23 Noyabr 2024

Şənbə, 10:57

KARANTİNDƏ BİZNES

Pandemiya dövründə sahibkarlığa dəstək tədbirləri haqqında

Müəllif:

15.07.2020

Koronavirus pandemiyası üzündən dünyada baş verən dərin iqtisadi böhran şəraitində, şübhəsiz ki, ən çox özəl biznes subyektləri zərər görürlər. Bu gün dövlət dəstəyi olmadan onlardan bir çoxunun bağlanmaması praktik olaraq mümkün deyil.

Azərbaycan hökumətinin sahibkarlığa kömək üçün gerçəkləşdirdiyi tədbirlər zərfi özəl sektorda iş yerlərinin çoxunun qorunmasına kömək etdi. Bununla belə, karantinin müddəti ilə bağlı qeyri-müəyyənlik və itirilmiş bazar mövqelərini «sıfırdan» bərpa etmək zərurəti yerli iş adamlarının narahatlığına ciddi səbəbdir.

 

Eniş əyrisini dayandırmaq

Pandemiya şəraitində görülən genişmiqyaslı stimullaşdırıcı tədbirlərə baxmayaraq, dünya “Böyük depressiya”dan bəri ən böyük iqtisadi böhran yaşayır. Üstəlik, «Bloomberg Invest Global» konfransında çıxış edən nüfuzlu ekspertlərin fikrincə, bu il dünya iqtisadiyyatının tam dirçəlməsi sual altındadır və 2021-ci ildə onun perspektivləri əsasən eniş əyrisinin nə qədər tez dayandırılacağından asılı olacaq. Məsələn, Riçmond Federal rezerv bankının rəhbəri Tomas Barkin iqtisadiyyatın indiki eniş trayektoriyasını piyada qalxmaqdan öncəki liftlə enmək ilə müqayisə edib.

Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə, ilin sonuna qədər dünyanın 170 ölkəsində adambaşına düşən gəlir azalacaq (ümumi ölkə sayınınə90%-də bu baş verəcək). Üstəlik, 2021-ci ilin sonuna kimi qlobal ümumi daxili məhsulun (ÜDM) 2019-cu ilin eyni dövrü ilə müqayisədə aşağı olacağı ehtimalı var ki, «HSBC Holdings plc»nin iqtisadçıları belə hesab edir.

Buna görə inkişaf etməkdə olan ölkələr artıq bu il qlobal iqtisadi artımın hərəkətvericisi olmayacaqlar. Dünya Bankının proqnozuna görə, onların ÜDM-i 2,5% azalacaq – bu, 1960-cı ildə müşahidələrin başlanmasından bəri ən pis göstəricidir.

«Optimist ssenari ilə, böhranın əmək bazarına təsirini 2020-ci ilin ikinci yarısında da aradan qaldırmaq mümkün olmayacaq», - deyə düşünən Beynəlxalq Əmək Təşkilatı bildirib ki, ikinci rübdə işlənmiş iş saatları koronavirus başlamazdan öncə ilə müqayisədə 14% az olub.

Bundan əlavə, «Bloomberg» qeyd edir ki, artıq 11 trilyon dollara çatan dövlət dəstəyi borcun rekord səviyyəsi üzündən məhdudlaşacaq.

Azərbaycan üçün koronavirus iqtisadiyyatın bir sıra sahələrində işlərin tam dayandırılması ilə yanaşı, həm də başqa bir problemə - dünya bazarında neftin qiymətinin düşməsinə səbəb oldu. Bu da öz növbəsində, ölkənin bir çox özəl şirkətlərinin fəaliyyətinin çox asılı olduğu dövlət sərmayələrinin həcminə birbaşa təsir göstərir. Beləliklə, iqtisadi balans pozuldu, həm idxalda, həm də ixracda azalma müşahidə edilir və tətbiq olunan karantin məhdudiyyətləri «istehsal-emal-istehlak» zəncirində fasilələrə səbəb oldu.

Lakin ölkə iqtisadiyyatına məlum problemlərinə və milyonlarla dollar zərərə baxmayaraq (dəqiq məbləğ hələ hesablanır), vəziyyət nəzarət altındadır. “2020-ci ilin birinci yarısında dünya bazarlarında neftin orta qiyməti bir barel üçün 38 dollar olub, baxmayaraq ki, proqnozlarımız bir barel üçün 55 dollar qiymətinə hesablanıb. Təbii ki, bunlar bizim üçün itkilərdir. Ancaq demək istəyirəm ki, əvvəlki illərdə lazımi ehtiyatlar yaradıldığından neftin qiymətinin bir barel üçün 14 dollara enməsinə baxmayaraq, iqtisadiyyatımız sabitdir”, - deyə Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bildirib. O qeyd edib ki, "ilin birinci yarısında daha böyük azalma gözləsək də, Azərbaycanın valyuta ehtiyatları cəmi 98 milyon dollar azalıb".

Dövlət başçısı əlavə edib ki, əlbəttə ki, koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərib, xüsusilə beş ay ərzində ressesiya 1,7% təşkil edib. Lakin kölgə iqtisadiyyatına qarşı effektiv mübarizə və maliyyə sabitliyi təmin edən fiskal şəffaflığın artması sayəsində bərpa sürətli olacaq.

 

Dövlətin maliyyə dəstəyi

Açıqlanmış statistikaya görə, 2020-ci ilin birinci yarısında Azərbaycanın dövlət büdcəsinə plandan artıq daxilolmalar 400 milyon manatı keçib, bunun 98 milyonu gömrük orqanlarının xətti ilə gəlib, qalan hissə vergi daxilolmalarından ibarətdir.

Düzdür, bu ilin may ayında Milli Məclis tərəfindən qəbul edilmiş, ümumi dəyəri 114 milyon manat olan bir sıra vergi güzəştləri səbəbindən il ərzində bu trendin davam etməsinə ümid azdır. Lakin Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun ötən gün keçirdiyi brifinqdə söylədiyi kimi, dövlət bu proqramlarla biznesin daha az itki ilə böhrandan çıxmasına kömək etməyə çalışır.

Belə ki, iyul ayının əvvəlinə pandemiyadan zərər çəkmiş toplam 146,5 min vergi ödəyicisi Azərbaycan İqtisadiyyat Nazirliyinə müraciət edib. Dövlət Xəzinədarlığı Agentliyi 24.5 minəvergi ödəyicisinə 212.5 min işçiyə əməkhaqqı ödənişi üçünə95,6 milyon manat, o cümlədən ikinci ay (50%)əödəniş üçün 47,3 milyon manat köçürülməsini təmin edib. Fərdi (mikro) sahibkarlar üçün maliyyə dəstəyi proqramı çərçivəsində təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi təxminən 63,3 milyon manat təşkil edir.

M.Cabbarovun sözlərinə görə, ümumilikdə karantin dövründə 130 min sahibkara maliyyə yardımı göstərilib və işçilərin maaşlarının hesablanması üçün ayrılmış vəsait nəzərə alınmaqla bu rəqəm 310 minə çatıb.

Hökumət üzvlərinin fikrincə, hazırda biznesi dəstəkləmək üçün əlavə maliyyə yardımına ehtiyac yoxdur. Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib ki, “pandemiyanın ilk mərhələlərində biz biznesi dəstəkləmək üçün böyük bir paket qəbul etdik. Onun bir sıra bəndləri hələ də icra olunur. Bunlar vergi güzəştləri, sosial təminat müavinətləri və s-dir. Buna görə, biz biznesi dəstəkləmək üçün əlavə tədbirlər görməyə ehtiyac görmürük", - deyə o, Nazirlər Kabineti yanında Opreativ Qərargahın son brifinqlərindən birində deyib.

 

Kreditlə dəstək vermək

Bununla yanaşı, illik büdcələrində müəyyən dərəcədə "təhlükəsizlik yastığı" nəzərdə tutan iri sahibkarlıq subyektlərindən fərqli olaraq, kiçik və orta müəssisələr (KOM) ümumiyyətlə, gəlirdən xərcə qədər "yaşayır". Buna görə də təbii olaraq bu gün "qırmızı" risk zonasındadırlar.

Bəli, hökumət işçilərə əməkhaqqını ödəməyə kömək edir, vergi yükü xeyli azalıb. Ancaq sahibkarların çoxu bir sualdan narahatdır: pandemiyadan sonra öz işlərini bərpa edə biləcəklərmi? Axı, karantin çoxlarını qəfil yaxaladı - kimlərsə gətirdiyi malları sata bilmədi, kimlərsə müştərilər qarşısında öhdəliklərini yerinə yetirə bilmədi...

Aydındır ki, həyat və iqtisadi fəallıq əvvəlki axınına qayıtmağa başlayan kimi iş adamlarının işlərini pandemiya öncəsi həcmlərə qaytarmaq üçün əlavə vəsaitlərə ehtiyacı olacaq. Bu ehtiyacın ödənməsi üçün əsas yük elə indidən kredit portfelinin genişləndirilməsi üzərində ciddi işləməli olan bank sektorunun çiyninə düşəcək.

İqtisadi İslahatların Təhliliəvə Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlının sözlərinə görə, bu ilin fevral ayında pandemiya başlayandan bəri banklar tərəfindən verilən kreditlərin həcmi hər ay azalmaqdadır və mart-may aylarında kredit portfeli 6,1% azalaraq 14,4 milyard manat təşkil edib.

Bu mənfi dinamikanın qarşısını yalnız dövlətin müdaxiləsi ilə almaq olar ki, bu da Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi üçün Prezident İlham Əliyevin 4 iyun 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş yeni Qaydanın tətbiqi ilə həyata keçirilib.

Yeni qaydalara uyğun olaraq sahibkarlığa güzəştli kredit verilməsinin yeni mexanizmləri də tətbiq olunur. Bunlardan biri girov əmlak olmadan da avadanlıq alınması üçün sahibkarlara güzəştli kreditlərin verilməsidir. Bunun məğzi ondan ibarətdir ki, güzəştli kredit özü girov hesab olunan yeni avadanlıqların alınmasında istifadə edilir. Bankların faiz dərəcəsi belə hallarda 7% təşkil edir. Yeni yanaşma sahibkarlıq subyektlərinin maliyyə mənbələrinə çıxış imkanlarının daha da genişləndirilməsinə, investisiya fəallığının dəstəklənməsinə, iqtisadi artıma və məşğulluğa önəmli töhfə verəcək.

Digər bir mexanizm, kredit təşkilatlarının fond qarşısında borc öhdəliklərinin yenidən strukturlaşdırılmasını, fors-major (təbii fəlakətlər, epidemiyalar və s.) hallarında borc öhdəliyinin yerinə yetirilməsini möhlətlə təmin edilməsini əhatə edir.

Çox önəmlidir ki, yeni kreditlər üçün dövlət zəmanətlərinin verilməsinə və bu kreditlər üzrə faiz dərəcələrinin subsidiyalaşdırılmasına, cari kredit borcu olan sahibkarların kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsinə başlanılsın.

Biznes kreditləri üzrə dövlət zəmanətlərinin verilməsi və onların faiz dərəcələrinin subsidiyalaşdırılması şərtlərinə əsasən, yeni biznes kredit portfelinin bir hissəsi (60%-ə qədəri) üçün 500 milyon manat məbləğində təminat verilir və bu kreditlərin illik faiz dərəcəsinin 50 faizi dövlət tərəfindən maliyyələşdirilir. Bu mexanizm müddəti üç ilədək olan, illik faiz dərəcəsi 15%-dən çox olmayan kreditlərə tətbiq edilir. Bu kreditlər üçün güzəşt müddəti 12 aya qədərdir.

İqtisadiyyat Nazirliyi yeni tədbirlər çərçivəsində sahibkarlar üçün elektron kredit platforması (e-edf.gov.az) yaradıb, bunun vasitəsilə koronavirus pandemiyasından zərər görmüş iş adamları ən qısa müddətdə sənədləri rəsmiləşdirərək 12 ay güzəşt müddəti olan 3 milyon manata qədər kredit ala biləcəklər. Beləliklə, sahibkarlar biznes kreditləri üçün onlayn rejimdə müraciət edə biləcəklər, onların müraciətlərinə eyni vaxtda həm müvəkkil kredit təşkilatlarında, həm də İqtisadiyyat Nazirliyində baxılacaq, həmçinin real vaxt rejimində müraciətlərin statusunu izləmək imkanı yaradılır. Yəni kreditlərin alınmasında çeviklik və şəffaflıq təmin edilir.

V.Qasımlının sözlərinə görə, pandemiyadan zərər görmüş sahibkarlara bank kreditləri ilə bağlı dövlət zəmanətlərinin verilməsi və kredit faizlərinin subsidiyası problemli kreditlərin yaranmasının qarşısını alacaq. Belə ki, 1 milyard manatlıq cari kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması, eyni zamanda 500 milyon manatlıq yeni kreditlər üzrə zəmanət və subsidiyalaşdırılma, əslində, 1.5 milyard manatlıq kredit portfelinə dəstək deməkdir ki, bu da ölkədəki cari kredit portfelinin 10%-dən çoxdur...

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili hesab edir ki, iqtisadiyyatın zərərçəkmiş bir çox sahəsində yeni dəstək mexanizmlərinin tətbiqinə ehtiyac var. "Girov probleminin həlli, habelə dövlətə tərəfindən faizlərin yarısının ödənilməsi kiçik və orta sahibkarlığın yaşamasına və pandemiyadan sonrakı dövrdə yeni layihələr həyata keçirməyə hazır olmasına böyük töhfə verəcək", - deyə o vurğulayıb.

Bununla yanaşı, İqtisadiyyat naziri M.Cabbarov bərpa işlərinin müddəti ilə bağlı olduqca optimistdir və jurnalistləri bu prosesin bu ilin sonunadək başlayacağını əmin edir. “Bu gün ölkənin sənaye parklarına böyük maraq görürük. İnvestisiya layihələrinə maraq qorunur,ədüşünürəm ki, yaxın gələcəkdə «Sumqayıt Kimya Sənaye Parkı» MMC-də özəl sektor tərəfindən yeni layihələrin həyata keçirilməsini müşahidə edəcəyik", - deyə nazir vurğulayıb.

İstənilən halda, hökumət ortaya çıxan problemləri "non-stop" rejimində həll edəcək və biznesin əvvəlki dövriyyəni bərpa etməsi üçün hər şeyi edəcək. Axı, hazırda dövlət büdcəsinə daxil olan hər dörd manatdan üç manatı özəl sektorun payına düşür. Bu da dövlətin sahibkarlığa yeni dəstək formaları axtarması üçün yetərli stimuldur.



MƏSLƏHƏT GÖR:

294