çox ölkəsi faktiki olaraq, yerli istehsal olan kənd təsərrüfatı məhsulları ilə bağlı proteksionizm siyasəti yürüdür. Fransanın nəhəng ticarət şəbəkələri artıq yalnız yerli fermalarla işləməyə başlayıb. Portuqaliya, Yunanıstan və Bolqarıstan da buna doğru gedir. «Politico» nəşri isə yazır ki, rəqabət qaydalarının yumşaldılmasında məqsəd yerli istehsalçılara yardım etmək olsa da, bu, «ərzaq şovinizmi» təhlükəsi də yaradır, bütünlükdə daxili bazarı risklə qarşı-qarşıya qoyur, eyni zamanda beynəlxalq ticarət normalarını və Aİ standartlarını pozur. Belə bir vəziyyətdə, güman ki, qazanan yenə də güclü iqtisadiyyatlar olacaq.
Odur ki, bütün bunların fonunda növbəti anti-sistem populizmi və növbəti milli və ümumavropa seçkilərində sürprizlər gözləmək olar. Bunun qarşısını yalnız Avropanın qərarların qəbulunda həqiqi demokratikliyə üstünlük verməsi, qapalı danışıqlardan imtinası ala bilər. Bu, başqa sözlə bayağı ticarət birləşmiş Avropanın elan etdiyi prinsiplərdən çox uzaqdır.
Bəziləri hesab edir ki, hazırda Avropa iqtisadiyyatını miqyaslı şəkildə rəqəmsallaşdırmaq, «yaşıllaşdırmaq» şansı da qazanıb və bununla o, dünyanın liderinə çevrilə bilər.
Foreign policy
Ən maraqlısı isə pandemiya və onun yaratdığı böhranın Aİ-nin xarici siyasətinə necə təsir göstərəcəyidir. Burada da həlledici rol Aİ-də həqiqətən əriyib getmiş, elitasının özünü Avropadan ayrı təsəvvür edə bilmədiyi Almaniyada olacaq. Amma digər yandan, avroatlantizm üzrə əsas tərəfdaş olan ABŞ-a qarşı son illərdə yaranmış inamsızlıq hadisələrin hansı məcrada inkişaf edəcəyini təxmin etməyi çətinləşdirir. Amerikada payızda keçiriləcək seçkidən sonra çox şeyə aydınlıq gəlməlidir.
Maraqlıdır ki, Aİ-nin xarici məsələlər üzrə ali komissarı Jozep Borrel Almaniya diplomatlarının illik konfransındakı videoçıxışında qlobal geosiyasətdə aparıcı rolun Asiyaya keçməkdə olduğunu söyləyib. Onun fikrincə, bu, son onillikdə əsas reaksiyanın ABŞ-dan gəlmədiyi ilk ciddi böhrandır. Borrel Vaşinqtonun Çinlə miqyaslı rəqabət içərisində olduğunu bildirib. Onun fikrincə, belə bir şəraitdə Aİ «öz maraqlarından və dəyərlərindən» çıxış etməli, «bu və ya digərlərinin ondan öz maraqları naminə istifadə etməsinə» imkan verməməlidir. Borrel onu da deyib ki, yaxın dövrdə ən vacib məsələlər rəqəmsal şəbəkələrə nəzarət, qaydaların və standartların müəyyənləşdirilməsi olacaq.
Dünyanın məhz qlobal rəqəmsallaşmaya keçid ərəfəsində olduğunu nəzərə alsaq, heç kəs bu prosesdən kənarda qala bilməyəcək. Bəs, bu halda müstəqillik nədən ibarət olacaq və onu qorumaq üçün nə etmək lazım olacaq? Güman ki, hələ bu sualın cavabını bilən yoxdur. Odur ki, bu gün Aİ var gücü ilə üzləşdiyi sistem böhranından, həmçinin iqtisadi problemlərdən qurtulmağa çalışır. Yeni dünyada təkbaşına mərkəzi güc olmağı nə Almaniya bacaracaq, nə də Avropanın hər hansı digər ölkəsi.
MƏSLƏHƏT GÖR: