23 Noyabr 2024

Şənbə, 08:52

BÖYÜK QAYIDIŞA HAZIRLIQ

Azərbaycan işğaldan azad edilmiş torpaqlarının bərpasına başlayıb

Müəllif:

01.11.2020

Ermənistan tərəfindən işğal olunmuş ərazilərin önəmli bir hissəsini bir ay ərzində azad etməyi bacaran Azərbaycan yaxın gələcəkdə dinc həyatı təmin etmək üçün artıq onları bərpa etməyə başlayır. Son 30 ildə praktiki olaraq təyinatı üzrə istifadə olunmayan nəhəng iqtisadi potensial, yığılmış maliyyə ehtiyatları nəzərə alınarsa, bunu kifayət qədər qısa müddətdə etmək çətin olmayacaq. Üstəlik, Azərbaycan bu sahədə yetərincə təcrübəyə malikdir, artıq hətta Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılıb. Agentliyin missiyası bərpa işlərini əlaqələndirmək və məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün şərait yaratmaqdır.

 

Dağıdılmış potensial

Beləliklə, döyüşlərin başlamasından yalnız bir ay sonra Azərbaycan İranla sərhədinin Qarabağ hissəsi üzərində nəzarəti tamamilə bərpa etdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, onların qəsəbələri, kəndləri, habelə Xocavənd rayonunun bir hissəsi geri qaytarıldı. İşğaldan əvvəl bunlar Azərbaycanın intensiv inkişaf edən bölgələri idi. Burada pambıqçılıq, üzümçülük, heyvandarlıq, ipəkçilik, bağçılıq və bostançılıq inkişaf etmişdi. Pambıq təmizləyən zavod daxil olmaqla kənd təsərrüfatı xammalının emalı fabrikləri, eləcə də konserv fabrikləri və tikinti materialları istehsalı üzrə müəssisələr var idi.  

Mühüm nəqliyyat kommunikasiyaları, dəmir yolları və avtomobil yolları Füzuli, Cəbrayıl və Zəngilan rayonlarından keçərək, Azərbaycanın mərkəzi bölgələrini Naxçıvan Muxtar Respublikası ilə, eləcə də Ermənistanın Meğri rayonu ilə əlaqələndirirdi. Həm də bölgədə inkişaf etmiş köçürmə-otlaq maldarlığı mövsümi əsasla təşkil edilmişdi - çobanlar sürülərini yay dövründə Xocavənd rayonunun yüksək dağlıq bölgələrində otarırdılar, qış aylarında isə qoyun və iribuynuzlu mal-qara sürüləri Cəbrayıl və Füzuli rayonlarında, Zəngilan rayonunun bir hissəsində yerləşən Göyən çölünün düzənliklərində otarırdılar.

Qubadlıya gəlincə, sovet dövründə bu rayonun iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, ipəkçilik və üzümçülük təşkil edirdi. 60-cı illərə qədər rayonda düyü də becərilirdi. O dövrdə respublikada “Qubadlı” düyüsü məşhur idi.

Hərbi əməliyyatların başlaması və sonradan bu dörd rayonun işğalı ilə Qarabağ tarixində qara bir dövr başladı. Uzun illər burada hökm sürən işğalçılar bir vaxtlar çiçəklənən şəhər və qəsəbələrdə sözün əsl mənasında daş üstə daş qoymayıblar, yalnız maddi deyil, həm də mənəvi dəyərləri məhv ediblər, tarixi abidələri yer üzündən silməyə çalışıblar, ekologiyanı təhlükə altında qoyublar, çayları zərərli tullantılarla zəhərləyiblər, çoxəsrlik meşələri qırıblar.

İşğal olunmuş ərazilərdə bu ötən illərdə istehkamlar, möhkəmləndirilmiş məkanlar, o cümlədən Füzuli və Cəbrayılda bir neçə hərbi baza tikilib. İşğalçılar bir vaxtlar bərəkətli olan torpaqları hərbi təlim meydanlarına çeviriblər, erməni işğalçı qüvvələri ildə bir neçə dəfə orada hərbi təlimlər təşkil ediblər. Heç bir şəkildə onların Azərbaycana qaytarılması barədə düşünməyiblər.

Üstəlik, işğalçılar İrana aparan yollardan qanunsuz ticarət üçün istifadə ediblər, işğal olunmuş ərazilərdən narkotik vasitələr keçiriblər, silah qaçaqmalçılığı ilə məşğul olublar.

 

Bərpa başlanıb

Azad edilmiş ərazilərdən yayımlanan video görüntülər açıq şəkildə göstərir ki, bütün bu illər ərzində işğalçılar bölgənin iqtisadi potensialından istifadə etmək üçün xüsusi səy göstərməyiblər. “Füzulidə, işğaldan azad edildikdə, bütöv bir bina tapa bilmədik. Təsəvvür edə bilərsinizmi? Bütün şəhərdə, amma orada on minlərlə insan yaşayırdı. Heç bir bina qalmayıb. Mənə zəng etdilər, dedim ki, bayrağı dirəkdə qaldırın. Onlar bunu ediblər. Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın, hər şey dağılıb. Oralardan sanki barbarlar keçib. İnsan olmayan keçib", - deyə Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda «İnterfaks»a verdiyi müsahibəsində bildirib.

Dağlıq Qarabağın özündə, məlum olduğu kimi, müəyyən iqtisadi fəaliyyət gerçəkləşdirilirdi. Ancaq bu vəziyyətdə söhbət yalnız burada mövcud olan mineral ehtiyatların vəhşicəsinə talan edilməsindən və bəzi xarici şirkətlərlə tərəfdaşlıqdan gedir. Yaxın gələcəkdə, Azərbaycan rəhbərinin də qeyd etdiyi kimi, hamısı müvafiq hüquqi prosedurlar yolu ilə məsuliyyətə cəlb ediləcəklər.  

Qarabağ ilk başdan Azərbaycanın qalan hissəsi ilə iqtisadi əlaqələrlə elə bağlı idi ki, işğalçıların onları bərpa etmək üçün çox pula və illərə ehtiyacları olacaqdı, və onlarda bunun nə biri, nə də digəri yox idi. Çünki Qarabağ ərazisində yerləşən müəssisələrin böyük əksəriyyəti Azərbaycanın rayonlarından başqa rayonlarından gətirilən yanacaq, xammal və materiallar əsasında işləyirdi, çoxu həm də Bakıdakı iri müəssisələrin filialları kimi çalışırdı.  

"1986-cı ildə Dağlıq Qarabağ vilayətinin iqtisadi əlaqələrinin yalnız 0,3%-i və idxalın 1,4%-i Ermənistan SSR-in payına düşdüyü halda, keçmiş vilayətdə istehsal olunan məhsulların 33,3%-i Azərbaycanın qalan hissəsində satılırdı", - deyə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) rəhbəri Vüsal Qasımlı vurğulayıb.

Bölgənin keçmiş iqtisadi gücünü bərpa etmək üçün Azərbaycan çox iş görməli olacaq, nəzərdə tutulan hədəfə mümkün qədər tez və səmərəli şəkildə çatmaq üçün bizim artıq hazır proqram sxemlərimiz var.

Bərpa işlərinə başlamaq üçün hüquqi əsas artıq var və Azərbaycan Prezidenti İlham Əliyevin 29 oktyabr 2020-ci il tarixli "Qarabağdakı azad edilmiş ərazilərdə müvəqqəti xüsusi rəhbərliyin təşkili haqqında" fərmanla təmin edilib. Bu müvəqqəti komendantlıqların vəzifələri sırasına vacib obyektlərin, o cümlədən nəqliyyat və telekommunikasiya infrastrukturunun, enerji və su təchizatı sistemlərinin, su anbarları və s.-in qorunması ilə yanaşı, mülki əhalinin yaşaması üçün lazımi şəraitin tez bir zamanda yaradılmasına yönəlmiş bütün tədbirlər də daxildir.

Başlanğıc üçün ərazilərin minalardan təmizlənməsi üzrə işlər aparılacaq, enerji obyektlərinin vəziyyəti öyrəniləcək, rabitə qurulacaq və digər infrastrukturlar çəkiləcək. Komendantlıqlara kənd təsərrüfatına yararlı torpaq sahələrinin qiymətləndirilməsinin aparılması, kənd təsərrüfatı texnikasının və istehsal vasitələrinin, kənd təsərrüfatı heyvanlarının uçotunun təşkili, saxlanması və qorunması buyurulub. Daha sonra başqa mütəxəssislər gələcək və bölgə üçün mövcud olan bütün iqtisadi imkanların işlənməsi üzrə fəaliyyət başlayacaq.

“Bizi böyük xərclər gözləyir. İnfrastruktur, yollar, kommunikasiyalar, mənzillər, ofis binaları. Buna görə də ilk mərhələdə bunu deyəcəyəm ki, ümumi daxili məhsul baxımından bunun tikinti sektoruna, çox güman ki, əhəmiyyətli bir müsbət təsiri olacaq”, - deyə İlham Əliyev vurğulayıb.

 

Zəngin yataqlar  

Heç kimə sirr deyil ki, işğal illərində Ermənistanın əsas gəlir mənbələrindən biri daha öncədən aşkar edilmiş yataqlardan yırtıcı və barbar şəkildə çıxarılan mineralların satışı olub. Bu gün Azərbaycanın əlində olan məlumatlara görə, işğal olunmuş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yatağı mövcuddur. Yalnız aşkar edilmiş qızıl ehtiyatları 132,6 tondur, qurğuşun ehtiyatı isə 37,3 min ton təşkil edir, 189 milyon kubmetr mişar daşı ehtiyatı var və s. Ümumiyyətlə, işğal olunmuş ərazilər Azərbaycanın sənayesi və inşaatı üçün böyük əhəmiyyət kəsb edən müxtəlif növ tikinti materialları ilə çox zəngindir.

İİTKM sanır ki, gələcəkdə faydalı qazıntıların istismarı üç blok üzrə həyata keçirilə bilər: əlvan metallar və rəngli metallurgiya, tikinti materialları və nadir metallar.  

“Əlvan metallar və tikinti materialları ənənəvi iqtisadiyyata xas olan sahələrdir, mövcud resurslar bu sahələrdə yeni güclərin yaradılmasına imkan verəcək. İşlərin gedişində Sovet İttifaqı dövründə bu sahələrdə aparılan tədqiqatlara və ilkin infrastruktura (mövcudluğundan asılı olaraq) əsaslanmaq olar. Bundan əlavə, bölgədə yüksək texnologiyalarda geniş istifadə olunan nadir metalların olması ilə bağlı tədqiqat və geoloji işlər aparıla bilər”, - deyə azərbaycanlı ekspertlər hesab edirlər.  

Məsələn, mişar daş yataqları ölkəmizdə tikinti sektorunun tələbatını ödəyəcək. Gerçəklik budur ki, tikinti sektoruna lazım olan bir sıra resurslar ölkəmizə idxal olunur. Önəmli xammal yataqları ilə zəngin olan rayonlarımızın azad edilməsi tikinti sektorunun tələbini tam təmin edəcək.

Metallurgiyaya gəldikdə isə, burada artıq Azərbaycanın qızıl yataqlarının işlənməsi üzrə uğurlu təcrübəsi var, ixrac sxemi qurulub və s. Savadlı yanaşma, çağdaş texnologiyaların istifadəsi, təcrübə, həmçinin «Azergold» QSC-nin və Azərbaycan Sənaye Korporasiyasının malik olduğu ixtisaslı kadrlar qızıl mədənlərimizin vəhşi istilasının izlərini aradan qaldıracaq. Onların resursları isə bölgədəki vacib yenidənqurma işlərinin maliyyələşdirilməsinə kömək edəcək.

Bundan başqa, metallurgiyanın inkişafı digər sənaye sahələri ilə yanaşı Azərbaycanda hərbi sənayenin də ardıcıl böyüməsini sürətləndirəcək.

 

Kənd təsərrüfatı və turizm

Qarabağ torpaqlarının məhsuldarlığı, bu qeyri-adi bölgənin flora və faunasının müxtəlifliyi - bu onsuz da azad edilmiş əraziləri tam iqtisadi cəhətdən dəstəklənməsi üçün yetərlidir. “Əlbəttə, böyük ərazilərin nəzarət altına qaytarılması – bu, inkişaf üçün, ilk növbədə, kənd təsərrüfatı və turizm üçün böyük bir potensialdır, çünki bu, Qarabağ bölgəsidir - ölkəmizin ən gözəl və məhsuldar bölgələrindən biridir. Buna görə də bu bölgənin perspektivi Azərbaycanın davamlı inkişafı, ilk növbədə, ərzaq təhlükəsizliyi məsələlərinin həlli üçün çox vacib olacaq”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda «İnterfaks»a verdiyi müsahibəsində bildirib.

Bəllidir ki, işğal olunmuş ərazilərdə əvvəllər kiçik aqrar təsərrüfatlar da fəaliyyət göstərib. İşğaldan əvvəl bu ərazilər Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının, təqribən, 35-40%-ni təmin edirdi. İşğalçılar münbit torpaqların yalnız 7 faizindən istifadə edə biliblər. Əkin sahələrində məhsuldarlıq o qədər aşağı olub ki, hər hektardan yalnız 10-12 sentner taxıl götürüblər – bu, işğaldan öncə ilə müqayisədə iki dəfə azdır.

İşğal altında olan 250 min hektar torpaq və keçmiş təmas xəttinin yaxınlığında yerləşən 120 min hektar istifadəsiz torpaq münaqişədən sonrakı dövrdə əkin dövriyyəsi üçün istifadə edilə bilər. Bu, Qarabağda emal və yeyinti sənayesinin inkişafına başlamaq üçün yetərlidir.

İİTKM-in məlumatına görə, hazırda ölkəmizin özünü təmin etmə səviyyəsi ət və ət məhsulları üzrə 82,5%, süd və süd məhsulları üzrə 86,2%, taxıl (qəhvəyi düyü istisna olmaqla) üzrə 70%-dir. Azad edilmiş ərazilərdə təsərrüfat fəaliyyəti bərpa edildikdən sonra bu göstəricilər, şübhəsiz ki, 100%-lik həddi aşacaq.

V.Qasımlının fikrincə, bölgənin sənaye və istirahət imkanları münaqişədən sonrakı dövrdə geniş istifadə ediləcək. “Güman edilir ki, Azərbaycanın mineral sularının 40%-ə qədəri işğal altında olub. İşğal olunmuş ərazilərdə müxtəlif tərkibli və müalicəvi əhəmiyyətə malik 120-ə yaxın mineral su qaynağı var. Başqa ölçülərdə bu, 7805 kub.m/sutka mineral su təchizatı deməkdir. Keçən əsrin 80-ci illərində olduğu kimi, İstisu qaynağında böyük kurort və mineral su qablaşdırma sənayesi bərpa edilə bilər. Eyni yanaşma Şuşadakı Turşsu mineral qaynağında da tətbiq oluna bilər”, - deyə o vurğulayıb.

Bir sözlə, gələcəkdə Qarabağ eyni ərazidə həm istirahət, həm də müalicə üçün imkanları birləşdirərək, məşhur Qafqaz Mineral Suları kurort bölgəsinin analoquna çevrilə bilər. Özü də, çağdaş infrastruktur, sivilizasiyanın bütün üstünlüklərindən istifadə və s. ilə.  

"Bilirsinizmi, bizim üçün Qarabağı bərpa etməyə və onu yer üzündə həyat üçün ən gözəl və əlverişli yerlərdən birinə çevirməyə mane olacaq heç bir maddi ölçü yoxdur", - deyə Prezident İlham Əliyev bildirib. Şübhə yoxdur ki, ordumuzun torpaqlarımızı işğaldan azad etdiyi kimi Azərbaycan rəhbərinin qarşıya qoyduğu bu hədəf də uğurla əldə ediləcək.


MƏSLƏHƏT GÖR:

291