25 Noyabr 2024

Bazar ertəsi, 07:01

«BREKZİT»İN ÇƏTİNLİKLƏRİ

Böyük Britaniya, həqiqətən, öz ərazilərinə nəzarəti geri qaytardımı?

Müəllif:

15.01.2021

«Biz qanunlarımıza və taleyimizə nəzarəti özümüzə qaytardıq». Bunu Böyük Britaniyanın baş naziri Brois Conson Birləşmiş Krallığın Avropa İttifaqını tərk etməsilə bağlı şərtlərin yer aldığı razılaşmanın imzalanmasından sonra bildirib. Bu, tam Milad günü ərəfəsində baş verib. Yeni ilə 1 saat qalmış, saat 23:00-da isə «Biq Ben»də uzun müddət aparılmış bərpa işlərinin ardından ilk dəfə zəng çalınıb – o, vida zəngi idi. Krallıq vahid Avropa bazarına 48 illik üzvlükdən, ölkənin Aİ-ni tərk etməsilə bağlı referendumdan isə 1645 gün sonra birliyə «əlvida» deyirdi.

Danışıqlar çətin, gərgin keçirdi. Hətta tərəflərdən heç birində onun uğurla bitəcəyinə əminlik yox idi. Lakin ilin sonuna lap az qalmış tərəflər 4 istiqamət üzrə qarşılıqlı, bəzi məqamlarda isə ağrılı güzəştlərə getməli oldu. Söhbət ticarət razılaşmasından, iqtisadi və sosial sahələrdə əməkdaşlıqdan, təhlükəsizlik sahəsində əməkdaşlıq və mübahisələrin həlli üzrə xüsusi mexanizmdən gedir. Tərəflər hər 4 ildən bir razılaşmaya nə dərəcədə əməl olunduğunu qiymətləndirəcək.

 

Qalmaqal

Danışıqlarda qeyri-müəyyənlik o qədər idi ki, müzakirələrin bitməsinə cəmi 2 həftə qalmış, dekabrın 7-də Britaniya parlamentinin Nümayəndələr palatası beynəlxalq qalmaqala səbəb olan qanun belə, qəbul etmişdi. Daxili bazar haqqında qanunda kifayət qədər mübahisəli maddələr var. Sənəd faktiki olaraq, Böyük Britaniya ilə Aİ arasında «Brekzit»lə bağlı cəmi 1 il əvvəl imzalanmış və Şimali İrlandiyaya aid razılaşmanın ləğvi deməkdir. Söhbət Şimali İrlandiya ilə İrlandiya Respublikası arasında sərt sərhədin olmayacağına zəmanət verən «Backstop» mexanizmindən gedir. Həmin mexanizmə əsasən, «sərt Brekzit» halında Belfast vahid Aİ bazarının bir hissəsi olaraq qalmalı, Şimali İrlandiyaya Böyük Britaniyanın qalan hissəsindən gətirilən mallar dəniz sərhədində yoxlanılmalı idi. Üstəlik, razılaşmada bildirilir ki, o, Birləşmiş Krallığın daxili qanunvericiliyi üzərində üstünlüyə malikdir.

İndisə Boris Conson açıq şəkildə bildirir ki, Britaniyanın yeni qanunu beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirilə bilər. Bununla yanaşı, o, həmin qanunun qəbulunu «müdafiə tədbiri» kimi təqdim edir.

Baş nazir deyir ki, tərəflər arasında ticarət razılaşması əldə olunmazsa, «Backstop» mexanizmi ölkənin vahid bazarını təhlükə altına qoyacaq. Daxili bazarla bağlı qanun isə bu vəziyyətə imkan verilməməsi üçün qəbul edilib – Böyük Britaniya yarana biləcək belə vəziyyəti ölkənin suverenliyinə və ərazi bütövlüyünə qəsd sayır.

Doğrudur, ticarət razılaşmasının əldə olunacağı təqdirdə qanundan bütün mübahisəli maddələrin çıxarılacağı deyilir. Lakin bu, Londonun üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əhəmiyyət vermədiyi faktını aradan qaldırmır.

Nəticədə, Consonun yaxşı düşünülmədən atdığı addımlar az qala danışıqların pozulması ilə nəticələnəcəkdi. Aİ mübahisəli qanunun qeyd-şərtsiz ləğvini tələb edir, əks təqdirdə, heç bir razılaşmanı ratifikasiya etməyəcəyini bildirirdi. Bundan başqa, Brüssel Britaniyanı «Brekzit» razılaşmasında nəzərdə tutulmuş sanksiyalarla da hədələyirdi. Aİ bildirirdi ki, tələbinə əməl olunmazsa, Britaniya ilə bütün ticarət razılaşmalarından imtina ediləcək, Britaniya mal və xidmətlərinə kvota və rüsum tətbiq olunacaq, üstəlik, Londonun maliyyə sektoru Aİ bazarına çıxışı tam itirəcək.

Sonda hədələr nəticə verdi və danışıqlar davam etdirilirdi.

 

Qalib kimdir?

Danışıqların, nəhayət, ilin son günlərində başa çatdırılması hər iki tərəfin güzəştlərə getməsi sayəsində mümkün olub. Lakin Avropa KİV-i dərhal tərəflərdən hansının daha çox güzəştə getdiyinə dair mübahisələrə başlayıb.

Boris Conson bəyan edib ki, tərəflər arasındakı «savaş» 28:11 hesabı ilə Londonun xeyrinə başa çatıb. Başqaları isə bütün vacib iqtisadi məsələlərdə, o cümlədən balıqçılıq məsələsində Aİ-nin istəyinə nail olduğunu deyir. Üstəlik, belə düşünənlər Britaniyada da az deyil.

Məsələn, Toni Bleyer administrasiyasının rəhbəri olmuş Xonatan Pauell hesab edir ki, Böyük Britaniya son həftələri ölkə iqtisadiyyatının cəmi 0,1%-ni təşkil edən balıqçılıq sahəsindəki mövqelərini qoruyub saxlamağa sərf edib (sonda yenə də uduzub). Əvəzində, 80% paya sahib olan, rəqabətdə Birləşmiş Krallığa üstünlüklər qazandıran xidmətlər ümumiyyətlə razılaşmadan çıxarılıb. 2019-cu ildə balıqçılıq Britaniya iqtisadiyyatına 437 milyon funt-sterlinq, maliyyə xidmətləri sənayesi isə 126 milyard funt-sterlinq gətirmişdi. «Beləliklə, Aİ ilə azad ticarətlə bağlı əldə etdiyimiz razılaşma Brüsselin digər dövlətlərlə bağladığı analoji razılaşmalardan pisdir», - deyə o, bildirib.

Consonun sözlərinə görə, o, Brüsseli ölkədə istehsal edilmiş, xarici detalları olmayan sənaye məhsullarının Aİ-yə rüsumsuz ixracına razı sala bilib. Amma bu, qələbədirsə belə, yarımçıq qələbədir. Çünki hər hansı məhsulda Britaniya və Aİ istehsalı olmayan detallar 40%-dən çox olarsa, ona mütləq şəkildə vergi tətbiq ediləcək. Bundan başqa, Londonda düşünürdülər ki, Brüssel həm Aİ, həm də Britaniyanın azad ticarət razılaşmasının olduğu ölkələrdə (məsələn, Yaponiya, Kanada və ya Türkiyə) yığılmış, istehsal edilmiş məhsullara vergi tətbiq etməyəcək. Amma Brüssel buna da razılıq verməyib.

Razılaşmanın imzalanmasına ən ciddi maneələrdən biri də arbitraj mexanizmilə bağlı fikir ayrılıqları idi. Avropa İttifaqı narahat idi ki, Britaniya zamanla, hakimiyyətdə hansı qüvvənin olmasından asılı olaraq, Aİ standartlarından yayına bilər. Lakin Londonun təzyiqləri qarşısında Brüssel güzəştə getməli olub: o, razılaşmanın icrasına Avropa Məhkəməsinin nəzarət etməsilə bağlı israrından əl çəkib. Burada yalnız Şimali İrlandiya istisnadır. O, əvvəlkitək Aİ-nin vahid bazar və Gömrük İttifaqı qaydalarına tabe olacaq. Demək, Avropa Məhkəməsi Şimali İrlandiya ərazisindən, başqa sözlə, qismən də Böyük Britaniyada ali hüquqi orqan olaraq qalacaq. Başqa hallar üçün xüsusi arbitraj komissiyası yaradılacaq. Lakin onunla bağlı müzakirələr hələ qarşıdadır.

Tərəflər heyvan mənşəli məhsulların ixracı ilə bağlı sanitar və təhlükəsizlik standartları ilə bağlı da razılığa gələ bilməyib. Demək, Böyük Britaniya vahid Aİ bazarına göndərilməli olan məhsullarla bağlı kifayət qədər bahalı yoxlamalar aparmalı olacaq.

Aİ Böyük Britaniyanın kommersiya müəssisələrinə dövlət yardımının göstərilməsində Avropa qaydalarına əməl etməsini də istəyir, bunda israr edirdi. Brüssel narahat idi ki, Böyük Britaniya hökuməti nəzarətdən kənar subsidiyalar hesabına rəqabətdə üstünlük qazanmağa çalışacaq. Lakin bu məsələdə də London geri çəkilməyib və indi o, öz subsidiya rejimini qurmaq hüququna malikdir. Bu, Aİ-nin, həqiqətən də, ciddi güzəştidir.

Tərəflər ekoloji, sosial və əmək standartları ilə bağlı minimal həddi müəyyənləşdirib və onlardan heç biri həmin həddən aşağı keçməməlidir. Bu və digər standartlara hər 4 ildən bir, yenidən baxılacaq.

 

Aİ-yə dönüş

Nə qədər qəribə səslənsə də, görünən odur ki, Böyük Britaniyanın gələcəkdə Aİ-yə qayıdışının real olub-olmadığı ölkə əhalisini getdikcə daha az maraqlandırır. Hər halda, mütəmadi keçirilən sorğular bunu göstərir.

Daha bir maraqlı məqam britaniyalıların deputatları Aİ ilə razılaşmanın lehinə səs verməyə çağırmalarıdır. Məsələ ondadır ki, onların əksəriyyəti razılaşmanın Britaniyanın xeyrinə olub-olmadığını bilmir. Sosioloqlar bunu insanların bu problemdən bezməsilə əsaslandırır. İndi insanlar ölkəni parçalamış və 4,5 ildə onların enerjisini almış bu mübahisənin, nəhayət, başa çatmasını istəyir.

Ölkədə iqtisadi inkişafın «Brekzit»dən əvvəlki dövrlə müqayisədə daha zəif olacağını anlayan əhali bununla yanaşı, əmindir ki, Britaniyanın nə vaxtsa geri qayıtmaq istəyəcəyi təqdirdə Aİ onu qəbul edəcək. Amma bu, əlbəttə ki, vaxtilə Marqaret Tetçerin əldə etdiyi güzəştli şərtlərlə olmayacaq.

İndi ölkənin qarşısında başqa problemlər dayanır.

 

Parçalanma təhlükəsi

İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyada koronavirusa yoluxma hallarının kəskin artması ilə əlaqədar, yanvarın 5-6-dan, demək olar ki, sinxron şəkildə üçüncü «lokdaun» elan edilib. Krallığın hissələrinin hər biri səhiyyə sahəsində müstəqildir. Lakin vəziyyət bütün ölkə boyu eyni dərəcədə kritik olduğundan, görülən tədbirlər də eyni dərəcədə sərtdir.

Amma İngiltərədə yoluxan və ölənlərin sayı digər regionlarla müqayisədə daha yüksəkdir. Məsələn, İngiltərə bu göstəriciyə görə Şotlandiyanı 13-15 dəfə üstələyir (əhalinin sıxlığına üstünlük cəmi 6 dəfə çoxdur).

İndi britaniyalıları Aİ-dən ayrılmaqdan çox bu rəqəmlər, həmçinin baş nazir Consonun inamsız, bəzən ziddiyyətli addımları qıcıqlandırır. Epidemiya və onun yaratdığı iqtisadi problemlərin Birləşmiş Krallığın gözlədiyi qədər olmadığı ortaya çıxıb. Boris Consonun uzaqgörən olmaması ona gətirib çıxarıb ki, Şotlandiya, Uels və Şimali İrlandiya ilə mərkəz arasında körpü rolunu oynamalı olan Birgə Nazirlik Komitəsi parçalanıb. Çünki Conson baş nazir olduğu 16 ayda bir dəfə də olsun, bu qurumun iclasını çağırmayıb.

Artıq ölkədə mərkəzdənqaçma əhvalı yüksəkdir. 2016-cı ildə keçirilmiş referendumlarda Aİ-dən ayrılmağın əleyhinə səs vermiş Şotlandiya ilə Şimali İrlandiyada müstəqillik tələbilə çıxış edən siyasətçilər sürətlə populyarlaşmağa başlayıb. «Financial Times» yazır ki, «Birləşmiş Krallıq parçalanma riski ilə qarşı-qarşıyadır». Yazıda bildirilir ki, bu ssenarinin qarşısını yalnız iki hadisə ala bilər: «Dauninq-stritdə Boris Consonun əvəzinə yeni baş nazirin peyda olması və ölkənin əsl federalist dövlətə çevrilməsi, bununla da, 4 regionun hər birinə tam muxtariyyət və bərabər səlahiyyətlərin verilməsi».

Şotlandiyanın sabiq baş naziri Qordon Braunun fikrincə, siyasi fikir ayrılıqlarını pandemiya üzə çıxarsa da, problemin kökləri daha dərindədir. Böhran göstərdi ki, bütün Böyük Britaniyaya təsir göstərən qərarlar əvvəlkitək nəinki Şotlandiya, Uels və Şimali İrlandiyanın, hətta İngiltərənin regionlarının belə, real iştirakı olmadan qəbul edilir. Ölkənin müxtəlif hissələri arasında iqtisadi uçurum sürətlə böyüyür, «Brekzit» isə bu uçurumu, resursların bölüşdürülməsi uğrunda mübarizəni daha da kəskinləşdirəcək.

Siyasətçi ölkəni parçalanmadan qorumaq üçün yeni Konstitusiyanın qəbulunu təklif edir. Onun fikrincə, yeni Konstitusiyada «ümumi dəyərlər nəzərə alınmalıdır». Bununla yanaşı, sənəd «dövlətin çoxmillətliliyini, regional fərqliliyini nəzərə alacaq yeni ictimai institutlar yaradılmasını» da nəzərdə tutmalıdır.

O, ilk addım kimi, Lordlar palatasının ABŞ, Almaniya, Avstriya və Kanadada olduğu kimi, Millətlər və Regionlar Senatı ilə əvəzlənməsini vacib sayır.

 

Prioritetlər

«Brekzit» baş tutdu. Amma hələ hər şey bitməyib. O, orta perspektiv üçün Britaniya saysız-hesabsız gələcək münaqişə ocağı vəd edir. Ən əsası isə İA ilə hələ də həllini tapmamış məsələlər nə qədər çətin və qlobal əhəmiyyətə malik olsa da, britaniyalılar üçün problemlərin heç də ən təhlükəlisi deyil.

Ölkənin siyasi rəhbərliyi üçün əsas prioritetlər sırasında dövlətin bütövlüyünün qorunub saxlanması dayanır. Odur ki, Boris Consonun ölkənin taleyinə nəzarətin geri qaytarıldığına dair bəyanatı o qədər də inandırıcı səslənmir. Əksinə, bəlkə də, «Brekzit» bu nəzarətin itirilməsilə nəticələnəcək.



MƏSLƏHƏT GÖR:

274