25 Noyabr 2024

Bazar ertəsi, 06:09

«HUMANİTAR YARDIM»IN QURBANI

Ermənistanda baş nazirin də qarışdığı yeni «silah qalmaqalı»nın təfərrüatları

Müəllif:

01.03.2021

Silah alveri nəhəng və hörmətli biznesdir – trilyonluq dövriyyə, milyardlıq müqavilələr, nüfuzlu sərgilər və s. Belə sərgilərdən biri bu yaxınlarda Əbu-Dabidə keçirilib. «IDEX-2021» sərgisində 59 ölkədən, təxminən, 900 aparıcı şirkət iştirak edib. Sərgiyə Azərbaycan da qatılıb və orada ölkəninMüdafiə Sənayesi Nazirliyinin istehsalı olan 106 adda silah-sursat nümayiş olunub – pilotsuz uçuş aparatları, o cümlədən «Itigovan» PUA-sı, minaatanlar və s.

Sərgidə öz «müdafiə sənayesi»ni inkişaf etdirəcəyini çoxdan vəd etmiş Ermənistan da fərqlənib. Amma necə? O, sərgidə… boş stendlə iştirak edib. Halbuki erməni «Telegram» kanallarının da yazdığı kimi, stendin icarəsinə dövlət büdcəsindən ciddi vəsait ayrılıbmış: «Bu vəziyyətin yaşanmasında əsas günah Akop Arşakyanın başçılıq etdiyi Yüksək Texnologiyalar və Hərbi Sənaye Nazirliyidir. Məhz bu qurumun ciddi səriştəsizliyi üzündən, nümunələrin sərgiyə yetişdirilməsi mümkün olmayıb».

Əbu-Dabiyə göndərilmiş erməni silahları Moskvada «ilişib qalıb». Bunu İrəvanın özündə də istehza ilə qarşılayıblar.

Amma deyəsən, İrəvanın əsl «silah biabırçılığı» heç də Əbu-Dabidəki boş sərgi stendi deyil.

 

«Silah baronu»nun həbsi

Fevralın əvvəlində Ermənistan KİV-də səs-küylü həbs xəbəri yayılıb: Ermənistan MTX «Patron Davo» kimi də tanınan «silah baronu» David Qalstyanı saxlayıb. Ona qarşı irəli sürülmüş ittihamlar kifayət qədər ciddidir. İttiham tərəfi iddia edir ki, xaricdə qeydiyyata alınmış şirkətdə İdarə Heyətinin sədri olan David Qalstyan elə həmin qurumun direktoru ilə əvvəlcədən əlbir olmaqla, xüsusilə böyük məbləğdə vəsaitin mənimsənilməsi məqsədilə ölkənin Müdafiə Nazirliyi ilə 1983-1986-cı illərə aid artilleriya mərmilərinin tədarükünə dair müqavilə imzalayıb. Mərmilər tədarük olunub. Lakin onlar müqavilədə nəzərdə tutulan mərmilər deyilmiş. Sən demə, ölkəyə 1977-ci ilin çex toplarına aid mərmilər gətirilibmiş.

MTX müəyyən edib ki, «tədarük olunmuş mərmilər taktiki və texniki xarakteristikasına görə, əslində alınmalı olan mərmilərdən xeyli geri qalır. Bu mərmilərlə hərbi tapşırıqların öhdəsindən gəlmək mümkün deyildi. Bu sövdələşmə nəticəsində D.Q.-nin şirkəti 523 milyon dram (düz 1,08 milyon dollar) qazanıb».

David Qalstyanın özü əmindir ki, o, ölkəyə məhz tələb olunan mərmiləri gətirib. Qalstyan iddia edir ki, onu sadəcə, Ermənistanın İkinci Qarabağ müharibəsindəki məğlubiyyətinin səbəbkarlarından biri kimi göstərməyə çalışırlar. Başqa sözlə, Qalstyan «qurbanlıq qoyun» seçildiyini deyir.

Maraqlıdır ki, bir çox dolayı əlamətlərə görə, David Qalstyan silah ticarəti (söhbət heç də yalnız leqal ticarətdən getmir) kimi incə məsələdə Nikol Paşinyanın əsas adamı olub. Ekspertlər sabiq prezident Serj Sarqsyanın kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyanın hələ 2020-ci ilin iyununda sensasion bəyanatla çıxış etdiyini xatırladır. O zaman Minasyan bildirirdi ki, Nikol Paşinyan və ailəsinin miqyaslı silah alveri fırıldağının icrasının başında David Qalstyan dayanır. Onun iddiasına görə, Paşinyanın «yaxın ətrafı» Rusiyanın Ermənistana güzəştli qiymətlərlə tədarük etdiyi silah-sursatı üçüncü dövlətlərə satırmış. Minasyanın sözlərinə görə, sonradan bu fırıldaq üzə çıxıb və nəticədə, Qalstyanın Rusiyaya girişinə 10 il müddətinə qadağa qoyulub, Paşinyan isə başqa ölkələrə üz tutmaq məcburiyyətində qalıb. Bundan sonra o, müasir silahlar əvəzinə İordaniyadan köhnə, işə yaramayan «Osa AKM» kompleksləri alırmış.

Nəhayət, artıq İkinci Qarabağ müharibəsi vaxtı David Qalstyan Ermənistanın müdafiə naziri David Tonoyan və erməni əsilli rusiyalı sahibkar Samvel Karapetyanla birlikdə daha bir fırıldaqda iştirak edib. Bu dəfə Ermənistana «humanitar yardım» adı altında silah gətirilib. Söhbət Azərbaycan Prezidenti İlham Əliyevin də müsahibələrindən birində dilə gətirdiyi «humanitar yardım»dan gedir: «Ermənistan bu yaxınlarda bir təyyarə satın alıb. Bizdə olan məlumata görə, təqribən, 30-40 milyon dollara alıb. Bu təyyarəni alan Rusiyada yaşayan zəngin erməni iş adamlarıdır, Karapetyan, Abramyan və başqaları. Onlar Rusiyada yaşayan erməniləri bizə qarşı vuruşmaq üçün Qarabağa muzdlu kimi göndərirlər. Eyni zamanda, bu «İl-76» təyyarəsinin alınması Ermənistana imkan verdi ki, o silahları qaçaq yollarla Ermənistana gətirsin. Onun içərisində tank əleyhinə «Kornet» və «Konkurs» silahları, «İqla» hava hücumuna qarşı silahlar göndərilir».

Qeyd olunan faktlar göstərir ki, David Qalstyan son zamanlara qədər silah ticarəti kimi incə işdə Nikol Paşiyanın əsas adamı olub.

Bu halda onun həbsini necə izah etmək olar?

 

«Qurbanlıq qoyun»

Versiyalardan birinə görə, Nikol Paşinyan indiki vəziyyətdə «özününküləri vurmalıdır» ki, «yadlar»ın təzyiqini bir qədər azalda bilsin. İndiki şəraitdə Paşinyanın variantı çox deyil. Müxalifətin təzyiqi qarşısında, baş nazir nüfuzdan düşmüş fiqurları ətrafından təmizləməyə başladığını göstərməlidir. Bundan başqa, artıq qeyd olunduğu kimi, həbs edilmiş Qalstyan onun Ermənistanın Qarabağda üzləşdiyi məğlubiyyətin səbəbkarlarından biri kimi göstərilməsinə çalışıldığını deyir. Bəlkə də, o, haqlıdır. Hər halda, bu, kifayət qədər ənənəvi gedişdir.

Bəs, Paşinyan yalnız Qalstyanla «canını qurtara» biləcəkmi? Hər halda, onun üzləşdiyi ittihamların sayı-hesabı yoxdur. Baş nazirə ünvanlanmış ittihamlardan biri Azərbaycanın erməni işğalçılarından hələ 2016-cı ildə azad etdiyi Lələtəpə yüksəkliyilə bağlıdır. Guya o, yüksəkliyi geri almağı düşünürmüş. Lakin bu istiqamətdə qurduğu əməliyyat planı tam iflasa uğrayıb, üstəlik, baş nazir səfərbərlik planını həyata keçirə bilməyib, müharibəyə hərbçiləri deyil, daha çox könüllüləri göndərib və s. Bu da son deyil. Paşinyanı raketsiz «Su-30» qırıcıları almaqda da təqsirləndirirlər. Nəhayət, baş nazirin xanımı Anna Akopyan erməni generallarına komandanlıq etməyə çalışmaqda ittiham olunur. Məlumata görə, yerli hərbi komandirlərdən biri məhz davranışı birinci ledinin xoşuna gəlmədiyi üçün vəzifədən kənarlaşdırılmış…

Belə vəziyyətdə David Qalstyan kimi «qurban», çətin ki, nəyisə dəyişsin.

 

Silah sahəsində təmizləmə

Lakin David Qalstyanın həbsi tamamilə başqa səbəbdən də ola bilər. Qarabağ savaşı Ermənistanın darmadağını ilə bitib. Bu, artıq İrəvanı ordunun bərpası yollarını axtarmağa vadar edir. Təbii ki, bu, heç də asan iş deyil. Çünki artıq Ermənistan ordusu tamamilə yenidən qurulmalıdır – şəxsi heyətdən tutmuş (Ermənistandan müşahidə edilən kütləvi miqrasiya fonunda bu, heç də asan olmayacaq), silahlanmayadək.

Ən sadə hesablamalara görə, Azərbaycan Ordusu Ermənistanın 4,5 milyard dollarlıq silah-sursatını məhv edib və qənimət kimi götürüb. Bu, xüsusilə iqtisadiyyatı dağınıq Ermənistan üçün kifayət qədər ciddi məbləğdir. Cibindən bir neçə milyard çıxarıb çatışmayanları almaq haqda heç düşünməyə də dəyməz. Üstəlik, sərhədlərin qurulmasına, əlillərə, müharibədə həlak olmuş şəxslərin ailələrinə ödənişlər də ciddi vəsait tələb olunur.

İrəvan 44 günlük müharibədən əvvəl də olduğu kimi, məqsədli kreditlə, yaxud heç olmasa, güzəştli qiymətlərlə hədiyyə silahlara ümid edir. Amma bunun üçün hökumət artıq kifayət qədər ciddi sayılacaq digər məsələni həll etməlidir. Potensial silah tədarükçüləri əmin olmalıdırlar ki, həmin silahlar onlardan xəbərsiz üçüncü ölkələrə satılmayacaq. Yəni yeni silah tranşının da başına Mikael Minasyanın dedikləri gətirilməyəcək.

Bütün bunların fonunda David Qalstyanın həbsi başqa cür görünür. Ermənistan hakimiyyəti «etibar krediti» əldə etmək, yenidən silah ala bilmək üçün ətrafını şübhəli personalardan «təmizləməlidir».

Bəs, İrəvan istəyinə nail ola biləcəkmi? Sual hələ ki, açıq qalır. Ən azı ona görə ki, Ermənistan ordusunun döyüş qabiliyyətini hansısa səviyyədə bərpa etməsi üçün həddindən artıq böyük vəsaitə ehtiyac var. Qarabağ müharibəsinin nəticələri bu «sərmayələrin» özünü doğruldacağına heç bir ümid yeri qoymur.



MƏSLƏHƏT GÖR:

244