25 Noyabr 2024

Bazar ertəsi, 09:24

SABAH BUGÜNDƏN BAŞLAYIR

Qarabağ danışıqları bərpa ediləcəksə belə, o, əvvəlki kimi olmayacaq

Müəllif:

01.12.2020

Azərbaycan Ordusunun işğalçı Ermənistan qüvvələri üzərində tarixi qələbəsi Cənub Qafqaz regionunda yeni reallıq yaradıb. Prezident İlham Əliyevin sözlərilə desək, «indi reallıqlar dəyişib. Biz dəfələrlə eşitmişik ki, reallıqlar var və siz onları nəzərə almalısınız. Yaxşı. Biz dəyişdik reallıqları».

 

«Madrid prinsipləri»ni xatırlayaraq

Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqlar prosesinin perspektivinə uzun illər istər münaqişə tərəflərinin ictimaiyyəti, istərsə də beynəlxalq ictimaiyyət kifayət qədər skeptik yanaşıb. Məlum olduğu kimi, ATƏT-in Minsk qrupunun vasitəçiliyilə aparılan danışıqlar son illərdə «Madrid prinsipləri»nə əsaslanırdı. Bu prinsiplər Azərbaycan və Ermənistan prezidentlərinə ATƏT-in 2007-ci ildə keçirilmiş sammitində təqdim olunmuşdu. Sənəd Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasını, regiona təhlükəsizlik və muxtariyyət zəmanətli müvəqqəti statusun verilməsini nəzərdə tuturdu. «Madrid prinsipləri»ndə Ermənistanla Dağlıq Qarabağ arasında dəhlizin yaradılmasından, gələcəkdə Dağlıq Qarabağın statusunun səsvermə yolu ilə müəyyənləşdirilməsindən, bütün qaçqın və məcburi köçkünlərin öz evlərinə qaytarılmasından, təhlükəsizliyə beynəlxalq zəmanətdən, o cümlədən sülhməramlı missiyadan da danışılırdı.

Azərbaycan ümumilikdə sənədin əsas müddəalarını dəstəkləyir, erməni tərəfisə oraya bəzi ciddi dəyişikliklərin edilməli olduğunu bildirirdi. Bununla da, İrəvan sənədin konkret maddələrinin müzakirəsinə başlamaqdan yayınırdı.

Ermənistan buna paralel olaraq, öz siyasətinin hərbi tərəfini gücləndirməyə çalışırdı. Təmas xəttində mövqelərin möhkəmləndirilməsi, cəbhə bölgəsində infrastrukturun müasirləşdirilməsi və danışıqlar prosesindəki faktiki geriləmə göstərirdi ki, İrəvan nəinki kompromisə getməyi düşünmür, ümumiyyətlə, zor gücünə ələ keçirdiyi Azərbaycan ərazilərini heç bir formada geri qaytarmaq fikrində deyil. Bu ərazilərin coğrafi adlarının, toponimlərinin erməniləşdirilməsi, bəzi yaşayış məntəqələrinə ayrı-ayrı ölkələrdən gəlmiş etnik ermənilərin yerləşdirilməsi də dolayısı ilə bunun təsdiqi idi. Bu da son deyil. İşğal olunmuş torpaqlarda fəal təsərrüfat işləri aparılır, infrastruktur obyektləri tikilirdi. Ermənistanda dərc olunan yeni xəritələrdə qoşunların təmas xətti «Artsaxın sərhədi» kimi göstərilirdi. Bundan başqa, erməni analitiklər artıq bu sərhədlər boyunca 50 kilometr dərinlikdə demilitarizasiya edilmiş «sanitar zona»nın yaradılmalı olduğundan belə, danışırdılar. Məhz bu məqsədlə Azərbaycanın cəbhəyanı kəndlərində yaşayan əhalinin mütəmadi atəşə tutulması, terror aktlarına məruz qoyulması, bununla da, onların daha da geri çəkilməsinə nail olunması planlaşdırılırdı.

İrəvan artıq Azərbaycanın Goranboy rayonuna da ərazi iddialarını gizlətmirdi. Onlar Goranboyu hələ də keçmiş Şaumyan rayonunun ərazisi sayırlar. Halbuki Şaumyan rayonu heç zaman keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olmayıb.

 

Sülhlə həyata keçməyən «Lavrov planı»

Ermənistan rəhbərliyinin bu qədər həyasız davranışını bir şeylə izah etmək olar: onlar əmin idilər ki, Azərbaycanın işğal olunmuş ərazilərini hərbi yolla azad etməsinə nə Minsk qrupunun həmsədrləri, nə də dünyanın güc mərkəzləri imkan verəcək. Bununla yanaşı, İrəvan Moskvanın dəstəyinə, tərəflər arasındakı müttəfiqlik öhdəliklərinə də arxayın idi. Ermənilər düşünürdülər ki, müharibə bərpa olunarsa, Rusiya onların tərəfini tutacaq.

Lakin 2014-2015-ci illərdən sonra vəziyyət dəyişməyə başlamışdı. Qərblə Rusiya arasında Ukrayna problemi üzündən ziddiyyətin dərinləşdiyi bir vaxtda Serj Sarqsyan hökuməti Avropa İttifaqı ilə yaxınlaşmaq fikrinə düşmüşdü. Bununla yanaşı, İrəvan Rusiyanın 2011-2014-cü illərdə Azərbaycana açıq şəkildə silah satmasına etiraz edir, bu isə Moskvanı açıq-aşkar qıcıqlandırırdı. Nəticədə, 2016-cı ilin aprelində münaqişə zonasında hərbi qarşıdurma baş verən zaman Rusiya uzun illər sonra ilk dəfə məsələyə müdaxilə etməmiş, Ermənistanı nə birbaşa, nə də dolayı yolla dəstəkləmiş, bu isə İrəvanda əməlli-başlı narazılıq yaratmışdı.

Beləliklə, artıq Azərbaycan Moskva üçün yalnız iqtisadi sahədə deyil, xarici siyasət baxımından da çox perspektivli tərəfdaşa çevrilmişdi. Ermənistan bu anı qaçırmışdı… İndi Moskva üçün Bakı və İrəvanla tərəfdaş münasibətlərini qoruyub saxlamaq vacib olsa da, münaqişə zonasında status-kvonun yeni reallıqlara uyğun dəyişdirilməsi zərurəti də yaranmışdı.

Tərəflər arasında ATƏT-in Minsk qrupunun vasitəçiliyilə Vyana və Sankt-Peterburq danışıqları məhz 2016-cı ilin aprel hadisələrindən sonra baş tutmuşdu. O zaman Moskva tərəflərə münaqişənin qismən həllinə dair təkliflər vermişdi. Həmin təşəbbüs Azərbaycan və Ermənistan prezidentlərinin 2011-ci ildə Kazanda keçirilmiş görüşü zamanı ortaya qoyulmuş «Kazan formulu»na çox bənzəyirdi. Bu təklifin də məğzini Ermənistanın Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltması, Azərbaycanın həmin əraziləri demilitarizasiya etməsi, Ermənistana gedən kommunikasiyaları açması təşkil edirdi. Bundan başqa, azad olunmuş rayonlara məcburi köçkünlərin qaytarılması, həm azərbaycanlı, həm də erməni əhalinin təhlükəsizlik məsələlərinin həlli, o cümlədən regiona sülhməramlıların yerləşdirilməsi də təklif olunurdu.

Bu təkliflər, ümumilikdə, «Lavrov planı» kimi yadda qalıb. Rusiyanın xarici işlər naziri onları iki ölkə rəhbərlərinin görüşündə səsləndirmişdi. Lakin o zaman hələ Ermənistanda «məxməri inqilab» baş verməmiş və Nikol Paşinyan hakimiyyətə gəlməmişdi.

Nəhayət, 2019-cu ilin dekabrında artıq Ermənistanın baş naziri Nikol Paşinyan Sarqsyan hökumətinin Azərbaycanla son illər apardığı danışıqların əsasını təşkil edən planın «qaralama variantı»nı ictimaiyyətə açıqlamağı lazım bilmişdi: planda Ermənistan üçün qəbuledilməz olan maddələrin yer alırmış. Söhbət əvvəlcə Dağlıq Qarabağ ətrafındakı 5, daha sonra 2 rayonun Azərbaycana qaytarılmasından gedir. Sonradan bunu Qarabağdakı separatçı rejimin «təhlükəsizlik şurası»nın katibi Samvel Babayan da təsdiqləmişdi: «Onun (Serj Sarqsyanın) nə deməsindən asılı olmayaraq, danışıqların əsasını təşkil edən sənəd əlimizin altındadır. Orada tam aydın və qəti şəkildə deyilir ki, əvvəlcə 5, daha sonra 2 rayonu, daha sonra isə bir dəhlizi geri qaytarırıq. Qarabağ münaqişəsinin həllisə görünmür».

Beləliklə, Paşinyanla Babayan Rusiyanın təklifinin danışıqlar prosesinin əsasını təşkil etdiyini, onun reallaşdırılmasına əsas maneənin isə erməni tərəfi olduğunu birbaşa və ya dolayısı ilə təsdiq edirdilər. Məsələ ondadır ki, İrəvan üçün danışıqlar prosesində irəli atılacaq istənilən addım işğal altındakı ərazilərə nəzarətin itirilməsi demək olacaqdı. Üstəlik, bu zaman problemin istisnasız olaraq Ermənistanın maraqlarına uyğun çözüləcəyinə dair heç bir əlamət də görünmürdü.

 

2019-2020-ci illərin danışıqlar prosesi

Bu ilin iyulunda, Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində vəziyyətin gərginləşməsindən sonra Rusiyanın XİN başçısı S.Lavrov gərginliyin yaranmasında faktiki olaraq İrəvanı günahlandırmışdı. «Gərginliyin yaranmasının özünəməxsus açarı coğrafi amil olub: erməni tərəfinin Azərbaycana məxsus boru xətlərinin yerləşdiyi bölgənin 15 kilometrliyində köhnə sərhəd nəzarət buraxılış məntəqəsini bərpa etmək cəhdi bir tərəfin böyük narahatlığına, digər tərəfin əsassız cavab reaksiyasına səbəb olub. Nəticədə, ən gözlənilməz fəsadlara yol aça biləcək qarşıdurma başlayıb», - deyə o, bildirmişdi.

O vaxtdan Azərbaycanın əks-hücum əməliyyatlarına başlamasınadək Rusiya tərəfi fəal şəkildə danışıqlar üçün platforma yaratmaqla məşğul olub. Lakin Ermənistan tərəfinin praktiki addımları İrəvanın danışıqlarda real nəticələrin əldə olunmasına çalışmadığını göstərirdi.

Elə həmin günlərdə KİV-də Paşinyanın hakimiyyətə gəldikdən sonra Azərbaycanla razılığın əldə olunmasına çalışdığına dair xəbərlər də yayılmışdı. Məlumatda bildirilirdi ki, o, İlham Əliyevə ikitərəfli görüşlərin keçirilməsini də təklif edibmiş. Bakı əvvəlcə Ermənistanın Azərbaycan ərazilərini işğal etmiş «Qarabağ klanı»na aidiyyəti olmayan yeni rəhbərliyinin əvvəlki iqtidardan fərqli mövqe tutacağına məhz bu üzdən ümid bəsləyirmiş. Lakin bu, baş verməyib. N.Paşinyan vaxtdan, danışıqlar prosesindən öz mövqelərini gücləndirmək, həmçinin Dağlıq Qarabağ separatçılarının başına özünə loyal qüvvələri gətirməklə, orada siyasi nüfuzunu möhkəmləndirmək üçün istifadə edib.

Bütün bunlardan sonra rəsmi Bakı son aylar ərzində Ermənistan rəhbərliyinə göstərirdi ki, o, istər İrəvana, istərsə də ümumiyyətlə, danışıqlar prosesinə inamını itirib. N.Paşinyanın 2019-cu ilin sentyabrında Dağlıq Qarabağda verdiyi «Qarabağ Ermənistandır və nöqtə» bəyanatı Bakının mövqeyində dönüş nöqtəsi olub. Separatçı rejimin rəhbəri üçün bölgənin azərbaycanlı əhalisinin siyasi və mədəni mərkəzi olan Şuşada «inauqurasiya» mərasiminin təşkilisə Azərbaycanın səbrini daşıran son damla sayıla bilər.

 

Yeni reallıq: müharibə və «sıfırdan» həll

Sentyabrın 27-nə hərbi-siyasi müstəvidə vəziyyət əməlli-başlı «qaynayırdı». Həmin gün səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini növbəti dəfə atəşə tutması ilə Bakı Dağlıq Qarabağ zonasında bütün cəbhə xətti boyu miqyaslı əks-hücuma start verir. Cəmi bir neçə günə Azərbaycan tərəfi danışıqlar yolu ilə 25 ildə əldə edə bilmədiklərinə silah gücü ilə nail olur.

İndi Ermənistanın işğal etdiyi ərazilərin, təxminən, 28 il sonra geri qaytarılmasının ardından əvvəlki gündəm əhəmiyyətini itirir. Daha Nikol Paşinyan hökumətilə birbaşa danışıqların aparılmasının da əhəmiyyəti qalmayıb. Çünki o, danışıqlar üçün etibarlı tərəf müqabili olmadığını, sözlərinə və əməllərinə görə məsuliyyət hiss etmədiyini sübut edib. N.Paşinyan faktiki olaraq, problemin sülh yolu ilə həlli prosesi çərçivəsində aralıq həll variantının gerçəkləşdirilməsini, münaqişə zonasına sülhməramlıların göndərilməsini planlaşdıran Rusiyanı da pis vəziyyətdə qoyub. Erməni tərəfi hər kəsə göstərib ki, o, torpaqların Azərbaycana qaytarılmasını nəzərdə tutan heç bir planı qəbul etmir. İrəvan anlayırdı ki, işğal altındakı 7 rayonun geri qaytarılması müqabilində Dağlıq Qarabağa müstəqillik tələbi Bakı üçün qəbulolunmazdır.

Bu arada, son həftələr xarici qüvvələrin Azərbaycana birbaşa təzyiq göstərmək iqtidarında olmadığını da ortaya çıxarıb. Çünki Bakı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət edir. O, müharibəni öz ərazisində, özünün işğal olunmuş torpaqlarını geri qaytarmaq məqsədilə aparırdı.

Digər tərəfdən müharbədən əvvəl olduğu kimi, bu gün də İrəvana təzyiq etmək istəmirlər. Belə olan şəraitdə tam demoralizə olmuş, üstəlik, destruktiv mövqeyindən əl çəkməyən Ermənistan rəhbərliyilə danışıqların mənası yoxdur. Ən azı o aydındır ki, artıq Azərbaycan ərazilərinin mərhələli şəkildə boşaldılmasını nəzərdə tutan əvvəlki plan üzrə danışıqlar aktuallığını itirib, ətrafında müzakirələrin aparılacağı yeni gündəm isə yoxdur. Noyabrın 10-da imzalanmış və Dağlıq Qarabağda döyüşlərin dayandırılmasını nəzərdə tutan sənədin qüvvəyə minməsi region üçün yeni perspektivlər, o cümlədən diplomatik perspektivlər açıb. Bu razılaşma faktiki olaraq, uzun illərdir davam edən münaqişəyə son qoyub, onu hərbi-siyasi müstəvidən siyasi-diplomatik həll mərhələsinə keçirib.

Qeyd etmək lazımdır ki, razılaşma yalnız Moskvanın fəal müdaxiləsilə əldə edilib. ATƏT-in Minsk qrupunun digər həmsədrləri prosesdə iştirak etməyib. Bu isə Vaşinqtonda və xüsusilə Parisdə ciddi narazılıq yaradıb.

ABŞ Dövlət Departamentinin yüksək rütbəli nümayəndəsi bildirib ki, Birləşmiş Ştatlarla Fransa «əvvəlkitək, Minsk qrupunun həmsədri kimi, prosesə sadiqdirlər… Rusiyanın atəşin dayandırılmasına gətirib çıxarmış addımlarını qəbul etməklə yanaşı… lakin onu da etiraf edirik ki, rusların aydınlıq gətirməli olduğu bir çox sual qalır: razılaşmanın parametrləri, Türkiyənin rolu və s. kimi».

Rusiya Federasiya Şurasının Beynəlxalq komitəsinin rəhbəri Konstantin Kosaçov isə hesab edir ki, «ABŞ və Fransanın bu sorğusu qısqanclıqdan başqa bir şey deyil – birdən onların iştirakı olmadan hansısa uğur əldə edilər».

Senator hesab edir ki, hazırda Vaşinqtonla Paris özləri-özlərinə suallar verir: bu vəziyyətdən necə çıxmalı, niyə biz Dağlıq Qarabağda Rusiya kimi uğurlu sülhməramlı missiya gerçəkləşdirə bilmədik və s. Bununla yanaşı, siyasətçi bildirib ki, «rusiyalı diplomatlar bütün mərhələlərdə (Qarabağla bağlı üçtərəfli danışıqlarda) ABŞ və Fransa nümayəndələrilə əlaqədə olublar». «Moskva Qarabağdakı sülhməramlı əməliyyatlarla bağlı Minsk qrupunun həmsədrlərini və üzvlərini bundan sonra da məlumatlandıracaq», - deyə o, qeyd edib.

Kosaçov onu da bildirib ki, Rusiya ilə Türkiyənin Azərbaycandakı birgə monitorinq mərkəzi «sülhməramlı missiyanın həyata keçirilməsilə deyil, ona nəzarət edilməsilə məşğul olacaq».

Bu arada, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov noyabrın 18-də ATƏT-in Minsk qrupu çərçivəsində Fransa və Amerika nümayəndələrilə məsləhətləşmələr aparıb. Görüşdə 10 noyabr bəyanatından sonra bölgədə yaranmış vəziyyət müzakirə edilib. Sonda yayılmış qısa bəyanatdan belə məlum olur ki, tərəflər, sadəcə, vasitəçilərin səylərini koordinasiya etməsindən danışıblar.

Bir sözlə, yeni şəraitdə danışıqlar prosesinin perspektivindən bəhs olunmur. Parislə Vaşinqton Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələrin davam etdirilə biləcəyinə eyham vursalar da, yeni reallıqda belə eyhamlara yer yoxdur.

Əslində, indi Ermənistanın özü də siyasi dialoqda iştirak edəcək, konstruktivlik göstərəcək halda deyil. Ölkədə daxili siyasi vəziyyət gündən-günə ağırlaşır, Paşinyanı istefaya çağıranların səsi gündən-günə daha gur eşidilir. Başqa sözlə, hazırkı Ermənistan rəhbərliyinin perspektivi çox dumanlı görünür. Yəqin ki, Bakı yeni nizamlama prosesinə «yeni səhifədən» və bəlkə də, Ermənistanın yeni rəhbərliyilə başlayacaq.



MƏSLƏHƏT GÖR:

253