Müəllif: NURANİ
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir. Lakin ekspertlər iki ölkə sərhədində bir neçə gün əvvəl baş vermiş hərbi qarşıdurmanı, onun mümkün nəticələrini təhlil etməkdədir.
Əslində, baş verənlərin erməni tərəfinin təxribatı olduğunu ekspertlər (özü də yalnız azərbaycanlılar yox) ilk günlərdən tam əminliklə söyləməkdədirlər. Onlar, demək olar ki, bir ağızdan deyirlər ki, Azərbaycanın işğal altındakı ərazilərindən xeyli uzaqda yerləşən Tovuz istiqamətində atəşkəsi pozmasına sadəcə, səbəb yoxdur. Üstəlik, burada söhbət Ermənistanın dövlət sərhədindən gedir və demək, KTMT çərçivəsində təhlükəsizlik zəmanəti məsələsi gündəmə gəlir.
Ermənistanla bağlı isə vəziyyət fərqlidir – ölkənin siyasi rəhbərliyi birincisi, xalqın diqqətinin getdikcə artan problemlərdən, daxili böhrandan yayınmasını çox istərdi. İkincisi, İrəvanın bu münaqişədə üçüncü qüvvələri, ilk növbədə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) olan müttəfiqlərini öz tərəfinə çəkmək istəyinə şübhə yoxdur. Lakin ermənilərin bu planının iflasa uğradığı artıq məlumdur. Hər halda, KTMT-nin baş verənlərlə bağlı elan olunmuş təcili toplantısı belə, sonradan təxirə salınıb. İrəvanın müttəfiqləri planlaşdırma formatında belə, baş verənləri «diqqətə almaqla» kifayətlənib. Üstəlik, bütün bunlar Ermənistanın bu istiqamətdə görünməmiş diplomatk fəallıq göstərməsi fonunda baş verib. Ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyan həmin günlərdə KTMT-nin baş katibi Stanislav Zas, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və bir çox digərlərilə telefon danışıqları belə, aparmışdı.
Ərazi arzusu
Tovuz rayonunda nələrin baş verdiyini, daha doğrusu, nələrin baş verməli olduğunu daha aydın başa düşmək üçün Ermənistanın müdafiə naziri David Tonoyanın ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Angey Kaspirşiklə iyulun 13-də baş tutmuş telefon danışığına diqqət yetirək. Tonoyan bildirib ki, «Ermənistan ordusunun hərbi birləşmələrinin komandanlığı və şəxsi heyətinə hələ ki, təmkinli olmaları tapşırılıb. Lakin düşmənin dövlət sərhədində hər hansı təxribata əl atacağı təqdirdə buna lazımi reaksiya göstəriləcək, lazım gələcəksə, yeni əlverişli mövqelər belə, ələ keçiriləcək».
Başqa sözlə, erməni nazir birbaşa deyib ki, ölkəsinin silahlı qüvvələri irəliləmək və «daha əlverişli mövqelərə yiyələnmək» niyyətindədir.
Bu yerdə xatırladaq ki, David Tonoyan Ermənistan hakimiyyətinin yeni ərazilər ələ keçirmək arzusunu hələ 2019-cu ilin yazında, Nyu-Yorkun erməni icmasının üzvlərilə görüşündə dilə gətirmişdi. O zaman nazir bildirmişdi ki, Ermənistanın hərbi rəhbərliyi Qarabağ münaqişəsinin nizamlanması prosesində «sülh qarşılığında ərazilər» formulunu «Yeni müharibə - yeni ərazilər» formulu ilə əvəzləyib. Tonoyan fikrini belə davam etdirmişdi: «Biz səngərlərdən, daim müdafiə vəziyyətindən çıxacağıq. Biz düşmənin ərazisində hərbi əməliyyatlar aparacaq, hərbi bölmələrimizin sayını artıracağıq».
Yəqin ki, yeni ərazilərin işğalı planını bundan açıq şəkildə ifadə etmək mümkün deyil. Bu yerdə David Tonoyanın hələ 2015-ci ildə, Ermənistan müdafiə nazirinin müavini olarkən söylədiyi fikirləri də yada salmaq yerinə düşər: «Bu kontekstdə ritorik sual vermək istərdim: kim deyir ki, 1994-cü ildə yaradılmış təhlükəsizlik zolağı Azərbaycanın hazırkı silahlanması fonunda öz rolunu lazımınca yerinə yetirə bilər? Kim deyir ki, «DQR» (burada və bundan sonra dırnaq işarəsi bizə aiddir – red.) ətrafındakı təhlükəsizlik zonası bizə kifayət edir? Bu, kimin qiymətləndirməsidir? Bizim qiymətləndirməmizə görə, Azərbaycanın indiki silahlanma səviyyəsini nəzərə aldıqda, bu, artıq kifayət deyil».
Xatırladaq ki, İrəvan «təhlükəsizlik zolağı» dedikdə, keçmiş DQMV ətrafındakı işğal olunmuş əraziləri, aşağı və ya düzən Qarabağ ərazilərini nəzərdə tutur. Bütün bunları Tonoyan 2015-ci ildə söyləmiş, 2016-cı ilin aprelində isə Ermənistan Azərbaycanın cəbhəyanı şəhər və kəndlərini atəşə tutmağa başlamışdı. O zaman bu, miqyaslı döyüşlərə yol açmış, Azərbaycan Silahlı Qüvvələri əməliyyatlara başlamış, nəticədə cəbhə xətti Ermənistanın xeyrinə olmayan formada dəyişmişdi.
Bundan sonrakı hadisələr də məlumdur – David Tonoyan Ermənistanın fövqəladə hallar naziri təyin edilmiş, Serj Sarqsyan rejimi isə «çökməyə» başlamışdı.
Lakin Ermənistanın Nikol Paşinyanın başçılıq etdiyi yeni hakimiyyəti aprel hadisələrilə bağlı parlament araşdırmalarından sonra Tonoyanın Müdafiə Nazirliyinə, üstəlik, birbaşa nazir postuna qaytarmaq qərarı verib. Nəticədə, bir çox əlamətlər onun Müdafiə Nazirliyində yeni təhlükəli avantüra ilə məşğul olduğunu göstərir. Bu azmış kimi, nazir yeni avantüraları fərqli nöqtədə həyata keçirir. Məhz bu nöqtənin seçilməsi isə məlumatlı adamlara çox şeydən xəbər verir.
Qarabağdan uzaq, boru xətlərinə yaxın
Bəlkə də, Tovuz istiqamətində baş verənlərlə bağlı yaxın gələcəkdə, emosiyaların bir qədər sakitləşməsindən sonra aparılacaq araşdırmalar poqonlu erməni təbliğatçılarının saxtakarlığına da işıq salacaq. Məsələn, Əfqanıstanda vurulmuş amerikan PUA-sının «məhv edilmiş Azərbaycan PUA-sı» kimi təqdim olunmasına. Eyni sözləri Ermənistan Müdafiə Nazirliyinin «YouTube» kanalındakı bir kadr – HHQ-nin hədəfə götürdüyü mülki təyyarənin «Azərbaycana məxsus PUA» kimi təqdim edilməsi və s. haqda da söyləmək olar. Nəhayət, Qaraqaya yüksəkliyilə bağlı saysız-hesabsız saxta məlumatlar. İrəvan əvvəlcə guya yüksəkliyi ələ keçirdiyinə dair səs-küylü məlumatlar yaysa da, sonda heç bir yeni mövqelərə yiyələnmədiyini etiraf etməli olub.
Amma bəzi məsələlər diqqətdən kənar qalıb. Azərbaycan bu yaxınlarda Ermənistanla sərhədinin pozulmamış hissələrində ordu bölmələrini sərhədçilərlə əvəzləməyə başlamışdı. O zaman əksər ekspertlər bunu sülhə, münasbətlərin normallaşdırılmasına yönəlmiş addım kimi qiymətləndirmişdi. Lakin Ermənistanda bu, tam əksinə qəbul olunub – onlar məhz həmin istiqamətlərdən Azərbaycana daha asanlıqla soxula biləcəklərini düşünürlərmiş.
Azərbaycanlı ekspert İlqar Əlizadənin «Facebook» səhifəsində yerləşdirdiyi xəritədən də göründüyü kimi, Ermənistan hücuma sərhədin bilvasitə yaxınlığından kommunikasiya xətlərinin keçdiyi ərazidən başlamaq qərarına gəlib. Söhbət Bakı-Tbilisi-Qars dəmir yolundan, Bakı-Tbilisi-Ceyhan neft kəmərindən və ən başlıcası, «Cənub Qaz Dəhlizi» layihəsindən gedir. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov da Xəzər Siyasi Mərkəzinin COVID-19 pandemiyasının enerji sektorunun təsiri haqda onlayn müzakirəsi zamanı deyib: «İndi əməliyyatlar bütün beynəlxalq təşkilatların və dövlətlərin Azərbaycan ərazisi kimi tanıdığı Dağlıq Qarabağda deyil, Ermənistan-Azərbaycan sərhədində gedir. Bu görüşdən sonra hər birinizi regionun xəritəsinə baxmağa dəvət edirəm. Görəcəksiniz ki, Azərbaycanın enerji resurslarının Qərb ölkələrinə və dünya bazarlarına daşındığı bütün infrastruktur bu bölgədən keçir. Bakı-Tbilisi-Ceyhan, «Cənub Qaz Dəhlizi», Bakı-Supsa xətti, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi şosesi Ermənistanın hərbi əməliyyatlar başladığı regionun bilavasitə yaxınlığından keçir. Fürsətdən istifadə edərək Vaşinqtondakı və digər yerlərdəki həmkarlarımızı Gəncə dəhlizinin və Trans-Xəzər bölgəsinin nə qədər həssas olduğunu və Avropanın enerji təhlükəsizliyini təmin edən dəhlizin hərbi və fiziki təhlükəsizliyini necə təmin etmək barədə düşünməyə dəvət edirəm”.
Bu, artıq, ilk növbədə, Avropa İttifaqı üçün istər məsələnin çəkisini, istərsə də ictimai təhlükəsini tamamilə dəyişir. Yeri gəlmişkən, xatırladaq ki, hərbi qarşıdurma «Cənub Qaz Dəhlizi»nin tam gücə düşməsinə cəmi 3 ay qalmış başlayıb – artıq Türkmənistan da bu boru xəttinə qoşulmaq haqda ciddi-ciddi düşünməyə başlamışdı. Bütün bunların fonunda Ermənistan ixrac boru kəmərlərinin yaxınlığında «odla oynamaq» qərarına gəlib. Əslində o, dəfələrlə bu infrastrukturu ya raketlə, ya yaylım atəşi sistemlərilə vuracağına dair hədələr səsləndirib.
Qaraqaya yüksəkliyinə hücumun bu planlarla nə qədər sıx bağlı olduğunu hərbi ekspertlər müəyyənləşdirə bilər. Siyasətçilər, xüsüsilə avropalı siyasətçilər isə, nəhayət, anlamalıdırlar ki, Ermənistanın məsuliyyətsizliyi artıq yalnız Azərbaycan üçün təhlükə deyil. Demək, artıq baş verənlərə fərqli səviyyədə reaksiya göstərilməlidir…
MƏSLƏHƏT GÖR: