25 Noyabr 2024

Bazar ertəsi, 11:00

«SIFIRLAMA», YOXSA YOLUN BAŞLANĞICI?

Rusiya Konstitusiyasına dəyişikliklər dövlət idarəçiliyi sistemində yeni format deməkdir

Müəllif:

15.07.2020

Rusiyada yenilənmiş Konstitusiya qüvvəyə minib. Dəyişikliklər iyunun 25-dən iyulun 1-dək keçirilmiş ümumxalq səsverməsi ilə qəbul olunub. Seçici fəallığının 67,97% təşkil etdiyi səsvermədə Rusiya vətəndaşlarının əksəriyyəti – səs verənlərin 77,92%-i (təxminən, 58 milyon nəfər) Konstitusiyaya dəyişikliklərə «hə» deyib.

Bununla yanaşı, kənar müşahidəçilər üçün ən maraqlısı Rusiyanın əsas qanununa edilmiş dəyişikliklərin hansı bucaqdan işıqlandırılmasıdır. Məsələn, Rusiya KİV-nin əksəriyyəti yeniliklərin özünü dövlət idarəçiliyi sistemində necə göstərəcəyinə diqqət çəkib. Bundan başqa, əksəriyyət dəyişikliklərdən sonra dövlət institutlarının fəaliyyətində insanların rifahının əsas hədəf olub-olmayacağı üzərində də «baş sındırır» (söhbət sosialyönümlü dövlət siyasətindən gedir).

Xarici KİV isə ön plana Vladimir Putinin prezidentlik müddətinin sıfırdan başlayacağına diqqət çəkir, bunun Rusiya və beynəlxalq ictimaiyyət üçün hansı nəticələr verə biləcəyindən danışır.

Maraqlıdır ki, lap əvvəldən Rusiyanın informasiya məkanında məhz ümumxalq səsverməsinin vacibliyi haqda danışılırdı. Bununla yanaşı, qanunda birbaşa yazılmasa da, dəyişikliklərlə bağlı layihənin yalnız hüquqşünaslar deyil, həm də ictimai xadimlər, jurnalistlər, sahibkarlar, aktyorlar, həkimlər, idmançılar, yazıçılar və alimlər tərəfindən yazılmasının vacibliyi xüsusi vurğulanırdı. Başqa sözlə, Rusiyanın tarixinin, həqiqətən də, fəxr edə biləcəyi tərəflərinə – xalq veçesi ilə zemstvo yığıncaqlarına dolayı, lakin birbaşa eyham var idi.

Rusiya hakimiyyətinin ayrı-ayrı nümayəndələri bildirir ki, ölkə Konstitusiyasına dəyişikliklər «ölkədə bütünlükdə hakimiyyət sistemini keyfiyyətcə yeni səviyyəyə yüksəldir». Onların iddiasına görə, bununla, Rusiyanın suverenliyi nəzərəçarpacaq dərəcədə güclənir, əsas dəyərlərin və vətəndaşların real sosial hüquqlarının Konstitusiya ilə qorunmasına zəmin yaranır. Putin özü isə bildirib ki, dəyişikliklər «dövlətçiliyi möhkəmləndirəcək və on illiklər üçün Rusiyanın yüksələn xətlə inkişafına yol açacaq». Prezidentin fikrincə, Konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin nəticəsi ictimaiyyətin əsas məsələlər ətrafında sıx birləşdiyini göstərib.

Beləliklə, Rusiya Konstitusiyasına edilmiş dəyişikliklər arasında ən önəmliləri aşağıdakılardır:

Bundan sonra Rusiya qanunvericiliyi beynəlxalq qanunvericilikdən üstün sayılacaq. Dövlət ildə, ən azı, bir dəfə pensiyaları indeksləşdirəcək. Nəhayət, dəyişikliklərdən sonra Konstitusiyada Tanrının adı çəkilir və rus xalqı dövləti formalaşdıran xalq kimi göstərilir.

Dəyişikliyə əsasən, nikah institutu kişi ilə qadın arasında ittifaq sayılır, uşaqlar dövlət siyasətində vacib prioritet hesab olunur, xalqın Vətənin müdafiəsində göstərdiyi şücaətin aşağılanması qadağan edilir.

Siyasi sistem və dövlət idarəçiliyinə aid dəyişikliklərə gəlincə, Dövlət Duması nazirləri və baş nazirin müavinlərini təyin etmək səlahiyyəti qazanır, prezidentə isə Dövlət Dumasını buraxmaq səlahiyyəti verilir. Bundan başqa, ölkənin sabiq prezidentləri ömürlük senator postunu tutmaq hüququ qazanır, baş nazir isə dövlət başçısı qarşısında «şəxsi məsuliyyət» daşıyır.

Dəyişikliklər büdcədə, federal proqramlarda və milli layihələrdə də əksini tapmalıdır. Göründüyü kimi, onların bəziləri kifayət qədər birmənalıdırsa, digərləri haqda eyni fikri söyləmək çətindir.

 

Sıfırlama

Şübhəsiz ki, Vladimir Putinə prezidentlik müddətilə bağlı məhdudiyyəti aradan qaldırmaq imkanı verən dəyişiklik də ən önəmli məqamlardandır. Demək, o, dövlət başçısı postunda fəaliyyətini düz 2036-cı ilədək davam etdirə bilər. Kremlin mətbuat katibi Dmitri Peskov səsvermənin nəticəsini məhz bu üzdən «de-fakto Putinə etimad səsverməsində zəfər» kimi qiymətləndirib.

Bunadək Kreml tərəfindən Konstitusiya islahatlarının prezidentin səlahiyyət müddətinə aidiyyətinin olmayacağı dəfələrlə bəyan edilmişdi. Lakin 2020-ci ilin martında Vladimir Putin, nəhayət, «sıfırlama»ya razılıq verdiyini açıqlamış, bundan dərhal sonra Rusiya ictimaiyyəti açıq-aşkar iki yerə bölünmüşdü: Konstitusiyaya nəzərdə tutulan dəyişiklikləri, ümumilikdə, şərh edənlər və bütün bunların yalnız «2024-cü il problemi»nin həlli üçün edildiyini söyləyənlər. İstənilən halda, Putin yenidən prezident seçilmək üçün legitim hüquq qazanıb.

Bununla yanaşı, daha bir vacib məqam Konstitusiyada prezidentlik müddətinin maksimum sayı haqda mətndən «ardıcıl olaraq» ifadəsi çıxarılır. Demək, Putinin xələfi bu posta 2 dəfədən çox seçilə bilməyəcək. Lakin Putinin konstitusion hüququndan istifadə edəcəyi, yoxsa varis müəyyənləşdirəcəyi hələ də açıq qalır. Hər halda, onun prezident postunu 2024-cü ilədək tərk edəcəyi, Dövlət Şurasının və ya gücləndirilmiş Təhlükəsizlik Şurasının başına keçəcəyinə dair fikirlərə çoxdan rast gəlinir. Üstəlik, indi Dövlət Şurası «daxili və xarici siyasətin istiqamətlərini müəyyənləşdirən» orqana çevrilir. Onun daimi dislokasiya yerinin isə Sankt-Peterburq olacağı deyilir.

Lakin ən azı bu günə Putini əvəzləyəcək real fiqur yoxdur – Sergey Şoyqudan tutmuş, Sergey Sobyaninədək bir çox namizədin adı hallansa belə. Bu versiyanın tərəfdarları sonda ortaya «yeni» şəxsin çıxma ehtimalını daha yüksək görür. Populyar olan, lakin Putin tərəfindən dəstəklənməyən siyasətçiyə gəlincə, üfüqdə belə şəxs də görünmür. Parlament müxalifəti çoxdan Kremlin ayrılmaz hissəsidir, ən məşhur sistemdən kənar müxalifətçi Aleksey Navalnı isə Rusiyadan çox Qərbdə populyardır.

Amma variantlar arasında seçim edilməsi üçün hələ kifayət qədər vaxt var. Hazırda bir şeyi dəqiq demək olar: 2024-cü ildə prezidentin kim olacağını Kremlin hazırkı rəhbəri müəyyənləşdirəcək.

 

Beynəlxalq hüquqa ziddir?

Rusiya Konstitusiyasına edilmiş əsas dəyişikliklər arasında Rusiya Konstitusiya Məhkəməsinə beynəlxalq təşkilatların qərarını rədd etmək səlahiyyətinin verilməsi də var. Bu, Qərb tərəfindən böyük narazılıqla qarşılanıb. Məsələ ondadır ki, bu halda, məsələn, Haaqa Məhkəməsinin Moskvanın YUKOS-un keçmiş səhmdarına 50 milyard dollar ödəməli olduğuna dair qərarı keçərsiz elan edilə bilər. Avropa Şurasının konsultativ orqanı gözlənildiyi kimi, bəyan edib ki, bu, Rusiyanın üzərinə İnsan haqları üzrə Avropa Konvensiyasını ratifikasiya etməklə götürdüyü öhdəliklərə ziddir. Çünki Rusiya sözügedən konvensiyanı ratifikasiya etməklə, könüllü şəkildə Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasına tabe olub. Rusiya Konstitusiyasının ikinci maddəsində deyilir ki, Moskva «beynəlxalq hüququn hər kəs tərəfindən qəbul olunmuş norma və prinsipləri əsasında» insan hüquq və azadlıqlarını qəbul edir, onlara zəmanət verir.

Bu dəyişikliyin Rusiyanın beynəlxalq imicinə necə təsir göstərəcəyi hələ ki, məlum deyil. Amma son zamanlar ayrı-ayrı dövlətlərin beynəlxalq müqavilələrin müəyyənləşdirdiyi öhdəliklərdən imtinası tendensiyası mövcuddur və onu heç də Rusiya başlatmayıb. Odur ki, məsələni iki cür şərh etmək olar. Bir tərəfdən sanki Moskva mövcud normaları pozur. Digər yandan dünyada son dövrlərdə baş verənlər göstərir ki, İkinci Dünya müharibəsindən sonra təsdiqlənmiş beynəlxalq normalar çoxdan süquta uğramağa başlayıb və onlara yenidən baxılır. Məhz bu kontekstdə Rusiya heç nəyi pozmur, sadəcə, baş verənlərə reaksiya göstərir. Yeri gəlmişkən, yeni Konstitusiyada «Rusiya Federasiyası ərazisinin özgəninkiləşdirilməsinə yönəlmiş əməllərin» qadağan olunmasına da bu kontekstdən yanaşmaq olar.

Xarici müşahidəçiləri nikahın kişi ilə qadın arasında ittifaq kimi qəbul olunması, ənənəvi ailə dəyərlərinin qorunub saxlanması ilə bağlı dəyişiklik də narahat edib. Bəzi ekspertlər hesab edir ki, bu anlayışın arxasında çox şey dayana bilər ki, onlardan da bəzilərinin qadınlara, seksual azlıqlara və s. qarşı ayrı-seçkiliyə zəmin yaratması mümkündür.

Bundan başqa, bir sıra Avropa və Amerika KİV-də uşaqların Rusiya Federasiyası siyasətinin vacib prioriteti elan edilməsinə dair dəyişiklik də ciddi şəkildə tənqid olunur. Onlar xüsusilə bu fikrin altında nəyin gizləndiyinin dəqiq məlum olmadığını bildirirlər. Məsələn, düşünülür ki, bu halda uşağın dövlət tərəfindən tərbiyə olunması ailə tərbiyəsindən öndə gələ bilər. Paradoksal olsa da, Rusiyanın internet məkanında Qərbə qarşı ən ciddi arqumentlərdən biri kimi tez-tez məhz bu məsələ (dövlətin ailənin uşağı tərbiyələndirməsinə müdaxilə edə bilməsi) önə sürülür.

Rusiya Konstitusiyasında «Tanrı»dan bəhs edilməsi də ciddi debatlara yol açıb. Bəzi dairələr bunun dövlətin dünyəvi xarakterilə ziddiyyət təşkil etdiyini düşünür. Bəli, həqiqətən də, Rusiya Konstitusiyasında Tanrıdan ilk dəfə bəhs olunur. Lakin buna bir çox digər dövlətlərin də konstitusiyalarında rast gəlinir. Bəzi dövlətlər isə Tanrıya inamı pul əsginaslarının üzərində belə, nümayiş etdirir.

 

Niyə məhz indi?

Qərb siyasətçiləri və ekspertlərinin nə deməsindən asılı olmayaraq, Moskvanın buna cavabı birmənalıdır: Rusiya bu məsələdə beynəlxalq qurumlardan fikir soruşmayıb, çünki Konstitusyaya dəyişiklik dövlətin daxili işidir. Bununla yanaşı, yerli KİV yazır ki, Federasiya Şurasının Dövlət suverenliyinin müdafiəsi komissiyası oktyabrın 1-dək Rusiyanın kənar müdaxilələrdən qorunması ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlayacaq. Bu da maraqlı strukturların və ekspertlərin iştirakı ilə ediləcək.

Bəs, Rusiya Konstitusiyasına dəyişikliklər niyə koronavirus pandemiyası və neftin ucuzlaşması fonunda qəbul edilib? Kreml niyə vəziyyətin düzəlməsini gözləmədən Konstitusiyanı bu qədər çətin şəraitdə dəyişmək qərarına gəlib? Ola bilsin ki, Moskva buna elə sadalanan problemlərin nəticələrinin ağır olacağını, bunun ölkə iqtisadiyyatına, demək, ümumilikdə ölkədəki vəziyyətə mənfi təsir göstərəcəyini düşünərək gedib. Odur ki, indiki şəraitdə sosial zəmanət, suverenliyin möhkəmləndirilməsi xüsusi önəm daşıyır. Başqa sözlə, dövlət idarəçiliyi sisteminin qurulması sürətləndirilib.

Lakin COVID-19 yalnız Rusiyanı deyil, bütün dünyanı ciddi sınaq qarşısında qoyub, pandemiyanın sonu isə hələ də görünmür. Odur ki, dünyada hadisələrin necə inkişaf edəcəyini, onun Rusiyaya hansı təsirləri göstərəcəyini demək çətindir. Bununla yanaşı, gələn il Dövlət Dumasına seçkinin keçiriləcəyi də yaddan çıxarılmamalıdır. Seçkiyə hazırlığa artıq başlanılır.

Yeni Konstitusiyanın qəbulu ilə Rusiya yeni mərhələyə qədəm qoyur və hazırda ölkə yeni çağırışlarla, yeni hədəflərlə zəngin yolun başlanğıcındadır. Yəni bu gün ölkə gələcək dəyişikliklərin formasını müəyyənləşdirib. Onların məzmunu, təşxisi isə yaxın bir neçə ildə aydın olacaq.



MƏSLƏHƏT GÖR:

312