25 Noyabr 2024

Bazar ertəsi, 13:38

VƏBA ZAMANI ZİYAFƏT

Ermənistanın inqilabçı hakimiyyəti dünyanı uzun müddət barmağına dolaya bilməyəcək

Müəllif:

01.05.2020

VƏBA ZAMANI ZİYAFƏT

Avraam Linkolnun məşhur kəlamını xatırlayırsınız? «Bəzi adamları həmişə, hamını isə bir müddət aldada bilərsən. Amma hamını həmişə aldatmaq mümkün deyil». Mayın 21-də, Ermənistanın işğal etdiyi Şuşa şəhərində kimsənin tanımadığı «Dağlıq Qarabağ Respublikası»nın yeni «prezident»i Ariak Arutunyanın «andiçmə mərasimi»nə baxanda, dünya tarixinin ən görkəmli simalarından biri, Birləşmiş Ştatların 16-cı prezidentinin bu fikri yadıma düşdü….

İlk baxışdan hər şey kifayət qədər inandırıcı təsir bağışlaya bilər. Arutunyan yeni çağırış «parlament»in toplantısında «konstitusiya»ya və İncilə and içərək, vəzifəsinin icrasına başlayır. Himn səsləndirilir, alovlu çıxışlar, alqışlar və ziyafət…

Gözlənildiyi kimi, mərasimə Ermənistanın baş naziri Nikol Paşinyan da qatılmışdı. Lakin tədbirdə hər hansı başqa dövlətin yarırəsmi də olsa, nümayəndəsi görünmürdü. Səbəb isə karantin yox, dünyada heç bir dövlətin «DQR» adında ölkəni tanımaması idi. Onu heç İrəvan da tanımır. Paşinyan, sadəcə, Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarındakı adamının «tacyqoyma mərasimi»nə qatılmış növbəti rəhbəri idi. Yəni işğalın ilk illərindən belədir və burada heç bir yenilik yoxdur.

«İnauqurasiya»adlı şouda yeganə və prinsipial yenilik onun keçirildiyi yerlə bağlı idi. Bu dəfə tamaşa işğalçı tərəfin «DQR»in «paytaxt»ı elan etdiyi Xankəndidə yox, qonşuluqdakı Şuşa şəhərində oynanırdı. Və bu, haqlı olaraq Azərbaycanda ikiqat hiddətlə qarşılandı. Bəziləri hökumətdən, hətta Şuşaya raket zərbələri endirilməsini belə, tələb edib. Yəqin ki, Şuşanın Azərbaycan xalqı üçün hansı tarixi və mədəni dəyər olduğunu bilən təşkilatçılar da məhz belə reaksiya gözləyirdilər. Nəticədə, erməni tərəfi Azərbaycan ictimaiyyətinin əsəblərilə «oynamağa», bəlkə də, nail oldu, lakin ümumilikdə İrəvanın təxribatı iflasa uğradı. Elə nəticələrini gözlənildiyi kimi, heç kimin tanımadığı «seçkiləri»in iflasa uğradığı kimi…

Əvəzində, Paşinyan nə qədər kompleksli olduğunu bir daha ortaya qoyub. Azərbaycan Prezidenti İlham Əliyevdən bir-birinin ardınca diplomatik zərbələr alan erməni baş nazir zaman-zaman Qarabağ cəbhəsində qabalıq nümayiş etdirməklə, daxili siyasi nüfuzunu xilas etməyə çalışır. Gah oğlunu Azərbaycanın işğal olunmuş torpaqlarına hərbi xidmətə göndərir, gah Şuşada xorovod oynayır, gah da orada əlaltısına «tacqoyma» mərasimi keçirir.

Paşinyan yaxşı anlayır ki, Qarabağ istiqamətində istənilən kəskin hərəkət sülh danışıqlarının ziyanınadır. Yəqin, küçə demokratiyasının başçısı bununla status-kvonu uzatmağa çalışır. Lakin görünən odur ki, Ermənistanın inqilabçı hakimiyyəti dünyanı uzun müddət barmağına dolaya bilməyəcək. Birincisi, İrəvanın ətrafında yeni hökumətin anlaşılmaz xarici siyasəti ucbatından heç də xoş olmayan atmosfer yaranır. İkincisi, hər dəfə Ermənistanda hakimiyyəti dəyişəndə dünya birliyi Qarabağ münaqişəsinin həllinə yanaşmasını yeni hökumətə uyğunlaşdırmalı deyil. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağla bağlı susqunluğu pozaraq bu gün nələrin müzakirə edildiyini açıqlaması da təsadüf deyil.

Münaqişənin nizama salınması prosesinin indiki formatını faydalı adlandıran Lavrov ortada həm Madrid razılaşmasının, həm də Rusiyanın 2010-2011-ci illərdə hazırladığı «Kazan prinsipləri və layihəsi»nin olduğunu xatırladıb. O, həmin sənədin Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının bir il əvvəl Moskvada baş tutmuş görüşündə təqdim edildiyini yada salıb.

«Bu sənədlər problemin mərhələli həllini nəzərdə tutur. İlkin mərhələdə daha aktual problemlər çözülməli, Dağlıq Qarabağ ətrafındakı bəzi rayonlar azad edilməli, nəqliyyat, iqtisadi və digər kommunikasiyalar bərpa olunmalıdır. Əminəm ki, bu sənədlərin imzalanmasına qərar verdiyimiz gün BMT Təhlükəsizlik Şurasının müharibəyə son qoyulması və razılığa gəlinməsini tələb edən qətnamələrinə əməl olunması istiqamətində vacib addım atmış olacağıq. Artıq razılığa gəlinməlidir və biz ATƏT-in Minsk qrupunun həmsədrləri olaraq, məhz buna çalışırıq», - deyə rusiyalı nazir qeyd edib.

Diqqətçəkən məqam ondan ibarətdir ki, Lavrovun dediklərini nə Minsk qrupunun digər həmsədrləri – ABŞ ilə Fransa təkzib edib, nə də Azərbaycan. Deyilənlərə yalnız İrəvan etiraz bildirib. Çünki o, artıq Ermənistan ictimaiyyətini də aldatmağın mümkün olmayacağını anlayıb. Paşinyanın komandası hakimiyyətdə olduğu 2 ildə xoşbəxt gələcəklə bağlı vədlərdən və sələflərilə çəkişmələrdən başqa heç nə ilə yadda qalmayıb. Üstəlik, Ermənistanın onsuz da ağır olan vəziyyətini koronavirus pandemiyasının yaratdığı böhran daha da ağırlaşdırıb. Beləliklə, Paşinyan hökumətinin daxili siyasətdə yeganə kozırı «Qarabağ kartı»dır və İrəvan onu itirməməyə çalışır.

Odur ki, Paşinyanın danışıqlar masası üzərində münaqişənin mərhələli həllini, yəni ilkin mərhələdə Dağlıq Qarabağa bitişik rayonların boşaldılmasını nəzərdə tutan sənədin olduğunu dərhal inkar etməsi təəccüblü deyil. Lavrovun bəyanatına münasibət bildirən baş nazir deyib ki, Ermənistanda baş vermiş «məxməri inqilab»dan sonra tərəflərə Qarabağ münaqişəsinin həllinə dair heç bir yeni sənəd təqdim edilməyib.

Erməni baş nazirin sözlərinə görə, onun hakimiyyətə gəldiyi ilk dövrdə İrəvanın Qarabağ danışıqlarını Serj Sarqsyandan qalmış nöqtədən davam etdirib-etdirməyəcəyi məsələsi gündəmdə idi. «Biz dedik ki, «yox», Sarqsyandan qalmış miras bizim üçün qəbuledilməzdir. Bilirsiniz, bizim nə iləsə əl-ayağımızı bağlamaca çalışmaq lazım deyil», - deyə «Sputnik-Ermənistan» agentliyinin məlumatına görə, N.Paşinyan bildirib. Beləliklə, o, köhnə sənədin Ermənistan üçün qəbuledilməz olduğunu deyir.

Bir məsələdə Paşinyan, həqiqətən, haqlıdır. O, deyir ki, «nizamlamanın forması, paketlər və mərhələlərlə bağlı fərqli yanaşmalar var». Amma niyəsə, mərhələli həll variantına bütün yanaşmalar eynidir və o, yalnız İrəvanı qane etmir. Bu kontekstdə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın təkzibi də maraqlıdır. «Lavrovun dediyi ərazilər hər şeydən əlavə, həm də təhlükəsizlik zonası və müdafiə xəttidir. Bu məsələyə yenidən baxıla biləcəyini heç kəs fikrinə gətirə bilməz. Qarabağ xalqının təhlükəsizliyi şübhə altına alına bilməz və kiminsə güzəştə gedərək, təhlükəsizliyə təhdid yaratması mümkün deyil» - deyən nazir qəti şəkildə bildirib ki, «güzəşt olmayıb və olmayacaq».

Bununla yanaşı, 3 həftə sonra elə həmin Mnatsakanyan Azərbaycanı kompromisin əldə olunması üçün maksimalist mövqedən əl çəkməyə çağırıb.

Bu yerdə erməni nazirin bir-birinə zidd olan bu iki bəyanatı hansı formatlarda səsləndirdiyinə diqqət çəkmək lazımdır. O, «güzəşt olmayıb və olmayacaq» fikrini İrəvanda keçirdiyi mətbuat konfransında deyibsə, Azərbaycanı maksimalistlikdən imtinaya MDB ölkələrinin XİN Xarici İşlər Nazirləri Şurasının mayın 12-də baş tutmuş onlayn iclasında çağırıb. Yəni Ermənistan rəhbərliyi yenə də həm daxili, həm də xarici auditoriyanı aldatmağa çalışır. Politoloq Stepan Danielyan bu haqda danışarkən bildirib ki, «Paşinyan onlara (Rusiyaya – «R+») başqa söz deyir, xalqa başqa».

Lavrovun açıqlaması və ardınca Rusiya XİN-in bəyanatı əksər erməni ekspertlər tərəfindən Ermənistanın qərbpərəst hökumətinə təzyiq kimi qiymətləndirilib. Lakin təzyiq elementi olsa-olsa, yalnız Lavrovun həqiqəti açıqlaması faktının özü ola bilər. O, məsələnin məğzini təhrif edə bilməz və bu, Rusiya XİN-nin Mnatsakanyana cavabında da öz əksini tapıb. «Nizamlamanın elementləri arasında Dağlıq Qarabağ ətrafındakı ərazilərin boşaldılması, həmçinin Dağlıq Qarabağın yekun hüquqi statusunun əhalinin iradəsi əsasında müəyyənləşdirilməsi də var», - deyə Rusiya XİN-nin açıqlamasında bildirilir.

Beynəlxalq vasitəçilərin səyləri artırması, əlbəttə ki, nizamlama prosesinin «ölü nöqtə»dən tərpənəcəyinə dair ümidlər yaradır. Lakin Azərbaycan, təbii ki, Qarabağı ona «hədiyyə ediləcəyi»nə dair xəyal qurmur. Ermənistanda hakimiyyət dəyişə bilər. Rejimin mahiyyətisə dəyişməzdir.

Bəli, Kremlin Paşinyan və komandasına münasibəti mənfidir. Lakin Rusiya, həmçinin digər həmsədr ölkələr öz geosiyasi maraqlarından imtina etməyi düşünmür. Odur ki, öz yolu ilə gedərək, diplomatik səylərlə yanaşı, hərbi qüdrətini də davamlı artırır. Bu mənada, Azərbaycanın mayda keçirdiyi hücum xarakterli miqyaslı hərbi təlimlə bağlı İrəvanda, həmçinin Qərbin ermənipərəst dairələrində yaranmış isteriya çox şeydən xəbər verir.

Erməni xalqının öz rəhbərlərinin işğalçı siyasətinə görə hansı əzabları çəkdiyini nəzərə alsaq, aydındır ki, heç bir rejim xalqı «güzəşt»ə, yəni Azərbaycan torpaqlarının sahibinə qaytarılmasına çağırmağa cəsarət etməyəcək. Bununla yanaşı, Ermənistan tərəfi BMT TŞ-nin icrası məcburi olan qətnamələrinə gec-tez əməl etmək məcburiyyətində qalacağını da anlayır. Həmin qətnamələrdə isə ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilir. Ya İrəvandan bunu, nəhayət, beynəlxalq vasitəçilər tələb edəcək, ya da Azərbaycan öz torpaqlarını özü geri qaytaracaq.



MƏSLƏHƏT GÖR:

319