Müəllif: Nurlanə QULİYEVA
Ermənistan darmadağın edildi. Bu ifadə son günlərdə Azərbaycanın İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəsi kontekstində çox işlənir. Özü də tam yerinə düşür... Kaitulyasiyadan sonra bu ölkədə hökm sürən siyasi xaos dərin iqtisadi böhranın nəticələri ilə müqayisədə çox yüngül görünür. Qarabağdakı müharibədən sonra Ermənistan, həqiqətən, məğlub oldu və bölgədəki nəqliyyat kommunikasiyalarının bərpası heç də onu tam maliyyə çöküşünün altından çıxara bilməz.
Yoxsulluq səviyyəsindən aşağı
Bəllidir ki, Qarabağı işğal etməklə Ermənistan bu gün qonşularına sabit gəlir təmin edən bütün mühüm regional layihələrdən kənarda qalır. Ən maraqlısı isə budur ki, bu ölkədə postsovet dövrü üzrə bir sıra iqtisadi inkişaf amillərini araşdırmaqla birmənalı nəticəyə gəlmək olar: son 30 ildə Ermənistanın heç bir lideri iqtisadi inkişaf üçün hansısa bir yol tapmağa çalışmayıb. Əksinə, korrupsiya səviyyəsini, qanunsuzluğu artıran, iqtisadiyyatın strateji sahələrini könüllü olaraq xarici ölkələrə verən Ermənistan hakimiyyəti bu istiqamətdəki imkanları bilərəkdən məhdudlaşdırıb. Nəticədə, ölkənin xarici borcu ildən-ilə sürətlə böyüyüb və onu qaytarmaq üçün real imkanlar getdikcə azalıb.
Ədalət naminə qeyd etmək olar ki, hakimiyyətə gəldikdən sonra Nikol Paşinyan ölkəni yoxsulluqdan çıxarmaq üçün bəzi cəhdlər göstərməyə başladı. Ancaq həm ilkin iqtisadi şərtlər, həm də ən əsası, Paşinyanın siyasi arenadakı absurd-gülməli hərəkətləri bu cəhdləri elə beşiyindəcə boğdu.
Rəsmi göstəricilərə görə, hələ müharibədən və COVID-19 pandemiyasından əvvəl, hər dörd Ermənistan vətəndaşından biri yoxsulluq həddində yaşayıb. Ermənistanda xalis miqrasiya əmsalı (immiqrantlar və emiqrantlar arasındakı fərq) hər min nəfər üçün mənfi 5,6 idi. Ermənistanın cari əməliyyatlar hesabının kəsiri ümumi daxili məhsulun (ÜDM) 8,2%-nə bərabərdir ki, bu da yetərincə ciddi böhran göstəricisidir.
Bu gün Ermənistan iqtisadiyyatı o qədər zəifləyib ki, xarici kreditləri ödəməkdə çətinlik çəkməklə yanaşı, ən zəruri sosial-iqtisadi problemləri belə həll etmək imkanı olub-olmadığı olduqca şübhəlidir. Hökumət etiraf edir ki, bu il Ermənistan ÜDM-ində azalma ilkin ehtimal olunduğu kimi 2,6% yox, 6,8% olacaq. Yəni proqnozun pisləşməsi, əlbəttə ki, Qarabağda hərbi əməliyyatların başlaması ilə əlaqələndirilir.
Bunun fonunda beynəlxalq reytinq agentliyi «Fitch» oktyabrın əvvəlində Ermənistanın xarici və milli valyutada uzunmüddətli defolt emitenti reytinqini (DER) «BB»dan «B+» səviyyəsinə endirib. Reytinqin proqnozu “sabit”dir. Ermənistanın qısamüddətli DER-i «B» səviyyəsində təsdiqlənib, ölkənin yuxarı reytinq həddi «BB»-dən «BB-»ə endirilib.
Müflis ölkə
Ancaq bu gün Ermənistan üçün ən böyük problem xarici borcdur. Ermənistan Maliyyə Nazirliyinin məlumatına görə, bu ilin ilk yarısında ölkənin ümumi dövlət borcu 7,7 milyard dollara çatıb, bunda xarici borcun payı 6 milyard dollara bərabərdir. Özü də, dövlət borcunun 80%-i xarici valyuta ilədir, bu istiqamətdə dayanıqlı mənfi meyl isə maliyyə təhlükəsizliyinin nə qədər kövrək olduğunu göstərir.
Ermənistanın xarici borcunun quruluşuna diqqət yetirsək, görərik ki, bu ölkə daha çox beynəlxalq maliyyə institutlarına (BMİ) borcludur. Beləliklə, bu ölkənin xarici borcunun, təxminən, 50%-ə qədər üç beynəlxalq qurumun iştirak etdiyi çoxtərəfli kredit proqramlarından ibarətdir - Dünya Bankı (23%), Asiya İnkişaf Bankı (10%) və Beynəlxalq Valyuta Fondunun (6,5%). Başqalarının payı – hər bir BMİ üçün 1%-i keçmir.
Bu gün Ermənistan hökuməti məmnuniyyətlə bildirir ki, 2021-ci ildə dövlət borcu ÜDM-in 63,2%-inə qədər endiriləcək, 2020-ci ilin sonunadək 65%-ə qədər enməlidir. Xatırladaq ki, beynəlxalq maliyyə qurumlarının hesablamalarına görə, bu göstəricinin keçməməsi üçün lazım olan qırmızı xətt 40%-dir.
“Bu, müstəsna vəziyyətlə (koronavirus pandemiyası və müharibə ilə) bağlıdır. Artıq 2021-i ildə borc yükü azalmağa başlayacaq”, - deyə maliyyə naziri Atom Cancuqazyan parlamentdə Ermənistanın gələn il üçün dövlət büdcəsi layihəsi ilə bağlı müzakirələr zamanı deyib.
Eyni zamanda hökumət, dövlət borcunun qaytarılması üzrə heç bir real proqram təqdim etməyib, bunun "vergilərin diqqətlə toplanması" hesabına təmin ediləcəyi barədə anlaşılmaz bir cümlə ilə vəziyyəti yola verib.
Artıq yuxarıda qeyd olundu ki, son bir neçə ildə Ermənistan hakimiyyəti iqtisadiyyatı leqallaşdırmağa və özəl sektoru dövlət büdcəsinə vergi ödəməyə məcbur etməyə çalışır. Paşinyan müharibə dövründə öz «Facebook» müraciətində erməni vergi ödəyicilərinin "heyrətamiz" davranışları barədə inanılmaz bir sevinclə xəbər verib. Onun sözlərinə görə, 2020-ci ildə Ermənistan büdcəsi erməni biznesinin konsolidasiya edilmiş siyasəti sayəsində artıqlaması ilə yerinə yetirilə bilər.
"Müharibə dövründə, çətin iqtisadi vəziyyətə baxmayaraq, büdcəyə əlavə 80 milyon dollar gözlənir ki, bu da hərbi əməliyyatların davam etməsinə xərclənəcək", – deyə Paşinyan iddia edib.
Amma burası da var ki, pandemiya və müharibə heç bir gəlir mənbəyi qoymadığı şəraitdə, vergiləri ödəmək üçün biznesin pulu haradan alaccğını dəqiqləşdirməyib.
Yəni mövcud real vəziyyət elədir ki, Ermənistan, sözün əsl mənasında müflis ölkədir, yaxın gələcəkdə öz kreditorlarına borc ödənişlərini restrukturizasiya etmək və ya təxirə salmaq üçün yalvarmağa başlamalıdır.
Nə resurs, nə də biznes hayıdır
Ermənistanın niyə öz hesabına yaşaya bilməməsi sualına qayıdaq. Birincisi, işğal siyasətinə görə iqtisadi təcrid olunduğu üçün – region üçün yetərincə yaxşı tranzit göstəriciləri olmasına baxmayaraq, ölkə bütün önəmli layihələrdən kənarda qaldı. Faktiki hərbi təslim elanı fonunda nəsə dəyişəcəkmi? Açıq danışılsa, regiondan keçən bütün önəmli nəqliyyat marşrutları artıq çəklib və ya tikilməkdədir, onlarda Ermənistandan başqa bütün qonşuların iştirak edir. Yeni dəmir yolu hissələri salınıb, yüzlərlə kilometr avtomobil yolu çəkilib. Başa çatmış milyard dollarlıq layihələrdə nəyinsə dəyişəcəyi ehtimalı azdır.
Digər tərəfdən bütün bu layihələrdə iştirakçı ölkə öz mənbələrindən və ya cəlb edilmiş kreditlərindən istifadə edərək ərazilərində iş aparmaqla öz töhfəsini verir. Hazırkı mərhələdə Ermənistanda bunlardan nə biri var, nə də o biri və gözlənilmir də.
İndiyə qədər bu ölkənin iqtisadiyyatı əsasən faydalı qazıntıların çıxarılması və ixracı, kənd təsərrüfatı məhsullarının satışı üzərində dururdu. Ermənistan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin birinci rübündə əsas ixrac malları faydalı qazıntılar (qiymətli daşlar və yarı qiymətli daşlar – uyğun olaraq 35,4% + 13,1%) və qida sənayesi məhsulları (cəmi 30%) olub. COVID-19 sayəsində ilk mövqe onsuz da qiymətə görə dəyər itirdi, Ermənistan tərəfindən törədilmiş döyüş əməliyyatları filiz qazıntıları "dükanını" bütünlüklə bağladı. Axı, onların əksəriyyəti işğal altında olan Azərbaycan torpaqlarında və ya onlarla sərhəddə yerləşir. Doğrudur, yeri gəlmişkən, heç də hər şey rəsmi statistikaya düşürdü, amma bu, tamamilə fərqli mövzudur.
Aqrar sektorda ciddi problemlər yaşanır - müharibə və pandemiya artıq payızlıq taxılın planlaşdırılan səviyyədə əkilməsinin qarşısını aldı və bu da təbii ki, son məhsulun həcminə təsir edəcək. Erməni mətbuatının yazdığına görə, hazırda Ermənistandakı emal müəssisələri 1 kq üzümü 90 dram (0,18 dollar) qiymətinə alır ki, bu da maya dəyərindən aşağıdır. Müqayisə üçün qeyd edək ki, keçən il İrəvan Konyak Zavodu 1 kq üzümü 140-150 drama almışdı. Əlbəttə, bu, nəticədə üzüm bağlarının iflasına səbəb olmaqdadır. Məsələ bundadır ki, keçən il Ermənistanın ixracatının 11%-i alkoqollu içkilərdən ibarət olub və satınalma qiymətinin belə acınacaqlı vəziyyəti də emal müəssisələrinin iflas vəziyyətindən xəbəb verir. Çətin ki, bu il əvvəlki illərlə eyni həcmdə məhsul istehsal edib bazara məhsul çıxara bilərlər.
Biznesə gəldikdə isə, bu ölkədə daha çox ticarət və xidmət sahələrinə əsaslandığı nəzərə alınarsa, artıq sentyabr ayında iqtisadi fəallığın azalması ilin əvvəlində qeydə alınan göstəricilərlə müqayisədə 20-22%-i keçib ki, bu, ölkə iqtisadiyyatı üçün olduqca ağır zərbədir.
Yalnız COVID-2019-un təsiri üzündən sentyabr ayında Ermənistanda 1213 ticarət müəssisəsi bağlanıb, 5058 müəssisə isə fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Bu, ölkədə fəaliyyət göstərən bütün ticarət obyektlərinin təxminən 50%-ni təşkil edir. Bundan əlavə, inşaat sektorunda 23 müəssisə ləğv edilib, 231-i isə fəaliyyətini müvəqqəti dayandırıb. Bu ilin sonrakı ayları üçün göstəricilər daha da pis olacaq.
Əsas günahkar
Bir də ki, əsas məsələ - az-çox normal iqtisadiyyata sahib olan bütün ölkələr, ən azından, bu cür böhranlı vəziyyətlərdə sosial proqramları dəstəkləməyə istifadə etmək üçün ehtiyat toplayır. Ermənistan nə edib? Yalnız bir xırda detal bu ölkənin mövcud yoxsulluq vəziyyətində kimin günahkar olduğu sualına olduqca açıq şəkildə cavab verir. 2003-cü ildə Ermənistanda ölkənin bütün qızıl ehtiyatları tamamilə ləğv edildi. Bu qərar Mərkəzi Bank tərəfindən verildi - 1,4 ton qızıl ehtiyatının satışından cəmi 17 milyon dollar əldə edildi. Ermənistanlı müstəqil ekspertlərin daha sonra qeyd etdiyi kimi, Ermənistanın qızıl ehtiyatının satışından itkiləri 50 milyon dolları keçdi və ən əsası, ölkə qızıl ehtiyatını itirməklə gələcəkdə bu "əlvan metal"ı yığmaq imkanından da məhrum oldu.
Xatırladaq ki, qızıl Ermənistanın əsas ixrac məhsuludur. Müqayisə üçün, Azərbaycan qızıl mədənlərində hasil olunan metalın bir hissəsini ölkənin qızıl ehtiyatlarını artırmaq üçün istifadə edir. 2020-ci ilin birinci yarısının sonunda (qızıl satınalmasını həyata keçirən) Dövlət Neft Fondunun (ARDNF) sərəncamında olan fiziki qızılın həcmi 101,8 tona çatıb ki, bu da ARDNF-in bütün ehtiyatlarının 13,6%-ni təşkil edir. İlin əvvəlindən bəri fond yerli qızıl hasilatı şirkətlərindən 600 kq qızıl satın alıb və iyun ayının sonunda bu metalın həcmi, təxminən, 6 milyard dollar qiymətləndirilib.
Yəni Ermənistanda önəmli ehtiyatların, qızıl və valyutanın olmaması, yəni bu səbəbdən dövlətin xalqı qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin hər hansı bir zəmanət verməməsinin günahı düz 30 ildir bu ölkənin rəhbərlərinin üzərinə düşür. Ümumiyyətlə, Ermənistan istehlakçı iqtisadiyyatı olan bir ölkədir, əhali bundan öncə də öz hökumətinə güvənməyib və əsasən xaricdən gələn pul köçürmələri və humanitar yardımlarla dolanıb. Ancaq pandemiya bu seqmentdəki vəziyyəti də dəyişdirib. Bu gün biznes dünyanın bütün ölkələrində çətin anları yaşayır və buna görə çox az adamın "kasıb qohumlarına" kömək etmək üçün əlavə pulu var.
Məsələn, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2019-cu ildə 303 min Ermənistan vətəndaşı Rusiya Federasiyasında qeydiyyata alınıb. Erməni mütəxəssislərin qeyd etdiyi kimi, bəziləri iş yerlərini itirdiyinə görə vətənlərinə qayıtmaq məcburiyyətində qalıblar və qalanlar isə çətinliklə dolanırlar.
Bir sözlə, Ermənistanın bütünlüklə "aclıq keçirən" dövlət büdcəsi, ehtiyatlarının olmaması fonunda çox böyük xarici borc, investorları qorxudan "zibil" reytinqi və ərzaq təhlükəsizliyinin kritik vəziyyəti - bütün bunlar bəzi mifik xarici qüvvələrin, yaxud öz torpaqlarının azadlığı üçün ədalətli müharibəyə başlayan Azərbaycanın günahı deyil… Sadəcə, Ermənistan xalqı çoxdan anlamalı idi ki, nifrət və aqressiya heç vaxt heç bir sahədə tərəqqinin hərəkətvericisi olmayıb. Həm də ölkənin "əbədi məzlum " və "əbədi əzabkeş " obrazı acıma hissi yaradır, lakin heç bir şəkildə sərmayə üçün stimul rolunu oynamır. Pandemiya göstərdi ki, ianələr müvəqqəti və səbatsızdır. Yalnız digər ölkələrlə və millətlərlə sülh içində yaşamağı öyrənməklə tam maliyyə və iqtisadi çöküşün qarşısını almaq mümkündür.
MƏSLƏHƏT GÖR: