23 Noyabr 2024

Şənbə, 07:00

XƏZƏR «DOSTLUĞU»

Azərbaycanla Türkmənistan, nəhayət, «Kəpəz/Sərdar» yatağının birgə işlənilməsilə bağlı razılığa gəliblər

Müəllif:

01.02.2021

Qarabağda Qələbədən sonra Azərbaycan otuz ildir ki, bölgəni narahat edən başqa bir problemi də uğurla həll etdi. Düzdür, bu dəfə fikir ayrılıqları torpaqla bağlı deyil, Xəzərdəki neft yataqları ilə bağlı idi və ən əsası, ərazi işğalından söhbət getmirdi. Bu səbəbdən, illərlə davam edən danışıqlara baxmayaraq, fikir ayrılığı hansısa bir düşmənçilik qarşıdurmasına gətirib çıxarmadı və mübahisə sonda maksimum sülh və dostluq şəraitində həll edildi. Yeri gəlmişkən, bu yaxınlara qədər Azərbaycan və Xəzərdəki qonşusu Türkmənistan tərəfindən bölünə bilməyən əraziyə rəmzi olaraq «Dostluq» adı verilib.

 

Tarixi sənəd

Azərbaycan və Türkmənistan prezidentləri İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov arasında yanvarın 23-də videokonfrans formatında keçirilən görüşü Xəzər dənizindəki «Dostluq» yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə hökumətlərarası Anlaşma Memorandumunun təntənəli imzalanması ilə yadda qaldı.  

“Ölkələrimiz tərəfindən aparılmış çoxillik böyük işin nəticəsi olan bu sənəd enerji sahəsində əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, iki nəhəng enerji dövlətinin çox zəngin birgə potensialının üzə çıxarılmasına, Xəzər dənizi regionunda davamlı energetikanın, geniş qarşılıqlı faydalı və beynəlxalq tərəfdaşlığın inkişafı üçün ən əlverişli şərait yaradılmasına yönəlib ", - deyə Q.Berdiməhəmmədov imza mərasimində bildirib.

“Mən bugünkü sənədi tarixi sənəd adlandırardım, çünki Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək”, - deyə İ.Əliyev vurğulayıb.  

«Dostluq» yatağı ictimaiyyətin yaxşı tanıdığı «Kəpəz» yatağı (Azərbaycan versiyası) və ya «Sərdar» yatağıdır (türkmən versiyasında). Azərbaycan ilk başdan bu sahədə enerji ehtiyatlarının birgə işlənməsi variantını təklif edirdi. Sevindiricidir ki, uzun illər davam edən müzakirələrin nəticələrinə görə məhz belə bir qərar verilib.

Azərbaycan-Türkmənistan münasibətləri tarixini bilənlər yaxşı anlayırlar ki, iki ölkənin liderləri anın önəmindən və imzalanan sənədin özünün əhəmiyyətindən danışarkən nə demək istəyirlər. Axı, «Kəpəz»/«Sərdar» yatağı postsovet dövründə Bakı ilə Aşqabad arasında əsl mübahisə mənbəyinə çevrilmişdi. Keçən əsrin 90-cı illərinin sonlarında başlayan fikir ayrılıqları bu məsələnin məhkəmə iclaslarında qarşılıqlı təhdid kimi ifadəsinə gətirmişdi və hətta diplomatik münasibətlərin kəsilməsinə səbəb olmuşdu. Sonradan münasibətlərin  istiləşməsi və dialoqun bərpası tərəflərin gec-tez ortaq bir qərara gələcəyinə az ümid verirdi. Nəhayət, həmin gün gəldi.

Memorandum iki Xəzər ölkəsi arasındakı münasibətlərin yaxşılaşdırılmasında mühüm bir addım olmaqla yanaşı, Trans-Xəzər Qaz Boru Kəmərinin (TKG) tikintisində də açar ola bilər. «Dostluq» yatağında yalnız neft deyil, həm də qaz ehtiyatları olduğunu nəzərə alsaq, bunun, ilk öncə, Türkmənistan, eləcə də Cənub Qaz Dəhlizi və Avropa qaz istehlakçıları üçün hansı perspektivlər açdığını təsəvvür etmək elə də çətin deyil.

 

Məsələnin tarixinə baxış

«Kəpəz» /«Sərdar» yatağı 1959-cu ildə kəşf edilib və 1986-cı ildə qazma işlərinə başlanılıb. Yatağın ehtiyatları 50 milyon tondan 100 milyon tona qədər neft və 30 milyard kubmetr qaz olaraq qiymətləndirilir, lakin sonrakı kəşfiyyat işləri ilə daha da böyük karbohidrogen yataqları aşkar edilə bilər.

Yataqda tədqiqatlar əsasən 1991-ci ilə qədər aparılıb, onda Türkmənistan və Azərbaycan birgə Sovet İttifaqının tərkibində olub. SSRİ-nin dağılmasından sonra yeni müstəqil olan respublikalar Xəzər dənizinin sərhədlərinin delimitasiyası məsələsində öz aralarında və İranla razılığa gələ bilməyiblər, nəticədə, danışıqlar dalana dirənib.

1990-cı illərin sonlarında, eləcə də 2001-ci ildə Türkmənistan yatağa sərmayəçi cəlb etməyə çalışdı və onun işlənməsi üçün tender elan etdi, lakin Azərbaycan sərt etiraz etdi. Nəticədə, Azərbaycan-Türkmənistan münasibətləri kəsildi və yataqda işlər donduruldu.

İki ölkə arasında 2008-ci ildə imzalanmış müqaviləyə görə, Xəzərin statusunun müəyyənləşdirilməsi məsələsi həll olunana qədər «Kəpəz»/«Sərdar» yatağında heç bir kəşfiyyat və qazma işləri aparılmamalı idi və aparılmadı. Məsələdə irəliləyişin olması üçün ilk addım 2018-ci ilin avqust ayında beş sahil dövlətinin liderləri tərəfindən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması oldu. Məhz bu sənəd Azərbaycana və Türkmənistana Xəzərdəki ortaq layihələr üzrə əsaslı dialoqa başlamağa imkan yaratdı.

Türkmən liderinin etirafına görə, 2020-ci ilin mart ayında rəsmi səfəri zamanı iki dövlətin başçıları Xəzər dənizində enerji sahəsində ikitərəfli əməkdaşlıq imkanlarını ətraflı müzakirə və təhlil ediblər. “Nəticədə, Xəzərdə iri karbohidrogen resursları yataqlarından birində birgə iş barədə razılaşma əldə edildi. Həm də vurğulandı ki, həmin fəaliyyətin əsas prinsipləri həmrəylik, qarşılıqlı hörmət və dəstək olacaq. Buna görə də həmin yatağı “Dostluq” adlandırmaq barədə bizim ümumi qərarımız dərin rəmzi məna daşıyır”, - deyə Q.Berdiməhəmmədov bildirib.

Azərbaycan Prezidenti hesab edir ki, «Dostluq» yatağının birgə işlənməsi layihəsinin həyata keçirilməsi enerjidaşıyıcıların ixracı üçün yeni imkanlar yaradacaq.

“Bugünkü imzalama Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq”, - deyə İ.Əliyev bəyan edib.

 

Həm hasilat, həm tranzit  

Gerçəkdən Azərbaycanın ixrac boru kəmərləri şəbəkəsinin və ən əsası Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin mövcudluğu nəzərə alınarsa, «Dostluq» yatağında istehsal olunan maye karbohidrogenlər də bu marşrutlar ilə ixrac edilə bilər. Beləliklə, Türkmənistan beynəlxalq satış bazarlarına birbaşa çıxış əldə edəcək. Bu, BTC-nin yüklənməsini artıracaq, boru kəmərinin payçılarına və tranzit ölkələrinə əlavə gəlirlər gətirəcək.

Yeri gəlmişkən, «Petronas»ın istehsal etdiyi Türkmənistan nefti uzun müddətdir və çox uğurla BTC istifadə edilməklə dünya bazarlarına nəql olunur, bu səbəbdən, bu marşrutun seçilməsi olduqca məntiqli görünür.

Bundan əlavə, Azərbaycandakı yataqların əksəriyyəti bir neçə on ildir ki istismar edilir və onların hasilatında təbii azalma var, ölkədəki bütün neft hasilatının yarıdan çoxunu təmin edən «Azəri-Çıraq-Günəşli» bloku da istisna deyil. Beləliklə, «Dostluq» bu göstəricinin sabitləşdirilməsində məqsədinə çatmağa kömək edəcək.

Digər tərəfdən «Dostluq» yatağında qaz ehtiyatlarının mövcudluğu onların Cənub Qaz Dəhlizi (CQD) ilə nəql olunmasına imkan yaradır. Bu, CQD-nin rolunu daha da gücləndirəcək və Türkmənistan qazının yeni satış bazarlarına - Türkiyə və Avropa Birliyi bazarlarına birbaşa çıxışına imkan yaradacaq.

«Dostluq» yatağının işlənməsi zamanı bu yataqda yaradılan infrastruktur karbohidrogenlərin Azərbaycan sahillərinə çatdırılması üçün AÇG-də yaradılmış infrastrukturla birləşdirilə bilər. Bu, Türkmənistandan qazın Xəzər dənizi ilə Azərbaycana nəqlini, daha sonra Türkiyə və Avropa bazarlarına ixracını xeyli dərəcədə asanlaşdıracaq. CQD-nin inkişafı üzrə planlar nəzərə alınarsa, dünyada dördüncü böyük təbii qaz ehtiyatlarına sahib olan Türkmənistan qazın TANAP və TAP boru kəmərləri ilə Avropaya nəqli üçün ən bariz namizəddir.

“Bu gün Azərbaycan və Türkmənistan arasında əldə olunan razılaşma iki ölkənin «Dostluq» yatağının işlənməsi üzrə işbirliyi təmin etməklə yanaşı, təbii qaz istehsalı və ya ən azından, qazın Türkmənistandan Xəzər dənizi vasitəsilə Azərbaycana və digər ölkələrə tranziti üzrə əməkdaşlıq üçün də yol açır. Türkmənistan üçün etibarlı bazarlara çıxış təmin etmək çox vacib olardı ”,- deyə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib.

NATO-nun Kanada Assosiasiyasının Enerji Təhlükəsizliyi Proqramının direktoru, geosiyasi və Xəzər energetikası üzrə aparıcı mütəxəssis Robert Katler də analoji fikirdədir. “2018-ci ilin avqust ayında (Xəzər dənizinin hüquqi statusu barədə. – «R +») Aktau müqaviləsinə təkan və sürət vermiş memorandum, əslində, Trans-Xəzər qaz kəmərinin yolunda son maneəni aradan qaldırır. Şübhə olmamalıdır ki, hər iki tərəf əsasında həmin memorandumun işləndiyi ikitərəfli müzakirələr kontekstində Transxəzər Qaz Dəhlizi (TQD) üzrə əməkdaşlığı ətraflı müzakirə edib. Yaxın gələcəkdə TQD-nin gerçəkləşdirilməsində sürətlənməyə təəccüblənmək olmaz”,- deyə ekspert vurğulayır.

Müstəqil Norveç tədqiqat və konsaltinq şirkəti “Rystad Energy”nin baş analitiki Svapnil Babelenin fikrincə, «Dostluq» yatağının Azərbaycan və Türkmənistan tərəfindən birgə işlənməsinin Xəzər dənizində kəşfiyyat işləri üçün daha da geniş imkanlar açır.

“Həm Azərbaycanda, həm də Türkmənistanda maye karbohidrogen hasilatında azalma müşahidə olunur, bu layihə onlara qısamüddətli perspektivdə hasilatı dəstəkləməyə kömək edəcək. Bu anlaşma, eyni zamanda uzun müddətdir ki, təklif olunan Trans-Xəzər boru kəməri ilə bağlı yeni danışıqlara zəmin yaradar və əsasən Çinə qaz ixrac edən Türkmənistan üçün yeni qaz bazarları aça bilər. Azərbaycan artıq Cənub Qaz Dəhlizinin bir hissəsi olan qaz kəmərləri şəbəkəsi vasitəsilə Cənub-Şərqi Avropaya qaz tədarükünə başlayıb", - deyə Babele bildirib.

İndi isə başlanmış prosesi «Dostluq» yatağının işlənməsi üzrə müqavilə imzalanmasına qədər çatdırmaq üçün çox işlər görülməlidir. Hər şeydən öncə tərəflərin texniki və ticarət məsələləri həll etmələri gərəkdir. Müqavilə, böyük ehtimalla, iki ölkənin dövlət şirkətləri arasında paritet (50%-50%) əsasında imzalanacaq, daha sonra karbohidrogenlərin işlənməsi ilə və bundan doğan bütün məsələlərlə məşğul olacaq ortaq bir əməliyyat şirkəti yaradılması ilə davam edəcək. Həmçinin neft və qazın hasilatı və sahilə nəqli üçün infrastruktur yaradılacaq.

 

Növbəti dayanacaq İrandır

Azərbaycanla Türkmənistan arasında Memorandumun imzalanması Xəzərdəki bütün məsələlərin dialoq və əməkdaşlıq şəraitində həll oluna biləcəyini göstərir. Bu layihə Azərbaycanla İran arasında da bu cür məsələlərin həlli üçün gözəl bir örnək olacaq. Məlumdur ki, Bakı ilə Tehran arasındakı mübahisənin mövzusu "Alov-Araz-Şərq" perspektiv struktur blokudur. 21 iyun 1998-ci il tarixdə SOCAR və bir sıra xarici şirkətlər arasında bu blokun kəşfiyyatı və işlənməsi üzrə müqavilə imzalanmışdı. Layihənin operatoru Britaniya «BP»si idi. Lakin 2001-ci ildə İran Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə baş verən silahlı insident nəticəsində İranın Azərbaycan gəmilərinin bu ərazidə geofiziki tədqiqatlar aparmasına mane olmasından sonra Azərbaycanla İran arasında Xəzər dənizinin statusu barədə razılığa gələnə qədər müqavilə üzrə işlər donduruldu.  

Bu məsələdəki müsbət dəyişikliklər 2018-ci ilin martında müşahidə edildi, onda İran prezidenti Həsən Ruhaninin Bakıya səfərinin gedişində Azərbaycan Enerji Nazirliyi ilə İran Neft Nazirliyi arasında Xəzər dənizindəki uyğun blokların birgə işlənməsi ilə bağlı anlaşma memorandumu imzalandı. Sözügedən bloklar arasında özəlliklə "Araz-Alov-Şərq" adı keçir. İran neft nazirinin müavini Əmir H.Zamaniniyə bildirib ki, iki ölkə Xəzər dənizində işləmək üçün birgə neft şirkəti yaratmaq niyyətindədir. Bununla belə, ABŞ-ın İrana qarşı həmin ilin payızında tətbiq etdiyi sanksiyalar bu işlərin həyata keçirilməsinin qarşısını aldı və daha yaxşı zamana qədər təxirə saldı.

Buna baxmayaraq, tərəflər əməkdaşlıq istəyində olduqlarını nümayiş etdirməyə davam edirlər. 2019-cu ilin dekabr ayında İran prezidenti Həsən Ruhaninin Azərbaycan Baş nazirinin birinci müavini Şahin Mustafayevlə görüşü zamanı Xəzərdə neft- qaz yataqlarının birgə işlənməsi sahəsində qarşılıqlı fəaliyyət məsələlərinə yenidən baxıldı. İran prezidenti onda bildirdi ki, Tehran Xəzər dənizində neftin kəşfiyyatı və hasilatı üzrə birgə layihələrin yerinə yetirilməsini izləyir və bu məsələlərin iki ölkənin birgə komissiyalarının iclasında müzakirə ediləcəyinə ümid edir.

Yeri gəlmişkən, İran Türkmənistanla da bu cür əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır. Bəlkə də, ABŞ sanksiyalarının ləğvi ilə bu proses daha da tezlənəcək..

Xəzər dənizinin statusu haqqında anlaşmada qeyd edilir ki, ölkələr mübahisəli yataqlar üzrə məsələləri ikitərəfli formatda həll etməyə hazırdırlar. Azərbaycan və Türkmənistan məhz bu cür etdilər. Əminlik var ki, «Dostluq» yatağında birgə işlər uğurlu və səmərəli olacaq. Əgər İran bundan nümunə götürərsə, bu, yalnız bütün bölgənin rifahına xidmət edəcək və Xəzərin dayanıqlı barışıq, mehriban qonşuluq, qarşılıqlı anlaşma və səmərəli tərəfdaşlıq zonasına çevrilməsinə böyük töhfə verəcək.



MƏSLƏHƏT GÖR:

275