25 Noyabr 2024

Bazar ertəsi, 12:51

«BÖYÜK TÜRKİYƏYƏ DOĞRU ADDIM?»

Ayasofyaya məscid statusunun qaytarılması nələrə yol aça bilər?

Müəllif:

15.07.2020

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fərmanı ilə Ayasofya məbədinə muzey statusunun verilməsilə bağlı 1934-cü ildə qəbul olunmuş qərar ləğv edilib. Beləliklə, Ayasofya Osmanlı imperiyasının mövcud olduğu son 5 əsrdə olduğu kimi, yenidən məscidə çevrilib.

 

Tarixi ölçü

Ayasofya dini arxitekturanın ən böyük abidələrindən biridir. Bina 532-537-ci illərdə Şərqi Roma və Bizans imperatorunun əmrilə Konstantinopolda Müqəddəs Sofya kilsəsi adı ilə inşa edilib. Bu məbəd Bizans imperiyasının qüdrətinin rəmzi olub, əsrlər boyu imperatorların tacqoyma mərasimi məhz burada keçirilib, Konstantinopol patriarxı dövləti və kilsəni buradan idarə edib. Xristian kilsəsinin 1054-cü ildə katolik və pravoslav kilsələrinə bölünməsindən sonra Müqəddəs Sofya yalnız Bizans imperiyasında deyil, bütüntükdə Şərqi xristianlığın əsas məbədinə çevrilib.

Məbədin taleyində tarixi dönüm anı Osmanlı imperiyasının dövrünə təsadüf edib. İmperiyanın 1453-cü il mayın 29-da Konstantinopolu fəth etməsindən sonra sultan II Mehmet Müqəddəs Sofyaya girərək, onu məscid elan edib.

Mənbələr göstərir ki, sultan şəhərə gecə yarısından bir neçə saat sonra nazirləri və seçilmiş yeniçərilərdən ibarət mühafizə ilə daxil olub. Kilsənin qapıları qarşısında o, atdan enib, əyilərək yerdən bir ovuc torpaq götürüb və onu Allaha itaət nümayişi olaraq, çalmasına töküb. Daha sonra sultan məbədə daxil olub, bir müddət sükut içərisində dayanıb, daha sonra mehraba çıxıb. Sultan Osmanlı əsgərlərinə mozaik döşəmənin soyulmasını qadağan edib, məbəddə saxlanılan bir neçə yunanın, həmçinin keşişlərin sərbəst buraxılmasına göstəriş verib. Bunun ardınca sultanın buyruğu ilə üləmalardan biri kafedraya qalxaraq Allahdan başqa Allahın olmadığını bəyan edib.

Bununla da, Ayasofya adlandırılmağa başlayan məscid Osmanlı imperiyasının rəmzlərindən və bütünlükdə İslam dünyasının ən nəhəng müqəddəs məkanlarından birinə çevrilib. Binaya 4 minarə, Məkkənin istiqamətini göstərən mehrab və mərmər minbər (məscidin kafedrası) əlavə olunub. Binadakı oyma və mozaikaların əksəriyyəti malalanıb və nəticədə, əsrlər boyu bu günədək salamat qalıb.

Məşhur məbədin taleyində yeni səhifə Türkiyə Cümhuriyyəti dövründə yazılıb. Cümhuriyyətin banisi və ilk prezidenti Mustafa Kamal Atatürk 1935-ci ildə Ayasofya muzeyinin yaradılması haqqında hökumət dekretini imzalayıb, bununla da, onun məscid kimi fəaliyyətinə son qoyulub. Muzey əvvəlcə Təhsil Nazirliyinin, daha sonra Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. Bu, «Türkiyə Cümhuriyyəti şeyxlər və dərvişlər ölkəsi olmamalıdır», - deyən Atatürkün yürütdüyü dünyəviləşmə siyasətinin tərkib hissəsi idi.

Türkiyənin dünyəvi dövlət elan olunması, xilafət institutunun ləğvi, şəriət qaydalarından imtina, dünyəvi düzənin qurulması, Ayasofyanın muzeyə çevrilməsi – bütün bunlar avropapərəst inkişaf yoluna keçmiş ölkənin yeni mənzərəsini əks etdirən bir zəncirin bəndləri olub. Amma konkret Ayasofya ilə bağlı qərarın qəbulunda Türkiyənin ovaxtkı maarif naziri Abidin Özmenin ifadə etdiyi məqamın da rolu ola bilər: «Ayasofya muzeyə çevrilərsə, İstanbula turist axını iki dəfə artacaq».

Ayasofyaya məscid statusunun qaytarılması məsələsi bundan əvvəl 2002-ci ildə Türkiyədə mötədil islamçı Ədalət və İnkişaf Partiyasının (İƏP) hakimiyyətə gəlişilə aktuallıq qazanmışdı. Bu yolda ilk ciddi siqnal 2014-cü il mayın 31-də Anadolu Gənclər Assosiasiyasının Ayasofyanın qapıları qarşısında «Zəncirləri qır, Ayasofyanı aç» şüarı ilə səhər namazı qılması olub. 2016-cı ildə Ramazan ayı zamanı Ayasofyada «Quran» oxunub, 2019-cu ilin martında isə prezident Ərdoğan muzeyin məscidə çevrilə biləcəyini ilk dəfə açıq şəkildə dilə gətirib. 29 may 2020-ci ildə İstanbulun fəthinin 567-ci ildönümü ilə əlaqədar, Ayasofyada yenidən «Quran»dan surələr oxunub. Bundan az sonra dövlət başçısı köməkçilərinə muzeyin statusunun dəyişdirilməsi imkanlarının öyrənilməsini tapşırıb, öz partiyasının nümayəndələrilə görüşdə isə «Allahın köməyilə Ayasofya məscidində ibadət edəcəyik» bəyanatını səsləndirib.

Nəhayət, iyulun 2-də Türkiyənin Ali İnzibati Məhkəməsi – Dövlət Şurası dövlət başçısının təşəbbüsü ilə Ayasofyanın statusunun dəyişdirilməsi məsələsinə baxıb. Dövlət Şurasının iyulun 10-da elan olunmuş yekun qərarında bildirilir ki, Ayasofyanın statusunun dəyişməsi üçün prezidentin fərmanı kifayətdir. Dövlət başçısı Ərdoğan elə həmin gün muzeyə məscid statusunun verilməsi haqqında fərman imzalayıb. Bununla da, bina Dini İşlər İdarəsinin tabeliyinə verilib. Beləliklə, Ayasofya yenidən İslam dünyasının müqəddəs məkanlarından birinə çevrilib.

 

Dünyanın reaksiyası

Ərdoğanın Ayasofyanın statusunun dəyişdirilməsilə bağlı fərmanı ərəfəsində və fərmanın imzalanmasından sonra dünyanın ənənəvi xristian mərkəzləri – Avropa, Rusiya, ABŞ – məsələyə münasibət bildirib. Xristian dünyasından bununla bağlı kəskin məzəmmətdən tutmuş, çağırış xarakterli bəyanatlaradək müxtəlif mövqelər sərgilənib. Lakin onların hamısının məğzi birdir: Ankaranın Müqəddəs Sofya məbədini muzey statusundan məhrum etməsi tənqid olunur. Bu zaman xüsusi vurğulanır ki, 1985-ci ildə Ayasofya muzeyi İstanbulun tarixi hissəsindəki digər abidələrlə birlikdə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib.

ABŞ Dövlət Departamenti Vaşinqtonun Türkiyə hökumətinin bu qərarından məyus olduğunu bəyan edib. Bununla yanaşı, bildirilir ki, Birləşmiş Ştatlar Türkiyənin məbədə arzulayan hər bir şəxsin buraxılacağına dair öhdəliyə necə əməl edəcəyini «səbirsizliklə gözləyir».

Bənzər təəssüf bəyanatı ilə Avropa İttifaqı da çıxış edib. Fransanın xarici işlər naziri Jan-İv Le Drian isə ayrıca bəyanat səsləndirib. Onun fikrincə, Ankaranın bu qərarı «müasir və dünyəvi Türkiyənin ən rəmzi aktlarından birini təhlükə altına salıb».

Ən sərt bəyanat, yəqin ki, Türkiyə ilə NATO çərçivəsindəki müttəfiqliyə rəğmən, ənənəvi düşməni olan Yunanıstandan gəlib. Bu ölkənin siyasi qüvvələri Müqəddəs Sofya kilsəsinin muzey statusunun ləğvini birağızdan pisləyiblər. Onların arasında Ankaranı sanksiyaların tətbiqi, Türkiyə yükləri və xidmətlərinin tranzitinə imkan verilməməsi üçün sərhədlərin bağlanması ilə hədələyənlər də olub. Yunanıstanın baş naziri Kiriakos Mitsotakis bildirib ki, o, Ankaranın qərarının nəinki Yunanıstanla, həm də Aİ, UNESCO və ümumilikdə dünya birliyilə münasibətlərinə təsir göstərəcəyinə əmindir.

Rusiya isə istər muzeyin statusunun dəyişdirilməsi ərəfəsində, istərsə də bu haqda fərmanın imzalanmasından dərhal sonra praktik olaraq, bütün səviyyələrdə (hökumət, ictimaiyyət, Rus pravoslav kilsəsi) Türkiyə rəhbərliyinin mövqeyilə razı olmadığını ortaya qoyub. Bu mənada patriarx Kirillin mövqeyi maraqlıdır: «Müqəddəs Sofya üçün təhlükə bütün xristian sivilizasiyası üçün təhlükədir. Demək, bizim mənəviyyatımıza, tariximizə də təhlükə var. Odur ki, Müqəddəs Sofyanın başına gələnlər rus xalqını çox ağrıdır».

Doğrudur, Rusiyanın müsəlman icması vəziyyətə bir qədər fərqli yanaşır. Məsələn, Rusiya Müsəlmanları Ruhani Məclisinin sədri, müfti Əlbir Krqanov Məhəmməd Peyğəmbərdən sitat gətirərək bildirib ki, inanclılar üçün bütün dünya məsciddir. O, «bu mövzunun siyasiləşdirilməsinin yolverilməz olduğunu» bəyan edib. Rusiya Müsəlmanları Ruhani İdarəsinin mətbuat katibi Ravil-Hacı Seyfəddinov isə bildirib ki, «tarixi irslə bağlı fərmanın verilməsi istənilən suveren dövlətin daxili işidir. Belə məsələlərdə təzyiq yersizdir və vəziyyəti ağırlaşdıra bilər».

Bir çox müsəlman ölkəsi isə Ayasofyaya məscid statusunun verilməsinə dəstəyini ifadə edib. Məsələn, bir sıra ərəb ölkəsinin KİV və ictimai təşkilatları Ankaranın Ayasofyanı inanclı müsəlmanlara qaytarmasını «tarixi qərar» kimi qiymətləndirib.

Tənqidlərə cavab verən Türkiyə rəhbərliyinin dediklərindənsə belə məlum olur ki, Ayasofya bundan sonra da əhəmiyyətli mədəniyyət abidəsi kimi qorunacaq. Bununla yanaşı, Ankaranın ittihamlara cavab verən tərəfdarları bir sualla çıxış edirlər: «Hakimlər kimlərdir?»

Nəzərə alsaq ki, Konstantinopolun XIII əsrin əvvəlində, 1204-cü ildə əhl-səlib tərəfindən işğalından 1261-ci ilə, şəhərin Bizans imperatorları tərəfindən ələ keçirilməsinədək Müqəddəs Sofyadan Roma katolik kilsəsi kimi istifadə olunub, Qərbi Avropanın Türkiyəni ittiham etməyə mənəvi haqqı varmı? Yaxud Avropa İttifaqı İspaniyanı ölkənin böyük müsəlman irsinin «xristianlaşdırılmasına» görə niyə qınamır?

Birləşmiş Ştatlar beynəlxalq hüquqa da zidd olaraq, üç dinin müqəddəs şəhəri olan Qüdsü birtərəfli qaydada İsrailin paytaxtı kimi tanıyırsa, hansı haqla Türkiyəni «tarixi ədalət»ə riayət etməyə səsləyir? Yeri gəlmişkən, Türkiyə hökumətinin Ayasofyaya məscid statusunun qaytarılması ilə bağlı yekun qərar qəbul etməsinə, bəlkə də, ABŞ administrasiyasının bu əməli təkan verib. Bu, məbədin Osmanlı dövründə yüzilliklər boyu sahib olduğu statusdur.

 

Milli suverenlik məsələsi

Aya Sofya ətrafında yaşananların Türkiyə üçün siyasi tərəfi ilk növbədə ondan ibarətdir ki, bu, Ankara üçün milli suverenliyin müdafiəsi demək idi. Lakin bütün baş verənlərin təbii ki, dərin daxili siyasi konteksti də var: hakim İƏP artıq illərdir Atatürk irsinin təftişilə məşğuldur. Bu mənada bir sual kifayət qədər aktualdır: Türkiyə 2023-cü ilə – cümhuriyyətin yaradılmasının 100 illiyinə Atatürkdən qalmış dünyəvi dövlət kimi gedib çatacaqmı? Ayasofyaya məscid statusunun qaytarılması prezident Ərdoğanın və hökumətinin özlərini Atatürkün işinin davamçıları yox, Osmanlının fövqəldövlət ənənələrinin varisi saydıqlarının rəmzi nümayişi deyil ki?

Ən önəmlisi isə odur ki, sürətlə dəyişməkdə olan qloballaşan dünyada faktiki olaraq Qərbin bərabərhüquqlu müttəfiq saymadığı, Aİ üzvü olmaq perspektivini itirmiş Türkiyə xilas yolunu öz dövlətçilinin və tarixi-nədəni irsinin dərkində görür. Bu mənada, Ayasofya ilə bağlı keçən dövr ərzində yaşananlar və müasir dünyadakı vəziyyət, Türkiyənin ayrı-ayrı dövlətlər tərəfindən tənqid olunması Ankaranın qərarının qanunauyğunluğunu bir daha sübut edir. Tənqidçilərin səsi Ərdoğanının Ayasofyanın statusunun dəyişməsinin vacibliyilə bağlı mövqeyini daha da gücləndirir. Ona məscid statusunun qaytarılması Türkiyə üçün özünün sivil eyniliyinin təsdiqlənməsi məsələsi idi.

Ərdoğan bu qərarın əhəmiyyətindən danışarkən təsadüfən deməyib ki, Ayasofyanın statusunun dəyişməsi «böyük Türkiyəyə doğru addım»dır. Bununla yanaşı, onun dediklərindən məlum olub ki, başqa dövlətlərin mövqeyi Ankara üçün heç bir əhəmiyyət daşımır, çünki Ayasofyanın statusunun dəyişdirilməsi «xalqın arzusuna və iradəsinə əsaslanır».

Ayasofyanın simasının necə olacağına gəlincə, Ərdoğan deyib: «Biz elə edəcəyik ki, müsəlmanlar və digər din nümayəndələri oraya gəldikdə əcdadlarımızın irsini necə qoruyub saxladığımıza şahid olsunlar».

Qərb və Rusiyanın narazılığının beynəlxalq arenada Türkiyə üçün hansısa mənfi nəticələri ola bilərmi? Yəqin ki, söhbət ciddi fəsadlardan gedə bilməz. Məsələn, Yunanıstanın Türkiyəni iqtisadi sahədə cəzalandırmaq çağırışları bəri başdan mümkünsüz görünür. Çünki Ayasofyaya məscid statusunun qaytarılmasını tənqid edən ən nüfuzlu dövlətlər belə, bunda maraqlı deyil. Yunanıstanın müdafiə potensialına görə ondan dəfələrlə güclü olan Türkiyə ilə hərbi qarşıdurmaya getməsi isə ümumiyyətlə mümkün deyil. Türkiyə ilə NATO-dakı digər müttəfiqlər, o cümlədən ABŞ ilə son zamanlar onsuz da gərgin olan münasibətləri daha da korlamağın da heç bir mənası yoxdur.

Ərdoğanın tarixi qərarına Rusiyanın praktik reaksiyası isə xüsusi maraq doğurur. Lakin son illərdə Ankara ilə strateji tərəfdaşlıq münasibətlərini son dərəcə yüksək səviyyəyə qaldırmış Kreml Ayasofya ilə bağlı qərara da kifayət qədər təmkinli reaksiya göstərib. Demək, Avrasiyanın kəsişməsində yerləşən və bölgənin geosiyasətində aparıcı rol oynayan tərəflər arasında ciddi nifaq, yaxud münaqişə ehtimalı sıfıra bərabərdir.

Beləliklə, Ayasofyanın statusu məsələsi Türkiyəni qlobal siyasətin mərkəzindən kənara ata bilməz. Əslində, Atatürk vaxtilə Türkiyənin ən nəhəng məscidinin muzeyə çevrilməsilə bağlı qərar qəbul etməsəydi, indi, bu müzakirələr də olmayacaqdı. Digər yandan, heç bir ənənəvi xristian ölkəsinin tarixində analoqu olmayan bu qərar türk xalqının tolerantlığının, dini dözümlülüyünün göstəricisidir. Türkiyənin hazırkı rəhbərliyinin ölkənin bütün məscidləri kimi, Ayasofyanın da qapılarının vətəndaşlığından, dini və milli mənsubiyyətindən asılı olmayaraq, hər kəsin üzünə açıq olacağını deməsi də bu dəyərlərin göstəricisidir.



MƏSLƏHƏT GÖR:

376