25 Noyabr 2024

Bazar ertəsi, 11:23

QIRMIZI XƏTT

Hazırda Liviyada baş verənlər klassik mənada mandat müharibəsidir

Müəllif:

01.07.2020

Liviya Milli Saziş Hökuməti (MSH) qüvvələri iyunun 4-də Tripoli ətrafını general Xəlifə Həftərin rəhbərlik etdiyi “Liviya Milli Ordusu”ndan (LMO) azad etdikdən sonra Şərqə doğru irəliləməsi Liviya ətrafında böhranı daha da dərinləşdirdi. İyunun 6-da Qahirəyə gedən general Həftər Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə birlikdə Liviyada atəşkəs çağırışı edərək Qahirə bəyannaməsi imzaladı.

Lakin elə həmin gün MSH Sirtə şəhərini azad etmək üçün “Zəfər Yolu” əməliyyatını başlatdığını elan etdi. Əsas hədəfin Aralıq dənizi sahilindəki Sirtə və ölkənin mərkəzində yerləşən Cufra şəhəri elan olundu. Və MHS elan etdi ki, Sirtə əməliyyatı bütün Liviya üçün aparılan müharibədir və bu şəhərlər alınmadıqca davam edəcək. Sonrakı günlərdə Ankaraya gələn MHS lideri və baş naziri Fəyaz Sərrac Ərdoğanla görüşdü və burda elan olundu ki, hərbi əməliyyatlar davam edəcək.

 

Liviyanın “qırmızı xətti”

Ankara və Tripolinin bu reaksiyasına cavab tezliklə Misirdən gəldi. Misir ordusunun Liviya ilə sərhəddə tanklar və hərbi təyyarələr də daxil olmaqla böyük sayda hərbi qüvvə topladığı ilə bağlı foto və xəbərləri yayılmağa başladı. İyunun 20-də Misirin prezidenti Əbdülfəttah əs-Sisi Liviya ilə sərhəddə yerləşən Matruh hərbi bazasına gəldi və burada hərbi keçiddə iştirak edən Sisi “Sirtə və Cufra bizim üçün qırmızı xətdir” dedi. Eyni zamanda o, orduya lazım gələrsə ölkə daxilində və xaricdə hərbi əməliyyatlar həyata keçirəcəyini bəyan etdi. Misir prezidenti Liviyada qəbilələri silahlandırıb təlim keçəcəklərini də bildirdi.

Sisinin açıqlamasına dərhal Səudiyyə Ərəbistanından dəstək gəldi. Krallığın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Misirin təhlükəsizliyinin Səudiyyə Ərəbistanı və bütün ərəb xalqının təhlükəsizliyinin ayrılmaz hissəsi olduğu vurğulanır və Misirin sərhədlərini və xalqını radikallardan, terrorçu silahlılardan və onların regiondakı dəstəkçilərdən qoruma haqqına sahib olduğu qeyd olunurdu.

Misir prezidentinin atəşkəs çağırışına Rusiya və Fransa da dəstək verdi. Fransa prezidenti Emmanuel Makron iyunun 22-də Tunis prezidenti ilə görüşündə Türkiyənin MSH-yə verdiyi dəstəyi tənqid edərək, “Türkiyənin Liviyadakı hərəkətlərinə imkan verməyəcəklərini” bildirdi.

Eyni zamanda Makron Türkiyənin Suriyadan Liviyaya silahlıları gətirdiyi və bu səbəbdən də, müharibənin uzandığını, çoxlu sayda insanın Avropaya keçərkən dənizdə boğulduğunu deyib. Eyni zamanda o, Liviyada müharibənin uzanmasında Türkiyə ilə yanaşı rusiyalı muzdluların rolunu tənqid edib.

Türkiyə-Fransa münasibətlərinin pisləşməsinə səbəb isə Liviya sahillərində iki ölkə gəmiləri arasındakı gərginlik olub. Belə ki, iyunun 10-da Fransa hərbi donanmasına aid NATO missiyası altında xidmət edən “Corubet” adlı freqat Liviya sahillərinə yaxınlaşan Tanzaniya bayrağı altında üzən yük gəmisində Liviyaya silah aparılması şübhəsi ilə yoxlama aparmağa çalışıb. Lakin bu zaman Türkiyə hərbi dəniz qüvvələrinə aid iki freqat müdaxilə edərək fransız gəmisini 3 dəfə radar hədəfinə alıb. Bundan sonra Fransa hökuməti Türkiyəni NATO-ya şikayət edib. NATO baş katibi isə məsələnin araşdırılması üçün təlimat verib. Türkiyə isə NATO müttəfiqinin onun gəmilərində axtarış aparmasının qanunsuz olduğunu bəyan edib. Bu hadisə Liviya mövzusunda ilk gündən mövqeləri ziddiyyət təşkil edən Ankara və Paris arasında gərginliyi daha da yüksəldib.

Liviya ətrafında gərginliyin artmasına BMT də reaksiya verdi. BMT baş katibinin sözçüsü yaydığı açıqlamada müharibənin “Liviyanın ehtiyacı olduğu ən sonuncu hadisə” olduğunu bildirdi.

Sərrac hökuməti isə Sisinin açıqlamasını “daxili işlərə qarışmaq və müharibə elanı” kimi qiymətləndirib, eyni zamanda hərbi müdaxiləyə cavab veriləcəyini bildirib.

 

Sirtə və Cufra niyə əhəmiyyətlidir?

Aralıq dənizi sahilində yerləşən Sirtə şəhərinin 2018-ci il BMT siyahıyaalmasına görə 126 min əhalisi var. Bura 10 min əcnəbi işçi də daxildir. Sirtə şəhəri hazırda MSH və general Həftər qüvvələri arasında cəbhə xəttində yerləşir. Yuxarıda qeyd olunduğu kimi, Misir prezidenti, eləcə də Fransa prezidenti Sirtəni “qırmızı xətt” elan edib. Misir isə Sirtə və Cufraya görə Liviyaya müdaxilə edə biləcəyini deyib.

Sirtə şəhəri dünyada daha çox Liviyanın devrilmiş lideri Müəmmar Qəddafinin vətəni kimi tanınır. Bu şəhərin ikinci məşhurluğu isə 2015-ci ilin əvvəlində onun İŞİD-in nəzarətinə keçməsi ilə başladı. Şəhər iki ilə yaxın İŞİD-in nəzarətində oldu. Yalnız 2016-cı ilin sonlarında Qərb alyansının hava dəstəyi ilə Sirtə İŞİD-dən təmizləndi. Lakin Sirtənin ən mühüm özəlliyi onun iqtisadi yükü ilə bağlıdır. Liviya neft yataqlarının 80 faizi Sirtə hövzəsində yerləşir. Üstəlik, ölkənin əsas enerji ixrac nöqtəsi də Sirtədədir. Başqa sözlə, bu şəhərə nəzarət edən qüvvə həm də Liviya neftinə nəzarət etmiş olur.

Nisbətən cənubda, ölkənin mərkəzində yerləşən Cufra isə daha çox strateji əhəmiyyətinə görə vazkeçilməzdir. Burada hərbi aerodrom, eləcə də ölkənin əsas nəqliyyat yolları birləşir. Əgər Cufra və Sirtə MSH qüvvələrinin əlinə keçərsə, bu o deməkdir ki, ölkənin strateji olaraq əsas hissəsi MSH-in nəzarətinə keçir. Üstəlik, bu nəzarət artıq şərq sahillərinə, Misirə doğru gəlir.

Üstəlik, Cufra həm də Liviyadakı Rusiya hərbi qüvvələrinin əsas bazasıdır. Bu şəhərin itirilməsi Həftərin mövqelərini itirməsi deməkdir.

 

Liviyada vuruşanlar

Əlbəttə, hazırda Liviyada baş verənlər klassik mənada mandat müharibəsidir. Ölkə faktiki olaraq 6 ildir ki, iki hissəyə bölünüb. Qərb hissəsində mərkəzi Tripoli olan Milli Saziş Hökuməti BMT tərəfindən tanınır, əsasən siyasi islamçıların və “İxvan” Hərəkatının (Müsəlman Qardaşlar) aparıcı qüvvə olduğu bu hökuməti faktiki olaraq Türkiyə və Qətər dəstəkləyir.

2019-cu ilin noyabrında Türkiyə və Liviya (MSH) hökumətləri arasında əldə olunmuş razılaşmaya əsasən Türkiyə Fəyaz Sərrac hökumətinə silah, texnika və hərbi təlimatçı göndərir. Son aylarda MSH qüvvələrinin fəallaşmasının arxasında da məhz Ankaranın hərbi dəstəyinin durduğu güman edilir. Qətərin isə daha çox maliyyə dəstəyi verdiyi, eləcə də Suriyadakı bəzi cihadçı qrupların Liviyaya göndərildiyi iddia olunur.

Ölkənin şərq hissəsində isə mərkəzi Tobruk şəhəri olmaqla Təmsilçilər Hökuməti fəaliyyət göstərir. General Xəlifə Həftər bu hökumətin silahlı gücü olan Liviya Milli Ordusu (LNA) adlı qüvvələrə rəhbərlik edir. Bu hökuməti isə Misir, BƏƏ, Səudiyyə Ərəbistanı, Fransa və Rusiya dəstəkləyir.

Hazırda Həftər qüvvələrinə 1200-1400 nəfərə yaxın Rusiyanın “Vagner” hərbi şirkətinin döyüşçüləri, o cümlədən pilotlar, Fransa ordusunun dəstələri, eləcə də Sudan və digər Afrika ölkələrindən cəlb olunan silahlılar dəstək verir. Bundan başqa, Misir, BƏƏ, bir sıra Avropa ölkələri, Rusiya general Həftərə silah və sursat satır.

Fransanın isə 2011-ci ildə inqilabın ilk illərindən Liviyada hərbi iştirakı olduğu barədə iddialar mövcuddur. Düzdür, daha əvvəl rəsmi Paris bu iddiaları təkzib edib. Ancaq 2016-cı ildə Liviyada qəzaya uğrayan hərbi vertolyotda 3 fransız hərbçinin olması Fransanın Liviyada hərbi qüvvəsinin olması iddialarını gündəmə gətirdi. Fransa hökuməti hücuma görə islamçı qrupları ittiham etmişdi.

 

Sisini və müttəfiqlərini narahat edən nədir?

Əlbəttə, Aralıq dənizi sahilində Avropaya ən yaxın coğrafi ərazidə yerləşən zəngin neft-qaz ölkəsi Liviya böyük güclərin diqqət mərkəzindədir. İnqilaba qədər gündəlik 2 milyon bareldən çox neft ixrac edən Liviya “neft cənnəti” idi. Təbii ki, indi Liviyada “haqq axtaran” ölkələrin bu ölkənin sərvətində də gözü var. Liviya heç kimin əldən buraxmaq istəmədiyi “yağlı tikədir”. Lakin indi məsələ təkcə neft deyil.

İyunun 20-də Liviya sərhədinə gəlib hərbi əməliyyata hazırlıq göstərişi verən Sisi üçün Liviyada islamçı MSH-nin iqtidar olması ciddi təhlükədir. Birincisi, MSH hökumətindəki əsas ağırlıq təşkil edən “ixvan” Əbdülfəttah Sisi və onun hakimiyyəti üçün təhlükədir. Tunisdə islamçıların hakimiyyətdə möhkəmlənməsi və indi də Liviyada islamçıların iqtidar olması Misirin hərbi hakimiyyəti üçün narahatlıq doğurur. 2013-cü ildə Ə.Sisi məhz “ixvan”ı devirərək hakimiyyətə gəlib. İndi isə “ixvan” Tunis və Liviyada siyasi iqtidar olaraq möhkəmlənir. Üstəlik, son inqilabdan sonra Əlcəzairdə də siyasi islamçıların təsiri artır. Bu isə yalnız Sisini deyil, Fransa hakimiyyətini, eləcə də Səudiyyə Ərəbistanı və BƏƏ kimi “ixvan”la ideoloji düşmənçilik edən ölkələri narahat edir.

Digər tərəfdən Liviyanın şərq hissəsində islamçıların hakim olması 6 ildən çoxdur Sinay yarımadasında “Beyt əl-Makdis” kimi İŞİD-ə bağlı terror qrupları ilə mübarizədə ağır itki verən Misir üçün yeni “cəbhə”nin açılması deməkdir. Nəzərə almaq lazımdır ki, bu silahlıların arasında çoxlu sayda misirli islamçılar da var.

İkinci bir məqam isə Türkiyənin Şimali Afrika xəttində güclənməsidir. Hazırda Tunisdə fakitiki olaraq hakimiyyətdə olan “Nahda” Hərəkatı və onun lideri Rəşid Qannuşi Türkiyəyə simpatiya bəsləyən, Ankara ilə yaxın olan siyasi islamçıdır. Yəni başqa sözlə, bu proses Türkiyənin Aralıq dənizi sahilində güc sahibi olması deməkdir. Üstəlik, 2019-cu il noyabrda Sərrac və Ərdoğan arasında imzalanan saziş faktiki olaraq Aralıq dənizinin şərq hissəsində enerji ehtiyatlarının dünya bazarında çıxarılmasında Türkiyənin həlledici söz sahibi olmasını təmin etdi.

Başqa sözlə, hazırda Liviyada baş verənlər klassik mənada mandat savaşı aparan ölkələrin maraqlarının toqquşmasına çevrilib. Əgər yaxın günlərdə Qahirə atəşkəs anlaşması qüvvəyə minməsə, yəni MSH qüvvələri Sirtəyə hücumu davam etdirsə, o zaman Liviya münaqişəsi ciddi qlobal böhrana çevriləcək.

Təbii ki, Misirin Türkiyə ilə açıq müharibəyə girməsi həddən artıq riskli olar. Lakin proseslərin bu şəkildə davam etməsi Misir üçün ciddi risk daşıyır və Sisi hökuməti ərəb koalisiyası, eləcə də Avropa müttəfiqlərinin dəstəyi ilə Liviyaya müdaxilə edə bilər. Mümkündür ki, növbəti mərhələdə Ərəb Liqası və ya Afrika Birliyinin bununla bağlı qərarı olsun. Yeri gəlmişkən, Ərəb Liqasının Misirin təklifi ilə çağırılan toplantısı texniki səbəblərdən təxirə salındı. Lakin belə bir qərar hər an verilə bilər. Bu isə münaqişənin daha da alovlanmasına səbəb ola bilər.

Buna görə də indi Liviya üçün yeganə optimal variant tərəflərin atəşkəsə gedib sülh danışıqları masasında oturmasıdır. Ancaq danışıqlar həm də güzəşt deməkdir. Hələliksə heç bir tərəf güzəştə hazır görünmür.



MƏSLƏHƏT GÖR:

319