25 Noyabr 2024

Bazar ertəsi, 10:32

DÖYÜŞƏ YALNIZ QOCALAR GEDİR

Ermənistanın qeyri-nizami qoşun yaratmaq niyyəti, ilk növbədə, onun özü üçün təhlükəlidir

Müəllif:

01.09.2020

Ermənistan Müdafiə Nazirliyi qeyri-nizami qoşun yaradılması layihəsini ictimaiyyətin müzakirəsinə çıxarıb. «Müdafiə haqqında» qanuna bununla bağlı müvafiq dəyişikliklərin ediləcəyi güman olunur.

«Bu qanun layihəsinə Ermənistan Respublikasının müdafiə məsələlərinin ümumxalq əhəmiyyətli məsələyə çevrilməsi, mümkün düşmənin istənilən qəsdinə könüllülərdən ibarət sistemin yaradılması və təşkililə cavab verilməsi zərurəti ehtiyac yaradır», - deyə nazirlikdən bildiriblər.

Sənədə əsasən, yaradılacaq könüllü dəstədən sərhədlərin müdafiəsində, yaxud düşmənlə təmas xəttinin təhlükəli hissələrində, Ermənistan ərazisinə keçməyə cəhd göstərən diversant və ya kəşfiyyat qrupları ilə mübarizədə, xüsusi əhəmiyyətli obyektlərin, qoşunların hərəkət etdiyi yolların, mülki müdafiə təşkilatlarının qorunmasında istifadə oluna bilər.

Təşəbbüskarlar hesab edir ki, yaradılacaq qeyri-nizami ordu respublikanın inzibati bölgüsünə əsasən ərazilər üzrə xidmət göstərəcək. O, batalyon və briqadalara bölünəcək hərbi birliklərdən ibarət olacaq. Batalyon və briqadalara ümumi rəhbərlik Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi tərəfindən, könüllülər qərargahının yaradılması ilə həyata keçiriləcək.

«Xalq könüllüləri dəstəsinin yaradılması yalnız miqyaslı müharibə təhlükəsindən irəli gəlmir. Bu, cəmiyyətin müxtəlif hərbi çağırış və təhlükələrə cavab verməyə hazır vəziyyətə gətirilməsi məqsədi daşıyır», - deyə Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.

O, etiraf edib ki, miqyaslı müharibənin başlayacağı təqdirdə, Ermənistan ordusunun mövcud resursları azlıq edə bilər. Müharibə ehtimalını isə nazir «ayrı-ayrı qonşu dövlətlər»in hərbi bəyanatları ilə əsaslandırıb.

Aydındır ki, Tonoyan tammiqyaslı müharibədən danışarkən Azərbaycanla mümkün savaşı nəzərdə tutur. Odur ki, nazir Ermənistan ordusunun resurslarının bu müharibə üçün azlıq etdiyini söyləməkdə haqlıdır. «Global Firepower» tərəfindən 2020-ci il üçün açıqlanmış hərbi qüdrət reytinqinə (World Military Strength Rankings) görə, Azərbaycan Cənubi Qafqazda ilk yerdədir. O, 138 dövlət arasında 63-cü pillədə qərarlaşıb. Ermənistan isə siyahıda 112-cidir.

Tonoyanın istinad etdiyi hərbi bəyanatlara gəlincə, belə bəyanatlar, həqiqətən, səsləndirilir. Lakin erməni tərəfi bu bəyanatların kontekstini açıqlamağı lazım bilmir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq qalan Azərbaycan sadəcə olaraq, öz torpaqlarını işğaldan hərbi yolla da azad edə biləcəyini deyir. Bu isə onun suveren hüququdur. Əgər Bakının hərbi ritorikası İrəvanı narahat edirsə, o, könüllü hərbi birləşmələr yaratmaqdansa, Azərbaycanın işğal olunmuş ərazilərini boşaltsın. Üstəlik, bunu ondan BMT Təhlükəsizlik Şurasının və bir sıra digər beynəlxalq qurumların qətnamələri də tələb edir.

Maraqlıdır ki, ermənilərin yaratmağı düşündüyü könüllü hərbi birləşmələrin müdafiə xarakterli olacağını «yeni ərazilər uğrunda yeni müharibə» formulunun müəllifi deyir. David Tonoyan cəmi 1 il əvvəl deyirdi ki, Ermənistan «hərbi əməliyyatları düşmənin ərazisində apara biləcək» hücum dəstələrini artıracaq.

Daha bir maraqlı məqam İrəvanın qeyri-nizami ordunun yaradılması planını hansı şəraitdə elan etməsidir. Cəmi bir il əvvəl Ermənistanın Azərbaycanla hərbi qarşıdurmanı işğal olunmuş Qarabağdan iki ölkənin dövlət sərhədinə daşımaq, münaqişəyə üçüncü tərəfi cəlb etmək cəhdləri iflasa uğrayıb. Avqustun sonlarında Azərbaycan hərbçiləri erməni diversantlarının ölkə ərazisinə soxulmaq cəhdinin qarşısını alıb, nəticədə, Ermənistanın kəşfiyyat bölüyünün komandiri, baş leytenant Qurgen Alaverdyan əsir götürülüb. Avqustun son günlərində isə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altındakı torpaqlarına növbəti qanunsuz səfərini edib. «Döyüş bölgəsində biz infrastrukturun möhkəmləndirilməsilə bağlı mühəndis işlərilə, şəxsi heyətin təhlükəsizliyinin artırılması istiqamətində görülən tədbirlərlə, mövqelərin etibarlı müdafiəsi üçün nəzərdə tutulmuş yeni texnologiyalarla, hərbçilərin sosial-məişət şəraitilə tanış olduq. Ordu bizim üçün prioritet olub və olaraq qalır», - deyə Paşinyan «Facebook» sosial şəbəkəsindəki səhifəsində yazıb.

Ermənistanda regionda hərbi-siyasi vəziyyəti qarışdırmaq niyyətini göstərən bir sıra digər faktlar da göstərmək olar. Paşinyan hakimiyyəti sülhə nail olunması üçün xalqını kompromislərə hazırlamaqdansa, mülki əhaliyə silah paylamağa hazırlaşır. Halbuki, o, bununla, mülki əhalini hədəfə çevirəcəyini yaxşı bilir. Ola bilsin ki, İrəvan bu addımı sonradan Azərbaycanı dinc sakinləri öldürməkdə günahlandırmaq məqsədilə atır.

Əslində, Ermənistanın ən müxtəlif silahlı birləşmələr yaratmaq təcrübəsi çoxlarına məlumdur. Bu mənada ASALA terror təşkilatını, «Yerkrap» könüllülərini xatırlatmaq kifayətdir. Bu gün könüllü hərbi birliklərin yaradılması ideyası Suriya və Livandan erməni qaçqınların bu ölkəyə köçürülməsi kontekstində də cəzbedici görünə bilər. Lakin indi ötən əsrin 90-cı illərinin əvvəlləri deyil və istər 2016-cı ilin aprel döyüşlərinin, istərsə də Azərbaycanın Tovuz rayonu istiqamətində bu yaxınlarda baş vermiş toqquşmaların da göstərdiyi kimi, müasir müharibələrdə əsas rolu canlı qüvvə deyil, yeni texnologiyalar oynayır. Odur ki, Ermənistanın ordu ilə paralel, hərbi birləşmələr də saxlamağa, üstəlik, onlara yeni hərbi texnologiyalardan istifadə qaydalarını öyrətməyə gücü, çətin ki, çatsın.

Belə olan təqdirdə, əli avtomatlı qocalar Nikol Paşinyanın nəyinə gərəkdir? Gəlin, bu suala cavab tapmağa çalışaq.

Tovuz döyüşlərinin ardından Prezident İlham Əliyevin bir çağırışı ilə 50 mindən artıq insanın könüllü ordaya yazıldığı Azərbaycandan fərqli olaraq, Ermənistanda analar övladlarının yad torpaqlarda hərbi xidmətə göndərilməsinə etiraz edir. Erməni gəncliyinin özü də qlobalist-praqmatik əhvalda böyüyür və sərsəm «Böyük Ermənistan» ideyası onları qətiyyən maraqlandırmır. Əsrlərdir bütün türk dünyasına düşmənçiliyin canına, qanına işlədiyi yaşlı nəsil başqa məsələdir.

Demoqrafik böhranı və Ermənistan silahlı qüvvələrinin komplektləşdirmə ilə bağlı problemlərini də yaddan çıxarmaq olmaz. Azərbaycan Prezidentinin köməkçisinin dediyi kimi, Tovuz istiqamətindəki təxribatlar Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti komplektləşdirə bilmədiyini bir daha ortaya qoyub. Məhz bu üzdən İrəvan son hadisələr zamanı da üzləşdiyi vəziyyətdən Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsindən gətirilmiş dəstələr və Yaxın Şərq ölkələrindən olan muzdlular hesabına çıxmağa çalışıb. «Ermənistanın siyasəti də ondan ibarətdir ki, ön xəttə bu muzdluları yerləşdirirlər, onların hərbi əməliyyatlar nəticəsində ölməsi halında isə bu faktları gizlədirlər, çünki həmin şəxslər Ermənistan silahlı qüvvələrində qeydiyyatda deyillər. Belə təqdim etmək istəyirlər ki, guya Ermənistan silahlı qüvvələrində itkilər yoxdur», - deyə H.Hacıyev qeyd edib.

Nikol Paşinyan hökumətini könüllü hərbi dəstələr yaratmağa daha nə vadar edə bilər? Bəlkə, öz hakimiyyətinin təhlükəsizliyi məsələsi? Hər halda, bu versiyanı da istisna etmək olmaz. Birincisi, «inqilabçı hökumət» Ermənistan əhalisinin gözləntilərini doğrultmayıb, pandemiya dövründə isə ölkə daha dərin böhrana yuvarlanıb. İkincisi, Paşinyanın təkhakimiyyətlilik cəhdləri müxalifət qüvvələrinin ona qarşı səfərbər olması ilə nəticələnib. Ən başlıcası isə erməni baş nazir kriminal «Qarabağ klanı» ilə qarşıdurmanın yaratdığı təhlükənin fərqindədir. Çünki o, davamlı olaraq bu «klan»ın üzvlərini təqib etməkdədir.

Məsələn, erməni hüquq müdafiəçisi Nina Karapetyants könüllü hərbi birləşmələrdən daxili siyasi çəkişmələrdə istifadə oluna biləcəyini istisna etmir. «Ən vacibi odur ki, hansısa mərhələdə əli avtomatlı könüllülərin İrəvan küçələrində, şəhərin mərkəzində hansısa əməliyyata cəlb olunmayacağına heç kəs zəmanət vermir. Belə zəmanət yoxdur. Mən hesab edirəm ki, nizami ordusu olan dövlətə qeyri-müəyyən statuslu əlavə silahlı dəstələr lazım deyil», - deyə o, «Azatutyun» radiosuna açıqlamasında bildirib.

Karapetyants bu mənada, bənzər struktur olan «Yerkram» Könüllüləri Birliyinin o qədər də uzaq olmayan keçmişdəki əməllərini xatırladır: «Həyat göstərib ki, hansısa mərhələdə insanlar bu və ya digər tərəfə keçirsə, belə qüvvələrdən istər hökumət, istərsə də hansısa digər qüvvə istifadə edə bilər. Bizdə «Yerkrap»ın timsalında belə təcrübə olub».

Böyük ehtimalla Ermənistanda 100 minlik xalq könüllüləri ordusunun yaradılması ideyası iflasa məhkumdur – sabiq müdafiə naziri Vigen Sarqsyanın vaxtilə irəli sürdüyü «Xalq-Ordu» konsepsiyası kimi. Lakin bu təşəbbüsün irəli sürülməsi faktının özü, ilk növbədə, Ermənistanın özü üçün çox təhlükəlidir.



MƏSLƏHƏT GÖR:

339