23 Noyabr 2024

Şənbə, 06:36

İŞIQLI PERSPEKTİV

Erməni işğalından azad olunan rayonlarda yanaşı olaraq ənənəvi və «yaşıl» energetika inkişaf etdiriləcək

Müəllif:

15.02.2021

Azərbaycanın ərazi bütövlüyünün bərpası erməni işğalından azad edilmiş ərazilərin mövcud iqtisadi potensialından istifadə üçün geniş imkanlar açır. Bu məsələdə xüsusi yer elektrik enerjisi sektoruna, özəlliklə də bərpa olunan və alternativ enerji mənbələri sahəsinə ayrılacaq.  

Ölkə rəhbərliyi tərəfindən artıq azad edilmiş ərazilərdə "yaşıl" enerjinin inkişafı üzrə məsələ qoyulub, bölgədəki mövcud su ehtiyatları, günəş və külək enerjisi potensialı inanmağa imkan verir ki, Qarabağda "yaşıl" enerji konsepsiyası yetərincə uğurla gerçəkləşdiriləcək.

 

«Yaşıl» energetika yolunda

“Mən azad edilmiş əraziləri yaşıl enerji zonası kimi görmək istərdim. Kifayət qədər imkanlar var. Bütün bu bölgə dünya üçün yaşıl enerji zonası kimi bir nümunə olacaq. Eyni zamanda ən müasir texnologiyalar tətbiq edilməlidir, iqtisadi cəhətdən ən sərfəli texnologiyalar, elektrik enerjisinə qənaət edən texnologiyalar və yaşıl enerji - su, külək, günəş”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev yanvar ayında 2020-ci ilin yekunları ilə bağlı iclasda bildirib. O vurğulayıb ki, bu işə xarici tərəfdaşları və sərmayəçiləri cəlb etmək, yerli şirkətlərə şərait yaratmaq lazımdır.  

Azərbaycanda bərpa olunan və alternativ enerji qaynaqları sahəsinin inkişafı yalnız yolun başlanğıcında olsa da, Abşeronda günəş və külək elektrik stansiyalarının tikintisi üçün keçirilən ilk və indiyə kimi tək hərrac xarici şirkətlərin bu sahəyə böyük marağını göstərib. Yəni məqbul şərtlər və maraqlı investisiya layihələri olarsa, Qarabağ bölgəsi, əlbəttə ki, bu cür diqqətdən məhrum edilməyəcək.

Ümumiyyətlə, yaxın 10 ildə Azərbaycanda bərpa olunan enerji qaynaqları sektorunda ciddi canlanma gözlənilir. Hökumət, ölkənin ümumi quraşdırılmış gücündə bərpa olunan və alternativ enerji qaynaqları sahəsinin payını 2030-cu ilədək 30%-ə çatdıracağına ümid edir.

İşə məsləhətçi kimi cəlb edilmiş alman şirkəti VPC düşünür ki, ümumi qoyuluş gücü 1500 MVt olan bərpa olunan enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının quraşdırılması ilə bu məqsədə çatmaq mümkündür. Şirkət qoyulmuş tapşırığın gerçəkləşdirilməsi üçün üç mərhələli variant təklif edir: 2020-2022-ci illər arasında 440 MVt, 2023-2025-ci illərdə 460 MVt və 2026-2030-cu illərdə 600 MVt gücündə yeni qurğular tikilməlidir.

Azad edilmiş ərazilərdə bərpa olunan enerji sektorunu inkişaf etdirmək üçün Energetika Nazirliyi tərəfindən altı rayonda (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərdə) ümumi güc potensialı 7,2 min MVt olan günəş elektrik stansiyalarının (GES) tikintisi üçün ümumi sahəsi 14,4 min hektar 8 perspektivli sahə müəyyən edilib. Ancaq bu torpaqların bir hissəsinin kənd təsərrüfatının ehtiyacları üçün istifadəsi nəzərə alınmaqla, günəş elektrik stansiyalarının real potensialı 4 min MVt-dan çox olacaq.

“Külək elektrik stansiyalarının tikintisi üçün Laçın rayonu ərazisində 8 min hektar və 4,3 min hektar ərazisi olan 2 sahə, Kəlbəcər rayonu ərazisində isə 5,3 min hektar ərazisi olan 1 sahə seçilib. Ümumiyyətlə, bu rayonların dağlıq hissəsində külək enerjisi istehsalı potensial ilkin olaraq 500 MVt qiymətləndirilir”, - deyə nazirlikdən bildirilib.

Nazirliyə görə, Azərbaycanın Kəlbəcər rayonu və Şuşa da önəmli dərəcədə termal su ehtiyatlarına malikdir. “Kəlbəcər rayonunda bu ehtiyatlar gündə 3 min 93 kubmetr, Şuşada isə gündə 412 kubmetr təşkil edir. Termal bulaqların enerji məqsədləri üçün istifadəsi ehtimalı da araşdırılacaq”,- deyə Energetika Nazirliyindən bildiriblər.

Bundan əlavə, Qarabağ bölgəsində kömür yataqları da var. Məsələn, Tərtər rayonunun Çardaqlı kəndindəki daş kömür ehtiyatları 8,5 milyon ton təşkil edir.

Yeri gəlmişkən, nazirlik artıq Qarabağda "Yaşıl zona" konsepsiyasının yaradılmasına başlayıb. Həmçinin xarici sərmayəçilərin yaşıl enerji layihələrinə cəlbi üçün işlər aparılır.

Bundan başqa, kiçik su elektrik stansiyalarının inventarlaşdırılması üzrə də işlərə başlanılıb. “İlkin məlumatlara görə, azad edilmiş ərazilərdə kiçik su elektrik stansiyalarının sayı 30-a çatır, lakin onların əksəriyyəti yararsız hala gətirilib. Biz artıq üç kiçik su elektrik stansiyasının bərpasına başlamışıq”, - deyə energetika naziri Pərviz Şahbazov bildirib.

Bir sözlə, Qarabağ bərpa olunan və alternativ enerji qaynaqları sahəsində enerji obyektlərinin tikintisinə vəsait qoymaq istəyən xarici sərmayəçilər üçün arzuolunan paya çevrilə bilər, özü də, Azərbaycan hökuməti, böyük ehtimalla, bölgədə həyata keçiriləcək infrastruktur enerji layihələri üçün vergi güzəştləri və başqa güzəştlər təklif edəcək.

 

Enerji infrastrukturunun bərpası

Hələ ki, azad edilmiş ərazilərdə bərpa olunan və alternativ enerji qaynaqları obyektlərinin yaradılması potensialı qiymətləndirilir, bölgədəki energetika infrastrukturunun bərpası ilə bağlı işlər artıq praktiki gerçəkləşdirmə mərhələsinə keçib.

Qeyd etmək lazımdır ki, Azərbaycan həmişə Dağlıq Qarabağın iqtisadi inkişafına xüsusi diqqət yetirib və burada sənaye mühüm rol oynayıb. Dağ-mədən sənayesinin tərkibi və inkişaf səviyyəsi baxımından, həmçinin kənd təsərrüfatı məhsullarının istehsalı baxımından Qarabağ Azərbaycan SSR-in ən qabaqcıl iqtisadi rayonlarından biri olub. Bölgədə həmin dövrün tələblərinə cavab verən geniş enerji infrastrukturu yaradılmışdı.

Dağlıq Qarabağın və ətraf ərazilərin Ermənistan tərəfindən işğalından sonra bu bölgədəki enerji infrastrukturunun böyük hissəsi məhv edildi və ya talan edildi. Qarabağın 10 rayonunda (Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Kəlbəcər və Ağdamda) elektrik şəbəkəsi təsərrüfatının ümumi gücü 858,6 MVA olan 20 yarımstansiya, elektrik verilmə xətləri, transformatorlar və başqa avadanlıqlar mövcud olub.

Füzuli rayonunda, Cəbrayıl şəhərində və Hadrut qəsəbəsində enerji obyektlərinin bərpası işləri artıq başlayıb.

Bundan əlavə, hazırda "Azerenerji" ASC Suqovuşan kəndinin ərazisində ümumi gücü 7,8 MVt olan eyniadlı iki kiçik su elektrik stansiyasının - «Suqovuşan-1» və «Suqovuşan-2»nin bərpasına başlayıb. Erməni təcavüzkarları həm də hər iki su elektrik stansiyasına ziyan vurublar, hissələrini söküb aparıblar, qalan hər şeyi isə dağıdıblar. Lakin stansiyalarda təmir işləri mümkündür. Elektrik stansiyalarına dəymiş ziyan artıq hesablanıb, onların bərpası üçün layihə işləri aparılıb. Bərpa işləri 3 ay çəkəcək, bundan sonra elektrik stansiyaları istifadəyə veriləcək. İstehsal olunan elektrik enerjisi Azərbaycanın ümumi enerji sisteminə veriləcək, həmçinin Suqovuşan və Talış kəndlərinə ötürüləcək.

Laçın rayonunda bərpa işləri çərçivəsində 8 MVt gücündə kiçik "Güləbird" SES-in təmiri davam edir. Burada döyüşləri gedişində zədələnmiş avadanlıqlar - generatorlar, idarəetmə panellər və transformatorlar dəyişdirilir və ya yenidən qurulur. Bununla yanaşı, Həkəri çayından suyu hidroaqreqatlara aparan boru zədələnmədən sonra bərpa edilir. Su elektrik stansiyasının yaxın gələcəkdə istismara verilməsi planlaşdırılır. Birinci mərhələdə o, Laçın və Qubadlıdakı hərbi hissələri enerji təchizatına imkan yaradacaq. Gələcəkdə burada istehsal olunan elektrik enerjisi yüksək gərginlikli xətt vasitəsilə Qubadlıda tikilməsi planlaşdırılan yeni 110 kV-luq yarımstansiyaya ötürüləcək.

Bundan başqa, "Azərenerji" Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə 110 kV-luq yarımstansiyalar tikəcək. 5 milyon avroluq avadanlığın tədarükçüsü kimi İtaliyanın «Ansaldo Energia» şirkəti cəlb olunub. Avadanlıqlar aprel ayına qədər təhvil verilməlidir. Yarımstansiyaların 6 ay ərzində tikilib istifadəyə verilməsi planlaşdırılır.

Bununla yanaşı, Şuşa şəhərində 110 kV-luq yarımstansiyanın tikintisinə artıq başlanılıb. O, çağdaş avadanlıqlarla təchiz olunur və binanın özü də milli üslubda tikiləcək.

İmişli şəhərindən azad edilmiş Azərbaycan torpaqlarına yeni elektrik xətləri çəkilir.

Bütünlükdə, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Ağdam və Kəlbəcər rayonlarında 308 kilometrlik elektrik ötürücü xətlərinin çəkilməsi düşünülür, həmçinin bölgədə etibarlı enerji təchizatı təmin edəcək vahid 110 kilovoltluq şəbəkənin yaradılması planlaşdırılır.

Bu ilin may ayında Füzuli rayonunda «Şükürbəyli» yarımstansiyası bərpa ediləcək. Bu məqsədlə əlavə yüksək gərginlikli elektrik xətti çəkilir və işğaldan azad edilmiş torpaqların çox hissəsini elektrik enerjisi ilə təmin edəcək yarımstansiyanın gücü artırılacaq.

16 yanvarda Şuşaya elektrik enerjisi verilməsinə başlandı. Azərbaycan Prezidenti Şuşada çıxışı zamanı şəhərin işıqlandırılması və inkişafı üçün çəkilmiş 75 km uzunluqlu yeni yüksək gərginlikli xətt barədə danışdı. “Qısa müddətdə bu dirəklər çətin relyefli bir ərazidə quraşdırılıb. Bu, ondan xəbər verir ki, yaxın gələcəkdə Şuşaya həyat qayıdacaq”,- deyə Azərbaycan lideri vurğulayıb.

 

Köhnə layihənin yeni həyatı

İkinci Qarabağ müharibəsinin başqa çatması başqa bir layihəyə, məhz sərhədyanı Araz çayında «Xudafərin» su elektrik stansiyasının (SES) tikintisinə yeni həyat verib.

2016-cı ilin fevral ayında Azərbaycan və İran hökumətləri arasında Araz çayı üzərindəki "Xudafərin" və "Qız qalası" su elektrik stansiyalarının və hidroqovşaqlarının tikintisi, istismarı, enerji və su ehtiyatlarının istifadəsini davam etdirmək üzrə Əməkdaşlıq Sazişi imzalanıb. Bu sənəd daha öncə təsdiqlənmiş və icrasına hələ 1989-cu ildə başlanmış müqavilənin davamıdır.

Lakin 1992-ci ildə Cəbrayıl rayonunun Ermənistan tərəfindən işğalı üzündən Xudafərin su elektrik stansiyasının tikintisi Azərbaycan tərəfindən dayandırıldı. Düzdür, bu obyektin tikintisi İran ərazisində davam etdirildi. Nəhayət, Azərbaycanda da layihə üzərində işlərə başlanacaq - stansiyada hər biri 50 MVt gücündə iki hidroaqreqat qurulacaq.

Araz çayı üzərində tikilməsi planlaşdırılan «Qız qalası» su elektrik stansiyası hər biri 20 MVt olan iki hidroaqreqatdan ibarət olacaq. İran tərəfindən stansiyanın tikintisi davam edir.

Hazırda hidroqovşaqların tikintisi ilə bağlı işlər başa çatmaq üzrədir. Beləliklə, «Xudafərin» hidroqovşaq kompleksində işlər 94%, «Qız qalası» hidroqovşaq kompleksində işlər isə 90% başa çatıb.

Energetika Nazirliyinin qiymətləndirilməsinə görə, "Xudafərin" və "Qız qalası" hidroqovşaqları və SES-ləri Azərbaycanda ildə 368 milyon kilovat/saat elektrik enerjisi istehsal etməyə, 260 min hektar əkin sahəsinin suvarılmasının təşkilinə imkan verəcək. Bütünlükdə, bu qurğuların istifadəyə verilməsi iki ölkənin həm elektrik enerjisi, həm də su ehtiyatlarından suvarma üçün birgə istifadə etməsinə imkan verəcək.

“Eyni zamanda Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının yaradılması məsələsi gündəlikdədir. Ermənilər 13 su elektrik stansiyasını dağıdıblar, məhv ediblər. Biz o stansiyaları yenidən quracağıq

Bu stansiyaların işə düşməsi oraya əhalinin qaytarılması və iqtisadi-sənaye fəaliyyətinin bərpası ilə uzlaşmalıdır", - deyə Prezident İ.Əliyev vurğulayıb.

İşğal olunmuş ərazilərin geri qaytarılması ölkə qarşısında yeni önəmli vəzifələr qoyub - azad edilmiş ərazilərdə normal həyatı təmin etmək üçün kommunikasiyaların və infrastrukturun bərpası, azərbaycanlı qaçqınların öz yaşayış yerlərinə qaytarılması, yeni sənaye obyektlərinin yaradılması, kənd təsərrüfatının və nəqliyyat şəbəkəsinin inkişafı və s. Bütün bunları elektrik energetikası sahəsi olmadan təsəvvür etmək sadəcə mümkün deyil. Buna görə də inamla deyə bilərik ki, hakimiyyət bütün lazımi infrastrukturun yaradılmasının və Qarabağın Cənubi Qafqazın cənnət guşəsinə çevirməyin qayğısına qalır.

Bundan başqa, Qarabağ bölgəsindəki energetika infrastrukturunun bərpası, o cümlədən bərpa olunan enerji qaynaqları sahəsi də daxil olmaqla, yeni obyektlərin tikintisi ilə birlikdə ölkənin ixrac potensialının genişləndirilməsində də mühüm rol oynayacaq.


MƏSLƏHƏT GÖR:

230