Müəllif: Oleq KUZNETSOV, Moskva
Yanvarın sonlarında Azərbaycanın Qarabağ bölgəsinin ermənilərin yaşadığı Xocavənd şəhərində – Rusiya sülhməramlılarının nəzarətindəki şəhərdə nasistlərin əlaltısı olmuş Qaregin Njdenin abidəsi açılıb. Ermənistanın informasiya agentliklərinin məlumatına görə, Njdenin heykəli bölgədə hərbi əməliyyatların başlamasından əvvəl hazırlanıbmış və onun açılışı bu şəxsin ölümünün növbəti ildönümündə – ötən ilin sentyabrında keçirilməli imiş. Lakin müharibə buna mane olub. İndi ermənilər bu faktı Ermənistan rəhbərliyi və ordusunun total hərbi məğlubiyyəti fonunda erməni ruhunun təntənəsi kimi təqdim edir.
Müasir Ermənistanda milli müstəqilliyin qazanılmasından sonra Qaregin Njde şəxsiyyətinə pərəstiş olunması, hətta onun ilahiləşdirilməsi artıq heç kəsi təəccübləndirmir. Onun aşkar irqçilik nəzəriyyəsi olan «tsexakron» nəzəriyyəsi bu ölkədə şiddətlə təbliğ olunur və hətta Ermənistanın dövlət ideologiyası sayılır. Başqa sözlə, Njdenin ultraradikal millətçiliyi erməni sosiumunun olmasa da, siyasi elitasının qanına çoxdan işləyib. Odur ki, onların bu təcrübədən yaxın zamanlarda imtina edəcəyini gözləmək olmaz. Erməni separatçılarının nasistin heykəlini bir vaxtlar 1941-1945-ci illərdə nasizmə qarşı Vətən müharibəsində həlak olmuş Sovet əsgərlərinin abidəsinin olduğu yerdə ucaltması da təəccüblü deyil. Ermənistan və Qarabağın erməni separatçıları üçün rəmzlərin bu formada dəyişdirilməsi tamamilə məntiqli və qanunauyğun haldır. Son 30 ildə burada xalqlar dostluğu, beynəlmiləlçilik, etnomədəni müxtəliflik idealları yerini yalnız bir dinin, bir kisənin və bir xalqın mövcudluğunu qəbul edən klerikal nasizmə verib. Nəticədə, ölkədə dominant əxlaq və qəhrəmanlar təbii olaraq, dəyişib.
Ermənistan hakimiyyətləri ən azı 20 il ölkədə məqsədli şəkildə nasistləşdirmə aparıblar. Ermənistan addım-addım nasizmin qələbə çaldığı dövlətin Qaregin Njdenin «tsexakron» nəzəriyyəsinə əsaslanan ölkəyə çevrilib. Bu nəzəriyyəyə görə, hər bir erməni üçün ən ali dəyər onun milliyyətidir və ermənilər bu dəyərdən kənarda mövcud ola bilməz. «Tsexakron»un hədəfi erməni xalqının tarixi vətənində, vahid erməni dövlətində birləşdirilməsidir. Onların «tarixi vətən» və ya «tarixi Ermənistan» anlayışlarından biri Ön Asiyanın şimalında kifayət qədər geniş ərazini nəzərdə tutur – Kiçik Asiyadan tutmuş, Ərmən yaylasına, Cənubi Qafqazın bir hissəsindən tutmuş, Ararat vadisinin mərkəzinədək. Lakin müasir Ermənistan Respublikasının ərazisi «tarixi Ermənistan» ərazisinin yalnız beşdə biri boydadır. Yəni «tsexakron» nəzəriyyəsi müasir Ermənistan dövlətinin sərhədlərinin ciddi şəkildə genişləndirilməsini nəzərdə tutur. Burada qonşu Azərbaycan, Gürcüstan, İran və Türkiyə ərazilərinə də iddialar yer alır.
Garegin Njdenin özünə gəlincə, o, Qarabağda heç vaxt olmayıb və 89 illik ömrünün (1866-1955) yalnız 5 ilini müasir Ermənistanda, onun da yarısını həbsdə keçirib. Njde Naxçıvandan (Azərbaycan) 5 kilometrlik məsafədə yerləşən Kaznut kəndində doğulub və uşaqlıq illərini orada yaşayıb. İlkin təhsilini də həmin kənddə, orta təhsilini Tiflis gimnaziyasında (Gürcüstan), ali təhsilinisə Sofiyada (Bolqarıstan) alıb. 1907-1911-ci illərdə millətçiliyin təbliği ilə məşğul olmaq cəhdi uğursuz alınıb – barəsində ev dustaqlığı qərarı çıxarılıb. Bu müddəti böyük qardaşının Culfa (Azərbaycan) yaxınlığında yerləşən evində keçirib və sonradan Bolqarıstana sürgün edilib. 1914-cü ildə Qafqaz cəbhəsinin 2-ci erməni könüllü drujinasında, rus qoşunlarının sıralarında hərbi xidmətə başlayıb. Ermənistan ərazisində ilk dəfə 1918-ci ildə peyda olub və burada ordu komandirlərindən birinə çevrilib. 1921-ci ildə qırmızı ordu Njdenin başçılıq etdiyi dəstəni İrana qaçmağa vadar edib, oradan isə o, Bolqarıstana mühacirət edib. 1944-cü ilədək orada yaşayıb və İkinci Dünya müharibəsi illərində nasist kəşfiyyatı (abver və SD-ausland) ilə əməkdaşlığa başlayıb. SMERŞ hərbi əks-kəşfiyyat orqanları tərəfindən həbs edildikdən sonra Moskvaya gətirilib. 1946-1948-ci illərdə Ermənistan SSR DTN-in İrəvandakı həbsxanasında saxlanılıb. Barəsində hökmün çıxarılmasından sonra cəzasını çəkməsi üçün SSRİ DİN-in Vladimirsk həbsxanasına göndərilib. Orada xəstəlikdən dünyasını dəyişib.
Njdeyə heç bir aidiyyətinin olmadığı Qarabağda heykəl qoyulması bu şəxsin qəhrəmanlaşdırılması ilə yanaşı, həm də onun «tsexakron» nəzəriyyəsinin təbliği və əbədiləşdirilməsi cəhdidir. Bu nəzəriyyə isə həm də erməni millətçiliyinin ərazi işğalını nəzərdə tutur. Ermənistanın Azərbaycana qarşı 1988-1994-cü illər müharibəsindəki təcavüzünün ideoloji əsasını məhz Njdenin «tsexakron» nəzəriyyəsi təşkil edib. Odur ki, Xocavənddə Njdeyə abidə ucaldılması Qarabağ ermənilərinin şüurundakı bu ideologiyanın nəticəsi, onun tam məntiqli və qanunauyğun ifadəsidir. Abidənin açılışında məqsəd həm də onların Azərbaycandan müstəqillik qazanmaq ümidlərinin davam etdiyi göstərmək cəhdidir.
Şəxsən məni Rusiya vətəndaşı olaraq, xüsusi narahat edən məqam var. Bu, ondan ibarətdir ki, nasistlərin əlaltısı olmuş Qaregin Njdenin abidəsi sadəcə Qarabağda deyil, məhz «müvəqqəti olaraq Rusiya sülhməramlılarının idarəçiliyində olan» şəhərdə ucaldılıb. Nəticədə, qarışıq vəziyyət yaranıb və bu vəziyyət müasir dünyada Rusiyanın nüfuzunu qətiyyən artırmır (Ermənistan istisna olmaqla). Əsas gərginlik yaradan məqam da budur.
Rusiya BMT Baş Assambleyası səviyyəsində nasizmin hər hansı ölkədə, xüsusilə postsovet məkanında istənilən formada qəhrəmanlaşdırılmasına qarşı çıxır, beynəlxalq arenada özünü bu prosesin foaqmanı kimi təqdim edir. Lakin digər tərəfdən, hazırda Qarabağda Rusiya sülhməramlıları bu işi təşviq etməkdədir. Halbuki, onun nümayəndə heyəti hələ 2012-ci ildə BMT-də «Nasizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə» adlı qətnamənin qəbulunun təşəbbüskarı olub. Məhz Rusiyanın Xarici İşlər Nazirliyinin saytında yer almış 6 may 2019-cu il tarixli məruzədə deyilir: «Ermənistanın keçmiş hakim Respublika partiyası üçüncü Reyx ilə əməkdaşlıq etməsi barədə məlumat olan millətçi təmayüllü Qaregin Njde kimi heç də birmənalı olmayan siyasi xadimin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb». Bunun üzərindən heç 2 il keçmədən Rusiya sülhməramlıları faktiki olaraq, üçüncü Reyxin kollaborasionisti olmuş bu şəxsin abidəsinin mühafizəsilə məşğuldur.
Yeri gəlmişkən, Rusiya Krasnodar diyarının Armavir şəhərindəki erməni qriqoryan kilsəsinin həyətində nasist Njdeyə qoyulmuş abidəni hələ 2019-cu ilin dekabrında söküb. Lakin təxminən 1 il sonra Qarabağda – Xocavənddə onun yeni abidəsinin açılışına imkan verir. Belə çıxır ki, Rusiya hökuməti ölkə ərazisində Njdeni nasist canisi sayır, onun şəxsiyyətinin, nəzəriyyəsinin təbliğini qadağan edir, ölkənin hüdudlarından kənarda isə buna göz yumur, Njdenin Ermənistan və bütün erməni xalqının qəhrəmanı kimi ucaldılmasına imkan yaradır. Bəli, bu əxlaqsızlıq Rusiya hərbçilərinin gözü qarşısında baş verir.
Nəhayət, bu məsələnin diplomatik aspekti də var. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Xocavənd də daxil olmaqla, Qarabağı onun ayrılmaz hissəsi sayır. Azərbaycan isə qəti və ardıcıl olaraq nasizmin qəhrəmanlaşdırılmasına qarşı çıxır. Bunu ölkə başçısı İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının 2019-cu ilin noyabrında Aşqabadda keçirilmiş sammitindəki çıxışı da göstərmişdi. Lakin buna baxmayaraq, Rusiya Qarabağ ərazisində, yəni özünün də rəsmən Azərbaycan ərazisi hesab etdiyi bölgədə yerli ermənilərin nasist canisi Njdeni qəhrəmanlaşdırmasına imkan verir.
MƏSLƏHƏT GÖR: