25 Noyabr 2024

Bazar ertəsi, 09:30

... ADIN QOYAR ÖZGƏYƏ

Terroru öz siyasi mövcudluğunun vasitəsi seçən Ermənistan Azərbaycanı Qarabağda muzdlulardan istifadə etməkdə günahlandırır

Müəllif:

01.11.2020

Hazırda Azərbaycan və Ermənistan arasında müharibə yalnız döyüş cəbhəsində aparılmır, paralel olaraq Azərbaycan informasiya cəbhəsində düşmənlə savaşır. Təəssüf ki, informasiya məkanını zəbt etmiş saxta erməni xəbərlərini bir çox hallarda Rusiya və Qərbin yetərincə nüfuzlu KİV-ləri də tirajlayır.

 

Bir nömrəli feyk

Hələ cəbhədə erməni təxribatları başlamamışdan günlər öncə Ermənistan təbliğatı Azərbaycana qarşı muzdlularla bağlı ittihamlar irəli sürdü. İddia olunurdu ki, Azərbaycana Türkiyə vasitəsilə Suriyadan cihadçılar gətirilir. Doğrudur, erməni tərəfi savaşın bir ayı tamam olmasına baxmayaraq, hələ də bu iddianı sübut edəcək tutarlı fakt ortaya qoymayıb. Əvəzində hansısa saxta foto və videokadrlara və ya guya suriyalı döyüşçü olan naməlum adamların dediklərinə istinad edilir. Məsələn, videoda Azərbaycan sərhədçilərinin geyimində döyüşdüyü iddia olunan “suriyalı” sonradan hansısa möcüzə nəticəsində Ermənistanın müdafiə naziri David Tonoyanla bir fotoda peyda olub.

Əslində, ilk baxışdan primitiv görünsə də, ermənilərin Azərbaycan və Türkiyəni radikal islamçılardan istifadə etməkdə ittiham etməsinin arxasında dərin planlar dayanır. Təcrübəli erməni yalan maşını bir tərəfdən Türkiyə və Azərbaycanı islamçı radikallardan istifadə etməkdə ittiham etməklə Yaxın Şərq və Avropada Türkiyəyə qarşı olan qüvvələrin dəstəyini almaq, digər tərəfdən də özünün terror fəaliyyətindən diqqətləri yayındırmaq idi. Çünki və təəssüf ki, erməni təbliğat maşını bu hədəfinə nail oldu. Ermənilər Azərbaycana qarşı ittihamları ilə bağlı bir sübut gətirə bilmədiyi halda, Livan, Yunanıstan, İraq və digər ölkələrdən gələn terrorçu dəstələrin varlığı sübut olunmasına baxmayaraq, dünya buna seyirçi qaldı. Baxmayaraq ki, internet və sosial şəbəkələrdə Dağlıq Qarabağda Azərbaycana qarşı vuruşan əcnəbi muzdlularla bağlı faktlar Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən açıqlanıb.

Əslində, uzun yüzilliklər boyu dövlətləri olmayan bütün kiçik xalqlar kimi ermənilər də icmalaşma və kilsə ətrafında yarı gizli təşkilatlanmaya məcbur olub. 19-cu əsrdə dəyişən dünyanın şərtlərində erməni icmalarını birləşdirən orqan olan kilsəyə bu dəfə millətçi, siyasi təşkilatlar rəqib oldu. Bu, həm də o zaman idi ki, ermənilərin ən çox yaşadığı Osmanlı dövləti zəifləyirdi və qüdrətli Avropa – Britaniya, Fransa, Rusiya kimi dövlətlər Osmanlı mirası uğrunda yarışa girmişdi. 600 illik imperiyanı dağıtmaq üçünsə içəridən başlamaq laızm idi. Nəticədə, uzun illər Osmanlıda “sadiq millət” ünvanına sahib olan ermənilər ona qarşı xəyanətə əl atdılar. 19-cu əsrin son 10 ili Osmanlı ərazisində ilk erməni təşkilatlarının yaranması və İstanbulda erməni terror aktları ilə yadda qaldı.

 

Erməni terrorunun tarixi

1885-ci ildə yaradılan ilk erməni təşkilatı “Armenakan” klassik terror təşkilatı olub və Türkiyənin Van, Muş, Bitlis,Trabzon və İstanbulda silahlı hücumlar, terror aktları ilə “məşhurlaşıb”.

“Armenakan”dan fərqli olaraq daha ciddi təşkilatlanmış və ideoloji xətti olan “Hnçak” Partiyası 1887-ci ildə Cenevrədə yaradılıb.

Sayca 3-cü erməni siyasi təşkilatı 1890-cı ildə Tiflisdə təsis olunan “Daşnaksütyun” – Erməni Federativ İnqilab Partiyası olur.

Hər 3 siyasi təşkilatın ideoloji hədəfi Rusiya (Cənubi Qafqaz), İran və Osmanlı ərazilərində “Böyük Ermənistan” qurmaq kimi mücərrəd ideya olsa da, metodları çox aydın və amansız olub. Hər 3 təşkilat məqsədə çatmaq üçün silahlı dəstələr yaratmaq, terror və silahlı hücumlar həyata keçirməyi siyasi proqramlarına əlavə etmişdilər. Təəssüf ki, tarixi şəraitin əlverişli olması səbəbindən erməni terror təşkilatları Türkiyə, İran və Cənubi Qafqazda terror və silahlı hücumlarla böyük qırğınlar, günahsız insanların ölümünə səbəb olmaqla yanaşı, Osmanlı və Rusiyanın dağılması nəticəsində yaranmış əlverişli şəraitdə dövlət qura bildilər. Cənubi Qafqazda yaradılan erməni dövləti mövcud olduğu illər ərzində Azərbaycana qarşı ərazi iddiası və silahlı münaqişə içərisində olub, separatizm və terroru dəstəkləyib.

Erməni terror hərəkatının növbəti “oyanışı” 20-ci əsrin 70-ci illərində “soyuq müharibə” dövrünə təsadüf edir. Böyük dövlətlərə növbəti dəfə Yaxın Şərqdə maşa lazım idi və Yaxın Şərqdə “soyuq müharibə” çarpışmalarında alətlərdən biri də erməni terror təşkilatları oldu. Vətəndaş müharibəsi səbəbindən xaosun hökm sürdüyü Livanda və NATO ilə SSRİ-nin “şərq cəbhəsində” yerləşən Suriyada təşkilatlanan ərəb, erməni və kürd terror qrupları böyük savaşın kiçik alətləri idi.

“Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu” (ASALA - Armenian Secret Army for the Liberation of Armenia) Livanda 15 illik vətəndaş müharibəsinin başlandığı 1975-ci ildə yaradılıb. Təşkilatın sözdə hədəfi Ermənistanın azadlığı olsa da, nədənsə bu təşkilat əsasən Türkiyənin diplomatlarını hədəfə alıb və SSRİ-nin Yaxın Şərqdəki bir nömrəli müttəfiqi Suriya ərazisində düşərgələrə sahib olub, rahat fəaliyyət göstərib. Ən maraqlısı da odur ki, SSRİ tərkibində olan Ermənistanı azad etmək hədəfini elan edən ASALA solçu PKK ilə müttəfiq olub, PKK və ASALA arasında ilk açıq toplantı 08.04.1980-ci il tarixində Livanın Sayda şəhərində keçirilib. O zaman hər iki təşkilatın əsas hədəfi Türkiyə dövləti olduğundan birgə əməkdaşlıq ediblər. 80-ci illərin sonunda görüntüdə fəaliyyətini dayandıran erməni əsilli ASALA-nın bəzi üzvləri PKK sıralarına keçib.

Erməni və kürd terror təşkilatları arasında Yaxın Şərqdə əməkaşlıqla bağlı ilk rəsmi sənəd 11.08.1978-ci ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) hazırladığı “kürd və erməni militanları” ilə bağlı məruzədə ətraflı qeydlər yer alıb.

ASALA aktiv fəaliyyət göstərdiyi 70-80-ci illərdə onlarla türkiyəli diplomat və onların ailə üzvlərinə qarşı sui-qəsdlər təşkil edib. 1975-ci ildə Türkiyənin Fransa səfiri İsmayıl Erez, 1977-ci ildə Vatikan səfiri Taha Carım, 1980-ci ildə Sidney Baş konsulu Şarık Aynak, 1982-ci ildə Los Anceles Baş konsulu Kamal Arıkan və Boston fəxri Baş konsulu Orxan Gündüz, 1983-cü ildə isə Yuqoslaviyadakı səfiri Qalib Balkar erməni terror təşkilatlarının sui-qəsdləri nəticəsində dünyasını dəyişib. Dünyada ən toxunulmaz insanlar siyahısında olan, beynəlxalq və humanitar qanunların qoruduğu diplomatlara belə erməni terroru aman verməyib.

ASALA 22 ölkədə 38 şəhərdə 70-i bomba partlayışı olmaqla 110 terror hücumu həyata keçirib. Qeyri-rəsmi mənbələrə görə isə terror aktlarının sayı 182 olub.

ASALA ilə yanaşı, 1970-90-cı illərdə “Erməni soyqırımına ədalət komandosları” (1972-ci il), “Erməni azadlıq cəbhəsi” (1979-cu il), “Orli qrupu” (1981-ci il), “Erməni birliyi” (1988-ci il), “Gənc ermənilər ittifaqı” (1990-cı il), “İntiharçılar eskadronu” (1981-ci il), “Erməni azadlıq hərəkatı” (1991-ci il), “9 iyun qrupu” (1991-ci il), “Geqaron” (2001-ci il), “Apostol” (2001-ci il) və hələ də ildən ilə artan siyahı.

Bu terror təşkilatları içərisində ASALA qədər məşhur olan digər biri isə “Erməni soyqırımına ədalət komandosları” və ya qısa adı JCAG idi. Əgər ASALA solçu təşkilat və “Hnçak” Partiyasına yaxın idisə, JCAG sağ və “Daşnaksütyun”a daha yaxın idi. Ancaq onların iki ortaq cəhəti olub: Ermənilik və terror. 1972-ci ildə “Daşnaksütyun”un Vyana qurultayında yaradılması qərarlaşdırılan JCAG 3 il sonra 1975-ci ildə Beyrutda yaradılır. JCAG yalnız Türkiyə və türkləri hədəfə alıb. Təşkilatın əsas hədəfi Türkiyə ərazisində erməni dövləti yaratmaq olsa da, əsasən, xaricdə terror aktları ilə məşğul olub.

ASALA ilə birlikdə xaricdə türkiyəli diplomatlara sui-qəsdlər təşkil edən JCAG, ümumilikdə, 77 nəfəri qətlə yetirib. Onların 31-i diplomat və ya ailə üzvü olub. Maraqlıdır ki, hər nə qədər 1991-ci ildə ASALA fəaliyyətini dayandırdığını elan etsə də, erməni terror təşkilatları mövcudluğunu qoruyub saxlayıb.

Məsələn, 2019-cu il aprelində Suriyada kürdlərin yaratdığı Suriya Demokratik Qüvvələri (SDQ) tərkibində “Nubar Ozonyan Taboru” adlı erməni qruplaşması yaradılıb. Yeri gəlmişkən, N.Ozonyan ASALA üzvü olub və bir sıra terror aktlarında iştirak edib. Suriyanın məhz PKK/YPG terror təşkilatının hakimiyyəti altında olan şimal regionunda SDQ tərkibində ASALA terrorçusu adına erməni qruplaşmasının yaradılması təsadüfi deyildi. Aydındır ki, ermənilərin əsas hissəsi Suriyada hakimiyyəti dəstəkləyir. ASALA tör-töküntülərinin SDQ, yəni PKK nəzarəti altında yeni qruplaşma yaratması Ermənistanla əlaqədar olub. Çünki son illərdə Suriyadan ermənilər, eləcə də PKK tör-töküntülərinin Ermənistan və işğal olunmuş Azərbaycan ərazilərinə köçürülməsi ilə bağlı ciddi siqnallar vardı. Bu proses, xüsusən də son 3 ayda Ermənistan-Azərbaycan sərhədində gərginliyin yenidən yüksəlməsi fonunda müşahidə olunurdu.

Məsələn, avqustun 4-də Beyrutda məlum partlayış və şəhərin dağılmasından sonra rəsmi İrəvan Livandan “Beyrut partlayışında əziyyət çəkmiş əhalinin xilası” adı altında 800 ermənini Ermənistana gətirib. Bu şəxslərin böyük hissəsinin terrorçu ASALA və digər qrupların üzvü olduğu, işğal edilmiş Qarabağda yerləşdirildiyi və yeni müharibədə iştirak məqsədilə gətirildiyi ehtimal olunur.

Göründüyü kimi, aradan 130 ildən çox vaxt keçməsinə baxmayaraq, erməni terror maşını dayanmayıb. 20-ci əsrin əvvəlində yaranmış vəziyyətdən istifadə edərək tarixi Azərbaycan torpaqlarında erməni dövləti və ikinci bir erməni muxtariyyəti əldə edən erməni silahlı terror təşkilatları 20-ci əsrin sonunda Qarabağda ikinci bir erməni dövləti qurmaq, hətta Türkiyə və Gürcüstan kimi qonşu ölkələrə ərazi iddiası irəli sürdü. ASALA terror təşkilatının liderlərindən olan Monte Melkonyanın Qarabağda tərəfdarları ilə döyüşlərə qatılması, öldürüldükdən sonra isə İrəvanda qəhrəman kimi dəfn olunması terrorizmin erməni mövcudluğunu alətlərindən biri olduğunu təsdiqləyir.



MƏSLƏHƏT GÖR:

326