25 Noyabr 2024

Bazar ertəsi, 10:28

“BARRİKADALAR” İTTİFAQI

Qərb Liviyada təşəbbüsü ələ almağa çalışır və ya yaranmış şərait Türkiyə və Rusiyanı bir-birinə necə yaxınlaşdırır

Müəllif:

01.10.2020

Avqustun 21-də Liviyada münaqişə tərəflərinin atəşkəs elan etməsi uzun zamandır davam edən müharibənin sona çatması ümidlərini artırmaqla yanaşı, mövcud aktorların mövqeyinə təsir etdi. Belə ki, Qərb mediası 21 avqust atəşkəsini ABŞ və Almaniyanın Liviyada güclənməsi kimi yozdu. Təbii ki, burda müəyyən həqiqət yükü vardı.

Məsələ ondadır ki, Liviyada atəşkəs qərarını hər iki tərəf – Tripolidəki Milli Saziş Hökuməti və Tobruk şəhərində mənzillənən Təmsilçilər Məclisi hökuməti ayrılıqda yaydıqları bəyanatla elan etdilər. Açıqlamada tərəflər ayrı-ayrılıqda özlərinə yaxın hərbi birləşmələrə müraciət edərək Liviya ərazisində hərbi əməliyyatları dayandırmaq, atəşkəsə getmək çağırışı edirdilər.

Həmçinin atəşkəs razılaşmasında iyundan bu yana tərəflərin ordu topladığı Sirtə və Cufra şəhərlərinin silahsızlaşdırılması, sonrakı mərhələdə silahlı qüvvələr arasında təhlükəsizlik müqaviləsinin imzalanması və nəhayət, martda prezident və parlament seçkilərinin keçirilməsi qeyd olunur. Bundan başqa atəşkəs bəyanatında neft istehsalına qoyulan məhdudiyyətin götürülməsi tələb olunur. Hansı ki, artıq bu qərar icra olunub və general Xəlifə Həftərin qüvvələrin Liviyadan neft ixracına icazə verir.

 

Yeni oyunçular

Bu, Liviyada ilk atəşkəs deyil. Yeri gəlmişkən, bu ilin yanvarında Moskvada, bir həftə sonra isə Berlində atəşkəs razılaşması əldə olunmuşdu. Amma bu razılaşmalara faktiki olaraq əməl edilməmişdi, lakin indi situasiya fərqlidir. Belə anlaşılır ki, artıq meydanda daha təsirli oyunçular peyda olub.

Türkiyənin Aralıq dənizinin şərq hissəsi ilə əlaqədar olaraq Yunanıstan, Misir və Fransa ilə münaqişəyə daxil olması Liviyadakı proseslərə təsir etdi. Əvvəlcə Qərb mediası Türkiyənin Liviyaya gizli silah və texnika dəstəyi ilə bağlı materiallar yaydı. Hətta iyulda Fransa və Türkiyə hərbi gəmiləri arasında Liviya sahillərində gərginlik yaşandı. Hətta məsələ NATO-nun müzakirələrinə çıxarıldı. Doğrudur, NATO Şurası Türkiyə əleyhinə qərar vermədi, amma Türkiyə ətrafında gərginlik daha da yüksəldi.

21 avqust atəşkəsi isə bu məsələdə dönmə nöqtəsi oldu. Atəşkəs qərarı Türkiyə ilə razılaşdırılmamışdı. Bunun birinci əlaməti, Ankaranın ilk günlər susqunluğu, ardınca isə xarici işlər naziri Çavuşoğlunun atəşkəsin yalnız Sirtə və Cufranın alınması şərtilə mümkün ola biləcəyi açıqlaması idi. Halbuki artıq atəşkəs elan olunmuşdu və hər iki tərəf döyüşləri dayandırmağı, Sirtə və Cufranı silahsızlaşdırmaq və ən əsası xarici hərbi qüvvələrin ölkədən çıxarılması ilə bağlı razılaşmışdı. Nəhayət, 21 avqust atəşkəsini Türkiyənin Liviyada əsas hərbi rəqiblərindən biri olan dərhal Misir dəstəklədi. Avropa İttifaqı isə atəşkəsin yeni ümidlər yaratdığını və xarici müdaxilələrə son qoyulmalı olduğunu vurğulayan açıqlama yaydı. Bütün bunlar Liviyada yeni oyunçuların meydana atıldığını göstərirdi.

Atəşkəsdən sonra Liviyada proseslər sürətləndi. Sentyabrın 7-də Mərakeşin Buznika şəhərində Liviyada sülh danışıqları yenidən bərpa olunub. Eyni zamanda paralel olaraq İsveçrənin Montrö şəhərində də Liviya danışıqları bərpa olunub və mediaya verilən açıqlamaya əsasən bu danışıqlarda “ciddi irəliləyiş” əldə olunub. BMT Liviya Dəstək Missiyası (UNSMİL) yaydığı açıqlamada tərəflərin “uzun müddətdir davam edən fikir ayrılıqlarını bir kənara qoymaq fürsətini dəyərləndirməyi bacardığı” vurğulanır.

Söhbət Liviyada birgə parlament və prezident seçkilərinin keçirilməsi, həmçinin 18 aylıq keçid dövrü üçün milli birlik hökumətinin formalaşdırılması və bu prosesdə tərəflərin razılaşdığı konstitusiya çərçivəsində seçkilərin keçirilməsindən gedir.

 

Gözlənilməz istefa

İsveçrə və Mərakeşdə danışıqların davam etdiyi bir vaxtda Liviyada hər iki hökumətin nəzarət etdiyi ərazilərdə mövcud hakimiyyət orqanlarına qarşı etiraz aksiyaları başlandı. Əhali bahalıq, sosial-iqtisadi vəziyyət, təhlükəsizlik tələbləri ilə küçələrə çıxdı. Əvvəlcə həm Trablusda, həm də Tobrukda hökumət qüvvələri etirazçılara qarşı güc tətbiq etdi. Lakin sentyabrın 14-də əvvəlcə Tobrukda Təmsilçilər Məclisi hökuməti istefa verdiyini elan etdi. Ardınca sentyabrın 17-də isə Milli Saziş Hökumətinin baş naziri, Türkiyə ilə yaxın əlaqələri olan Fəyaz Sərrac istefa verdiyini, səlahiyyətlərini oktyabrın sonlarında təhvil verməyəcəyini bildirdi.

Ankara Sərracın istefa qərarını təmkinlə qarşıladı. Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata verdiyi açıqlamada “bu qərar bizi kədərləndirdi, lakin əvvəl-axır qiyamçı general Həftər məğlub olacaq” sözlərini söylədi.

Xarici işlər naziri Mövlud Çavuşoğlu isə istefadan sonra yaydığı açıqlamada Sərracın müavini ilə danışdığını, MSH baş nazirinin hər iki tərəfin birgə razılaşma əsasında seçkilərə gedəcəyi təqdirdə istefa verəcəyini, amma indiki halda istefa verməcəyini bildirdi.

Ankaranın reaksiyası onu göstərir ki, Türkiyə Liviyadakı mövqeyini Qərb ölkələrinə vermək fikrində deyil. Bu səbəbdən də Ankara hazırda mümkün kartlarını oynayaraq təşəbbüsü ələ almağa çalışır.

 

Moskva və digərləri ilə alyans?

Maraqlıdır ki, Sərracın istefa bəyanatı ilə eyni vaxtda Türkiyə XİN rəhbəri Moskva ilə Liviyada atəşkəsi razılaşdırdığını açıqladı. Bu bəyanat Rusiya və Türkiyə heyətləri arasında Ankarada baş tutan Liviya müzakirələrindən sonra verildi. Bu danışıqlarda Liviyada Rusiya və Türkiyənin birgə hərəkət etməsini artıq zərurətə çevirmiş olurdu. Çünki faktiki olaraq Avropa ölkələri, ABŞ, eləcə də Misir və BƏƏ kimi yerli oyunçular Liviya siyasətinə Türkiyəyə qarşı cəbhədə yer alır. Buna görə də Türkiyənin məhz qarşı qüvvə, yəni Rusiya ilə birgə hərəkət etməsi iki tərəf üçün də əlverişli və ya belə demək olarsa sonuncu variantdır.

Lakin eyni zamanda Türkiyə indi Liviyadakı rəqib qüvvələrin zəif nöqtələri ilə dil tapmağa çalışır. Bunun ən bariz örnəyi Türkiyə və Misir kəşfiyyatı təmsilçiləri arasında sentyabrın ikinci yarısında qeydə alınan görüşlərdir. Türkiyənin Misirlə Liviya mövzusunda və ümumiyyətlə, hazırda Aralıq dənizi hövzəsində baş verənlərlə bağlı gizli danışıqlara başlaması Ankara nəzərində qarşı cəbhəni bölmək üçün ciddi bir siyasi-diplomatik hücumdur. Misir-Türkiyə gizli danışıqları barədə ilk olaraq Türkiyə prezidenti Ərdoğan açıqlama verdi. Türkiyə XİN rəhbəri Çavuşoğlu isə Misirin Ankaranın regional maraqlarına hörmətlə yanaşdığını, ancaq Misirlə razılaşma əldə olunması üçün iki ölkə arasında artıq 7 ildən çoxdur davam edən soyuqluğun aradan qaldırılmalı olduğunu etiraf etdi. Türkiyə isə Məhəmməd Mursinin devrilməsi və bundan sonra baş verən hadisələrə görə hələ də Misirlə soyuq münasibətləri qoruyub saxlayır.

Bu açıqlamadan belə görünür ki, Türkiyə Liviyada əsas maraqlı tərəflərdən biri olan Misirlə danışıqlar masasına oturmaqla qarşılıqlı razılaşma əldə etməyə çalışır. Çünki Misir Liviya ilə birbaşa sərhədləri olan və general Həftər üzərində ciddi təsirə malik olan ölkələrdən biridir. Misir də Liviyada daha çox oyunçunun iştirak etmədiyi bir razılaşmanın olmasında maraqlıdır. Hər nə qədər indiki şəraitdə qarşı cəbhədə yer alsa da, Misirlə indi Tripoli hökuməti üzərində ciddi təsirə malik Türkiyə ilə ikili razılaşma Misir maraqları baxımından əlverişlidir.

Lakin ciddi iqtisadi problemləri olan və xarici yardımlardan böyük ölçüdə asılılığı olan Misirin müttəfiqlərindən rahatlıqla imtina etməsi inandırıcı olmasa da, Liviya məsələsində Türkiyə ilə ortaq bir razılaşma əldə edəcəyinə ümid edir.

Bu arada qarşı tərəf də sakit dayanmayıb. Oktyabrın 5-də BMT və Almaniyanın təşkilatçılığı ilə Şimali Afrikada atəşkəs mövzusunda videokonfrans təşkil olunacaq. Konfransa BMT baş katibi Quttereş və eləcə də Liviyada iştirak edən tərəf hökumət başçıları da qatılacaq.

Liviya təkcə zəngin neft-qaz ehtiyatlarına görə deyil, həm də Avropanın “burnunun ucunda” olmasına görə böyük ölkələrin maraq mənbəyidir. Aydın məsələdir ki, indi hər kəs Qəddafinin ölkəsinin gələcək taleyində rol almaq istəyir. Ancaq oyunçuların həddən artıq çox olması münaqişənin həllinə öz mənfi təsirini göstərir. Maraqlıdır ki, Suriyada əks cəbhələrdə yer alan Rusiya və Türkiyə indi Liviyada yaxınlaşır. Avropa isə ənənəvi müttəfiqi Türkiyə ilə qarşı-qarşıyadır. Belə bir mürəkkəb “masadan” kimin karlı qalxacağını demək isə indilikdə çox çətindir.



MƏSLƏHƏT GÖR:

285