19 Dekabr 2024

Cümə axşamı, 13:10

«DANIŞIQLAR PROSESİ ÖLÜB»

Metyu BRAYZA: «Azərbaycanın strategiyasını nəzərə alsaq, Ermənistanın öz mövqelərini qorumaq şansı, həqiqətən, azdır»

Müəllif:

15.10.2020

Metyu Brayza Dağlıq Qarabağ münaqişəsilə dərindən tanış olan diplomat və ekspertdir. O, 1997-ci ildən ABŞ hökumətində Cənubi Qafqaz, Mərkəzi Asiya, ümumilikdə Avrasiya regionu ilə məşğul olub. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini olub. Daha sonralar ATƏT-in Minsk qrupuna həmsədrlik edib, Birləşmiş Ştatların Azərbaycandakı səfiri işləyib. Hazırda BRAYZA ABŞ Atlantik Şurasının böyük elmi işçisidir. O, regionla bağlı işini fəal şəkildə davam etdirir.

Meytu BRAYZA «Region plus»a müsahibəsində Ermənistan-Azərbaycan münaqişə zonasına vəziyyətin qarışması haqda düşüncələrini bölüşüb.

- Cənab Brayza, fikrinizcə Dağlıq Qarabağ münaqişəsinin uzun illərdir davam edən atəşkəsdən sonra bu qədər ciddi şəkildə gərginləşməsi nə ilə bağlıdır?

- Əla sualdır. Düşünürəm ki, birincisi, köhnə siyasi sistem və «Daşnaksutyun»dan olan radikal millətçilər baş nazir Nikol Paşinyanı danışıqlar prosesindən imtinaya məcbur ediblər. Söhbət Ermənistanın sabiq prezidenti Serj Sarqsyanla Azərbaycanın dövlət başçısı İlham Əliyev arasında 2009-cu ilin yanvarında razılaşdırılmış, «Madrid prinsipləri» əsasında aparılan danışıqlardan gedir. Yeri gəlmişkən, «Kazan prinsipləri» elə «Madrid prinsipləri»nin modifikasiyasıdır.

Paşinyan «Dağlıq Qarabağ Ermənistandır və nöqtə» deməklə, Ermənistanın təxminən 1 il əvvələdək ilkin razılıq verdiyi bütün məqamların üzərindən xətt çəkib. Ondan cəmi bir neçə həftə sonra isə açıq şəkildə deyib ki, «artıq mənim və ya Ermənistanın «Madrid prinsipləri»nə əsaslanan hansısa öhdəliyimizin olduğunu hiss etmirəm. Biz Ermənistanda sülh istəyirik. Danışıqlara başlanması üçün müzakirələrdə Dağlıq Qarabağ nümayəndələrinin də iştirak etməsi lazımdır».

Bu, o anlama gəlir ki, Azərbaycanın hələ danışıqlar prosesinin əvvəlində Dağlıq Qarabağın müstəqilliyini tanımalı imiş. Bu, ədalətsizlikdir! «Madrid prinsipləri»nin bütün məğzi ondan ibarət idi ki, nə Azərbaycan Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu deməyə, nə də Ermənistan Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa vadar edilməlidir. «Madrid prinsipləri»ndə bu məsələ faktiki olaraq, sona saxlanmışdı. Paşinyan isə israrla dedi ki, «gəlin bu haqda elə indi danışaq».

Belə olduqda Azərbaycan danışıqlar prosesini mümkünsüz saymağa başladı, Prezident Əliyev isə müzakirələrin davam etdirilməsinin mənasız olduğunu bəyan etdi.

Beləliklə, danışıqlar prosesi öldü. Üstəlik, iyulda Azərbaycan-Ermənistan sərhədində hərbi toqquşmalar. Məhz bundan sonra hər iki tərəf münaqişə bölgəsindəki təmas xətti boyunca ağır silahlar, zirehli texnika cəmləməyə başlamışdı. Artıq «Pandora qutusunun açılması» və müharibənin başlaması üçün bir təxribat, yaxud bir səhv kifayət idi. Fakt ortadadır. Bu, faciədir.

- Necə düşünürsünüz, yaxın gələcək üçün hadisələr hansı ssenari üzrə inkişaf edə bilər?

- Düşünürəm ki, ən çox ehtimal olunan ssenari Azərbaycanın son bir neçə gündə əldə etdiyi nailiyyətlərə əsaslanır (əks-hücumun ilk həftəsi – red.). Azərbaycan Cəbrayıl və Füzuli rayonlarında daha böyük əraziləri öz nəzarətinə qaytaracaq, yalnız düzənliklərdə deyil, yüksəkliklərdə də mövqelərini möhkəmləndirəcək, bu isə ona azad edilmiş ərazilərin müdafiəsini təmin etmək imkanı verəcək. Bakı yalnız bundan sonra dayanacaq. Bundan başqa, Azərbaycan münaqişə zonasının şimal cəbhəsində də mövqelərini gücləndirəcək, bu isə ona artilleriya imkanları sayəsində Ermənistanın Vardenis rayonunu işğal altındakı Kəlbəcər və Mardakertlə (Ağdərə – red.) birləşdirən yolu kəsmək imkanı verəcək.

Bu döyüşlərin nəticəsində yeni siyasi xəritə yaranacaq və o, danışıqlar prosesində Azərbaycanı daha güclü mövqeyə gətirəcək. Bundan sonra Bakı danışıqlara daha güclü mövqe ilə qayıdacaq. Bu anda Rusiyanın Ermənistanı danışıqlar masası arxasına ilkin şərt irəli sürmədən əyləşməyə razı salması və ya məcbur etməsi vacibdir. Söhbət baş nazir Paşinyanın indiyədək irəli sürdüyü şərtlərdən gedir. Onun şərtlərindən belə çıxır ki, Azərbaycan Ermənistan nümayəndələrilə yanaşı, Dağlıq Qarabağla da danışıqlar aparmalıdır. Yerevanın bu mövqeyi düzgün deyil və ədalətsizdir. Çünki Dağlıq Qarabağın yekun hüquqi statusu (bölgə Azərbaycanın tərkibində qalacaq, yoxsa necə olacaq) yalnız danışıqlar nəticəsində müəyyənləşə bilər. Ermənistan danışıqların aparılması üçün ilkin şərt kimi Dağlıq Qarabağın Azərbaycanın yurisdiksiyasından çıxarılmasını tələb edirsə, Bakının müzakirələrə başlaması üçün stimulu olmayacaq. Mən bilirəm ki, bunu Rusiya da anlayır və güman edirəm ki, onlar hərbi əməliyyatların bitməsindən sonra İrəvanı danışıqlar masası arxasına əyləşməyə məcbur edəcəklər.

- Bir çox müşahidəçilər deyirlər ki, bu dəfə Moskva heç kimin tərəfini tutmamaq, baş verənləri kənardan müşahidə etmək qərarına gəlib. Kremlin Dağlıq Qarabağda baş verənlərə belə münasibəti nədən qaynaqlana bilər?

- Bəli, razıyam ki, Moskvanın hərbi əməliyyatlara reaksiyası əksər müşahidəçinin təəccübünə səbəb olub. Hər halda, Rusiya ən azı diplomatik kanallarla da olsa, KTMT çərçivəsindəki müttəfiqi Ermənistanın köməyinə gəlməyib. Əvəzində, Rusiya hər iki tərəfi hərbi əməliyyatları dayandırmağa çağırır. Bir məqamı mütləq qeyd etmək lazımdır – tərəfləri əməliyyatları dayandırmağa səsləyən Moskva müttəfiqinə mənəvi dəstək də ifadə etməyib. Bundan başqa, prezidentlər Tramp, Makron və Putinin birgə bəyanatında da tərəflər hər hansı ilkin şərt irəli sürmədən danışıqlar masasına çağırılıb. Bunu da qeyd etmək çox vacibdir. Çünki Azərbaycan danışıqların bərpa olunması üçün hər hansı ilkin şərt irəli sürmür. Bunu yalnız Ermənistan edir. Bu, Moskvanın Paşinyana təzyiqinin daha bir göstəricisidir. Niyə? Düşünürəm ki, əsas səbəb Putinin baş nazir Paşinyanı sevməməsidir. Rusiya prezidenti siyasi sistemə aid olmayan, lakin köklü siyasi sistemin devrilməsində xalqın dəstəyini ala bilmiş Paşinyana son dərəcə ehtiyatla yanaşır. Bundan başqa, Putin hesab edir ki, Paşinyan son il ərzində «Qarabağ Ermənistandır və nöqtə» kimi bəyanatlar verməklə, ağılsızlıq edib.

Putin ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətin başçısı kimi, bunun Ermənistanın özü üçün də yanlış olduğunu bilir. Çünki İrəvan Dağlıq Qarabağı nə Ermənistanın tərkib hissəsi kimi, nə də müstəqil dövlət kimi tanıyır. Nəhayət, Rusiya, sadəcə, Azərbaycanla münaqişəyə cəlb olunmaq istəmir. Paşinyanın hələ iyulda Ermənistan ərazisindəki hansısa atışmaya görə KTMT-nin iclasının çağırılması tələbilə çıxış etməsi Rusiyanı özündən çıxarmışdı. O zaman Paşinyan xahişindən dərhal imtina etmişdi. Düşünürəm ki, bu, Moskvanın, həmçinin KTMT-nin Tovuz döyüşlərində Ermənistana yardım göstərməkdən imtinasından sonra baş vermişdi.

Beləliklə, Kreml KTMT üzvü olan müttəfiqini sadalanan səbəblər üzündən dəstəkləmir. Bundan başqa, Rusiya Azərbaycanla münasibətlərini daha da yaxşılaşdırmaq istəyir.

- Ermənistan ordusunun hazırkı vəziyyətini, üçüncü tərəflərin dəstəyinin olmadığını nəzərə alsaq, İrəvanın mövqelərini qoruyub saxlamaq şansı nə qədərdir?

- Düşünürəm ki, Azərbaycanın strategiyasını nəzərə alsaq, Ermənistanın öz mövqelərini qorumaq şansı, həqiqətən, azdır. Ermənistan əmin idi ki, o, Azərbaycan tərəfinin mümkün «blitskriq»inə hazırdır. Onlar hesab edirdilər ki, Azərbaycan Ordusu Ermənistanın müdafiə xəttini hansısa konkret istiqamətdən yarmağa, işğal olunmuş ərazilərin dərinliyinə həmin istiqamətdə irəliləməyə çalışacaq. Düşünürdülər ki, onlar belə hücuma hazırdırlar və hadisələrin inkişafını vaxtında əngəlləyə biləcəklər. Amma görünən odur ki, hazırda Azərbaycanın etdiyi bu deyil. Azərbaycan Ordusu mərhələli şəkildə irəliləyir. O, Ermənistanın hərbi vasitələrinin – istər tank olsun, istər zirehli texnika, bina, «S-300» sistemləri və ordu – mərhələli şəkildə məhvi, sıradan çıxarılması üçün radioelektron savaşdakı üstünlüklərindən, pilotsuz uçuş aparatlarından istifadə edir.

Ermənistan qoşunlarının və silahlarının xeyli az olduğunu, üstəlik, onların radioelektron mübarizə vasitələrinin, yaxın məsafəli hava hücumundan müdafiə sistemlərinin olmadığını da nəzərə alsaq, Ermənistanın Rusiyanın müdaxiləsi olmadan baş verənləri dayandıra biləcəyini düşünmürəm. Moskva isə məsələyə artıq dediyim kimi, vəziyyət kökündən dəyişməmiş müdaxilə etməyəcək. Əgər məsələn, Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanımasının qarşılığında Azərbaycan Stepanakertə (Xankəndi – red.) hücum edərsə. Amma bunun baş verəcəyini də düşünmürəm. Hesab etmirəm ki, Azərbaycanın məqsədi ermənilərin Dağlıq Qarabağdan qovulmasıdır. Azərbaycan sadəcə, öz vətəndaşlarının doğma torpaqlarına, öz ev-eşiklərinə qayıtmasını istəyir, beynəlxalq hüququ «oyatmağa», öz əraziləri üzərində nəzarəti bərpa etməyə çalışır.

- Sizin ATƏT-in Minsk qrupuna həmsədrlik etdiyiniz dönəmdə masa üzərində «Kazan sənədi» adlı təkliflər var idi. Nəzərə alsaq ki, Yerevan işğal altındakı torpaqlardan çıxmaqdan boyun qaçırır, bu gün tərəflərin həmin formul əsasında müzakirələri bərpa etməsi nə dərəcədə aktualdır?

- Əslində, mənim həmsədr olduğum vaxt «Kazan sənədi» yox idi. O, məndən sonra ortaya çıxıb. O vaxt «Madrid prinsipləri» adlı sənəd aktual idi. «Kazan sənədi» onun yenilənmiş formasıdır.

Hər halda, Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı əsas sənəd məhz «Madrid prinsipləri»dir. O, bu gün də aktualdır və Azərbaycanın mövqeyinə tam uyğundur. Bunu Bakı da rəsmən təsdiqləyib. Son olayların ən vacib yeniliyi Paşinyanın «Madrid prinsipləri»ndən imtinasıdır. Bu, ədalətsizlikdir. Çünki 2009-cu ilin yanvarında Paşinyanın sələfi Serj Sarqsyan İlham Əliyevlə prosesin bu sənəd əsasında aparılmasına dair razılığa gəlmişdi. Bu, irəli addım idi. Artıq hər iki tərəfin sənəddə yer almış bir sıra vacib detalları reallaşdırması lazım idi. Lakin bu, baş vermədi. Çünki hər iki lider xalqların onların kompromislərinə hazır olmadığını bilirdilər. Məhz bu üzdən, 2018-ci ilin sonlarında Prezident Əliyevlə baş nazir Paşinyanın Düşənbədə keçirilmiş ilk görüşündə tərəflər əhalinin sülhə hazırlanması ilə bağlı razılığa gəlmişdilər. Onlar sənəddə qeyd olunan əsas prinsipləri qəbul etdiklərini deyirdilər və bu, məni çox sevindirirdi. Hətta düşünürdüm ki, Paşinyan baş verənlərə tam fərqli yanaşan, fərqli baxan yeni liderdir. Çünki o, həmin vaxtadək Ermənistanın siyasi sisteminə hökmranlıq etmiş köhnə «Qarabağ klanı»na aid deyildi. Fikirləşirdim ki, bu, «Madrid prinsipləri»nə əsaslanan prosesin başa çatdırılmasına kömək edəcək. Lakin son il ərzində Nikol Paşinyan Ermənistanın köhnə rejimi və «Daşnaksutyun» tərəfindən ciddi təzyiqlərlə üzləşmişdi. Nəticədə, o, «Madrid prinsipləri» və ya sizin dediyiniz kimi, «Kazan sənədi» əsasında prosesin başa çatdırılmasından imtina etdi. Düşünürəm ki, məhz Paşinyanın, təxminən, 15 il əvvəl əldə edilmiş irəliləyişin üzərindən xətt çəkməsi Prezident Əliyevin danışıqlar prosesinə inamının bitməsinə, artıq müzakirələrin mənasının qalmadığını bəyan etməsinə səbəb olub (səhv etmirəmsə, sentyabrın 15-i idi).

İndisə Paşinyan danışıqlar prosesinə qayıtmağa hazır olduğunu deyir, amma bunun yalnız Azərbaycanın Dağlıq Qarabağı öz ərazisi saymadığını deyəcəyi təqdirdə baş tutacağını söyləyir. Bu ilkin şərt isə təbii ki, Azərbaycanın vətəndaşları üçün qəbuledilməzdir.

- ABŞ-da prezident seçkisinin yaxınlaşdığını nəzərə alsaq, bu gün Vaşinqton Dağlıq Qarabağ münaqişəsinə nə qədər ciddi cəlb olunub?

- O qədər də cəlb olunmayıb. Əlbəttə, bizim tərəfimizdən prosesdə bu gün də həmsədr iştirak edir və o, əla diplomatdır. Lakin bildiyimə görə, bu gün nə dövlət katibi, nə də prezident danışıqlar prosesinə köklənib. Mən həmsədr olduğum illərdə bilirdim ki, dövlət katibi Kondoliza Rays bu məsələ ilə dərindən maraqlanırdı. Bilirdim ki, lazım gələcəksə, prezident Buşa zəng ediləcək və işə o da qarışacaq. Bu gün vəziyyətin belə olduğunu düşünmürəm. Yalnız ona görə yox ki, prezident Tramp COVID-19 xəstəsidir və ya ABŞ prezident seçkisinə hazırlaşır. Sadəcə ona görə ki, bu, ona maraqlı deyil – nə Cənubi Qafqaz siyasətində, nə də ümumilikdə xarici siyasətdə.

- Bu gün eskalasiyanın dayandırılması, tərəflərin danışıqlara qayıtması üçün vasitəçilər nə edə bilər?

- Əgər Minsk qrupunu nəzərdə tutursunuzsa, onlar heç nə edə bilməzlər. Bir neçə gün əvvəl prezident Makron faktiki olaraq, tərəflərdən birinə açıq dəstək verməklə, Fransanı vasitəçi, Minsk qrupunun həmsədri kimi, danışıqlar prosesindən kənarlaşdırıb. Bu vəziyyətdə bitərəf mövqedən çıxış edilməlidir, yəni tərəflərdən birini dəstəkləmək yolverilməzdir.

ABŞ da fikrini Minsk qrupunun fəaliyyətinə cəmləmir və digər həmsədrlərlə yüksək səviyyədə əməkdaşlıq etmir. Bununla da son sözü söyləmək haqqı Rusiyada qalır. Odur ki, Azərbaycanın əməliyyatları başa çatdırmasından sonra Ermənistanın danışıqlar prosesinə qaytarılmasına Rusiya kömək edə bilər və edəcək.

Həmin an Azərbaycanı da danışıqları bərpa etməyin vacibliyinə inandıracaq kiməsə ehtiyac yarana bilər. Düşünürəm ki, bu, Türkiyə olacaq. Odur ki, Rusiya ilə Türkiyə Ermənistanla Azərbaycanı danışıqların bərpasına razı salan kimi, yeni vasitəçilik formatına ehtiyac yaranacaq. Ümid edirəm ki, bu işlə yenə də Minsk qrupu məşğul olacaq. Çünki Azərbaycan və Ermənistan xalqları razı olmasalar belə, mən bunu ən yaxşı perspektiv sayıram. Artıq dediyim kimi, Azərbaycan və Ermənistan liderlərini «Madrid prinsipləri»ni qəbul etməyə məhz Minsk qrupu razı salmışdı. Sadəcə, Paşinyan bundan imtina etdi.

Lakin Minsk qrupunun təsir gücünü bərpa etməsi və qoruyub saxlaması üçün Fransa və şəxsən prezident Makron Ermənistana dəstək sözünü geri götürməlidir. Açığı, onun buna gedib-getməyəcəyini bilmirəm. Bu, baş verməzsə, vasitəçilər de-fakto Rusiya ilə Türkiyə olacaq. Danışıqların davam etdirilməsi üçün isə digər təşkilatın özünəməxsus siyasi çətirinə ehtiyac yarana bilər. Bu rolda hansı qurumun çıxış edə biləcəyini deməkdə çətinlik çəkirəm.

Bundan başqa, tərəflərdən hansısa müharibə etmək qərarına gəlirsə, hərbi əməliyyatların dayandırılması Minsk qrupunun vəzifələrinə aid deyil. Ümumiyyətlə, vasitəçilərin missiyası heç zaman bu olmayıb. Bu haqda qərarı qarşı-qarşıya duran dövlətlərin rəhbərləri və ya hökumət başçıları verə bilər.

- Bəs, Dağlıq Qarabağda davam etməkdə olan hərbi qarşıdurmaya beynəlxalq hüquq baxımından necə yanaşıla bilər?

- Mənim üçün bu sualın cavabı çox sadə və tam aydındır. BMT Təhlükəsizlik Şurasının hələ 1993-cü ildə qəbul etdiyi 4 qətnamə var. Həmin sənədlərdə Ermənistandan Azərbaycanın işğal altındakı ərazilərinin dərhal boşaldılması, həmçinin hərbi əməliyyatlara son qoyulması tələb olunur. Bəli, hərbi əməliyyatlara 1994-cü ildə son qoyulmuşdu, lakin Ermənistan həmin əraziləri hələ də tərk etməyib. Halbuki BMT TŞ-nin qətnamələri beynəlxalq hüququn ən ali ifadə formasıdır. Başqa sözlə, Ermənistan beynəlxalq hüququn həyata keçirilməsinə mane olursa, Azərbaycan işğal altındakı ərazilərini geri qaytarmaq hüququnu özündə saxlayır. Bu, sadəcə, mənim fikrim deyil. ABŞ-ın siyasətinə, məsələn, Nümayəndələr Palatasının son qətnaməsinə nəzər salmaq kifayətdir. O, Konqresin erməni diasporunun güclü olduğu Kaliforniyadan olan əsas üzvləri tərəfindən irəli sürülüb. Həmin sənəddə Azərbaycan aqressiv əməllərdə ittiham olunur, lakin beynəlxalq hüququn pozulması, qanunazidd əməllər haqda heç nə deyilmir. Düşünürəm ki, bu, öz-özlüyündə hər şeyi deyir.


MƏSLƏHƏT GÖR:

376