Müəllif: Natiq NAZİMOĞLU
Gürcüstanda keçirilmiş parlament seçkisində artıdıcıl olaraq üçüncü dəfə «Gürcü arzusu» partiyası qalib gəlib. Demək, Tbilisinin daxili və xarici siyasəti dəyişməz qalacaq. Təbii ki, postseçki dövründə partiyalararası ziddiyyətlər üzündən ölkədə ciddi qarışıqlıqlara yol açmazsa. Məsələ ondadır ki, müxalifət seçkinin nəticəsini qəbul etmək istəmir. Onlar hakimiyyəti seçkini saxtalaşdırmaqda günahlandırır və kütləvi etiraz aksiyalarını davam etdirəcəklərini bildirirlər.
Növbəti İvanişvili-Saakaşvili döyüşü
Gürcüstanda budəfəki parlament seçkisi yeni qanunvericiliklə keçirilib. Yeniliyə əsasən, elektorat 150 deputat seçməli idi. Onlardan 120-si partiya siyahısı, 30-u majoritar sistemlə müəyyənləşməli idi. Partiyaların parlamentə düşməsi üçün minimal hədd 1%-dək azaldılmışdı və burada məqsəd kiçik partiyalara da şans yaradılması, müxtəlif siyasi qüvvələr arasında rəqabətin artırılması idi.
4 il müddətinə seçilən parlament seçkisində 48 partiya və 2 blok iştirak edirdi. Əsas intriqa isə əlbəttə ki, milyarder Bidzina İvanişvilinin başçılıq etdiyi hakim «Gürcü arzusu» ilə faktiki lideri eks-prezident, hazırda Ukraynada yaşayan Mixail Saakaşvilinin olduğu «Güc və Birlik» boku arasında gedirdi.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, seçkidə səslərin 48,15%-ni qazanmış «Gürcü arzusu» qalib gəlib. «Güc və Birlik» bloku (ona beş partiya daxildir: «Vahid Milli Hərəkat», «Xalq üçün dövlət», «İnkişaf və azadlıq», «Respublikaçılar», «Avropa demokratları») 27,14% səs yığıb. Bundan başqa, 1%-lik baryeri daha 7 siyasi partiya keçib. Amma onların heç birinin topladığı səslər 4%-ə çatmayıb.
Beləliklə, «Gürcü arzusu» parlamentdə mütləq çoxluğu əldə saxlamaq və hökuməti təkbaşına formalaşdırmaq üçün kifayət qədər səs qazanıb. Bununla yanaşı, artıq 8 ildir hakimiyyətdə olan «Gürcü arzusu»nun reytinqinin azaldığı da üzə çıxıb.
Yerli ekspertlər hesab edir ki, «Gürcü arzusu»nun uğur qazanması əhalinin əksəriyyətinin onu dəstəkləməsindən çox xalqın Saakaşvili komandasını yenidən hakimiyyətdə görmək istəməməsilə bağlıdır. Lakin son amil sabiq prezidentin tərəfdarlarının fəallığına heç bir təsir göstərmir. Onlar hökuməti seçkini saxtalaşdırmaqda günahlandırır və təkrar səsvermə tələb edir.
İlkin nəticələrin rəsmən açıqlamasından dərhal sonra Gürcüstanın aparıcı müxalifət qüvvəsi etiraz aksiyalarına başlayıb və 10 minlərlə insan aksiyalara qatılıb. İndi, aksiyaların getdikcə daha miqyaslı xarakter alacağı, sonda yeni parlamentin müxalifətin boykotu səbəbilə fəaliyyətə başlaya bilməyəcəyi də istisna deyil.
Etirazlar güclənir?
Məsələ ondadır ki, parlamentə düşmüş 8 müxalifət partiyasının hamısı etiraz olaraq, qazandığı mandatlardan imtina edib. Yəni söhbət yeni qanunverici orqanın boykotundan gedir. Bu qərarın effektiv olub-olmayacağı isə müxalifətin təşkil edəcəyi etiraz aksiyalarının miqyasından asılıdır.
Üstəlik, artıq müxalifət yalnız təkrar seçki tələb etmir. O, hakimiyyətə müxalifətdə olan müxtəlif qüvvələrin iştirakı ilə milli birlik hökumətinin yaradılmalı olduğunu bildirir. Müxalifət daxilindəki birliyi poza biləcək yeganə qıcıqlandırıcı amil isə Saakaşvili şəxsiyyətidir. Halbuki, müxalifətin əsasını məhz onun «Vahid Milli Hərəkat» partiyası təşkil edir. Müxalifət partiyalarının bəziləri Saakaşvilinin böyük siyasətə qayıtmasını istəmir. Eks-prezidentin tərəfdarları müxalifətin qalib gələcəyi təqdirdə baş nazir postuna namizədin Saakaşvili olacağını bəyan etsə də, sabiq prezident bu təşəbbüsü məhz qeyd olunan amilə görə rədd edib. Bununla yanaşı, Mixail Saakaşvili tərəfdarları fəal şəkildə etiraz aksiyalarına çağırır, onları koronavirus pandemiyasından çəkinmədən nümayişlərdə iştirak etməyə səsləyir. Yeri gəlmişkən, Səhiyyə Nazirliyi kütləvi etiraz aksiyalarının ölkədə onsuz da pis olan epidemioloji vəziyyəti daha da ağırlaşdıra biləcəyinə dair xəbərdarlıq etsə də, bu, etirazçı kütlənin fəallığına heç bir təsir göstərməyib.
Ən miqyaslı mitinqlər Tbilisi və Batumidə keçirilir. Paytaxtda hüquq mühafizə orqanları etirazçıları parlament və MSK binası qarşısından su şırnaqları və gözyaşardıcı qazdan istifadə etməklə uzaqlaşdırıb. Beləliklə, noyabr Gürcüstan siyasəti üçün əlamətdar aydır.
Gürcüstanda 2003-cü ilin noyabrında baş vermiş «qızılgül inqilabı» Mixail Saakaşvilinin hakimiyyətə gəlməsilə nəticələnmişdi. Artıq 4 il sonra o, rəqib qüvvələrin ilk ciddi müqavimətilə üzləşmişdi və əslində, Saakaşvili komandasının hakimiyyətinə son qoymuş hərəkat 2007-ci ildəki həmin hadisələrlə başlamışdı.
Bəs yeni noyabr hərəkatı necə nəticələnəcək? «Qızılgül inqilabı»nın lideri hakimiyyətə qayıdacaq, yoxsa əksinə, hakimiyyətdə qalmaq əzmini nümayiş etdirən «Gürcü arzusu» mövqelərini daha da gücləndirəcək?
Bu sualın cavabı heç də yalnız hakimiyyət resurslarının gücündən və müxalifətin etiraz potensialından asılı deyil. Bu işdə maraqlı xarici qüvvələrin, ilk növbədə, Qərbin mövqeyi, onun seçkinin nəticəsinə verdiyi qiymət də çox şeyi həll edəcək.
«Demokratik, lakin qüsurlu»
Gürcüstan parlamentinə seçkini ənənəvi olaraq Qərbin aparıcı strukturları, o cümlədən ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosu ilə AŞPA müşahidə edib. Bu dəfə onların prosesdə iştirakı pandemiya üzündən müəyyən qədər məhdud olub. Lakin bu, müşahidənin ciddiliyinə heç bir təsir göstərməyib. Qeyd olunan strukturların qiymətləndirməsində seçkinin azad, qanunlara uyğun və demokratik keçdiyi bildirilir. Lakin prosesdə qüsurların qeydə alındığı da vurğulanır. Bu mənada, ABŞ-ın Gürcüstandakı səfirliyilə Aİ nümayəndələrinin birgə bəyanatı diqqət çəkir. Onlar müxalifətin seçkinin rəsmi nəticəsini rədd etdiyini də nəzərə alaraq, «seçkinin nəticələrinin legitimləşdirilməsinə yardım göstərməyə» hazır olduqlarını bildiriblər: «Əsaslı seçki pozuntularının aradan qaldırılması üçün etibarlı, inklüziv hüquqi proses vacibdir. Bu, ictimaiyyətin seçkinin legitimliyini tanımasına yardım edərdi».
Bu məqsədlə müxalif əhvalda olan Gürcüstan vətəndaşlarından etiraz aksiyalarını dinc şəkildə keçirmələri, hakimiyyətdən isə «bu mühitin yaradılması» gözlənilir.
Aydındır ki, Qərb mərkəzləri Gürcüstanda siyasi sabitliyin dayaqlarının laxlamasını istəmir və buna mane olmağa çalışır. Çünki onlar bunun ölkənin gələcəyi üçün ciddi fəsadlara yol aça biləcəyini anlayır. Bu üzdən Qərb Gürcüstan hökumətilə müxalifəti arasında vasitəçilik etməyə çalışır.
Gürcüstanın demək olar ki, bütün siyasi qüvvələri NATO və Avropa İttifaqına inteqrasiyanı alternativsiz yol sayır. Yeni parlamentə düşmüş siyasi qüvvələrdən yalnız «Vətənpərvərlər alyansı» Rusiya ilə yaxınlaşma tərəfdarıdır ki, on da cəmi 3,14% səs toplayıb. Yeri gəlmişkən, maraqlıdır ki, «Vətənpərvərlər alyansı» digər müxalifət partiyaları ilə birlikdə qazandığı mandatlardan imtina etsə də, vahid etiraz aksiyalarına qatılmır.
Gürcüstanın digər rusiyapərəst siyasi qüvvəsi, ölkə parlamentinin sabiq spikeri Nino Burcanadzenin rəhbərlik etdiyi Demokratik Hərəkat - «Vahid Gürcüstan» isə ümumiyyətlə, qanunverici orqana düşə bilməyib. Odur ki, ABŞ və Aİ Gürcüstandaxili böhranı həll etmək üçün heç də bu və ya digər qərbpərəst qüvvənin tərəfini tutmaq məcburiyyətində deyil. O, buna Tbilisinin Avro-Atlantik məkana inteqrasiya siyasəti üçün problem yaratmayacaq siyasət yürütməlidir. Başqa sözlə, o, bu mənada eyni mövqedə olan qüvvələr arasında toqquşmaların baş verməsini istəmir.
Şərti desək, ABŞ və Aİ üçün qatı antirusiya xəttinin tərəfdarı olan Saakaşvili ilə Moskva ilə qarşıdurmanın daha yumşaq keçməsinə çalışan İvanişvili arasında seçim etmək prinsipial xarakter daşımır. Maraqlı Qərb dairələrinin Gürcüstan parlamentinin seçkinin nəticələrinin qiymətləndirilməsində bu cür orta xətt tutmasının səbəbi də budur.
Tərəfdaşlıq dəyişməzdir
Gürcüstanda ölkənin xarici siyasi strategiyasının dəyişməz qalacağını təsdiqləmiş seçkinin gedişini Azərbaycanda da yaxından müşayiət ediblər. Gürcüstanda siyasi hadisələrin və debatların gedişi istər Azərbaycanın bu ölkənin həyati maraqları kontekstindəki vacibliyini, istərsə də Bakı ilə Tbilisi arasındakı strateji tərəfdaşlığa zərbə vurulması məqsədilə manipuliyasiyaların bitmək bilmədiyini ortaya qoyur.
Məsələn, Gürcüstanda seçkiqabağı yarışın gedişində ayrı-ayrı qüvvələr Keşikçidağ (David Qareci) monastır kompleksinin tarixi və hüquqi-siyasi mənsubiyyətilə bağlı məsələni yenidən gündəmə gətirmişdi. Maraqlıdır ki, buna istər hakimiyyətdəki qüvvələr, istərsə də məsələn, Leyboristlər Partiyası kimi müxalifət partiyası gedir. Yeri gəlmişkən, populistliyilə məşhur olan Şalva Natelaşvilinin rəhbərlik etdiyi «leyboristlər» seçkidə heç 1% də səs qazana bilməyərək, parlamentə düşməyib.
Xatırladaq ki, bu yaxınlarda Gürcüstanda Azərbaycanla sərhədin delimitasiyası zamanı «Gürcüstanın ərazi bütövlüyünü pozmuş» bir sıra şəxslərlə bağlı cinayət işi başlanıb. Lakin aydındır ki, monastırla bağlı bütün bu söz-söhbətin arxasında daha çox daxili siyasi məqsədlər dayanır. David Qareci mövzusunun seçkiqabağı dövrdə daxili iftiralara yol açdığını ultramillətçi «Gürcü marşı» təşkilatının monastır yaxınlığında təşkil etdiyi aksiya da təsdiqləyib. Aksiya iştirakçıları nəinki Azərbaycana qarşı ərazi iddiaları irəli sürür, həm də Saakaşvilinin partiyasının seçki prosesindən uzaqlaşdırılmasını tələb edirdi: sən demə, sabiq prezident monastır kompleksini Bakayı… satıbmış.
Bakı isə Gürcüstanda seçki yarışının ən qızğın vaxtında Tbilisiyə etibarlı strateji tərəfdaş kimi yanaşdığını göstərən bir sıra siqnallar verirdi. Azərbaycan Prezidenti İlham Əliyev xarici kanallara ard-arda verdiyi müsahibələrində Dağlıq Qarabağ münaqişəsilə yanaşı, ayrı-ayrı dövlətlərlə münasibətlərdən də danışır, bu zaman Gürcüstanla Azərbaycanın bir-birinə qarşılıqlı dəstəyini yüksək qiymətləndirirdi. İki ölkə arasıqda iqtisadi, nəqliyyat-kommunikasiya sahələrində sıx əməkdaşlığın olduğunu xatırladan İ.Əliyev ikitərəfli dostluğun önəmindən söz açır, bu zaman «Gürcüstanın xristian, Azərbaycanın isə müsəlman ölkəsi olmasının önəm daşımadığını» vurğulayırdı.
Seçkidən dərhal sonra isə İlham Əliyev Gürcüstanın baş naziri Georgi Qaxariyaya zəng edərək, ona «Gürcü arzusu» partiyasının qələbəsi münasibətilə təbriklərini çatdırıb. Telefon danışığı zamanı tərəflər Azərbaycanla Gürcüstan arasında münasibətlərin dostluq, strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıblar.
Odur ki, «Gürcü arzusu» hökuməti tərəfindən zaman-zaman ortaya süni «mübahisəli» məsələlər atılsa da, strateji tərəfdaşlar olan Bakı ilə Tbilisi arasında dialoq bundan sonra da müsbət məcrada inkişaf edəcək.
MƏSLƏHƏT GÖR: