25 Noyabr 2024

Bazar ertəsi, 10:25

61-ci RAUNDU GÖZLƏYƏRKƏN

Türkiyə ilə Yunanıstan ümumi dil tapmayacaqları halda Avropanı miqrasiya yanğını bürüyəcəkmi?

Müəllif:

01.10.2020

Yunanıstanla Türkiyə qoşunlarını yüksək hərbi hazırlıq vəziyyətinə gətirib. Hər iki tərəf Aralıq dənizinə Hərbi-Dəniz Qüvvələrinin bölüklərini yerləşdirib. Kritlə Kipr arasındakı hövzədə əvvəlcədən planlaşdırılmamış hərbi təlimlərin keçirilməsi isə daha çox güc nümayişinə bənzəyir. Fransa da Şərqi Aralıq dənizində hərbi mövcudluğunu müvəqqəti artırdığını bəyan edib. Bundan başqa, Birləşmiş Ərəb Əmirlikləri Krit adasında bir neçə «F-16» təyyarəsi göndərib.

«Frans Press» agentliyi xəbər verir ki, Yunanıstan regionda gərginliyin artması səbəbilə son 20 ildə ən ciddi hərbi xərclərə getməyə hazırlaşır. Yunan hökuməti hərbi sənayeyə ciddi investisiya yatırmaqla yanaşı, öz Hərbi-Dəniz Qüvvələrini də gücləndirməyi, 4 freqata malik olmasına rəğmən, daha 4-nü almağı, Fransadan 18 «Rafale» təyyarəsi və digər texnikalar əldə etməyi düşünür. Üstəlik, əlavə 15 min insanın hərbi xidmətə çağırılması planlaşdırılır.

Türkiyə öz növbəsində, onun tədqiqat gəmilərinə ediləcək istənilən hücuma qarşılıq veriləcəyini bildirib, Fransanı müstəmləkəçi əməllərdə günahlandırıb. Fransa prezidentinin cavabı daha konkret olub. O, Ankaranın Aralıq dənizi və Liviyadakı əməllərindən sonra artıq Parislə «tərəfdaş olmadığını» bildirib.

Beləliklə, region dövlətləri üçün payız çox isti başlayıb. Son həftələrdə yaşananlar göstərir ki, gərginlik yaxın vaxtlarda azalmayacaq. Hələlik yaranmış çətin vəziyyətdən çıxış yolu görünmür.

Şərqi Aralıq dənizindəki gərginlik olmasa da, NATO çərçivəsində tərəfdaş olan Yunanıstanla Türkiyə 1970-ci illərdən müxtəlif səbəblərdən ən azı 3 dəfə müharibənin astanasına yaxınlaşsalar da, hazırkı münaqişə əvvəlkilərdən fərqlənir. Dəniz və hava sərhədlərinin statusu, Egey dənizindəki adaların kimə mənsub olduğu, Kiprin taleyi kimi uzun illərdir davam edən mübahisələrə daha bir ciddi məsələ əlavə olunub – Şərqi Aralıq dənizindəki perspektiv neft-qaz yataqlarının mənsubiyyəti. Üstəlik, Türkiyə və Yunanıstan ərazisindən Avropaya axışmağa çalışan qaçqınların problemi bu il yenidən qızışıb.

Bu münaqişəyə regionun demək olar ki, bütün dövlətləri, həmçinin bölgədən kənar ölkələr cəlb olunub. İndi problem lokallıqdan çıxaraq, daha miqyaslı münaqişəyə çevrilə bilər. Avropada miqrasiya böhranının başlayacağı da istisna deyil.

 

Razılaşa bilmirlər

Bu ölkələr arasında mübahisəli məsələlər illər keçdikcə daha da artır. Egey dənizindəki bəzi adaların kimə məxsus olduğu (ümumilikdə onların sayı 3 minə yaxındır) ətrafında mübahisə dəfələrlə ciddi qarşıdurmaya yol açıb, hətta tərəflər müharibənin astanasında belə, olub. Məsələn, 1996-cı ilin yanvarında məskunlaşmanın olmadığı İmmiya (yanun) və ya Kardak (Türkiyə) adası ətrafında vəziyyət bu həddə çatmışdı.

Türkiyə ilə Yunanıstan Egey dənizində ərazi suları, kontinental şelf və milli hava məkanı ilə bağlı mübahisələri hələ də həll edə bilməyiblər. Beynəlxalq hüquq normalarına görə, qonşu dövlətlər arasında dəniz sərhədləri kəsişirsə, yaxud üst-üstə düşürsə, sərhədin delimitasiyası dövlətlərarası müqavilə ilə həyata keçirilməlidir. Türkiyə ilə Yunanıstan arasında isə belə müqavilə yoxdur.

Bundan başqa, ekspertlər hesab edir ki, dəniz hüququ tam təkmil olmadığından, münaqişə tərəfləri onu müxtəlif formada şərh edir. Bu isə ortaya bir-birinə tam zidd dəniz xəritələrinin, kontinental şelfin, müstəsna iqtisadi zonaların çıxmasına səbəb olur.

Aralıq dənizində yerləşən Kipr adası faktiki olaraq, 1963-cü ildə yunan və türk icmaları arasındakı silahlı qarşıdurmadan sonra parçalanıb. 1974-cü ildə «qara polkovniklər» rejiminin əməllərinə cavab olaraq, Türkiyə öz Silahlı Qüvvələrini adaya göndərib. Bu, adanın iki yerə bölünməsilə nəticələnib: Şimali Kipr Türk Cümhuriyyəti və beynəlxalq birlik tərəfindən tanınmış Kipr Respublikası.

Türkiyədə hesab edirlər ki, Yunanıstanda 1923-cü ilin Lozanna, 1947-ci ilin Paris müqavilələrinə də əməl etmir. Söhbət Egey dənizindəki adaların demilitarizasiya olunmuş statusunun yer aldığı sənədlərdən gedir. Yunan tərəfi hələ də orada ordu saxlayır. Afina isə buna cavab olaraq bildirir ki, bu addımı Kiprin bir hissəsinin Türkiyə tərəfindən işğalına cavab olaraq atmır.

 

Amerikalılar artıq bacarmırlar

NATO çərçivəsində müttəfiq olan bu iki ölkənin fikri Aralıq dənizinin karbohidrogen resurslarına iddia məsələsində də tam fərqlənir. Səbəb yenə də onların yanaşmalarında kontinental şelfin uzunluğu ilə bağlı fikirlərin üst-üstə düşməməsidir. Bu mübahisə hələ 1974-cü ildə Yunanıstanın Tasos adasında neftin kəşfilə yaranıb. Çünki bu, Egey dənizində başqa yataqların da ola biləcəyinin müjdəçisi idi.

Son onillikdə Aralıq dənizinin şərq hissəsində nəhənc təbii qaz yataqlarının kəşf olunması ilə regional ölkələri onları birlikdə işləmək qərarına gəlib. 2019-cu ilin yanvarında İsrail, Misir, Yunanıstan, Kipr, İordaniya, İtaliya və Fələstin Muxtariyyəti Şərqi Aralıq dənizi Qaz Forumu da yaradıblar. Lakin Türkiyə oraya dəvət olunmayıb.

2020-ci ilin yanvarında isə Yunanıstan, İsrail və Kipr 1900 kilometrlik «EastMed» boru xəttinin tikintisinə dair razılaşma imzalayıblar. O, Şərqi Aralıq dənizindəki qaz yataqlarını Yunanıstan və İtaliyadan keçməklə, Avropa bazarı ilə birləşdirməlidir.

Halbuki ekspertlərin qiymətləndirməsinə görə, boru xəttinin Türkiyə ərazisilə çəkilməsi daha ucuz, texnoloji baxımdan daha asan başa gələrdi.

İndi görünən odur ki, Türkiyə bütün bunlarla barışmaq fikrində deyil. O, bütün addımları ilə sözügedən dövlətlərin Ankaranı bu layihələrdən kənar qoymaq cəhdlərinin əbəs olduğunu göstərir. Məsələn, 2018-ci ilin əvvəllərində İtaliyanın «ENI Saipem» qazma gəmisi Kipr hövzəsinə yaxınlaşan zaman Türkiyənin bir neçə hərbi gəmisi onu mühasirəyə almışdı. Nəticədə, İtaliya gəmini geri çağırmış, «ExxonMobil» şirkətinin burada aparmağı planlaşdırdığı işlər isə təxirə salınmışdı.

Türkiyə özünün də haqqı olan sularda kiminsə bu işlərə başlamasına imkan verməməklə yanaşı, özü orada qaz yataqlarının axtarışını aparır. Son gərginlik də məhz bununla bağlıdır – avqustun 10-da Türkiyənin tədqiqat gəmisi kiçik eskadranın müşayiətilə Aralıq dənizindəki mübahisəli ərazidə geoloji kəşfiyyat işlərinə başlayıb. Yunanıstan buna həmin əraziyə hərbi gəmilərini göndərməklə cavab verib. Bu isə kiçik qarşıdurmaya, ardınca isə məqalənin əvvəlində qeyd olunan miqyaslı manevrlərə yol açıb.

Tərəflər arasında indiyədək yaranmış hərbi böhranlar zamanı məsələ ABŞ-ın vasitəçiliyilə uğurla həll olunurdu. Lakin indi bu, real görünmür. Türkiyənin ABŞ ilə münasibətləri son dərəcə pisləşib və bunun səbəblərindən biri də onların Suriya probleminin həllinə fərqli yanaşmalarıdır. NATO daxilindəki fikir ayrılıqları isə blokun üzvləri arasında effektiv vasitəçi olmasına imkan vermir.

 

Miqrasiya dalanı

Türkiyə-Yunanıstan münasibətlərindəki problemə Avropanın sərhədlərində yenidən baş qaldırmış miqrant böhranı da əlavə olunub. Türkiyə uzun müddətdir ki, Avropa İttifaqını həm də 2016-cı ildə əldə olunmuş razılaşmaya əməl etməməkdə də günahlandırır. Burada Türkiyə qismən haqlıdır. Türkiyə vətəndaşlarının Aİ-yə vizasız buraxılması ilə bağlı danışıqlar dalana dirənib. Ankaranın Aİ-yə üzvlüyülə bağlı danışıqlar isə artıq ümumiyyətlə aparılmır. Türkiyə ilə Gömrük İttifaqında islahatlarla bağlı müzakirələr də «ölü nöqtə»dən tərpənmir. Lakin Türkiyə hökumətini ən çox qıcıqlandıran qaçqınlara yardım olaraq 2022-ci ilədək ayrılmalı olan 6 milyard avronun çox ləng göçürülməsidir.

Halbuki, Türkiyə bu ilin əvvəlinədək üzərinə götürdüyü bütün öhdəliklərə əməl etmişdi. Türkiyə hökumətinin məlumatına görə, Avropaya miqrant axınının qarşısının alınmasına artıq Aİ-dən gözlənilən yardımdan xeyli artıq vəsait xərclənib – təxminən, 40 milyard avro. Bundan başqa, Ankarada hesab edirlər ki, bu illərdə Aİ müqavilədə nəzərdə tutulandan qat-qat az miqrant qəbul edib – cəmi 25 min nəfər. Halbuki, Türkiyə bu müddətdə, təxminən, 4 milyon qaçqına qucaq açıb. Bu azmış kimi, Suriyanın şimal-şərqində vəziyyətin gərginləşməsilə qaçqın axınının daha da artacağı gözlənilir. Türkiyənin resursları isə tükənir.

Rəsmi Ankara bildirir ki, məhz bu üzdən ölkənin Avropaya üz tutmaq arzusunda olan qeyri-leqal immiqrantlarla bağlı siyasəti yumşaltmaqdan başqa yolu qalmayıb. İndi Türkiyə qaçqınlarla bağlı razılaşmaya yenidən baxılmasını, maliyyə yardımının artırılmasını tələb edir.

Bundan başqa, Türkiyə Aİ-ni Yunanıstanın əməllərinə göz yummaqda da günahlandırır. Ankarada bildirirlər ki, Afina insan haqlarını pozaraq, razılaşmaya məhəl qoymayaraq, qaçqınlara sığınacaq verilməsi prosedurunu dayandırıb və ərazisinə miqrant buraxmır. Türkiyənin sahil mühafizəsindən verilən məlumata görə, qurumun əməkdaşları yalnız sentyabrda «yunan hərbçilərinin Türkiyə sularına atdığı» 5000-dən artıq miqrantı xilas edib. Bunu beynəlxalq hüquq müdafiəsi təşkilatları da təsdiqləyir.

 

Qəribə il

Avropa İttifaqı Yunanıstana tam dəstək verir və Brüssel bunu gizlətmir. Lakin avropalılar yenə də kompromis tapmağa çalışır. Odur ki, Aİ və hazırda quruma rəhbərlik edən Almaniya qarşısında çətin vəzifə durur. Onların vasitəçilik səylərisə, deyəsən, ilk nəticələrini verir.

Ən azı, Türkiyə Almaniyanın istəyini qarşısında güzəştə gedərək, Kipr ətrafında kəşfiyyat işlərini dayandırıb. İndi Almaniya qarşıdurmanı mümkün qədər yumşaltmaq üçün Türkiyə ilə Aİ arasında Gömrük İttifaqının genişləndirilməsi imkanlarını nəzərdən keçirir.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen isə miqrasiya probleminin həllinə yeni yanaşmanın ortaya qoyulacağını bidirib. «Avropada qaçqınlara sığınacağın verilməsilə bağlı köhnə sistem artıq işləmir», - deyə o, etiraf edib.

Nəhayət, Yunanıstanla Türkiyə yaxın zamanlarda İstanbulda danışıqların 61-ci raundunun keçirilməsilə bağlı razılığa gəliblər. Doğrudur, əvvəlki 60 raund (sonuncusu 2016-cı ildə olub) heç bir nəticə verməyib. Amma yenə də ümid edək ki, 2020-ci il bizi yenə də təəccübləndirəcək.



MƏSLƏHƏT GÖR:

292