Müəllif: Samir VƏLİYEV
Gürcüstanın baş naziri Georgi Qaxariya fevralın 18-də istefa verib. O, qərarını məhkəmənin müxalifətçi «Vahid Milli Hərəkat» (VMH) partiyasının lideri Niki (Nikanor) Meliyanın həbsi qərarı fonunda Gürcüstanda vəziyyətin «partlama həddinə» çatması ilə əsaslandırıb. Beləliklə, ölkəyə «Gürcü arzusu» partiyasının rəhbərlik etdiyi dövrdə Gürcüstanda 6-cı dəfə baş nazir dəyişikliyi yaşanıb. Bu, postsovet məkanında mütləq rekorddur.
Qaxariya Baxtadzenin izi ilə
Bir çox müşahidəçi, o cümlədən Gürcüstandan kənardakı müşahidəçi üçün Qaxariyanın istefası gözlənilməz olub. Bununla yanaşı, son illərdə yaşananlar göstərir ki, «Gürcü arzusu»nun istənilən hökuməti özündən əvvəl istefa vermək məcburiyyətində qalmış kabinetin üzləşdiyi problemlərlə qarşılaşır. Demək, Gürcüstanda növbəti baş nazirin gəlişi zamanı ən aktual sual «çoxmu çəkəcək?» sualıdır. Qaxariya «güclü» baş nazir sayılırdı. Bunadək ölkənin daxili işlər naziri olduğu üçün yox, yalnız müxalifətdəki deyil, hakimiyyət düşərgəsində də opponentlərinin öhdəsindən nisbətən effektiv gəldiyi üçün. Amma o belə, tab gətirmədi və hökumətə cəmi il yarım başçılıq edə bildi.
Baş nazirin istefasından bir gün əvvəl – fevralın 17-də Tbilisi Şəhər Məhkəməsi prokurorun eks-prezident Mixail Saakaşvilinin VMH partiyasının sədri Niki Meliya barəsində qəti imkan tədbirini dəyişmək haqda ilddiasını təmin etmişdi. Məhkəmənin hökmü açıqlanan vaxt Meliya partiyasının ofisində imiş. Üstəlik, VMH-nin ofisi yalnız partiya fəalları deyil, digər müxalif partiya və hərəkatların nümayəndələri tərəfindən də mühasirəyə alınmışdı. Vəziyyət açıq qarşıdurmaya keçməyə doğru gedirdi. Görünən odur ki, artıq sabiq baş nazir bu qərarı bəyənmir, hökumətin «bəzi başqa üzvləri» isə daha sərt mövqedən çıxış edirmiş. Qaxariyanın vəzifəsini vaxtından əvvəl tərk etməsinə də bu səbəb olub.
Məlum olduğu kimi, Meliya 2019-cu ilin iyununda keçirilmiş antirusiya aksiyalarında və iğtişaşlarında qrup halında zorakılıq aksiyasının təşkilində, ona rəhbərlik etməkdə təqsirləndirilir. İstintaq orqanı artıq bir dəfə parlamentə müraciət edərək onun deputat toxunulmazlığının ləğvini istəmişdi. O zaman parlament prokurorluğun istəyini qəbul etmiş və Meliya Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə həbs olunmuşdu. Doğrudur, sonradan o, 30 min lari (9 min dollardan artıq) girov qarşılığında azadlığa buraxılmış, lakin siyasətçinin qoluna elektron bilərzik taxılmışdı. Amma bu hadisə Mamuka Baxtadze hökumətinin istefasını sürətləndirmişdi. Beləliklə, Baxtadze hökumətinin də ömrü qısa olmuşdu.
Meliya parlamentdə VMH partiyasından 2020-ci ilin payızında keçirilmiş seçkidə seçilib. Lakin o və tərəfdarları hökuməti saxtakarlıqda günahlandıraraq seçkinin nəticəsini tanımadığından, siyasətçi yeni parlamentin işində iştirakdan imtina edib. Etiraz aksiyalarının daimi iştirakçısı olan Meliya dəfələrlə hökumətə qarşı fəal olmaq çağırışları edib. Belə mitinqlərdən birində o, hətta polisin qoluna keçirdiyi elektron bilərziyi nümayişkanranə şəkildə çıxararak, nümayişçilərin içərisinə atmışdı.
Bundan sonra məhkəmə onun azad edilməsi şərtinə yenidən baxmış, girovun məbləğini 40 min lariyə (12 min dollardan artıq) qaldırmışdı. Lakin müxalifətçi bu məbləği ödəməkdən imtina etmiş, nəticədə, Baş Prokurorluq Maliyanın həbsi üçün məhkəməyə müraciət etmişdi.
Qərarın icrası da çox çəkməyib. Artıq fevralın 23-də Gürcüstan xüsusi təyinatlıları xüsusi əməliyyat keçirərək, Niki Meliyanı həbs edib.
Yeni hökumət, köhnə prioritetlər
Georgi Qaxariyanın istefasından sonra hakim partiya boşalmış posta müdafiə naziri, eyni zamanda sabiq baş nazir İrakli Qaribaşvilinin namizədliyini irəli sürüb. Hələ əvvəlki hökumətin dövründə belə təəssürat yaranırdı ki, Gürcüstanın mövcud icraedici hakimiyyət strukturunda İ.Qaribaşvilinin ətrafında formalaşmış müəyyən güc mərkəzi var. Hakim partiyanın rəhbəri, milyarder Bidzina İvanişvilinin yanında böyük nüfuz və etibar qazanmış Qaribaşvili faktiki olaraq, mövcud baş nazirin dublyoru sayılırdı.
Hələ 2019-cu ilin martında Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili «Gürcü arzusu» partiyasının siyasi katibi təyin olunmuşdu. Bu, onun müəyyən fasilədən sonra «böyük siyasət»ə qayıdışı anlamı verirdi. Məsələ ondadır ki, bu təyinatadək Qaribaşvili müəyyən müddət Çinin «CEFC Energy Company Limited» şirkətində məsləhətçi işləmişdi. Bu şirkət «Eurasia Management» tərəfindən idarə olunur. Onun 50%-i Çin tərəfinə, 50%-i isə «Eurasia Invest» şirkətinə məxsusdur. Sonuncuda payların yarısı iş adamı Vano Çxartişvili, digər yarısı Bidzina İvanişvilinindir. İrakli Qaribaşvili faktiki olaraq, şirkətdə İvanişvilinin maraqlarını təmsil edirdi.
Maraqlıdır ki, G.Qaxariya və İ.Qaribaşvili müxtəlif vaxtlarda Gürcüstanın daxili işlər naziri postunu tutublar. Birincisi bu vəzifədə 2017-2019, ikincisi 2012-2013-cü illərdə çalışıb. Bundan başqa, Qaxariya kimi, Qaribaşvili də sərt kursun tərəfdarı sayılır. Məsələn, o, müsahibələrindən birində açıq şəkildə bildirib ki, «Gürcü arzusu»nda nizam-intizam çatışmır və bu, aradan qaldırılmalıdır.
Bir çox ekspert Gürcüstanda hökumət dəyişikliyini həm də «Gürcü arzusu» daxilində müxtəlif qrupların mübarizəsi ilə əlaqələndirir. Hesab olunur ki, bu mübarizədə İrakli Qaribaşvilinin başçılıq etdiyi Kaxetiya klanı (güc strukturları) qalib gəlib. Yerdə qalan ailələri ən optimal namizədin məhz İrakli Qaribaşvili olduğuna məhz onlar inandırıblar. Söhbət Kladze klanından, «komsomolçular»dan, İrakli Kobaxidzenin başçılıq etdiyi texnokratlardan və hətta Bidzina İvanişvilinin qvardiyasından (bu klana vaxtilə onun şəxsi mühafizəçisi olmuş hazırkı daxili işlər naziri Vaxtanq Qomelauri başçılıq edir) gedir.
Sadalananlardan belə çıxır ki, partiya rəhbərliyi yeni şəraitdə də əsası «Gürcü arzusu»nun yaradıcısı B.İvanişvili tərəfindən qoyulmuş sərt kursu davam etdirmək niyyətindədir. Bu arada, Bidzina İvanişvili 2021-ci il yanvarın 11-də siyasətdən, «Gürcü arzusu» partiyasının sədrliyindən və ümumiyyətlə, partiyadan getdiyini elan etsə də, çoxları həlledici qərarların yenə də onun tərəfindən verildiyinə şübhə etmir. Başqa sözlə, İ.Qaribaşvilinin namizədliyini parlamentə hakim partiyanın üzvü İrakli Kobaxidze «öz təşəbbüsü» kimi sürsə də, əsas təşəbbüskarın məhz İvanişvili olduğu heç kimdə şübhə doğurmur.
İvanişvili hökuməti və hakim partiyanı yalnız etibar etdiyi adamlar hesabına deyil, həm də kritik şəraitdə iş təcrübəsi olan, yaxşı təşkilatçılıq keyfiyyətlərinə və «sərt əl» bacarığına malik şəxslər hesabına gücləndirməyə çalışır. O, buna xüsusilə ölkədə etirazçı əhvalın getdikcə artdığı şəraitdə ehtiyac duyur.
Maraqlıdır ki, müxalifət lideri Meliyanın həbsinə sanksiya Gürcüstan parlamentinin fevralın 22-də İrakli Qaribaşvilinin baş nazir postuna təsdiqləməsindən, onun hökumətinə və proqramına etimad göstərməsindən cəmi bir gün sonra verilib. Parlamentdə proqram nitqi söyləyən Qaribaşvili Meliyanın dövlət çevrilişinə cəhddə təqsirləndirildiyini xatırladıb. Bununla yanaşı, o, Meliyanın partiyasının əsl sədri olmadığını, sadəcə, eks-prezident, VMH-nin əsl rəhbəri Mixail Saakaşvilinin tapşırıqlarını yerinə yetirdiyini deyib. Qaribaşvili bildirib ki, VMH ümumilikdə az qala kriminal sığınacağıdır və onunla qanunauyğun mübarizə aparılmalıdır. Bununla yanaşı, yeni baş nazir ədalət mühakiməsinin aparılmasına qarışmayacağını, qanunun aliliyinə hörmət etdiyini də söyləyib.
Böhrana rəğmən, iddialar
Gürcüstanda siyasi böhran karantin tədbirlərinin yaratdığı sosial-iqtisadi çətinliklərlə eyni vaxta təsadüf edib. Ötən il Gürcüstan iqtisadiyyatın son 26 ilin ən ciddi tənəzzülünü yaşayıb. Bununla yanaşı, karantin tədbirləri insanlar arasında kütləvi narazılığa səbəb olur, nümayişlərə yol açır. Turizm və restoran sektorlarında narazılıq daha çoxdur. İl ərzində ölkədə minlərlə iş yeri bağlanıb. Bu dramatik vəziyyətə dərhal müdaxilə tələb olunur. 2020-ci ilin nəticələrinə görə, Gürcüstan iqtisadiyyatı 6,1% geriləyib. Belə şəraitdə əhali hökumətdən böhrandan çıxılması istiqamətində təcili və təxirəsalınmaz addımlar gözləyir.
Əvvəlki hökumət böhranın aradan qaldırılması üçün 2 milyard dollardan artıq beynəlxalq yardım əldə etsə də, effekt gözlənildiyi kimi olmayıb. Hazırda vəsait azalmış büdcə gəlirlərinin kompensasiyasına və müxtəlif anti-böhran tədbirlərinin reallaşdırılmasına xərclənir.
Bununla yanaşı, yeni hökumətin gələcəklə bağlı iddialı hədəfləri var. Məsələn, regionda və dünyada Gürcüstanın rəqabət qabiliyyətinin artırılması, onun logistik hab kimi mövqeyinin gücləndirilməsi, iqtisadiyyatda struktur sağlamlaşdırılması, biznesin və investisiya mühitinin inkişafı. Bundan başqa, hökumət dövlət mülkiyyətində olan resurslardan iqtisadi fəallığın artırılması üçün maksimum istifadəni planlaşdırır. Bunun o cümlədən, dövlət mülkiyyətinin özəlləşdirilmsi yolu ilə həyata keçirilməsi nəzərdə tutulur.
Bəs, yeni hökumət bu vəzifələrin öhdəsindən gələ biləcəkmi? Axı, əvvəlki kabinet də qarşısına bundan heç də kiçik olmayan hədəflər qoymuşdu. Hər şeyi zaman göstərəcək. Bir şey dəqiqdir: siyasi problemlərin davam etməsi və əhalinin iqtisadi vəziyyətdən son dərəcə narazı olması hər kəsin hesablaşmalı olduğu amil kimi qalacaq.
MƏSLƏHƏT GÖR: