25 Noyabr 2024

Bazar ertəsi, 11:55

REVANŞ ÜÇÜN YARIŞ

Gürcüstanda Mixail Saakaşvili hakimiyyətə qayıda biləcəkmi?

Müəllif:

15.09.2020

Gürcüstanda seçki yarışı qızışır. Oktyabrın 31-də ölkədə parlament seçkisi keçiriləcək. Nəzərə alsaq ki, bu ölkədə əsas səlahiyyət sahibi prezident yox, baş nazirdir, Gürcüstanın siyasi partiyaları məhz parlament seçkisini həlledici hadisə hesab edir.

Artıq ilk sensasiya da qeydə alınıb – «Güc birlikdədir» müxalifət birliyi Gürcüstanın sabiq prezidenti, lakin bu gün əcnəbi vətəndaş olan Mixail Saakaşvilini baş nazir postuna namizəd elan edib. Bunu «Vahid Milli Hərəkat» (VMH) partiyasının lideri Qriqol Vaşadze açıqlayıb. Saakaşvilinin özü isə qərarı alqışladığını bildirib, hökumətin başına keçməyə hazır olduğunu söyləyib. O, tərəfdarlarının parlament seçkisində qələbə qazanacağına şübhə etmir.

Bəs, Saakaşvilinin real olaraq revanş şansı nə qədərdir?

 

İnqilab, yoxsa «həbsxanada yaxşı qidalanma»?

Saakaşvilini təhlükəli siyasi rəqib sayan Gürcüstan hakimiyyəti artıq VMH-nin «qızılgül inqilabı»nın liderini baş nazirliyə namizəd göstərməsinə münasibət bildirib. Ədliyyə naziri Tea Tsulukiani deyib ki, Saakaşvili Gürcüstana gələrsə, sərhəddəcə saxlanılacaq. O, sabiq prezidenti «trollamaqdan» da çəkinməyib: «Bu gün Gürcüstan həbsxanaları ən yüksək beynəlxalq standartlara cavab verir. Ona ən yaxşı xörəklər veriləcək. Noyabrdan həbsxanalarımızda dondurulmuş ətdən istifadə belə, qadağan olunub. İndi biz məhbuslara təzə ət, mövsümi meyvələr veririk. Onlar bir neçə menyu arasında seçim edə bilirlər». Bunun ardınca ədliyyə naziri bildirib ki, Mixail Saakaşvili istər azadlıqda olsun, istər türmədə, heç bir halda Gürcüstanda çaxnaşma yarada bilməz: hazırkı siyasi hakimiyyət kifayət qədər güclüdür.

Xatırladaq ki, Saakaşvili Gürcüstanda vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilir. Barəsində iki cinayət işinin açıldığı sabiq prezident haqqında qiyabi həbs qərarı da çıxarılıb. Üstəlik, onun Gürcüstan vətəndaşlığı da yoxdur – 2015-ci ildə o, Ukrayna vətəndaşlığını qəbul edib və bu üzdən Gürcüstan vətəndaşlığından məhrum edilib.

Bəs, kadr arxasında nələr var? Hakim «Gürcü arzusu» partiyasında, həqiqətən də, Tea Tsulukianinin ifadə etdiyi əminlik varmı? Yoxsa qarşıdan gələn seçkinin əsas sensasiyası, həqiqətən, Saakaşvilinin revanşı olacaq?

 

«Üçüncü qüvvə» axtarışında

Yəqin ki, bu yerdə janrın qaydalarına uyğun olaraq, sosioloji sorğuların nəticələrinə diqqət yetirmək lazımdır. Bu gün respondentlərin 33%-i «Gürcü arzusu»nu, 16%-i VMH-ni dəstəkləyir. Konkret olaraq Saakaşvilinin dəstəyisə rəqiblərilə müqayisədə 2 dəfə azdır.

Amma 33% də mütləq çoxluq deyil, üstəlik, seçki kampaniyası hələ indi başlayır. Doğrudur, Saakaşvilinin qələbəyədək Gürcüstana qayıtması problemdir. Lakin onun videomüraciətlər etməsinə, onlayn müsahibələr verməsinə, bu formatda mətbuat konfransları keçirməsinə və s. heç kəs mane ola bilməz. Odur ki, sabiq prezident qeyri-rəsmi olaraq, «müxalifətin vahid lideri» statusuna iddia edə bilər.

Amma bir məsələ də var. Bu gün heç «Gürcü arzusu»nun rəqibləri arasında belə, hamı Saakaşvilinin arxasınca getmək istəmir. Müxalifətdə «üçüncü qüvvə» rolunu oynamaq istəyində olan xeyli siyasi qüvvə var. Onlar hesab edir ki, Gürcüstan artıq illərdir bitmək bilməyən «Saakaşvili-İvanişvili» qarşıdurmasından qurtulmalıdır, artıq yeni liderlər axtarılmalı, irəli addım atılmalıdır. Bəs, müxalifətin parlaq, xarizmatik lider seçəcəyi kimsə varmı? Cənubi Qafqaz üzrə tanınmış ekspert, Karnegi Fondunun böyük elmi işçisi Tom de Vaalın fikri, yəqin ki, bu suala cavab sayıla bilər: «Gürcüstanda 2020-ci ildə keçiriləcək seçkinin Mişa ilə Bidzina arasında 2012 və 2016-cı illərdə baş vermiş qarşıdurmaların təkrarı olmayacağına ümid edənlər (o cümlədən mən) məyus olacaqlar».

 

«Böyük islahatçı» və…

Bu yerdə məsələyə bir qədər aydınlıq gətirmək lazımdır. Müasir dünyada xüsusilə siyasi aləmdə «Who is mr. Saakashvili?» sualını təsəvvür etmək çətindir. Mixail Nikolozoviç parlaq və məşhur fiqurdur. «Qızılgül inqilabı»nın lideri və qalibi, Gürcüstanda həyata keçirilmiş ciddi islahatların müəllifi məhz odur. Bu gün Gürcüstandan kənarda yaşayan çoxsaylı insan üçün o, parlaq «siyasi ikona», dahi islahatçı, demokratiya nümunəsi, «qərbpərəst» olaraq qalır. Ən başlıcası, Saakaşvili korrupsiyaya qarşı ciddi və uğurlu mübarizəsilə tanınır. Bu mənada, Gürcüstan məhz Saakaşvilinin sayəsində «az qala Avropaya» çevrilib. Qalib imicinə malik sabiq prezident, həqiqətən, avtoritetdir. Azərbaycanda və Gürcüstanın azərbaycanlılar yaşayan rayonlarında Saakaşvilinin prezidentliyi dövründə iki ölkə arasında münasibətlərin necə inkişaf etdiyini hər kəs xatırlayır. Məhz onun dövründə Gürcüstanda Novruz bayramının dövlət səviyyəsində qeyd olunduğunu da heç kəs unutmayıb.

Bakı heç bir dövlətin daxili işlərinə qarışmır, Gürcüstanda da özünə «favorit» seçmir. Çünki sonradan dövlətlərarası münasibətlərin daxili siyasi proseslərin girovuna çevrilməsini istəmir.

Xatırladaq ki, 2013-cü ildə Mixail Saakaşvili prezident kürsüsündə iki səlahiyyət müddətini başa vurduğu üçün növbəti dəfə bu yarışa qoşula bilməmişdi. Lakin hakimiyyətini uzatmaq üçün o, ölkəni parlament respublikasına çevirmək, əsas səlahiyyətləri baş nazirə vermək, sonda prezident kürsüsündən baş nazir kürsüsünə keçmək istəyirdi. Bunun üçün Kontitusiya islahatları da aparılmışdı. Lakin həlledici parlament seçkisində o, gürcü əsilli rusiyalı oliqarx Bidzina İvanişvilinin rəhbərlik etdiyi «Gürcü arzusu» blokuna məğlub oldu. Bundan sonra Saakaşvilinin 2016-cı ildə revanş almaq cəhdi də nəticə vermədi.

Ekspertlər bu dəfə hadisələrin necə inkişaf edəcəyini söyləməkdə çətinlik çəkir. Bir tərəfdən Saakaşvilinin həyata keçirdiyi islahatların gətirdiyi uğurlar ortadadır. Lakin bu islahatlar demokratiyanı inkişaf etdirib, korrupsiyanı «boğubsa», Gürcüstan vətəndaşlarının rifahında ciddi irəliləyişə səbəb olmayıb. Gürcüstanda aparılmış islahatların reallığı həm də budur.  Üstəlik, «qurunun oduna yaş dayanır» prinsipi ilə aparılan korrupsiya ilə mübarizə də narazıların sayını artırıb. Nəhayət, Gürcüstanda keçirilmiş seçkilərdə «Rusiya amili»nin ciddi rol oynadığı və bundan sonra da oynayacağı da hər kəsə bəllidir.

 

«Arzular» və reallıqlar

Moskva ilə Tbilisi arasında diplomatik münasibətlərin olmadığını xatırlatmaq, yəqin ki, artıqdır. Tbilisi Rusiyanı ona qarşı təcavüzdə (2008-ci ilin avqustu), Gürcüstan ərazisinin 20%-nin işğalında günahlandırır. Üstəlik, bu müharibə məhz Mixail Saakaşvilinin dövründə baş verib. Belə bir şəraitdə Gürcüstanda rusiyapərəst qüvvələrin qələbə şansı nəzəri cəhətdən belə, yoxdur. Lakin bu, yerli siyasi arenada məsələn, «Gürcüstan vətənpərvərlər alyansı» kimi siyasi təşkilatın mövcudluğuna mane olmur. Bu alyans Gürcüstanın NATO-ya inteqrasiya kursundan birmənalı imtina etməli olduğunu düşünür, mütəmadi olaraq anti-Azərbaycan və anti-Türkiyə təxribatlarına əl atır.

Bütün bunlara baxmayaraq, «Gürcü arzusu» 2012-ci ildə seçkini həm də Rusiya ilə münasibətləri normallaşdırmaq, eyni zamanda qərbpərəst, avropapərəst kursu davam etdirmək vədilə qazanıb. Hakimiyyətə gəldikdən sonra o, Rusiya ilə turizm sahəsində əlaqələri, hətta qarşılıqlı uçuşları bərpa edib, bununla da özü üçün ciddi iqtisadi dəstək qazanıb. Bu gün Tbilisidə, Kutaisidə, Poti və ya Zuqdididə Saakaşvilinin hakimiyyətə gələcəyi təqdirdə Rusiya ilə münasibətlərin yenidən gərginləşəcəyindən narahat olanlar az deyil. Üstəlik, vəziyyətin qəlizləşəcəyi təqdirdə, Qərb Gürcüstanın arxasında dayanmaya da bilər – 2008-ci il hadisələrindən sonra hər kəs buna əmindir.

Mixail Saakaşvilinin özü isə deyir ki, «məqsədimiz Rusiya ilə qarşıdurma deyil, daxili problemlərin düzgün formada həllidir və biz onları həll edəcəyik. Uzunmüddətli perspektivdə isə daxili ərazilərimizlə bağlı problemin də öhdəsindən gələcəyik». Sabiq prezident bildirir ki, o, artıq «keçmişdəki Mişa deyil». Belə «imic dəyişikliyi», yəqin ki, təsadüf ola bilməz.

Lakin «Gürcü arzusu» liderlərinin də «imic dəyişikliyi»nə ehtiyacı var. Onlar ərazi bütövlüyünün bərpa olunacağına dair səs-küylü vədlərinə rəğmən, bu istiqamətdə heç bir iş görə bilməyiblər. Parlamentlərarası Pravoslav Assambleyasının toplantısında Gürcüstan parlamentinin spikerinin kürsüsünə rusiyalı deputat Qavrilovun əyləşməsilə baş qaldırmış kütləvi iğtişaşlar isə yəqin ki, «Gürcü arzusu»nun «aktiv»inə yazılmayıb.

Bütün bunlarla yanaşı, «Gürcü arzusu»nun daha bir «kozır»ı sürətlə yox olmaqdadır. Söhbət koronavirus pandemiyası üzərində elan olunmuş qələbədən gedir. Artıq Tbilisidə etiraf edirlər ki, ölkədə pandemiyanın ikinci dalğası başlayıb. Bütün bunlar seçkinin nəticəsilə bağlı proqnoz verilməsini daha da çətinləşdirir.



MƏSLƏHƏT GÖR:

297