Müəllif: Cahangir HÜSEYNOV
Yüzlərlə tamaşaçı, əllərində sevinc içərisində ulduzlu-zolaqlı bayraqları yelləyən insanlar, fəxri qonaqlar arasında isə sabiq prezidentlər, hətta səlahiyyət müddəti cəmi yarım gün əvvəl bitmiş dövlət başçısı. Yeni seçilmiş prezident əlini “Bibliya” üzərinə qoyaraq andiçməyə başlayır: «Təntənəli şəkildə and içirəm ki…».
ABŞ-da 200 ildən çox idi yeni seçilmiş prezidentin inauqurasiyası belə olurdu. 46-cı prezident Co Baydenin andiçmə mərasimi də bu cür keçməli idi. Amma nə isə düz getmədi!
Bəli, COVID-19 pandemiyası öz sözünü deyir və on minlərlə ulduzlu-zolaqlı bayraq yenə də havada yellənirdi. Amma əsas bu deyil. Bəs, əsas olan nədir? Niyə yeni prezident hələ günorta olmamış and içir və Ali Məhkəmənin sədri Con Roberts ona «cənab prezident» deyə müraciət edir? Axı, mövcud prezidentin səlahiyyət müddətinin bitməsinə bir neçə dəqiqə də olsa, qalıb. Bəs, hanı o? Bütün bunlar çox qəribədir.
Görünür, Vaşinqtonda hər kəs, o cümlədən Respublikaçılar Partiyasının rəhbərliyi Amerika tarixinin 4 illik səhifəsini çevirməyə tələsirdi. Amma bu səhifəni Daxili Qoşunların Kapitolinin ətrafında hündürlüyü 2 metrə çatan dəmir hasar boyunca toplaşmış 25 minlik silahlı hərbçilərinin iştirakı ilə çevirməli oldular. Görünür, 2 həftə əvvəl baş vermiş hadisələrin təkrarlanma riski hələ də qalırmış. Söhbət Trampın opponentləri tərəfindən dövlət çevrilişinə cəhd kimi qiymətləndirilmiş hadisədən gedir. Bu cəhddə həmin vaxt hələ prezident olan Trampın özü də günahlandırılır. O, inauqurasiya mərasimində bu səbəbdən yox idi. Bu, onun bayramı deyildi.
İkinci impiçment
Yanvarın 13-də Nümayəndələr palatası prezident Trampa impiçmentinin elan olunmasına səs vermişdi. Səbəb onun qiyama təhrikdə günahlandırılması idi. Bu, Donald Trampı ABŞ tarixində iki dəfə impiçmentlə üzləşmiş ilk prezidentə çevirib. Səsvermə prezidentin tərəfdarlarından ibarət kütlənin Kapitoli binasına hücumundan, Konqresin səslərin sayılması və Co Baydenin qalib elan olunmasına mane olmaq cəhdindən düz 1 həftə sonra keçirilib.
Partiyalararası müzakirələrdə belə qərara alınıb ki, sabiq prezident Donald Trampla bağlı impiçment qərarı ilə bağlı məsələyə Senatda fevralın 8-də baxılacaq. Hər iki partiyanın nümayəndələrinin yer aldığı konstitusionalist alimlər qrupunda hesab edirlər ki, Trampın artıq hakimiyyətdə olmamasına rəğmən, Senatda onunla bağlı impiçment qərarı qəbul edilə bilər.
ABŞ Konstitusiyasına görə, impiçmentin iki aspekti var – vəzifədən kənarlaşdırma və gələcəkdə vəzifəyə gəlməsinə qadağa. Demək, gələcəkdə yenidən seçilmək iddiasında olan keçmiş məmurlara da şamil oluna bilər.
Senatın ittiham qərarını qəbul etməsi üçün 100 senatordan 67-nin səsi kifayətdir. ABŞ tarixində bu, heç zaman baş verməyib – 2020-ci ilin əvvəlində Trampa ilk impiçmentin elanı cəhdi zamanı da 67 senatorun səsini qazanmaq mümkün olmamışdı. Hazırda Senatda respublikaçılarla demokratlar eyni sayda mandata sahibdirlər – 50/50.
Hamını razı salmaq mümkün deyil
Co Bayden seçkidə qələbə qazanar-qazanmaz, bütün tərəflərdən ciddi təzyiqlərlə üzləşib – ondan Amerika xalqını maksimum təmsil edəcək hökumət formalaşdıracağına dair vədini yerinə yetirməsi tələb olunurdu.ABŞ-da bərabər təmsilçiliyi tələb edən rəsmi qayda olmasa da, bütün prezidentlər (təbii ki, istisnalar olub) mümkün qədər bu prinsipə əməl etməyə çalışıb. 230 il əvvəl Birləşmiş Ştatların ilk prezidenti Corc Vaşinqton da müxtəlif düşüncələrin bərabər təmsilçiliyi ideyasının tərəfdarı olub. Lakin həmin vaxt bütün cəbhələri yalnız ağdərili kişilər təmsil edirdi.
1933-cü ildən 15 prezidentdən 11-i hökumət səviyyəli vəzifələrə qadınları da təyin edib. Baydenə gəlincə, onun hökuməti hələ formalaşma mərhələsindədir. Lakin indidən əminliklə demək olar ki, yeni hökumətdə müxtəliflik maksimum həddə olacaq. Bunu indidən görmək mümkündür. Məsələn, Kamala Harris ABŞ tarixinin ilk qadın vitse-prezidenti, Canet Yellen ilə Avril Heyns Maliyyə Nazirliyi və kəşfiyata rəhbərlik edəcək ilk qadınlardır. Daxili işlər naziri postu ilk dəfə köklü amerikalı Deb Hollana, nəqliyyat naziri vəzifəsi isə ilk dəfədir ki, açıq şəkildə LGBT üzvü olduğu bilinən şəxsə – Pit Butticiçə həvalə edilib. Bundan başqa, İqtisadi Şura və Müdafiə Nazirliyinə ilk dəfədir ki, afroamerikalılar başçılıq edəcək – Sisiliya Rouz ilə general Lloyd Ostin. Daxili təhlükəsizlik, səhiyyə və təhsil nazirləri müvafiq olaraq Kubada doğulmuş Alexandro Mayorka, meksikalı immiqrantların oğlu Xavyer Beserra və Puerto-Riko əsilli Migel Kardondur.
Amma yenə də Bayden partiyasındakı solçu qanadın tənqidi ilə üzləşib. Onlar yeni hökuməti «çox yaşlı və mötədil» hesab edir. Bu qanadın təmsilçiləri hesab edir ki, məsələn, müdafiə, xarici işlər və kənd təsərrüfatı nazirləri də qadınlar olmalı idi. Hər halda, hamını razı salmaq mümkün deyil.
Artan xərclər
Yeni administrasiyanın ölkə daxilindəki prioritetləri koronavirus pandemiyası ilə mübarizə, onun iqtisadi fəsadlarının yumşaldılması, bunun ardınca ABŞ iqtisadiyyatının yenilənməsi, sistemli irqçilik və iqtisadi qeyri-bərabərliklə mübarizədir. Bu hədəflərə çatmaq üçün, əlbəttə ki, əvvəlcə siyahıdakı ilk iki məsələ həllini tapmalıdır.
Amerikalı ekspertlərin fikrincə, Co Bayden administrasiyasının ABŞ-ı düşdüyü böhrandan çıxarması üçün 2 il vaxtı var. Prezident və komandasının ölkənin vacib problemlərinin həlli üçün vacib saydıqları qərarlar, təbii ki, Konqresdən keçməlidir. Buna isə onlar Nümayəndələr palatasında və Senatda (burada rəmzi) çoxluqda olduqları müddətdə nail olmalıdırlar.
Bu gün federal hökumət koronavirus pandemiyasından əziyyət çəkən iqtisadiyyatın stimullaşdırılmasına artıq 2 trilyon dollardan artıq vəsait xərcləyib. Bayden isə xərclərin artırılmasını istəyir. «Nəyin bahasına olursa olsun, daha çox xərclənməlidir», - deyə o, bildirib. Yeni prezidentin fikrincə, lazımi səviyyədə iqtisadi artıma yalnız kütləvi dövlət investisiyası hesabına nail olmaq mümkündür.
Yeni administrasiya 1,9 trilyon dollarlıq stimul paketi hazırlayıb. Buraya amerikalılara birbaşa ödəmələr, 1 saat üçün 15 dollarlıq minimal əməkhaqqı, kiçik biznesə yardım, peyvəndləmə ilə bağlı milli proqram və s. daxildir. Lakin stimul paketi Senatda ciddi maneə ilə üzləşib. Xüsusilə respublikaçı senatorlar əlavə maliyyə yardımına ehtiyac olduğuna əmin deyillər. İcraedici hakimiyyətin işini çətinləşdirən daha bir məqam isə Konqresin yuxarı palatasının Donald Trampla bağlı impiçment prosesinə cəlb olunmasıdır.
Fərqli reallıq
Hələ seçkidən xeyli əvvəl – ötən ilin yazında Co Bayden Donald Trampın xarici siyasətinə belə münasibət bildirmişdi: «Prezident Barak Obama ilə mənim 2017-ci il yanvarın 20-də postumuzu tərk etməmizdən sonra ABŞ-ın dünyada praktik olaraq bütün parametrlər üzrə nüfuzu və hörməti azalıb. Prezident Donald Tramp ABŞ tərəfdaşlarını aşağılayıb, sarsıdıb, bəzi hallarda isə ümumiyyətlə, atıb. Onun ucbatından düşmənlərimiz cəsarətlənib. Tramp Şimali Koreyadan İrana, Suriyadan Əfqanıstan və Venesuelayadək bütün dünyada milli təhlükəsizliyimizlə bağlı çağırışlara təsir rıçaqlarımızı itirib, təhlükələrə qarşı bir addım belə, atmayıb. O, istər ABŞ-ın dostları, istərsə də düşmənləri ilə ehtiyatsız ticarət savaşlarına girib, bu isə Amerikadakı orta sinfə ciddi zərbə vurub. O, Amerikanı yeni təhdidlərə, xüsusilə bu əsr üçün unikal sayılacaq təhdidlərə kollektiv müqavimətin səfərbər olunması işindəki liderlikdən də məhrum edib».
Bu fikirlər əslində, Baydenin qarşısına qoyduğu hədəfləri konkret göstərir. O, Birləşmiş Ştatların imic və nüfuzunun, ona inamın, müasir dövrün qlobal problemlərinin effektiv həllinə təsir imkanlarının bərpasına çalışacaq.
Amma hər şey o qədər də sadə deyil. Trampın siyasətinin nəticələrindən bir anda imtina etmək, ölkənin istiqamətini 180 dərəcə dəyişmək, yaxud Obama administrasiyasının dövrünə qayıtmaq asan olmayacaq. Bir çox məsələlərdə artıq reallıq fərqlidir – istər Çinlə qarşıdurma olsun, istər İranla nüvə razılaşması, istərsə də qlobal iqtisadi və siyasi ittifaqlar.
Bəli, Trampın idarəçiliyi öz izini buraxıb. İndi ABŞ-ın müttəfiqləri və tərəfdaşları yeni hökumətə ümumilikdə nikbin yanaşsalar da, ehtiyat, şübhə edənlər də var. İndi Bayden administrasiyası yeni reallıqda ABŞ-ın xarici siyasətinin rolunun nədən ibarət olacağını anlamalıdır. Artıq əvvəlki koordinatlar sistemi işləməyə bilər. Onların zorla tətbiqinə çalışılacağı təqdirdə isə dünyada xaosun Trampın dövründəkindən də ciddi xarakter alacağı istisna deyil.
Cənubi Qafqazda yeni reallıqlar
Tramp administrasiyası həm də dünyanın ayrı-ayrı hissələrindəki siyasi-iqtisadi reallıqları bilmir, yaxud bilmək istəmirdi. Con Boltonun 2018-ci ildə İrəvanda səsləndirdiyi bəyanat bunun bariz nümunəsi idi. O zaman ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi olan Bolton Ermənistanı Vaşinqtonun İranı təcrid etmək cəhdlərinə qoşula bilməsi üçün Azərbaycanla problemini tezliklə həll etməyə çağırmışdı.
Trampın son müharibə vaxtı Ermənistana dəstək olaraq səsləndirdiyi qəribə bəyanatların izahı isə çox sadə idi. O, seçkiqabağı mitinqlərində bir neçə Ermənistan bayrağı gördüyü üçün bu yolla erməni əsilli amerikalıların dəstəyini qazanmağa çalışırdı.
Prinsipcə, seçkidən sonra verilən real qərarların seçkiqabağı ritorikadan ciddi şəkildə fərqlənməsi adi haldır. Peşəkar siyasətçi adlandırılan Bayden də «həvəskar»dan impulsiv addımlar atmaması, kiminsə xoşuna gəlməyə çalışmaması ilə fərqlənməlidir. Bayden administrasiyasının Cənubi Qafqazda yaşananlara, regionun reallıqlarına münasibəti, şübhəsiz ki, ABŞ-ın maraqlarına, xüsusilə uzunmüddətli maraqlarına əsaslanacaq. Reallıq isə məlumdur. Birincisi, Azərbaycan uzun illər işğalda olmuş ərazilərinin böyük hissəsini geri qaytarıb və indi həmin rayonları dirçəltməyə başlayır. Üstəlik, o, bunu beynəlxalq təşkilatların köməyi ilə edir. Bəzi marginal və qərəzli istisnaları saymasaq, beynəlxalq birlik də bu prosesə müsbət yanaşır. Odur ki, Bayden və köməkçiləri də əvvəllər Qarabağ münaqişəsinin səbəblərilə bağlı yanlış fikirdə olublarsa, indi fikirlərini dəyişməli olacaqlar. İkincisi, əvvəllər Ermənistan faktiki olaraq Rusiyanın nüfuz dairəsində hərəkət edirdisə və ABŞ bir çox hallarda buna göz yumurdusa, bu gün İrəvanın Moskvadan asılılığı tam kritik həddə çatıb. Bu, Vaşinqtonu narahat etməyə bilməz və demək, bu istiqamətdə də mövqe dəyişikliyi gözləməyə dəyər.
Üçüncüsü, ABŞ-ın başının seçkiyə qarışdığı, Fransanın isə okeanın o tayındakı tərəfdaşının dəstəyi olmadan fəallıq göstərmək istəmədiyi bir vaxtda Rusiya faktiki, Minsk qrupunun digər həmsədrlərini vasitəçilikdən kənarlaşdırıb. Nəticədə, Moskva Ermənistanla Azərbaycan arasında atəşkəs sənədini imzalamış yeganə kənar qüvvədir. Üstəlik, o, Qarabağa sülhməramlı statusunda da olsa, öz ordusunu göndərməklə, Cənubi Qafqazda mövqeyini xeyli gücləndirib.
Nəzərə alsaq ki, yeni administrasiya xarici siyasi hədəflərindən biri kimi Rusiya ilə tammiqyaslı qarşıdurmanı müəyyənləşdirib, belə status-kvo Vaşinqtonun ürəyincə ola bilməz. Bu vəziyyətdə Ermənistanın ABŞ ilə müttəfiq olması da mümkün deyil. Ən azı ona görə ki, İrəvan Rusiya qoşunlarının Qarabağa gəlməsi prosesinin fəal iştirakçısıdır. Odur ki, Vaşinqton daha çox Bakı ilə əməkdaşlığa maraq göstərəcək. Amerika Azərbaycanı həm də Avropanın enerji təhlükəsizliyinin təmini məsələsində vacib tərəfdaş sayır. Birləşmiş Ştatlar ən azı, Azərbaycandan Avropaya enerji daşıyıcılarının ixracına hər zaman Moskvanın Aİ və NATO üzvlərinə təsirini azalmaq vasitələrindən biri kimi baxıb.
Vaşinqtonun regionda baş verənlərə yanaşmasını dəyişdirəcək başqa stimullar da var. Amma ən əsası peşəkar yanaşma və fəaliyyətində beynəlxalq hüquqa əsaslanmaqdır.
MƏSLƏHƏT GÖR: