Müəllif: Cahangir HÜSEYNOV
Fevral Mərkəzi Avropanın 4 ölkəsi – Polşa, Çexiya, Macarıstan və Slovakiyada «Vişeqrad qrupu» (V4) çərçivəsində əməkdaşlığın 30 illiyi ilə əlamətdar olub. Onlar bu əlaqələrin tarixinin 1335-ci ildən gəldiyini bildirirlər. Macarıstanın Vişeqrad şəhərində Bohemiya kralı İohann Lüksemburqski, Macarıstan kralı Karl I Robert və Polşa kralı III Kazimir bir-birlərinin əlini sıxaraq, dostluq münasibətlərinin əsasını həmin vaxt qoyublar.
Bu gün bu 4 dövlətin ümumi iqtisadiyyatı Avropada 5-ci, dünyada 12-ci yerdədir. Onlar 64 milyonluq əhalisi ilə Avropada 4-cü, dünyada 22-ci pillədə qərarlaşıblar. Bundan başqa, 2020-ci il böhranınadək onlar Avropa İttifaqının ən sürətlə inkişaf edən iqtisadiyyatları olublar. V4 daxilində əməkdaşlığın əsas istiqamətləri iqtisadi yox, siyasi olsa da, onların ümumi iqtisadi gücü göstərir ki, «dördlük» istər Avropa, istərsə də ondan kənarda proseslərə təsir etmək imkanındadır. Polşanın baş naziri Mateuş Moravetski əmindir ki, «Vişeqrad qrupu» ölkələri «bütünlükdə Avropa iqtisadiyyatının hərəkətverici qüvvəsidir».
V4 üzvlərinin hər biri həm də Aİ-də yer alır. Amma onlardan yalnız Slovakiya həm də avrozonanın üzvüdür. Müşahidəçilər bu ittifaqı tez-tez «2+2» adlandırır. Bu da onların Avropaya inteqrasiyaya fərqli yanaşmasından qaynaqlanır. Məsələ ondadır ki, Slovakiya ilə Çexiya Avropa ilə dost olsalar da, Macarıstanla Polşada daha çox avroskeptik əhval hökmrandır.
Dünyada möcüzə
475 milyard avroluq iqtisadiyyata malik Polşada illik iqtisadiyyat davamlı şəkildə artır (2020-ci il böhranına qədər). Söhbət ildə orta hesabla 4,2%-lik artımdan gedir. Bu göstərici ilə o, Qərbi Avropaya çatmaqdadır. 2018-ci ildə Polşa artıq inkişaf etməkdə olan bazarlar cərgəsindən çıxıb – o, Aİ-də iqtisadiyyatının həcminə görə 7-ci yerə yüksəlib. Maraqlıdır ki, buna ötənilki 2,8%-lik tənəzzül də ciddi təsir göstərməyib. Üstəlik, 2020-ci ildə Polşanın xarici ticarətində müsbət saldo 9 dəfə artıb.
Bu, 2020-ci ildə Aİ-də ən yaxşı nəticələrdəndir. Polşa iqtisadiyyatının ən vacib xüsusiyyətlərindən biri daxili istehlak bazarının (38 milyon nəfər) böyüklüyüdür. Bu, ÜDM-in 61%-ni təşkil edir (Aİ-dəki orta göstəricidən yüksək). Demək, ölkənin Almaniya iqtisadiyyatından asılılığı daha azdır. Amma Polşa bu göstəricilərə, təbii ki, kənar yardımlar olmadan yetişə bilməzdi. Aİ-dən ən çox vəsait alan ölkə məhz Polşadır (2007-ci ildən 2020-ci ilədək 208 milyard avro).
Avropa Komissiyasının məlumatına görə, Macarıstan 2019-cu ildə yaşadığı 3,7%-lik iqtisadi artımla son dövrlərədək Aİ-nin ən sürətli inkişaf edən iqtisadiyyatları arasında 5-ci yerdə olub. 2020-ci ildə o, 6,1%-lik geriləmə ilə üzləşib və bu üzdən, proqnoz vermək çətindir.
V4 üzvləri arasında böhranadək ən az ÜDM artımı Çexiyada qeydə alınıb – 2019-cu ildə 2,6%. Amma Aİ də ən aşağı işsizlik səviyyəsi də bu ölkədədir – 2,2%. 2015-2017-ci illərdə Çexiyada bütün dövlət investisiyalarının 40%-i Avropanın struktur və investisiya fondları hesabına maliyyələşdirilib. Yüksək olmasa da, sabit iqtisadi artım belə düşünməyə əsas verirdi ki, 2027-ci ildən Çexiya Avropa İttifaqının təmiz vergiödəyicilərindən birinə çevrilə bilər. Lakin 2020-ci ildə ÜDM-in 6,5% geriləməsi ilə, yəqin ki, bu proqnoza dəyişikliklər olunacaq.
Slovakiyaya gəlincə, o, 1998-ci ildə Vladimir Meçyarın avtoritar rejimindən qurtulduqdan sonra nəhəng inkişaf yolu keçib. Təsadüfi deyil ki, Slovakiya Dünya Bankının «Doing Business» reytinqində ən sürətli iqtisadi islahatlar aparan dövlətlərin siyahısına başçılıq edib. Bu gün artıq onu «Avropanın mərkəzində qara dəlik» yox, «Tatra pələngi», «Avropanın Detroytu» və ya «Dünyada möcüzə» adlandırırlar. Slovakiyada sənaye istehsalının 44, ixracın isə 40%-i avtomobil sənayesinin payına düşür. Ölkə ötən il V4 üzvləri arasında ÜDM-i ən çox geriləmiş ölkə Slovakiyadır – 7,1%. Səbəb sənayenin strukturu və ixracyönümlü olmasıdır.
Beləliklə, əminliklə, demək olar ki, Avropa İttifaqında «Vişeqrad qrupu»nun rolu ümumilikdə artır və bu, heç də yalnız iqtisadiyyata aid deyil. Bununla yanaşı, «dördlük» bir sıra ümumavropa problemlərinə yanaşmada, o cümlədən miqrasiya və qeyri-bərabər inkişaf məsələlərində heç də həmişə Brüssel ilə tam həmrəylik göstərmir. Məsələn, Slovakiya 2015-2017-ci illərdə Şimali Afrika, Yaxın Şərq və Cənubi Asiyadan müəyyən sayda qaçqını qəbul etməyə razılıq vermiş yeganə V4 üzvüdür. Bu, onu qonşularından fərqli olaraq, Avropa Komissiyası tərəfindən məhkəməyə cəlb olunmaqdan qurtarıb. Ümumiyyətlə, V4 çox vaxt Avropa İttifaqında nizam-intizamı pozmaqda təqsirləndirilir.
Avropa İttifaqı böhranla mübarizə və ölkələrin inkişaf yoluna qayıdışının təmini məqsədilə iddialı «Aİ-də növbəti nəsil» adlı yardım proqramı qəbul edib. Bu yardımın əsas hissəsini 672,5 milyard avro olmaqla, Bərpa və Dayanıqlılıq Fondu təmin edir. Bu məbləğ qrant (312,5 milyard avro) və borc (360 milyard avro) şəklində bölünüb. Qrant olaraq Çexiyaya 6,7, Macarıstana 6,3, Polşaya 23, Slovakiyaya 5,6 milyard avro ödənəcək. Bununla yanaşı, Aİ hökuməti bəyan edib ki, hər hansı üzv ölkə hüquqi dövlət meyarlarına cavab verməzsə, məsələn, məhkəmə hakimiyyətinin müstəqilliyi təmin olunmazsa, yardımdan məhrum edilə bilər. Söhbət xüsusilə Macarıstan və Polşadan gedir. Bu iki ölkədə aparılan məhkəmə islahatları illərdir ki, tənqid atəşinə tutulur.
Fikir ayrılıqları
V4 ölkələri uzun illər Aİ çərçivəsində öz strateji maraqlarını uğurla təmin ediblər. Bu uğur onların çevikliyinə və «transformasiya bacarıqlarına» əsaslanır. Qrup üzvləri bir strateji məsələdə, məsələn, Rusiya ilə münasibətlərdə fərqli mövqedən çıxış edə, amma eyni vaxtda miqrasiya böhranı kimi digər məsələlərdə birləşə bilirlər.
Bu gün onların arasında mübahisə mövzularından biri «Şimal axını-2» qaz kəmərinin tikintisidir – Polşa layihənin icrasının dayandırılmasını tələb edir. Polşalılar hesab edir ki, yeni qaz kəmərinin çəkilişi onu ciddi iqtisadi zərbə vura bilər. Amma söhbət yalnız Qərbi Avropaya qaz nəqlinə görə tranzit gəlirlərinin kəskin azalacağından getmir. Hazırkı qaz kəmərlərinin əhəmiyyətinin azalması təbii ki, proporsional şəkildə siyasi nüfuzun da azalmasına yol açacaq. Slovakiya ilə Çexiya Polşanı dəstəkləsələr də, bu məsələnin onlar üçün aktual olmadığını bildirirlər. Macarıstan isə tam fərqli mövqedən çıxış edir. Çünki o, Rusiya ilə yaxşı münasibətlərin tərəfdarıdır. Bu, ilk növbədə, qaz və atom enerjisi sahələrinə aiddir – ölkənin enerji nəhəngi olan MOL bu sahədə «Qazprom»la əməkdaşlıq edir.
İstər «Vişeqrad dördlüyü» daxilində, istərsə də onların Aİ-nin yerdə qalan hissəsilə münasibətlərində bəzən ciddi münaqişələrə yol açan digər məqamlar da var. Amma elə mövzular da var ki, V4 ölkələri Aİ-nin «köhnə» üzvləri qarşısında mütləq üstünlüyə malikdir. Bu, onların kommunizmdən kapitalizmə keçidlə bağlı nadir transformasiya təcrübəsi, Şərqi Avropa və Qərbi Balkanlardan olan qonşuları daha yaxşı tanıması, həmçinin keçmiş SSRİ respublikaları ilə sosial, tarixi, iqtisadi və mədəni əlaqələridir.
«Şərq Tərəfdaşlığı»
Məhz bu üzdən, 2008-ci ildə qurumun «Şərq Tərəfdaşlığı» adlı layihəsinin əsas təşəbbüskarı kimi məhz Polşa çıxış edib. Proqramın icrasına 2009-cu ildə Çexiyanın sayəsində, Aİ-nin Praqada təşkil edilmiş sammitində başlanılıb. Praqa sammitə Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna rəhbərlərini də dəvət etmişdi.
Sonda V4 ölkələrinin üzərinə «Şərq Tərəfdaşlığı» proqramının iştirakçıları ilə fəal əməkdaşlıq öhdəliyi qoyulub, onlara siyasi və iqtisadi yenilənmə təcrübələrini bu dövlətlərlə bölüşmələri tapşırılıb.
Ötən il iyunun 18-də «Şərq Tərəfdaşlığı» ölkələrinin növbəti – 11-ci sammiti keçirilib. Videokonfrans formatında keçirilən toplantıda 33 dövlət və hökumət başçıları (27+6) tərəfdaşlığın əsas prioritetlərini müzakirə ediblər. Sammitdə qərara alınıb ki, Aİ-nin 6 postsovet ölkəsi ilə əlaqələrin genişləndirilməsinə hesablanmış yeni vəzifələr paketi 2021-ci ildə təşkil olunacaq toplantıda təsdiqlənsin.
Videokonfransın gedişində Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Aİ ilə əməkdaşlıq Bakının xarici siyasətinin prioritetlərindəndir. Azərbaycan Aİ-nin 9 üzvü ilə strateji tərəfdaşlığa dair sənəd imzalayıb, Avropa İttifaqı ilə tərəfdaşlıq haqqında yeni razılaşmaya dair danışıqlar isə son mərhələsindədir.
Aİ koronavirus pandemiyasının «Şərq Tərəfdaşlığı» ölkələrinə sosial-iqtisadi təsirini azaltmaq üçün onlara ümumilikdə 800 milyon avrodan artıq yardım ayırmağa hazırdır. V4 isə sözügedən ölkələri üçün Beynəlxalq Vişeqrad Fondu çərçivəsində 250 milyon avro ayrılmasını nəzərdə tutan «V4EastSolidarity» proqramının icra olunacağını bəyan edib.
«Visegrad» fondu 2000-ci ildə yaradılıb. Onun donorları V4 ölkələri ilə yanaşı, ABŞ, Kanada, Almaniya, Niderland, Cənubi Koreya, İsveç və İsveçrədir. Fond mədəniyyət, təhsil, innovasiyalar, sahibkarlıq, KİV, ətraf mühit, turizm və s. kimi sahələrdə layihələri maliyyələşdirir. 2019-cu ildə o, «Şərq Tərəfdaşlığı» ölkələrindən olan 100 tələbənin təhsilini (bakalavr və magistr) maliyyələşdirib. Bu tələbələrin 13-ü Azərbaycandandır.
V4 və Azərbaycan
Azərbaycanla V4 ölkələri arasında iqtisadi, siyasi və humanitar münasibətlər ildən-ilə möhkəmlənir. Çexiya Azərbaycanın Aİ ölkələri ilə enerji sahəsindəki əməkdaşlığında əsas tərəfdaşlardan biridir. Onun neft məhsullarına olan tələbatının, təxminən, 30%-i Azərbaycanın hesabına ödənir. Bundan başqa, Çexiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85%-dən çoxu Azərbaycanın payına düşür. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1 milyard dollara çatıb.
Polşa ilə ticarət dövriyyəsi 2018-ci ildə 104 milyon dollar təşkil edib. Ölkələrimiz arasında dövlətlərarası əlaqələrin qədim və sıx olduğunu göstərən amillərdən biri 2013-cü ildə Polşanın Qnejno şəhərində açılmış abidə də təsdiqləyir – o, Polşa ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 540 və bu əlaqələrin bərpasının 20 illiyi münasibəti ilə ucaldılıb.
Macarıstan və Slovakiyaya gəlincə, 2018-ci ildə bu ölkələrlə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi müvafiq olaraq, 70 və 30 milyon dollar təşkil edib. Macarıstanın neft-qaz şirkəti olan MOL Azərbaycanda Mərkəzi Avropadan olan ən nəhəng investordur. «Azəri-Çıraq-Günəşli» konsorsiumunda portfelin həcminə görə o, 3-cü yerdədir (1,5 milyard dollar). Macarıstanın xarici işlər və ticarət naziri Piter Sijyarton deyir ki, «Azərbaycan Macarıstanın enerji ilə etibarlı təminatında əsas amildir». Macarıstan Azərbaycandan ildə 1-2 milyard kubmetr qaz almaq niyyətindədir. Söhbət «Cənub Qaz Dəhlizi» vasitəsilə Avropaya nəql olunan qazdan gedir.
Son 30 ildə «Vişeqrad dördlüyü» Azərbaycanın ərazi bütövlüyünə davamlı dəstək ifadə edib. Bu gün isə onlar Qarabağın dağıdılmış rayonlarının bərpasına yardım etməyə hazır olduqlarını bildirirlər.
İdeya generatoru
Tarixi baxımdan «Vişeqrad dördlüyü»nün yaşı Avropa İttifaqının yaşından az da olsa, çoxdur. 30 il əvvəl onlar kommunist keçmişindən tezliklə qurtulmaq işində bir-birlərini dəstəkləmək üçün bir araya gəliblər. Onlar birlikdə NATO-ya, sonra isə Aİ-yə üzv olublar. Qeyd edək ki, ilkin dövrdə Avropanın «qoca demokratiya»ları təkəbbürlü şəkildə yeni vətəndaşların gəlişinə əngəl törətməyə də çalışırdılar.
Bu birliyin uzun çəkməyəcəyinə dair fikirlərə baxmayaraq, o, nəinki yaşayır, həm də «Şərq Tərəfdaşlığı», «Üç dəniz təşəbbüsü», Qərbi Balkan dövlətlərinin Aİ-yə inteqrasiyası və s. kimi ümumavropa ideyalarını generasiya etməklə, daha da güclənir.
Odur ki, Polşanın baş nazirinin bu fikri, özünü, tam doğruldub - «Vişeqrad qrupu» Avropanın yalnız iqtisadi deyil, həm də siyasi inkişafının hərəkətverici qüvvəsinə çevrilir.
MƏSLƏHƏT GÖR: