24 Dekabr 2024

Çərşənbə axşamı, 23:06

UDUŞLU MARŞRUT

Avropa üçün yeni alternativ - «Şahdəniz» yatağının qazı artıq reallıqdır

Müəllif:

01.12.2020

Avropa koronavirus pandemiyası ilə fəal mübarizə aparmağa davam edərkən və Rusiyanın «Şimal axın – 2» qaz kəmərinin tikintisi ilə bağlı ABŞ sanksiyalarına qarşı çıxmağa çalışarkən, Azərbaycan Xəzər dənizi bölgəsindən Köhnə Dünya ölkələrinə qaz təchiz etmək üçün yeni nəqliyyat sisteminin yaradılmasının yekununa inamla yaxınlaşır.

Bu il noyabr ayının ortalarında məlum oldu ki, Cənub Qaz Dəhlizinin (CQD) son hissəsi - Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ticari əməliyyatlara başlamağa hazırdır ki, onun vasitəsilə «Şahdəniz» yatağından çıxarılan Azərbaycan qazı Gürcüstan, Türkiyə və Yunanıstan ərazisindən keçərək İtaliyaya çatacaq.

Beləliklə, bu ilin sonuna qədər Azərbaycan ixrac coğrafiyasını genişləndirəcək və Avropa Birliyi (AB) əlavə qaz mənbəyi əldə etməklə yanaşı, həm də tamamilə yeni tədarük yolu əldə edəcək. Bu, ixracatın şaxələndirilməsində və tək bir təchizatçıdan asılılığın azaldılmasında mühüm rol oynayacaq.

Layihənin Cənub-Şərqi Avropaya qaz tranzitində Yunanıstanın rolunu artıracağı və İtaliyada enerji qiymətlərini daha rəqabətli edəcəyi gözlənilir.

 

Mübarizəyə tam hazırlıq  

TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən və 8 km-i İtaliyadan keçir. Layihənin dəyəri 4,5 milyard avro qiymətləndirilir.

Boru kəmərinin təməli 17 may 2016-cı il tarixdə Yunanıstanda qoyulub və bu il 13 oktyabrda «TAP AG» konsorsiumu boru kəmərinin fiziki tikintisinin başa çatdığını elan edib. Boru kəmərinin İtaliyanın qaz ötürmə sisteminə qoşulması bir aya yaxın çəkib.

"16 noyabrda Yunanıstanın Saloniki şəhərində qaz kəmərinin tikintisinə başlanılmasından, təxminən, dörd il yarım sonra, işlər TAP qaz ötürmə sistemi vasitəsilə qaz tədarükü üçün ticari əməliyyatları mərhələsinə keçdi", - deyə «TAP AG»dən bildiriblər.

“Bu gün uzunmüddətli perspektiv planlar gerçəkləşir! Ən yaxşı sənaye təcrübələrinə və standartlarına uyğun olaraq layihələndirilmiş və tikilmiş TAP yeni nəqliyyat sisteminin operatoru kimi, iki yolla şaxələndirmə imkanı yaradır: həm yeni və dayanıqlı enerji marşrutu kimi, həm də yaxın onilliklər ərzində milyonlarla Avropa istehlakçısı üçün etibarlı qaz mənbəyi kimi”,- deyə TAP-ın icraçı direktoru Luka Şippati boru kəmərinin işə hazır olmasını şərh edərkən bildirib.

L.Şippatinin sözlərinə görə, Azərbaycan qazının Bolqarıstanda daxili tələbatın, təxminən, 30%-ni, Yunanıstanda 20%-ni və İtaliyada 12%-ni təmin edəcəyi gözlənilir.

TAP Direktorlar Şurasının sədri Murad Heydərov vurğulayır ki, 3,5 min km-lik Cənub Qaz Dəhlizi hazırda enerji resurslarının daşınması üzrə mövcud olan ən çağdaş və etibarlı sistemlərdən biridir.

“CQD-nin əsas parçası olan TAP bazarın strateji və rəqabət özəlliklərini özündə birləşdirir. Bu, zəmanət verir ki, Avropa daha bir mənbədən enerji ala biləcək, eyni zamanda inteqrasiya edilmiş enerji bazarının əsas hədəfləri, həmçinin dayanıqlı, təhlükəsiz və şaxələndirilmiş enerji balansı dəstəklənəcək”, - deyə o vurğulayıb.

Beləliklə, TAP-ın bütün seqmentlərinə test qazı doldurulması başa çatıb və bu ilin dekabrında qazın İtaliyaya çatacağı gözlənilir. Tam gücü ilə işə salındıqda, boru kəməri ilə Avropaya ildə 10 milyard kubmetr qaz ötürüləcək.

Tələbi və "mavi yanacağın" AB-yə ixrac miqyası nəzərə alınarsa, düşünmək olar ki, TAP-ın indiki gücləri «Türk axını»nın Avropadakı davamının gücləri (15,75 milyard kubmetr) ilə rəqabət apara bilməz. Ancaq unutmaq olmaz ki, Trans-Adriatik boru kəmərinin ötürmə gücünü 2 dəfə, yəni ildə 20 milyard kubmetrə qədər artırmaq imkanı var.

Bundan başqa, ekspertlərin fikrincə, COVID-19 pandemiyası və enerjidaşıyıcıların qiymətinin aşağı olması ilə bağlı böhran dövründə TAP-la ötürülən qaz Yunanıstanda və İtaliyada Rusiya boru kəməri qazı ilə rəqabət apara bilər, çünki Azərbaycan qazı rus qazından ucuzdur. Həmçinin gözlənilir ki, TAP boru kəməri Qərbi Balkanların qazlaşdırılmasına da töhfə verəcək, hazırda bölgə yerli kömürdən asılı vəziyyətdədir.  

“TAP layihəsi perspektivdə Albaniya, Monteneqro kimi ticari qaz sektoru olmayan Qərbi Balkan ölkələrinin qazlaşdırılmasına, həmçinin ildə 0,5 milyard kubmetrdən az xırda tələbat profilinə sahib bazarların qazlaşdırılmasına kömək edəcək. Sonuncu, məsələn, Bosniya və Herseqovina hələ də tamamilə Rusiyadan asılı olaraq qalır”, - deyə NATO-nun Kanada Assosiasiyasının enerji təhlükəsizliyi tədqiqatçısı Mariana Liakopulu bildirib.

 

Proqnozlar və perspektivlər

Rəsmi məlumatlara görə, 2019-cu ildə AB-də ümumi qaz istehlakının həcmi 560 milyard kubmetr təşkil edib. Rusiya qazının Avropa bazarındakı payı 39%-dir.

Avropa üçün, təxminən, 170 milyard kubmetr qaz Şimal dənizində istehsal olunur, bu, əsasən Norveç tərəfindən (120 milyard kubmetr) çıxarılır. Yeni yataqların kəşf olunmasına baxmayaraq, burada hasilatda önəmli artım gözlənilmir. Daha 170 milyard kubmetr başqa ölkələrdən həm sıxılmış təbii qaz (LNG) şəklində, həm də boru kəməri ilə gətirilir. Rusiyadan sonra Avropaya ən böyük qaz ixracatçıları sırasında Qətər, Əlcəzair, ABŞ və Nigeriya gəlir.

Bununla belə, ekspertlər Avropada təbii qaza olan tələbin 2030-2040-cı illərədək azalacağını proqnozlaşdırırlar. Beynəlxalq Enerji Agentliyinin (IEA) qiymətləndirməsinə görə, kömür və atom enerjisi güclərinin istismardan çıxarılması üzrə müəyyən artım potensialının olmasına baxmayaraq, Avropada qaza tələbat 2019-cu il səviyyəsinə dönməyəcək, çünki bazarın bu payının böyük hissəsi bərpa olunan enerji hesabına təşkil ediləcək. "2030-cu ilə qədər AB ölkələrində qaza olan tələbat 2019-cu illə müqayisədə 8% az olacaq", - deyə IEA ümid edir.

Bununla yanaşı, «TAP AG» konsorsiumunun rəhbəri əmindir ki, ortamüddətli perspektivdə AB-də təbii qaz ətraf mühitə mənfi təsiri azaltmaq və yaşıl enerjiyə keçidi dəstəkləmək üçün əvəzolunmaz sayılacaq. Üstəlik, L. Şippatinin fikrincə, AB-nin "hidrogen strategiyası"nın həyata keçirilməsi Cənub Qaz Dəhlizi üçün yeni imkanlar açır. Özəlliklə, o düşünür ki, Trans-Adriatik qaz kəməri ilə biometan və hidrogen ötürülməsi perspektivli hesab edilə bilər.

“İqlim dəyişikliyi ilə mübarizə dövrümüzün ən böyük problemidir. Biometan və hidrogen ətraf mühitin dayanıqlılığı, təhlükəsizliyi və təchizatın çevikliyi baxımından üstünlüklərə sahib olmaqla, TAP-ın İtaliyaya və Avropaya bərpa olunan qazların ixracatında istifadəsi üçün maraqlı perspektivlər aça bilər”, - deyə L.Şippati bildirir.

 

Rusiyanın «yanaşması»  

Avropaya əsas qaz tədarükçüsü olan Rusiya ixrac qaz nəqli infrastrukturunu genişləndirməyə davam edir, Baltik dənizinin dibi ilə 55 milyard kubmetr gücə malik «Şimal axını 2» və Qara dənizin dibi ilə «Türk axını» (Türk Stream) qaz boru kəməri tikintisi layihələrini həyata keçirir. İkinci qaz kəməri hər biri ildə 15,75 milyard kubmetr ötürmə gücünə malik iki qola malikdir - bunlardan biri Türkiyəyə, ikincisi - Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulub.

«Türk axını» qaz kəmərinin ilk qolu artıq işə salınıb və 2020-ci ilin yanvarında qaz Türkiyəyə nəql olunub. «Türk axını» ilə Avropaya qaz verilməsi 2020-ci ilin əvvəlində Bolqarıstan, Yunanıstan və Şimali Makedoniyaya nəqllə başlayıb.

Eyni zamanda Rusiyanın "Qazprom" konserni etiraf edir ki, boru kəmərinin Bolqarıstan hissəsinin çəkilməsi ilə bağlı heç də hər şey rahat deyil. İyun ayında Bolqarıstan Baş naziri Boyko Borisov bu gecikməni koronavirusun kompressor stansiyasını avadanlıqla təminatına təsiri ilə əlaqələndirib, bu ilin sonuna qədər problemin həll ediləcəyini vəd edib.

Boru kəmərinin qazı Macarıstana və Mərkəzi Avropaya ötürməli olan Serbiya hissəsinin tikintisinə gəldikdə isə, baş podratçının işlərin rekord dərəcədə irəliləməsi ilə bağlı açıqlamalarına baxmayaraq, burada qrafik üzrə gecikmə var və hissənin işə salınması gələn yaza qədər təxirə salına bilər.

Rusiyadan Baltik dənizi ilə Almaniyaya qaz nəql edəcək «Şimal axını-2» qaz kəmərinin çəkilməsi isə daha böyük çətinliklərlə üzləşir. O, Rusiya resurs bazası ilə Avropa istehlakçılarını birbaşa əlaqələndirəcək. Layihənin gerçəkləşdirilməsini bir tərəfdən ABŞ sanksiyaları, digər tərəfdən AB-nin Üçüncü Enerji Paketindən istifadə məsələsinin həll olunmaması gecikdirir.

Avropa alıcıları ümid edirlər ki, yeni boru kəmərinin 1-1,5 il ərzində istismara veriləcək. Ancaq Ağ Evə yeni rəhbərliyin gəlişi ilə ABŞ-ın Avropanın qazla təchizatının şaxələndirilməsi mövzusunda təzyiqlərinin daha da güclənəcəyi ehtimalını istisna etmək olmaz.

"Cozef Baydenin 2050-ci ilədək ABŞ-ın karbon neytrallığına nail olmaq niyyətində olduğunu düşünsək, o, xarici bazarlarda Amerika neft və qaz şirkətlərinin maraqlarını qorumaq və inkişaf etdirməkdə maraqlı ola bilər, bu da başqa istehsalçılara qarşı yeni sanksiyalar və qaz alıcılarına təzyiqlər deməkdir", - deyə «Vygon Consulting»in analitiki Mariya Belova ehtimal edir.

Ekspertlər ABŞ-ın Cənub Qaz Dəhlizi ilə bağlı mövqeyində dəyişiklik olacağını gözləmirlər. Onun gerçəkləşdirilməsi Azərbaycandan Türkiyəyə və Avropaya qaz nəql edilərək AB-nin enerji təchizatının şaxələndirilməsi məqsədilə əvvəlki iki rəhbərlik tərəfindən dəstəklənib. Ağ Ev rəhbərinin dəyişməsi ilə bu strategiyanın dəyişməyəcəyi gözlənilir.

“C.Baydenin prezidentliyi ilə ABŞ Beynəlxalq İqlim Dəyişikliyi Klubuna qayıdır. Prezident Baydenin Donald Trampın etdiyi kimi Amerika sıxılmış qazını Avropada dəstəkləməsi ehtimalı azdır. Çünki bu, iqlim uğrunda mübrizəyə ziddir. Ancaq bu, Cənub Qaz Dəhlizinə münasibətdə dəyişiklik demək deyil, əksinədir”, - deyə Brüsseldə yerləşən «Bruegel» analitik mərkəzinin elmi əməkdaşı Simone Talyapyetra vurğulayır.

Cənub Qaz Dəhlizi ilə ticari ötürmələrin başlanmasına yalnız bir neçə həftə qalıb. Bu qaz nəqli sisteminin tammiqyaslı işə salınması, ilk növbədə, Azərbaycanın iqtisadiyyatına müsbət təsir göstərəcək və bu, işğaldan azad edilmiş ərazilərin bərpası planları baxımından önəmlidir. Layihədən əldə olunan gəlirlə hökumət sosial proqramları genişləndirə və iqtisadiyyatı şaxələndirmək üçün əlavə tədbirlərin həyata keçirilməsini sürətləndirə bilər.

Bundan əlavə, CQD bölgə ölkələrini - Azərbaycan, Gürcüstan və Türkiyəni daha da yaxınlaşdıracaq, həmçinin onların Avropa ölkələri ilə əlaqələrini genişləndirəcək. Buna, layihənin Avropanın enerji təchizatının şaxələndirilməsinə verdiyi töhfəni də əlavə etsək, nəticə özü özünü göstərir: bu layihənin həyata keçirilməsindən iştirak edən bütün tərəflər qazanacaq, uduzan olmayacaq.



MƏSLƏHƏT GÖR:

248