23 Noyabr 2024

Şənbə, 15:03

BÖYÜK QURAQLIQ?

Azərbaycan su resurslarının ciddi tükənməsi problemi ilə üz-üzə qalıb

Müəllif:

01.07.2020

Su yoxa çıxsa, nə baş verər? Sualın cavabı hər kəsə bəllidir. İndi yay mövsümündə, pandemiya dövründə Azərbaycan içməli su qıtlığı ilə üzləşib. Sərt evə qapanma günlərində bir sıra Bakı qəsəbələrinin su təchizatında fasilələr yaranıb, Neftçala, Salyan və digər aran rayonlarında isə vəziyyətin əsl fəlakətə çevrilmə qorxusu var. Mütəxəssislər su qıtlığının təcili həll qərarı və sərmayə yatırımı tələb edən ciddi ekoloji problem olduğunu etiraf edirlər.

 

Yenə də quraqlıq  

Möcüzə gözləməyə dəyərmi? Çətin! Ekoloqlar hələ aprel ayında xəbərdarlıq edirdilər ki, Azərbaycan növbəti bir quraqlıq ilə üz-üzə qalacaq. Ekologiya Nazirliyinin ekspertləri Böyük və Kiçik Qafqazın dağlarında və dağətəklərinin çay hövzəsi zonalarında qlobal istiləşmə üzündən "nazilmiş" qar örtüyünün hündürlüyünü, həcmini və sıxlığını ölçüblər. Bu işlər əsasında bu yay mövsümündə Böyük Qafqaz dağlarından gələn çaylarda suyun səviyyəsinin çoxillik normanın 69-84%-i qədər olacağı qənaətinə gəlmişdilər.

O cümlədən, transsərhəd Kür çayından suyun toplandığı Şəmkir su anbarında suyun səviyyəsi normanın 55-67 faizini təşkil edir. Oxşar vəziyyət Mingəçevir (52-79%) və Araz su anbarlarında (45-65%) da müşahidə edilir.

Ölkənin şimal-qərbdən (Balakən - Şəki, Oğuz - Qəbələ) və şimal-şərqdən (Quba - Qusar - Xaçmaz) - Böyük Qafqaz sıra dağlarından başlayan yerli çaylarında suyun səviyyəsi çoxillik normadan aşağıdır (81-102%). Kiçik Qafqaz (Daşkəsən - Gədəbəy - Göygöl) çaylarında, Naxçıvan Muxtar Respublikası və Lənkəran-Astara bölgəsində suyun səviyyəsi 42-80%-dir. Ekoloqlar bildirirlər ki, su qıtlığı ilə bağlı vəziyyət ötən ildəkinə oxşardır.

 

Hərarət artır  

Su çatışmazlığının səbəblərindən biri havanın temperaturunun artması ilə bağlıdır, bu da uyğun olaraq çox miqdarda su istehlakına səbəb olur. AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyir ki, son 40 il Azərbaycan üçün ən isti illər hesab olunur. Eyni zamanda, Azərbaycanın bütün ərazisi üçün havanın temperatur artımı göstəricisi dünya üzrə orta artım səviyyəsinə - 0.90 C-yə yaxındır, amma istilik artımı bərabər paylanmayıb, çünki bir tərəfdən Azərbaycan dağlıq ölkədir, digər tərəfdən isə ölkədə müxtəlif iqlim zonaları var.  

AMEA Coğrafiya İnstitutunun elmi katibi Mirnuh İsmayılovun sözlərinə görə, Azərbaycanın su ehtiyatı toplam 31 kub kilometrdir ki, bunun 23 kub km-i qonşu ölkələrdə formalaşır. Su ehtiyatlarının, təxminən, 70%-nin mənbəyinin xaricdə olması ölkə üçün ciddi problemlər yaradır. Azərbaycan ərazisində əmələ gələn suyun ümumi miqdarı, təxminən, 7-8 kub kilometrdir. Ölkənin illik istehlakı isə 13 kub kilometrdən çoxdur.  

Belə çıxır ki, biz Azərbaycan ərazisində olan su mənbələrinin təmin etdiyindən çox istehlak edirik, bunun da əksər hissəsi suvarma üçün istifadə olunur. Özü də, Azərbaycanda əkin sahələrinin çox hissəsi quraq ərazilərdə yerləşir və buna görə də yayın isti vaxtlarında burada əlavə suvarma tələb olunur.

 

Ehtiyatlar bərpa edilmir  

Xarici mənbələrdən Azərbaycana su axını da problemlərlə üzləşir. Tranzit çayların su həcmində azalma müşahidə olunur ki, bu, Gürcüstandan gələn Qabırlı çayına da aiddir. O, beş böyük çaydan biridir. Qonşular çayın üzərində bir neçə su anbarı tikdiriblər və suyu ora toplayırlar. Buna görə də Azərbaycana su az axır və bu, çay boyunca yerləşən kəndlərdə problem yaradır. Ceyrançöl düzənliyinin şərq tərəfində, Qabırlı çayından xüsusi suvarma sistemi yaradılır.

İranda Araz çayına axan çayların üzərində yaradılan su anbarları da Azərbaycanın su ehtiyatlarına təsir göstərir. Bundan başqa, İrandan gələn Bolqarçayın üzərində Azərbaycanın qurduğu su anbarları da dolmur. “Bizim su ehtiyatlarımız artmır, əhali isə artır. Su təchizatı ilə bağlı mümkün problemlərlə üzləşməmək üçün artıq bu gün tədbirlər görülməlidir", - deyə akademik vurğulayıb.  

Kənd təsərrüfatının daha az su tələb edən istiqamətlərini genişləndirmək lazımdır. Həmçinin Bakının su ilə təmini üzrə müxtəlif layihələr həyata keçirilməlidir. "Samur-Yalama zonasında yetərincə su ehtiyatı var, yeni su kəmərləri çəkmək üçün onlardan istifadə etmək olar ", - deyə Məmmədov bildirib.

 

Məhsuldarlıq düşür

Coğrafiya elmləri doktoru Məhəmməd Abduyev qeyd edib ki, Azərbaycanda məhz quraqlıq su təchizatı ilə bağlı problemlərə səbəb olub. İqlim dəyişikliyi üzündən ölkədə yağıntının miqdarı azalıb, təbiətdə isə suyun mənbəyi yağışlardır. Azərbaycanın su ehtiyatlarının əksər hissəsi Mingəçevir su anbarına toplanır. Onda suyun səviyyəsi 83 m-ə çatanda, həcm 16 kub kilometr olur. Hazırda su anbarındakı suyun səviyyəsi 16 m aşağı, yəni cəmi 67 m-dir. Bu o deməkdir ki anbarda suyun həcmi yarıdan çox azalaraq 7,5-8 kub kilometr təşkil edir.  

Bu gün quruma prosesi artıq Böyük Qafqazın şimal-şərq yamacından gələn Araz, Lənkəran çaylarına və digər su mənbələrinə yayılır. Son illərdə ümumi su ehtiyatı 19-20 kub kilometrə qədər azalıb. “Kür çayı Azərbaycanın əsas su damarıdır. Hal-hazırda onda suyun həcmi 30% azalıb", - deyə alim vurğulayıb.  

Bundan başqa, su ehtiyatlarının 80%-nin kənd təsərrüfatı üçün sərf olunduğunu və quraqlıq olarsa, su çatışmazlığının daha da artacağını yadda saxlamaq lazımdır. «Kür-Araz düzənliyi Azərbaycanda suvarma əkinçiliyinin əsas bölgəsidir. Su olmadan burada məhsuldarlıq kəskin azalacaq", - deyə professor xəbərdarlıq edir.

Nəzərə almaq lazımdır ki, Abşeronun öz su mənbələri azdır. Abşeron yarımadasındakı bütün yaşayış məntəqələrini su ilə təmin edən Kür-Bakı və Oğuz-Qəbələ su kəmərlərinin, Taxtakörpü su anbarının, Samur-Abşeron kanalının suyu Ceyranbatan su anbarına yığılır. «Bu mənbələrdən gələn suyun həcminin azalması son nəticədə istehlakçılara təsir göstərəcək», - deyə Abduyev əlavə edib.

 

Düzgün yanaşma və texnologiyalar  

Alim vəziyyətdən çıxış yolunu suya qənaətdə görür, bu zaman kənd təsərrüfatında suvarma üçün damcı metoduna əsaslanan yeni texnologiyaların istifadə olunmasının vacibliyini düşünür. Bu üsul Azərbaycanda da tətbiq olunur, lakin bu gün əsas suvarma üsulu mexanikləşdirilməmiş səthi üsuldur və bu, çox miqdarda su itkisinə səbəb olur. "Bu üsuldan bundan sonra da istifadə etməyə davam etsək, biz, ümumiyyətlə, susuz qala bilərik", - deyə Abduyev vurğulayır.  

Bundan əlavə, insanların özləri sudan az istifadə etməlidirlər. Su anbarları çay vadilərində, təsərrüfatda istifadə olunmayan yerlərdə qurulmalıdır. "Belə yerlərdə 30 su anbarının tikilməsi planlaşdırılırdı, amma hələ ki, 15-ə yaxını tikilib. Yazda, qarlar əriyəndə bu su anbarlarında qar suları toplana bilər. Hələlik bu, yeganə çıxış yoludur, başqa yol yoxdur", - deyən Abduyev əlavə edib ki, Xəzər dənizinin duzdan təmizlənmiş suyu texniki sahələrdə istifadə edilə bilər.

 

Selləmə su  

Belə şərtlərdə su istehlakına fərdi münasibəti yenidən nəzərdən keçirmək çox vacibdir. Bəli, Azərbaycanda Xəzərin suyunu təmizləmək imkanları var. Bu halda onu texniki məqsədlər üçün istifadə etmək olar: kənd təsərrüfatında, sənaye istehsalında, suyun istifadə olunduğu servis xidməti göstərilən yerlərdə, məsələn, maşın yuyulmasında və s. İçməli suyun kəskin çatışmazlığı şəraitində texniki suyun istifadə edilə biləcəyi yerlərdə təmiz içməli suyun sel kimi axdığını görmək ağrılıdır. Quraqlıq və su dövriyyəsinin pozulması üzündən dəyərli və əvəzolunmaz bir mənbəni məhz qənaətcil yanaşma qorumağa imkan verər. Daha sonra mənzillərdə, məsələn, tullantıların yuyulması üçün texniki suyunun istifadəsi sistemi inkişaf etdirilə bilər. Suya qənaət məsələsində maarifləndirmə işləri uşaq bağçalarında, məktəblərdə, universitetlərdə, işçilər və işəgötürənlər arasında - hər yerdə aparıla bilər. Əllərini sabunlayanda - kranı bağla, dişlərini fırçalaynda - kranı bağla, küçədə yiyəsiz axan su görəndə - kranı bağla və s. Qıtlıq şəraitində suya qənaətcil münasibət Azərbaycanın sosial siyasətinin tərkib hissəsinə çevrilməlidir.

 

Su olacaq?

"Azərsu" ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Anar Cəbrayıllı etiraf edir ki, böyüyən Bakının su təchizatında bəzən problemlər yaranır. Ancaq onun sözlərinə görə, yaxın gələcəkdə bu məsələ öz həllini tapacaq: «Son günlərdə su təchizatı rejimlərini tənzimləyərək müəyyən sabitliyə nail olduq. Hazırda lokal problemlərin aradan qaldırılması ilə məşğuluq».  

Onun sözlərinə görə, lokal problemlərə Masazır qəsəbəsinin bəzi küçələrində, Binəqədi rayonunun sənaye sahələrində, Pirşağı, Zabrat, Kürdəxanı qəsəbələrinin bəzi hissələrində rastlanıb və bu problemlər həllini tapıb.

Anar Cəbrayıllı bildirir ki, indən belə əhali içməli suyu əvvəlki qaydada alacaq. Hazırda anbarlarda yetərincə su ehtiyatı toplanıb. «Əvvəlki günlərlə müqayisədə Kür çayından saniyədə bir kubmetr artıq su gəlir. Ceyranbatan su anbarına su verilməsi artırılıb. Eyni zamanda mütəxəssislərimiz kommunikasiyalara nəzarət və tədarük rejimini tənzimləmək üçün ciddi tədbirlər görürlər. Bütün bunlar lazımi su təminatını tam şəkildə əldə etməyə imkan verəcək", - deyə «Azərsu» rəsmisi vurğulayıb.            

Problemin həllində alimlər də iştirak edir və onlar Kür çayının, Ceyranbatan su anbarının və Şollar bulaqlarının potensialından istifadə edərək paytaxta əlavə su həcmlərinin cəlb edilməsi imkanlarını araşdırırlar. Bütün bu imkanları araşdırdıqdan sonra ekspertlər hökumətə su çatışmazlığı probleminin həlli üzrə təkliflər paketi göndərəcəklər.

 

Artıq görülən tədbirlər

Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) rəhbəri Suma Çakrabarti ilə keçirdiyi video konfransda ölkədəki su çatışmazlığı problemindən də danışıb. O, Azərbaycanın hələ 2019-cu ildən ciddi bir quraqlıq ilə üzləşdiyini söyləyib. “Suvarma ən vacib infrastruktur layihəsinə çevrilir. Bu məqsədlə bu yaxınlarda mən dövlət komissiyasını yaratdım. Əvvəlcə onlar bizim bütün su ehtiyatlarımızı qiymətləndirəcəklər. Bizdə su ehtiyatlarına nəzarət üçün elektron sistemimiz olmalıdır. Sonra qiymətləndirmə infrastrukturumuz üzərində aparılacaq. Onun əksər hissəsi sovet vaxtının mirasıdır. Bizdə bəzi hallarda su itkiləri hətta 40-50 faiz təşkil edir, çünki həmin kanallar, demək olar ki, bütün keyfiyyətini itiriblər."  

Prezident hökumətin bir və ya iki ay ərzində bu istiqamətdə hərəkət etmək niyyətində olduğunu vurğulayıb. Dövlət başçısı Dünya Bankını maliyyələşdirmə, nəzarət və məsləhətləşmə baxımından tərəfdaş olmağa çağırıb, çünki onun fikrincə, bu təşkilat bu sahədə böyük təcrübə toplayıb. Qeyd edək ki, son aylarda prezident əkin sahələrini suvarma suyu ilə təminatının və ölkənin bir neçə bölgəsində əhalinin su təminatının yaxşılaşdırılması üzrə fərmanlar imzalayıb.

 

Yeraltı qaynaqlar  

Mütəxəssislər yeraltı mənbələrə böyük ümidlər bəsləyirlər, onların ehtiyatları isə 8 milyard kubmetr təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mütəllim Əbdülhəsənov deyir ki, yerüstü su tutarlarının ehtiyatları ilə bağlı daha ciddi problemlər olduqda, yeraltı mənbələr istifadə edilə bilər.

"Bu su ehtiyatlarının həcmi gələcəkdə su mənbələrinin qıtlığı üzündən çətinliklər olduqda onlardan istifadə etməyə imkan verir. Çünki yeraltı sularımız təmizdir və istifadəyə tam yararlıdır", - deyən sektor müdiri bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yeraltı su mənbələrini daim axtarır.

Eyni zamanda, Əbdülhəsanov qeyd edir ki, Azərbaycan ərazisindən axan Araz və Kür çaylarının suları qonşu ölkələrin ərazilərində çirklənir və bu da onların ehtiyatlarından içməli su kimi istifadəsinə mane olur.

Bu baxımdan, bir sıra yaşayış məntəqələrinin su təchizatı yeraltı mənbələr tərəfindən təmin edilir. Qurumun şöbə müdiri Rasim Səttarzadə isə bildirir ki, içməli suyun texniki məqsədlər üçün istifadəsi məhdudlaşdırılmalıdır.

 

Yaşıl xilaskarlar

Beynəlxalq mütəxəssislər bildirir ki, meşələr və yaşıl sahələr su balansının qorunmasında və quraqlığa qarşı mübarizədə böyük rol oynayır. Buna görə Azərbaycanda meşələrin yenidən qurulması və bərpası üçün savadlı "yaşıl" siyasət aparılmalıdır. Meşələr nə edir? Torpağın eroziyası, sürüşmə, uçqun təhlükəsi riskini azaldır, meşə ehtiyatlarından səmərəli istifadə müəyyən dərəcədə planetdəki təmiz su ehtiyatlarının qorunmasını təmin edən sistemlərin fəaliyyətinə, eyni zamanda balanslı su dövriyyəsinə töhfə verir. Bundan başqa, meşələr su yığımı ərazilərində su təsərrüfatçılığının - coğrafi su yığımı bölgəsində təbii ehtiyatlardan istifadəyə kompleks yanaşmanın əsas komponentlərindən biridir. Su yığımı hövzəsində su təsərrüfatı fəaliyyətinin idarəedilməsi yüksək dağlıq bölgələrdə torpağın deqradasiyasına və eroziyasına meyilli əraziləri qorumaq və bərpa etmək üçün yetərincə ekoloji bir yoldur. Su yığımından axınların tənzimlənməsi üzrə tədbirlərin planlaşdırılması zamanı nəzərə alınan əsas parametrlərdən biri meşə və torpağın xüsusiyyətləridir.  

Bundan başqa, torpağın münbitliyini bərpa etmək və artırmaq üçün, məsələn, meşələrin bərpası ilə görülən tədbirlər də bir çox üstünlüklərə malikdirlər və buna görə də suvarma sahəsindəki su idarəçiliyi və quraqlığa qarşı mübarizə üzrə istənilən planın ayrılmaz parçasına çevrilirlər. Böyük yaşıl ərazilərin olması havanın temperaturunu azaldır ki, bu da təbiətdə su dövriyyəsi üçün şərait yaradır.



MƏSLƏHƏT GÖR:

465