Müəllif: Natiq NAZİMOĞLU
Belarusda maraqlı xarici qüvvələrin də təsirilə cərəyan edən hadisələr açıq-aşkar dərin böhran mərhələsinə keçməkdədir. Ölkənin hazırkı başçısı Aleksandr Lukaşenkonun avqustun 9-da keçirilmiş son prezident seçkisinin qalibi elan olunması ilə başlamış kütləvi etiraz aksiyaları səngimir və bu, siyasi islahatları, həmçinin güman ki, hakimiyyət tranzitini qaçılmaz edir. Bəs, yaşananların xarici siyasi xarakteri necə olacaq? Belarus ətrafında gedən sərt geosiyasi çəkişmələri də nəzərə alsaq, hazırda bu suala cavab vermək praktik olaraq, mümkünsüzdür.
Lukaşenko «elə-belə» çıxıb getməyəcək
Aleksandr Lukaşenko hakimiyyətinə qarşı artıq 2-ci aydır davam edən nümayişlər zaman-zaman son dərəcə sərt vasitələrlə dağıdılır, müxalifətçilər, eyni zamanda prezidentin siyasətindən narazı olan adi vətəndaşlar həbs olunur. Toqquşmalar nəticəsində bir neçə nəfər həyatını da itirib. Bu, ölkədə vətəndaş qarşıdurmasının getdikcə dərinləşdiyini göstərir. Belarus faktiki olaraq, parçalanıb. Hər halda, ictimaiyyətin əhəmiyyətli bir hissəsinin prezident Lukaşenkonu dəstəklədiyinə şübhə yoxdur. Amma ən azı bir şəxsin uzun illərdir prezident olmasından narazı olan kütlə də zəif deyil.
Lukaşenko özü də «prezident kyrsüsündə bir az çox oturduğunu» etiraf edib. Bununla yanaşı, «elə-belə» çıxıb getmək fikrində olmadığını da bildirib: «Getsəm, tərəfdarlarımı doğrayarlar». Bu bəyanat öz-özlüyündə daxili siyasi mübarizənin nə qədər kəskin olduğunu göstərir. İndi müxalifətin hakimiyyətə yalnız dinc yolla gəlmək istədiyini bəyan etməsi belə, mübarizənin kəskinlik dərəcəsini «maskalaya» bilmir.
Seçkidə Lukaşenkonun əsas rəqibi olmuş Svetlana Tixanovskaya nümayişçilərlə güc strukturları arasında sərt qarşıdurmanın ilk günlərindəcə ölkəni tərk edərək qonşu Litvaya sığınıb. Bununla yanaşı, o, bütün müxalifət adından bəyan edib ki, prezident Aleksandr Lukaşenko «dinc şəkildə, insan kimi çıxıb gedərsə», onun təhlükəsizliyinə zəmanət veriləcək. Tixanovskaya deyib ki, Lukaşenkonun hakimiyyətdən könüllü şəkildə gedəcəyi təqdirdə, «köklü dəyişikliklər olmayacaq», «hazırda hökumətdə çalışan şəxslərin çoxu, yəqin ki, vəzifəsində qalacaq».
Lukaşenkonun qeyri-adi addımı faktiki olaraq, bu çağırışa cavab sayıla bilər. Söhbət onun gözlənilməz, yaxud ekspertlər və KİV-in qeyd etdiyi kimi, gizli inauqurasiyasından gedir. Lukaşenko təntənəli andiçmə mərasimində Belarusda «rəngli inqilab» cəhdinin iflasa uğradığını bəyan edib. Lakin Müxalifətin Koordinasiya Şurası prezident seçkisinin nəticələrinin saxtalaşdırıldığını bildirərək, təkrar seçki tələbini davam etdirir.
Lukaşenkonun «xalqdan gizli» keçirilmiş inauqurasiyasına gəlincə, Tixonovskaya bunu «hoqqabazlıq» kimi qiymətləndirib: «Onun əvvəlki səlahiyyət müddəti bitdi. Xalq ona yeni mandat vermədi».
Lakin hazırda Belarusda yaşananlar, əlbəttə ki, bu və ya digər siyasətçinin perspektivi məsələsindən daha dərindir. Ölkədə gələcək hakimiyyətin konfiqurasiyası daha çox məlum xarici güclərin kimə və hansı şərtlərlə üstünlük verəcəyindən asılı olacaq. Hər halda, həmin güclərin Belarusda baş verənlərə təsiri həlledici dərəcədədir.
Tixonovskaya Avropa səhnəsində
Qərb faktiki olaraq, Lukaşenko ilə münasibətləri tam kəsib. Onun Lukaşenkonu legitim prezident saymadığını bəyan etməsi bütün körpülərin yandırılması anlamına gəlir. Beləliklə, Avro-Atlantik dairələri noyabrın 5-dən sonra (əvvəlki səlahiyyət müddəti məhz həmin gün bitir) Lukaşenkonu Belarus prezidenti saymayacaq.
Bu mənada, Avropa Parlamentinin qətnaməsi maraq doğurur. Sənəddə bildirilir ki, qurum «Avropa Şurasının mövqeyinə uyğun olaraq, Belarusda avqustun 9-da keçirilmiş prezident seçkisinin nəticələrini tanımır. Çünki o, bütün beynəlxalq normaların kobud şəkildə pozulması ilə keçirilib».
Bununla yanaşı, Avropa Parlamenti Müxalifətin Koordinasiya Şurasını «xalqın müvəqqəti təmsilçisi» elan edib və onun ölkədə yeni prezident seçkisinin keçirilməsi ideyasına tam dəstək verib. Yalnız «biabırçı qanun pozuntuları»na deyil, həm də etiraz aksiyası iştirakçılarına qarşı güc tətbiqinə etiraz edən Avropa Parlamenti «seçkinin saxtalaşdırılmasında və ölkədəki repressiyalarda əli olan» məmurlara, başda isə Lukaşenkoya sanksiyaların tətbiqinə tərəfdar olduğunu bəyan edib. Qətnamədə Avropa İttifaqı Şurasından Minskə istənilən pul köçürməsinin dondurulması, Avropa İnvestisiya Bankı ilə Avropa Yenidənqurma və İnkişaf Bankı da daxil olmaqla, bu ölkəyə kredit ayrılmasının qadağan edilməsi istənilir. Bununla yanaşı, Belarusda vətəndaş cəmiyyətə ayrılan maliyyənin artırılması təklif olunur. Bu, əslində, Minskin Aİ ilə yaxınlaşmasına tərəfdar olan qurumlara maliyyə dəstəyinin artırılması anlamına gəlir. Bu mənada Polşa və Litvanın baş nazirlərinin imzaladıqları bəyannamələr də maraqlıdır. Belarusda baş verənlərə Avropanın təsirinin özünəməxsus lokomotivləri olan bu iki dövlətin imzaladığı bəyannamələr Belarusdakı etiraz aksiyalarında iştirak edən insanlara yardım göstərilməsini nəzərdə tutur.
Avropa İttifaqının Lukaşenkonun legitimliyinin tanınmaması qərarında israrlı olduğunu Svetlana Tixanovskayanın Aİ ölkələrinin XİN başçılarının toplantısına dəvət olunması da təsdiqləyib. Başqa sözlə, Belarus müxalifətinin vahid namizədi bu toplantıya de-fakto Belarus xalqının «qanuni təmsilçisi» kimi qatılıb. Avropalı nazirlərin Lukaşenko və ətrafına sanksiyaların tətbiqi haqda qərar qəbul edə bilməməsi də bu faktın əhəmiyyətinə qətiyyən kölgə salmayıb. Sanksiya qərarının qəbuluna isə Kiprin mövqeyi imkan verməyib. O, tələb edib ki, Belarusla yanaşı, Türkiyəyə də sanksiyalar tətbiq olunsun. Kipr bu tələbini Aralıq dənizinin karbohidrogen resursları ilə bağlı yaranmış ziddiyyətlə əlaqələndirib.
İndi Belarusa qarşı sanksiyaların Aİ-nin oktyabrın əvvəlində keçiriləcək sammitində qəbul olunacağı gözlənilir.
Aleksandr Lukaşenkonu Belarus prezidenti kimi tanımaqdan ABŞ da imtina edib. Dövlət Departamentinin Lukaşenkonun «gizli» inauqurasiyasından sonra verdiyi bəyanatda deyilir ki, Birləşmiş Ştatlar onu Belarusun qanuni seçilmiş prezidenti hesab edə bilməz, çünki «9 avqust seçkisi azad, ədalətli keçirilməyib, onun nəticələri isə saxtalaşdırıldığı üçün qeyri-legitimdir».
Qərbin təzyiqləri özünü BMT-nin İnsan Haqları Şurasının toplantısında da açıq şəkildə göstərib. Qurumun qəbul etdiyi qətnamədə Belarus hökuməti zorakılığa son qoymağa, siyasi məhbusları azad etməyə, Müxalifətin Koordinasiya Şurası və vətəndaş cəmiyyətilə dialoqa çağrılır. Tixanovskaya video formatda bu toplantıya da qatılıb və bu, Çin, Venesuela, ən başlıcası isə Rusiyanın qəzəbinə səbəb olub.
Aleksandr Lukaşenkoya təsir gücü olan əsas geosiyasi aktor məhz Rusiyadır. Lakin o, keçmiş SSRİ məkanında növbəti «rəngli inqilab» ehtimalı ilə bağlı Belarusda baş verənlərə öz strateji maraqları kontekstində təsir göstərməyə çalışır. Çünki bu halda ənənəvi nüfuz dairəsindən bir qədər də sıxışdırılacağını anlayır. Üstəlik, Belarusda hakimiyyətə qərbpərəst qüvvələrin gələcəyi təqdirdə bu ölkənin strateji əhəmiyyətli forposta çevrilməsi perspektivi realdır. Moskvada əmindirlər ki, bu halda Belarusdan məhz Rusiyanın maraqlarına qarşı istifadə ediləcək. Xüsusilə də nəzərə alsaq ki, Belarusiya məsələsində Moskva vaxtilə Krım və Donbasda aralandığı resurslara malik deyil.
Putinin «stavka»sı
Rusiyanın Belarusda geosiyasi məğlubiyyətilə barışmaq niyyətində olmadığını Aleksandr Lukaşenkonun Moskva səfəri də göstərib. Rusiyanın dövlət başçısı Vladimir Putin onunla görüşündə bildirib ki, ölkəsi Belarusu özünün ən yaxın müttəfiqi, Lukaşenkonu isə bu dövlətin legitim prezidenti sayır. Bununla yanaşı, Putin Lukaşenkonun Belarusda Konstitusiya dəyişikliklərinə getmək istəyini də dəstəkləyib.
Son aspekt xüsusilə maraqlıdır. Moskva yaranmış vəziyyətdə Lukaşenkonu dəstəkləsə də, onun keçmişdə Rusiya üçün bir sıra ciddi məsələlərdə inadkarlıq göstərməsini unutmadığını da nümayiş etdirir. Onlardan ən əsası sürətli inteqrasiya perspektividir – Lukaşenko bunu yalnız Belarusun suverenliyi çərçivəsində mümkün sayır. Bu mənada Lukaşenkonun ölkə parlamentində ötən ilin dekabrında, Putinlə görüş ərəfəsindəki çıxışı zamanı işlətdiyi bir fikir hər kəsin yadındadır: «Yadda saxlayın, mən 3-4-5 il prezident işləmiş hansısa uşaq deyiləm. Sizinlə, xalqımla birlikdə gördüyüm işlərin üzərindən xətt çəkmək niyyətində deyiləm. Suveren dövlət qurmuşuq. İndi onu üzərində xaçın ucaldığı qutuya uzada bilmərəm».
İndi, belə çıxır ki, Belarusda yeni Konstitusiyanın qəbulu ideyasını yüksək qiymətləndirən Rusiya prinsipcə, Lukaşenkonu ciddi daxili siyasi islahatlara sövq etməyə hazırdır. Lakin bu zaman Minskin Moskva ilə münasibətlərə baxışı dəyişməməlidir. Bu mənada, Belarusun hakimiyyət tranziti yaşamağa məhkum olduğuna heç bir şübhə qalmır. Yəni Rusiya ilə Qərbin Belarus uğrundakı savaşının məğzi Lukaşenko şəxsiyyətinə münasibət deyil. Onların burada baş verəcək hakimiyyət tranzitinə, onun formasına, geosiyasi mahiyyətinə yanaşması fərqlidir.
Beləliklə, Putinin Lukaşenkoya yardım əli uzatması sonuncuya hakimiyyətdən gedişini bir qədər ləngitmək imkanı verir. Lakin o, rusiyapərəst kursun dəyişməzliyini təmin etməlidir. Ötən 26 ildir, bu kursun sadiq daşıyıcısı məhz Aleksandr Lukaşenko olub.
Putinin Belarusa yardım əli uzatdığını iki prezidentin görüşündə bu ölkəyə 1,5 milyard dollarlıq dövlət kreditinin ayrılması ilə bağlı gəlinmiş razılaşma da təsdiqləyir. Ayrılacaq kreditin bir hissəsinin Minskin köhnə öhdəliklərinin maliyyələşdirilməsinə xərclənəcəyi bildirilir. Lukaşenko isə güman ki, Belarus ərazisindəki 2 hərbi obyektin təmənnasız Moskvaya icarəyə verilməsi məsələsini həll edəcək. Tərəflər arasında bununla bağlı razılaşmanın müddəti gələn il başa çatır. İndi, Rusiyanın bu əhəmiyyətli strateji obyektlərdən istifadəni davam etdirəcəyinə heç bir şübhə yoxdur. Lukaşenko Moskvada Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşündə deyib: «Kimsə Belarusun zəiflədiyini, ayağa qalxa bilməyəcəyini, Rusiyanın isə kənara çəkiləcəyini düşünürsə, onun ağlı yoxdur. Biz nəinki Belarusda, həm də sərhədlərimizin perimetri boyunca vəziyyətə nəzarət etmək gücündəyik. Ümumi Vətənimizin – Brestdən Vladivostokadək – müdafiəsi məsələsində etibarlılığımıza heç bir şübhəniz olmasın. Son hadisələri bir daha göstərir ki, biz birlikdə olmalıyıq. Bizim aramızı vurmaq istəyənlər buna nail ola bilmədilər».
Amma bu planlar Lukaşenkonun elan etdiyi «Rusiya və Belarusun vahid Ana-Vətəni» kontekstində reallaşacaqmı? Ümumiyyətlə, yaxın perspektivdə Belarusu nə gözləyir? Yalnız Belarusun özünün taleyi yox, bütünlükdə postsovet məkanında bir çox dərin siyasi proseslərin perspektivi məhz bu sualların cavabından asılıdır.
MƏSLƏHƏT GÖR: