Müəllif: Samir VƏLİYEV
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı budəfəki gərginliyi heç cür «növbəti» adlandırmaq mümkün deyil. Məsələ yalnız onda deyil ki, uzun illərdir cəbhə bölgəsində davam edən münaqişə bu dəfə iki ölkənin dövlət sərhədinə keçib. Söhbət həm də ondan gedir ki, budəfəki gərginliyə beynəlxalq reaksiya ötən illərdə olduğundan fərqlənib.
Həqiqət anı
Ermənilərin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində təşkil etdiyi təxribatda məqsəd dünyaya Azərbaycanın dövlət siyasətinin «təcavüzkar xarakter» daşıdığını nümayiş etdirmək olub. Lakin bu niyyət tam iflasa uğrayıb. Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycanın mövqelərinə atəşi nəticəsində başlamış döyüşlər nəticəsində hər iki tərəf həm canlı qüvvə, həm də texnika itirib. Lakin İrəvanın hədəfi bu deyldi. Erməni strateqlərin əsas məqsədi müttəfiqlərinin və beynəlxalq siyasətin əksər iştirakçılarının diqqətini «Azərbaycanın təcavüzü»nə çəkmək idi. Ənənəvi olaraq KTMT-dəki müttəfiqlərinin arxasında gizlənməyə, Azərbaycanın Ermənistana «hücum» etdiyi üçün «pislənməsinə» ümid edən İrəvanda düşünürdülər ki, onlar Bakı ilə tərəfdaşlarının arasını vura, eyni zamanda Dağlıq Qarabağ qarşıdurmasında mövqelərini gücləndirə biləcəklər.
Göründüyü kimi, erməni tərəfinin təxribatı yalnız Azərbaycana qarşı deyil, həm də öz müttəfiqlərinin maraqlarının əleyhinə yönəlmişdi. Məsələ ondadır ki, son illərdə onun müttəfiqlərilə Bakı arasında nəinki qarşılıqlı inam xeyli güclənib, həm də əsl dostluq münasibətləri yaranıb.
Bakı ilə KTMT üzvləri arasında diplomatik çəkişmələrə yol açmaq istəyən İrəvan sonda Azərbaycan tərəfinin müttəfiqlərinin daha çox olduğunu, onların hamısının Bakıya dəstək verdiyini təsdiqləməli olub.
Bu vəziyyəti ən dəqiq Azərbaycan Prezidenti İlham Əliyev xarakterizə edib. «Altı ölkədən üçü (KTMT üzvləri – red.) Azərbaycanı birmənalı şəkildə dəstəklədi və başqa cür ola bilməzdi. Çünki biz onlarla dostuq, yaxşı günlərdə, çətin günlərdə onlar bizə etibar edə bilərlər. Bu, bir. İkincisi, qoy, Ermənistanın qorxaq rəhbərliyi yadına salsın ki, qaçıb yardım almaq istədiyi KTMT-ni necə təhqir etmişdi, heç bir başqa ölkə ilə razılaşma aparmadan onun baş katibini həbs eləmişdi. Belarus nümayəndəsinin KTMT-yə yeni baş katib təyin olunmasının əleyhinə çıxmışdı. Bir il ona imkan vermədi ki, işə başlasın, nə oldu, o vaxt KTMT pis idi, sən onu təhqir edirdin, indi qaçıb onun ətəyindən yapışırsan. Gəl, bizimlə təkbətək vuruş, təkbətək, baxaq, görək, bunun axırı nə olacaq», - deyə Prezident İlham Əliyev bildirib.
Təlim dərsləri
Lakin Azərbaycanla təkbətək vuruşmaq, əlbəttə ki, Ermənistanın planlarına daxil deyil. Moskvanın Tovuz insidentindən dərhal sonra Cənub hərbi dairəsinin hərbi hazırlıq səviyyəsini yoxlamaq qərarı, ardınca isə Ermənistan və Rusiya HHQ-nin hərbi təlimləri haqda xəbərlərin erməni KİV-də necə təmtəraqla təqdim olunduğunu hər kəs görürdü. Rusiya Müdafiə Nazirliyi bu təlimlərin Ermənistan-Azərbaycan qarşıdurması ilə əlaqəli olmadığını bəyan etsə də, Ermənistanın bu təlimlərlə bağlı eyforiyası KTMT-nin İrəvanın münaqişəyə müdaxilə istəyini rədd etməsi faktını belə, kölgədə qoyub.
Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimlər keçirəcəyinə dair xəbərin yayılmasından sonra isə Ermənistanda daha ciddi isteriya yaranıb. «İnterfaks-Azərbaycan»ın məlumatına görə, iki ölkənin aviasiya və quru qoşunlarının iştirakı ilə iyulun 29-da start götürmüş təlimləri avqustun 10-dək davam edəcək. Manevrlər Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlaxı əhatə edəcək.
Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan kifayət qədər emosional açıqlamasında bildirib ki, Bakının Azərbaycan-Türkiyə birgə təlimlərinin keçiriləcəyi xəbərini erməni hərbçisinin öldüyü gün yayması beynəlxalq vasitəçilərin sülh prosesini bərpa etmək cəhdlərinə maneədir.
Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Leyla Əliyeva isə cavabında, Azərbaycan-Türkiyə təlimlərinin əvvəldən planlaşdırıldığını və hədəfin regional təhlükəsizliyinin möhkəmləndirilməsi olduğunu bildirib. Başqa sözlə, təlimlər hələ ötən il təsdiqlənmiş plana əsasən keçirilir.
Erməni tərəfini Azərbaycan-Türkiyə təlimləri ərəfəsində Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin telefon danışığı, Ermənistanla Azərbaycan arasındakı son gərginliyi müzakirə etmələri də sakitləşdirməyib. Rəsmi açıqlamada deyilir ki, iki ölkə liderləri Cənubi Qafqazda sabitliyin bərqərar edilməsi üçün səyləri birləşdirməyə hazır olduqlarını vurğulayıblar. Amma bəlkə də İrəvanı elə Moskva ilə Ankaranın «səyləri birləşdirmək» istəyi narahat edib. Çünki Ermənistan regionda sabitliyə əsas maneənin məhz özü olduğunu yaxşı bilir.
Yeri gəlmişkən, hər zaman olduğu kimi, bu dəfə də erməni tərəfi yaranmış vəziyyətə görə günahkarı kənarda axtarmağa başlayıb. Və hər zaman olduğu kimi, bu dəfə də «günahkar» Rusiya imiş. Hər halda, Ermənistan siyasətçiləri və ictimaiyyət nümayəndələri Moskvanın əməllərindən qıcıqlandıqlarını gizlətmir.
Bu mənada, Ermənistanın baş naziri Nikol Paşinyanın mövqeyi maraqlıdır. «Ermənistanın əksər vətəndaşı soruşur ki, Türkiyənin birmənalı şəkildə Azərbaycanı dəstəklədiyi bir vaxtda, Ermənistanın strateji tərəfdaşı olan Rusiya İrəvana eyni dəstəyi niyə vermir?» - deyə Paşinyan RBK telekanalına iyulun 28-də verdiyi müsahibədə bildirib.
Ermənistanın Azərbaycanla sərhəddə təşkil etdiyi təxribatın nəinki cəbhədə, həm də beynəlxalq münasibətlərdə bumeranq kimi İrəvana qayıtdığını təsdiqləyən bir çox fakt sadalamaq olar.
Erməni təxribatları: özgəyə quyu qazan…
Bütün baş verənlərin fonunda Azərbaycana çox sayda dövlətdən görünməmiş dəstək gəlir. Onlardan bəziləri açıq şəkildə Bakının dərdinə şərik çıxır, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmasının vacibliyini bildirir.
Bakının mövqeyinə Azərbaycan diasporu tərəfindən də görünməmiş dəstək gəlib. Tovuz döyüşlərinin əks-sədası Moskvadan tutmuş Brüsselə, Los-Ancelesdən Londonadək bir çox şəhərə yayılıb. Bütün bu şəhərlərdə Azərbaycan diasporunun üzvləri dünya birliyinin diqqətini Ermənistanın təcavüzkarlığına çəkmək üçün dinc aksiyalara çıxıb.
İlk dəfə olaraq, Rusiyada azərbaycanlılar erməni biznesinin nümayəndələrinə qarşı da birgə fəaliyyətə keçib. Azərbaycanlılar Qod Nisanovla Zarax İliyevin sahibi olduğu «Fud siti» bazarının administrasiyası Ermənistan məhsullarının qəbulundan imtina edib. Şəhər rəhbərliyi bazarın sahiblərilə danışıqlar aparsa da, satıcılar özləri də erməni məhsullarını satmaqdan imtina edib. Məsələ ondadır ki, bu bazarda satıcıların əksəriyyəti məhz azərbaycanlılardır.
Məsələ o həddə çatıb ki, işə Rusiyanın xarici işlər naziri Sergey Lavrov qarışmalı olub. O, Ermənistan və Azərbaycan diasporlarının nümayəndələri – Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan və «Kiyev meydanı» MMC-nin Direktorlar Şurasının rəhbəri Qod Nisanovla görüşüb, vəziyyəti onlarla müzakirə edib. Məlumata görə, görüş iştirakçıları hər iki icmanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına töhfə verməsinin vacibliyini bildiriblər.
Rusiyada baş verən bütün dramatik hadisələrə rəğmən, məlumatlı hər kəs bilir ki, Ermənistandakı vəziyyətə Rusiyadakı deyil, Qərbdəki erməni diasporunun təsiri daha ciddidir. Paşinyan da məhz bu diaspora meyillidir.
Yeri gəlmişkən, Qərbdəki erməni diasporu Ermənistanın sərhəddə yol verdiyi təxribatı dərhal dəstəkləyib. Üstəlik, o, bunu özünə xas aqressiya ilə edib. Bu mənada, Brüssel və Los-Ancelesdə təşkil olunmuş aksiyalar xüsusilə yaddaqalan olub – bu aksiyalar zamanı təxribatçılar dinc azərbaycanlılara və jurnalistlərə qarşı zorakılığa yol veriblər.
Los-Ancelesdə baş vermiş insident xüsusilə diqqət çəkir. Orada yaşananlar ABŞ polisinin fəaliyyətinin ciddi şəkildə tənqid olunduğu bir vaxtda yerli hakimiyyətin və hüquq-mühafizə orqanlarının tam səhlənkarlığı ilə yadda qalıb. Bu, Amerika polisinin yalnız qaradərililərə qarşı deyil, həm də ABŞ-ın azərbaycanlı sakinlərinə münasibətdə yumşaq desək, nəzakətsiz davrandığını göstərir. Bu isə əlbəttə ki, yolverilməzdir – qanun qanundur! Başqa sözlə, bütün qayda və qanun pozucularına münasibət eyni olmalıdır.
Sonrakı günlərdə erməni təxribatçılarının əməlinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da qiymət verib. «Həmin ölkələrin hüquq-mühafizə orqanları azğınlaşmış bandit qruplaşmalarının bu cür hərc-mərclik törətməsinə nə üçün imkan verirlər? Bu cinayətlərə necə göz yummaq olar?
Mən bütün dünyada yaşayan milyonlarla azərbaycanlı adından ABŞ-ın, Belçikanın və digər dövlətlərin hüquq-mühafizə orqanlarını bu hadisələri hərtərəfli təhqiq etməyə, onlara müvafiq hüquqi qiymət verməyə və bütün təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıram, çünki qanunsuz əməllər cəzalandırılmalıdır», - deyə Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi saytında yer alan müraciətdə deyilir.
Bəs, onlar kimlərdir? Bu cinayətlərdə kimdir günahkar? Məsələn, Kaliforniya niyə azərbaycanlılarla ermənilər arasında əsl «savaş meydanı»na çevrilib? Görünən odur ki, kütlənin əməllərinin, onların xuliqanlığının, quldurluğunun arxasında daha ciddi adamlar dayanır. Bu aksiyaları həmin qüvvələr maliyyələşdirir, Birləşmiş Ştatlardakı erməni işbazlarına dəstək verir, yalnız Kaliforniya ştatı səviyyəsində deyil, həm də ABŞ Konqresində erməni maraqlarının lobbiçiliyini həyata keçirir. Məsələn, hər kəsin yaxşı tanıdığı Amerika Erməni Assambleyası nəinki bu aksiyalarda «rol» oynayır, təşkilatın fəalları Ermənistanda 2018-ci ildə baş vermiş olaylarda da yaxından iştirak etmişdi. Bəzi məlumatlara görə, Paşinyanın hakimiyyətə gəlişində də onların önəmli rolu olub.
Məlum olduğu kimi, pulu kim ödəyirsə, musiqini də o sifariş verir. Hər halda, Ermənistanda anti-Rusiya əhvalının məhz indiki baş nazirin dönəmində artmağa başlaması təsadüf deyil.
2019-cu ilin sentyabrında Paşinyan Kaliforniyaya səfər edən zaman hazırkı mitinqlərin təşkilatçıları və himayədarları onun yerli biznes dairələrilə görüşlərini təşkil etmiş, ona siyasi və iqtisadi dəstək vəd etmişdilər. Yəni, söhbət sadəcə bu gün Los-Angelesdə fəaliyyətə keçmiş banditlərdən getmir. Bu, ermənilərdən ibarət mütəşəkkil cinayətkar qrupdur və bu qüvvələrin tam aşkar konkret hədəfləri var. Bu işbazlar özlərinin belə demək mümkünsə, lobbiçilik fəaliyyətilə Azərbaycan-ABŞ münasibətlərini korlamağa çalışır, bununla da, Birləşmiş Ştatların Cənubi Qafqazdakı maraqlarına zərbə vurur.
Bəs, onlar bu mənasız əməllərilə nəyə nail olur? Bu günlərdə ABŞ Konqresi Nümayəndələr palatasının Komitəsi konqresmenlər Stiv Şabotla Stefen Koenin təklif etdiyi dəyişiklikləri müzakirəyə verib. Orada söhbət «Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanın işğal olunmuş ərazilərindən olan qaçqınlar»dan gedir. Dəyişikliyə əsasən, dövlət katibi müdafiə nazirilə birlikdə Konqresin müvafiq komitələrinə bu ölkələrdəki daxili köçkünlərin statusu ilə bağlı məruzə təqdim etməlidir.
Məruzədə Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanın 1991-ci ildə xarici qüvvələr tərəfindən qeyri-qanuni işğal edilmiş ərazilərdən zorla köçürülmüş vətəndaşlarının sayı göstərilməlidir. Sənəddə xarici işğalçı qüvvələr tərəfindən qətlə yetirilmiş vətəndaşların da sayı yer almalıdır. Bu dəyişikliyin gündəmə gətirilməsi Dağlıq Qarabağ ətrafındakı ərazilərin işğalının etirafı, erməni tərəfinin əməllərininsə qanunsuz elan olunması deməkdir. Buraya Ermənistanın məcburi köçkünlərlə bağlı əməlləri, yəni deportasiya və etnik təmizləmə siyasəti də aiddir.
Erməni diasporunun, onun arxasında dayanan qüvvələrin erməniləri öz qafil siyasətinin girovuna çevirdiyi, öz xalqını Azərbaycana nifrətlə zəhərlədiyi hər kəsə bəllidir. Üstəlik, söhbət heç də yalnız Ermənistanda yaşayan ermənilərdən getmir.
ABŞ və Avropadakı erməni diasporunun təxribatlarından sonra iyulun 24-25-də Moskvada, həmçinin Rusiyanın digər şəhərlərində baş vermiş kütləvi iğtişaşlar da bunun göstəricisidir. Həmin günlərdə erməni diasporunun xüsusi öyrədilmiş fəalları azərbaycanlılara məxsus avtomobillərə hücum çəkib, restoran və mağazaları dağıdıb. Əlbəttə ki, bu, adekvat reaksiyasız ötüşməyib və nəticədə, hər iki tərəfdən onlarla insan saxlanılıb.
Kaliforniyadan əyləşərək portağal şirəsi içərək, tropik meyvələrdən yeyərək Azərbaycanla, dünya azərbaycanlıları ilə savaşın davam etməli olduğunu söyləmək təbii ki, asandır. Müharibənin yükünü isə bu siyasətin girovuna çevrilmiş insanlar daşıyır. Ermənistanda hökm sürən yoxsulluq, sosial problemlər və s. də bunun göstəricisidir.
Onlar Azərbaycanın qəzəbli cavab reaksiyasına yol açan bu qüvvələr Ermənistanda yaşayan həmvətənlərinin taleyini öz iddialarına qurban verir, onları öz təxribatlarının girovuna və qurbanına çevirir.
Təəssüf ki, nüfuzlu erməni diasporunun İrəvandakı marionet hökumətin siyasətinə təsirini davam etdirdiyi bir vaxtda Azərbaycanın hərbi qüdrətini artırmaq, növbəti təxribatlara hazır olmaqdan başqa yolu qalmır.
MƏSLƏHƏT GÖR: