Müəllif: Xəzər AXUNDOV
Neftin ucuzlaşması və karantin məhdudiyyətlərinin səbəb olduğu qlobal ressesiya ən az nəqliyyat sektoruna təsir edib. Üstəlik, hətta Bakı - Tbilisi - Qars marşrutu üzrə böyük artım da müşahidə olunur.
Bu gün Azərbaycan və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TMTM), həmçinin «Lapis lazuli» dəhlizi üzrə tərəfdaşları tarif siyasətini optimallaşdırmaqla, yeni yükgöndərənlər cəlb etməklə Çin, Orta Asiya və Əfqanıstandan Türkiyə və Avropa istiqamətində malların tranzit daşınmasını artırmaq niyyətindədirlər.
Dəmir yoluna bağlanan ümidlər
20 ildən də öncə yaradılmış Avropa - Qafqaz - Asiya beynəlxalq nəqliyyat dəhlizi (TRACECA) Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərinin tranzit potensialının maksimum açılmasına, dəniz, liman və dəmir yolu infrastrukturlarının köklü şəkildə modernləşdirilməsinə milyardlarla dollar sərmayə cəlb edilməsinə səbəb olub. Əgər ilk mərhələdə TRACECA dəhlizi üçün əsas məsələ Xəzər bölgəsindən Avropaya karbohidrogenlərin sürətli və təhlükəsiz daşınması idisə, sonrakı mərhələlərdə Azərbaycan və tərəfdaşları TRACECA çərçivəsində formalaşmış TMTM və «Lapis lazuli» marşrutlarında qeyri-neft yüklərinin daşınmasını dinamik şəkildə artırmağa başladılar. Bu cür şaxələndirmə 2014-2016-cı illərdəki qlobal enerji böhranı zamanı yük daşımalarının ümumi dinamikasının qorunmasında əvəzsiz rol oynayıb. Bu gün bu, qeyri-neft yüklərinin tranziti üzrə potensialından yararlanmağa kömək edir və bununla da, Xəzərdə tanker daşınmasının azalmasına səbəb olan cari böhranın nəticələrini yumşaltmaqda yardımçı olur.
Avropa-Qafqaz-Asiya dəhlizi sisteminə daxil olan marşrutlardakı indiki vəziyyət Dövlət Statistika Komitəsinin statistikası ilə ən aydın şəkildə görünür. Belə ki, 2020-ci ilin yanvar-aprel aylarında TRACECA dəhlizindən 15,9 milyon tondan çox yük keçib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,9% azdır. Ancaq bu azalma əsasən avtomobil daşımaları ilə bağlıdır - dəhliz boyunca bütün yüklərin 62,2% -ni onlar təşkil edib. Məsələ bundadır ki, avtomobil yük daşımaları koronavirus pandemiyası şəraitində ən həssas həlqə çevrildi, ölkələrin çoxu sərhəd keçmədə karantin və sanitariya qaydalarını sərtləşdirdi, bəzi hallarda yük maşınlarının keçidinə icazələri tam dayandırdılar ki, bu da seqmentin 9 faiz azalmasına səbəb oldu.
Öz növbəsində, martın əvvəlində neft qiymətlərinin düşməsi, terminalların və neft anbarlarının dolu olması Xəzərdə tanker daşımalarının intensivliyinin azalmasına təsir etdi. Nəticədə, bu, dəniz nəqliyyatı ilə yük daşınması göstəricilərinə təsir göstərdi (təxminən, 1,7 milyon ton olub), hesabat dövründə burada azalma 2,8% təşkil edib.
Dəmir yolu nəqliyyatı sahəsində isə prinsipcə köklü fərqli vəziyyət alınıb, burada dörd ay ərzində 4,3 milyon tondan çox yük daşınıb. Qlobal ressesiyaya və pandemiya ilə baş verən bütün çətinliklərə baxmayaraq, burada mənfi ssenaridən qaçmaq mümkün olub və əksinə 0,7% artım təmin edilib. Bundan əlavə, dəmir yolu nəqliyyatının bərə keçidi və fider gəmilərlə bağlanması sayəsində hesabat dövründə tranzit yüklərin həcmini 5,1% artıraraq 3 milyon tona çatdırmaq mümkün olub.
Bu mexanizm Azərbaycan və Qazaxıstan arasında daha səmərəli şəkildə tətbiq olundu: qlobal böhrana və karantinə baxmayaraq, Aktau-Bakı xətti üzrə bərə və fider gəmiləri ilə dəmir yolu vaqonlarının və konteynerlərin daşınmasını normal rejimdə saxlamaq mümkün oldu. Qazaxıstan nəqliyyat qurumunun hesablamalarına görə, yarım ilin sonuna malların ikitərəfli daşınmasının 1 milyon tona çatacağı proqnozlaşdırılır ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur.
Diqqətəlayiqdir ki, yüklərin dəmir yolu ilə daşınmasının yüksək intensivliyinin qorunması nəqliyyat ekspeditorları üçün Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu dəhlizinin cəlbediciliyinə imkan verir. "Bakı-Tbilisi-Qars dəmir yolu ilə 2020-ci ilin ilk altı ayında daşınmış yüklərin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur", - deyə Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan və Türkmənistan prezidentləri Məhəmməd Əşrəf Qani və Qurbanqulu Berdiməhəmmədovla bu yaxınlarda keçirdiyi videokonfrans zamanı bildirib.
Azərbaycan Prezidenti qeyd edib ki, nəqliyyat sektoruna böyük sərmayələr sayəsində ölkədə müasir nəqliyyat və logistika infrastrukturu yaradılıb. “2017-c ildə Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilib. 2018-ci ildə 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malik Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilmişdir. Gələcəkdə bu limanın imkanları 25 milyon ton yükə və 1 milyon konteynerə qədər artırıla bilər. Azərbaycan Xəzər dənizində 260 gəmidən ibarət ən böyük donanmaya malikdir", - deyə İlham Əliyev vurğulayıb. Dövlət başçısının fikrincə, belə bir potensialın formalaşması ölkəni Avrasiyada yeni və vacib nəqliyyat və logistika mərkəzinə çevirdi.
Məqsəd - yükdaşımalarının artımıdır
Nəqliyyat infrastrukturunun inkişafı sahəsində sazişlərin və normativ-hüquqi bazanın olması Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında malların tranzit daşınmasının genişləndirilməsi üçün unikal imkanlar yaradır. Bu istiqamətdə işlər çox uğurludur. Belə ki, 2020-ci ilin birinci yarısında Ələt limanından Türkmənistan istiqamətində və geri 1,5 milyon tondan çox yük daşınıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28% çoxdur. Quru yüklərin həcmi 7,7 dəfə artaraq 370 min tondan çox olub. Bundan əlavə, Türkmənistan tərəfi Ələt limanında inşası planlaşdırılan mineral gübrələr terminalının idarə edilməsi üçün yaradılacaq konsorsiumda iştirak etməyə dəvət edilib.
Əfqanıstanla da nəqliyyat sektorunda əməkdaşlıq mərhələli şəkildə inkişaf edir. Özəlliklə, 2018-ci ilin dekabr ayında BTQ dəhlizini «Lapis lazuli» marşrutu ilə birləşdirilməsindən sonra yüklə dolu ilk eksperimental eşelon keçib. Daha sonra yük axını ardıcıl olaraq artırılıb və 2020-ci ilin yanvar-may aylarında Azərbaycan ərazisindən Əfqanıstan istiqamətinə və geri 55,5 min ton yük daşınıb.
Prezident Məhəmməd Əşrəf Qaninin sözlərinə görə, ticarəti daha da artırmaq üçün Əfqanıstan mallarının Türkmənistan və Azərbaycanın dəmir yolu sistemləri və limanları vasitəsilə tranzit imkanlarını genişləndirmək lazımdır, bunun üçün yük tariflərini və gömrük rüsumlarını optimallaşdırmaq və sərhəd prosedurlarını sürətləndirmək lazımdır.
Bu təşəbbüsü dəstəkləyən Prezident İlham Əliyev Şərq-Qərb nəqliyyat dəhlizi üzrə yük daşımalarının optimallaşdırılması üçün tariflərin unifikasiya edilməsini təklif edib və Avropa Birliyi ölkələrində bu marşruta marağın artdığını vurğulayıb.
“Biz Şərq-Qərb nəqliyyat dəhlizinin imkanlarının daha da artırılması üçün səylərimizi davam etdirməliyik. Yükdaşımaların optimallaşdırılması üçün tariflərin unifikasiyasının həyata keçirilməsi vacibdir. Bugünkü görüşümüzün nəticələrinin və gələcək addımların müzakirəsi üçün ölkələrimizin nəqliyyat strukturlarının işçi görüşünün keçirilməsini təklif edirəm”, - deyə Azərbaycan Prezidenti videokonfransın gedişində bildirib.
Dövlət başçısı vurğulayıb ki, 2019-cu ildən bəri Şərq-Qərb dəhlizi üzrə 8,7 milyon ton yük daşınıb, 2020-ci ilin yanvar-aprel aylarında daşınanlar isə 3 milyon tona yaxın olub. Onun sözlərinə görə, Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında əməkdaşlığın genişlənməsi dəhliz üzrə yük daşımalarının artmasına müsbət təsir göstərəcək.
«Vahid pəncərə»yə qədər sadələşdirmə
Tarif və gömrük siyasətinin unifikasiyası son dərəcə önəmlidir, ancaq bununla yanaşı qeyd edilməlidir ki, TRACECA dəhlizində iştirak edən ölkələr keçid məntəqələrinin buraxılış qabiliyyətini artırmaq, transsərhəd prosedurlarının vaxtını azaltmaq və bu proseslərə informasiya texnologiyalarını tətbiq etmək yolu ilə sərhəddən keçmə prosedurlarının sadələşdirilməsi üzərində fəal işləyirlər. O cümlədən, belə işlər Azərbaycan və Qazaxıstanda (Ələt və Aktau limanlarında), həmçinin Gürcüstan-Türkiyə sərhədindəki Sarp keçid məntəqəsində aparılıb.
Qazaxıstan və Azərbaycan limanları arasında bərə yüklərinin işlənməsi vaxtını azaltmaq üçün keçən ildən etibarən daşıma sənədlərinin rəsmiləşdirilməsi üzrə "birpəncərə" prinsipi ilə yeni bir qayda tətbiq edilib. Nəticədə, vaxt orta hesabla 10-12 saatdan dörd saata qədər endirilib, gömrük və sərhəd idarələri, müvəqqəti saxlama anbarları isə bütün sutka ərzində fəaliyyət göstərirlər.
"Bu gün TRACECA dəhlizi ölkələrinin sərhədlərində "vahid pəncərə" prinsipi, risklərin qiymətləndirilməsi sistemi, elektron məlumatlandırma və öncədən bəyan etmə, onlayn ödəniş sistemi və s. tətbiq edilib. Bütün bunlar sərhədlərdə gömrük rəsmiləşdirilməsinin vaxtının azaldılmasına əhəmiyyətli təsir göstərir",- deyə TRACECA-nın Daimi Katibliyinin Baş katibi Aset Asavbayev bildirib.
O qeyd edib ki, Daimi Katiblik bütün dəhliz boyu nəzarət-buraxılış məntəqələrinin fəaliyyətini daha da uyğunlaşdırmaq məqsədi ilə sərhəd-keçid məntəqələrində «zəif» yerlərin qiymətləndirilməsi üzərində işlərini davam etdirir. Avtomobillə yük daşımalarının genişləndirilməsi üçün vahid elektron tranzit icazəsi mexanizminin tətbiqi planlaşdırılır. Bu məsələ hazırda iştirakçı ölkələr tərəfindən nəzərdən keçirilir və onun qəbulu dəhliz boyunca avtomobillə daşımaları artıracaq və əlavə yük axını cəlb edəcək.
Baş katibin sözlərinə görə, Avropa ilə Asiya arasında tranzit daşımalarının genişlənməsinə imkan verən başqa önəmli istiqamət rəqabət qabiliyyətli və dayanıqlı servis yaratmağa imkan verən müntəzəm konteyner qatarlarının təşkilidir. Buradakı ilk addımlardan biri 2019-cu ilin noyabrında Çindən Avropaya «China Railway Express» konteyner qatarının buraxılması olub. Elektronika məhsulları qablanmış 42 konteynerin yükləndiyi qatar Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Macarıstan və Slovakiya ərazisindən keçməklə Çindən Çexiyaya qədər gedib. Bütün bunlar konteyner qatarları ilə daşınan yüklərin həcmində iki qat artım əldə etməyə imkan verib: daşınma 2018-ci ildəki 15 min konteynerdən 2019-cu ildə 30 minə qədər artıb.
Konteyner qatarlarının yola salınma tezliyi getdikcə artır. Elə bu günlərdə Çinin Sian şəhərindən Qazaxıstanın Aktau limanına gəlmiş elektronika və müxtəlif yüklərlə dolu 43 ədəd qırx funtluq konteynerdən ibarət qatar «Beket-Ata» fider gəmisində «Yeni Bakı» limanına gələrək tranzit yolu ilə Azərbaycan ərazisindən keçib. Ələt limanında konteynerlər dərhal dəmir yolu platformalarına yüklənərək Böyük Kəsik stansiyasına cəmi 14 saat ərzində çatdırılıb (normativ 24 saatdır).
Daha sonra yüklər BTQ dəmir yolu ilə Gürcüstandan Türkiyəyə aparılıb. Özü də, konteyner qatarı marşrutun Türkiyə hissəsini 50 saata, yəni vaxtından 70 saat tez keçib. Karantin tədbirləri ilə əlaqədar bəzi çətinliklərə baxmayaraq, TMTM marşrutu ilə yük daşınması fasiləsiz və qrafiki qabaqlamaqla davam edir, bu da yükgöndərənlərin cəlb edilməsi üçün əlavə bir bonusdur.
Bu, Sian-İstanbul marşrutu ilə göndərilən ikinci konteyner karvanıdır və «Xi'an Free Trade Port Construction and Operations» logistika platforması bu xətt boyunca Çindən Türkiyəyə müntəzəm yük daşınması qurmağı planlaşdırır. Bu qatarın çatdırılmasının operatoru kimi «ADY Konteyner» MMC şirkəti çıxış edir. «ADY Konteyner» MMC «ADY Express» ilə birlikdə Azərbaycan Dəmir Yolları QSC-nin törəmə şirkəti və TMTM marşrutunun fəal iştirakçısıdır.
«ADY Konteyner» və «ADY Express» mütəxəssislərinin fikrincə, Ələt limanında Azad İqtisadi Zonanın (AİZ) yaradılması Xəzər bölgəsində dəmir yolu və konteyner multimodal daşımalarını daha da genişləndirəcək. Bölgədə daşınma həcmi artan yüklər bərə və fider gəmilərlə Kurık, Aktau və Türkmənbaşı limanlarından Ələt AİZ-dəki logistika mərkəzinə gətiriləcək, buradan BTQ dəmir yolu xətti ilə Avropaya daşınacaq. Bununla da, Azərbaycanın Avropa, Çin, Türkiyə, İran, Rusiya, Mərkəzi Asiya və Yaxın Şərq ölkələri üçün tranzit potensialının önəmi dəfələrlə artacaq və ölkə bölgədəki əsas nəqliyyat habı statusunu daha da möhkəmləndirəcək.
MƏSLƏHƏT GÖR: