Müəllif: Nigar ABBASOVA
Dünya mayeləşdirilmiş təbii qaz (SPQ, LNG) bazarı sürətlə inkişaf edir - artıq dünya qaz ticarətinin 40%-dən çoxu onun payına düşür. Yarım əsrdən artıq tarixi ərzində LNG istehsalı və satışı sektoru yetərincə sürətli artım göstərib və hazırda qlobal enerji bazarında baş verən dəyişikliklərdə önəmli rol oynayır. Mayeləşdirilmiş qazın satışları son iyirmi ildə dörd dəfə artıb, 2050-ci ilə qədər isə daha iki dəfə artacağı gözlənilir.
Yüksək potensial
LNG sektoru 2020-ci ili ləyaqətlə keçdi və ingilis-holland şirkəti «Royal Dutch Shell» analitikləri onun böyük gələcəyinin olduğunu söyləyirlər. Keçən il mayeləşdirilmiş təbii qaza olan qlobal tələb 360 milyon tona yüksəlib, əsas idxalçılar Çin və Hindistan olub.
Gözlənilir ki, LNG-yə olan qlobal tələb 2040-cı ilədək ildə 700 milyon tona çatacaq. Bu, Asiyada təbii qaza olan tələbin dayanıqlı artımı və elektrikləşmənin müəyyən çətinlik yaratdığı sahələrdə qazın enerji mənbəyi kimi istifadəsinin genişlənməsindən qaynaqlanır.
Analitiklər LNG-nin böyük perspektivlərini qazın dünya iqtisadiyyatının karbonsuzlaşdırılmasında əsas rol oynaması ilə əlaqələndirirlər. «Shell» deyirlər ki, iqtisadiyyatın bərpası və koronavirus pandemiyasının iqtisadi nəticələrinin aşağı karbonlu resurslar hesabına geniş miqyaslı aradan qaldırılması, həmçinin tullantıların ardıcıl olaraq azaldılması daha təmiz enerji mənbələrinə əsaslanan həllər tələb edir.
Ekspertlərin hesablamalarına görə, təkcə son altı ildə qlobal LNG istehsalı 55% artıb - ildə 244 milyon tondan 378 milyon tona qədər yüksəlib. Cari investisiya layihələri əsasında gözləmək olar ki, 2025-ci ilədək qlobal potensial daha 20% artacaq. Uzunmüddətli perspektivdə bazar orta illik 4% tempi ilə böyüməyə davam edəcək və 2030-cu ilədək illik 527 milyon tona çatacaq.
Koronavirus pandemiyası LNG istehsalçılarının gələcək layihələrinə sərmayə yatırımlarına da təsir göstərib. 2020-ci ildə təkliflər tərəfindən elan olunan güc artımı cəmi 3 milyon ton olub, halbuki bu rəqəmin 60 milyon ton səviyyəsində olacağı gözlənilirdi.
Dünya üzrə evə qapanma və özünütəcrid rejimlərinin tətbiqi qazın mayeləşdirilməsi üzrə yeni qurğuların tikintisində və istismara verilməsində gecikmələrə gətirib. Ortamüddətli perspektivdə belə gecikmələr dünya bazarında təklif çatışmazlığına səbəb ola bilər.
Analitiklər hesab edirlər ki, bu proqnoz iştirakçılar üçün bazarda yüksək potensial deməkdir.
Hazırda 18 ölkə mayeləşdirilmiş təbii qaz ixrac edir, 42 ölkə isə bu məhsulu alır. Üstəlik, bazarda sərt rəqabət var.
Bazarın lideri
Qətər dünya üzrə ən böyük mayeləşdirilmiş qaz istehsalçısı olaraq qalır və onun bazardakı payı 26,5 %-dir. Bununla belə, bir sıra ölkələrdəki yeni layihələr Dohanın LNG bazarındakı dominant mövqeyini zəiflədib. Liderlik kürsüsünə Avstraliya da (26%) hücum edir və bu, yetərincə uğurlu görünür, üçüncü və dördüncü yerləri ABŞ (14,7%) və Rusiya (10%) tutur. Malayziya, İndoneziya, Əlcəzair və Nigeriya da böyük mayeləşdirmə güclərinə malikdirlər.
Analitiklər sanır ki, Qətər son 10 ildə yetərincə passiv mövqe tutub, LNG istehsal sahələrinin inkişafına sərmayə qoymayıb və istehsalı ildə 77-78 milyon ton səviyyəsində saxlayaraq, rəqiblərinin irəliləməsinə imkan verdi.
Ancaq hər şeydən belə görünür ki, bu Yaxın Şərq ölkəsi birinciliyi əldən vermək fikrində deyil. Qətər energetika naziri Saad Şerida əl-Kaabi bildirib ki, ölkə LNG güclərini 50%-dən çox, ildə 126 milyon tona qədər genişləndirmək üçün milyardlarla dollar xərcləmək niyyətindədir. Onun sözlərinə görə, bu, başqa ölkələrin çatması çətin olan səviyyədir.
Nazirin açıqladığına görə, Qətər güclərinin genişlənməsinin birinci mərhələsi çərçivəsində LNG-ni o qədər ucuz istehsal edə biləcək ki, hətta neft qiymətləri bir barel üçün 20 dollardan aşağı düşsə belə, rəqabətqabiliyyətli olacaq. "Bu, planetin ən rəqabətqabiliyyətli layihələrindən biridir və bəlkə də ən rəqabətlisidir", - deyə o vurğulayıb.
Qətərin dövlət şirkəti «Qatar Petroleum» bu ilin fevral ayında «Şimal» yatağının işlənməsi və onun bazasında təbii qazın mayeləşdirilməsi zavodunun tikilməsi layihəsinin gerçəkləşdirilməsi üzrə yekun investisiya qərarı qəbul edib ki, bu da Qətərin güclərini ildə 77 milyon tondan 110 milyon tona qədər artıracaq.
“Qətərin coğrafi yerləşməsi ixrac kanalları baxımından çeviklik təmin edir. Bu gün istehsal olunan LNG-nin 68%-ə qədəri Asiya ölkələrinə göndərilir, ən böyük istehlakçı Çin və Hindistandır, 27% isə Avropaya göndərilir. Dünya üzrə LNG istehlakında əsas artım drayveri Asiya-Sakit okean bazarı olacağından, ixracın coğrafi paylanmasının gələcəkdə də qorunacağı inandırıcıdır”, - deyə «VYGON Konsaltinq» şirkətinin analitiki İvan Timonin düşünür.
Yeni LNG gücləri
Yeri gəlmişkən, Rusiyada da LNG potensialının inkişaf potensialı yüksək qiymətləndirilir. Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novakın sözlərinə görə, Rusiya dünya LNG bazarının 25% -ni tuta bilər.
“2025-ci ilə qədər layihələrimizin ümumi gücü ildə 68 milyon tondan çox olacaq. Gələcəkdə qlobal LNG bazarında Rusiyanın payı ümumdünya göstəricisinin dörddə birinə çata bilər”, - deyə A.Novak vurğulayıb.
Rusiyanın dünya mayeləşdirilmiş qaz bazarındakı potensialı bir sıra amillərə əsaslanır. Belə ki, Rusiya Federasiyası dünya üzrə ən böyük resurs bazasına - bütün təsdiqlənmiş ehtiyatların, təxminən, 20%-nə sahibdir. Üstəlik, Rusiya coğrafi baxımdan həm Avropaya, həm də Asiyaya yaxındır. Bu, LNG-nin istehlakçıya ən qısa müddətdə çatdırılmasına imkan verir.
Yeri gəlmişkən, Rusiyada artıq 2035-ci ilə qədər LNG-nin inkişafı strategiyası layihəsi hazırlanıb ki, sənəd ölkədə mayeləşdirilmiş qaz istehsalı üçün 10-dan çox zavodun tikintisini nəzərdə tutur. Gözlənilir ki, bu layihələrin həyata keçirilməsi Rusiya iqtisadiyyatına təxminən 150 milyard dollar əlavə sərmayə qoyulmasını təmin edəcək, həmçinin ölkənin 2035-ci ilə qədər LNG istehsalını, təxminən, üç dəfə artırmasına və 2040-cı ilə qədər əlavə olaraq 2,5 trilyon kubmetr qaz çıxarmasına imkan verəcək.
Hazırda Rusiyada «Qazprom»un iki böyük LNG zavodu – «Saxalin-2» və «Yamal SPQ NOVATEK» zavodları işləyir. «Rosstat»ın məlumatına görə, 2020-ci ildə Rusiyada mayeləşdirilmiş təbii qaz istehsalı 3,5% artaraq 30,5 milyon tona çatıb.
Əsas oyunçulardan biri olan və Asiya bazarı üçün mübarizəyə hazır Birləşmiş Ştatlar da öz LNG ixracı həcmlərini artırmağı planlaşdırır. Analitiklərin fikrincə, bu günə ən perspektivli Amerika meqa layihəsi Alyaskanın cənub-qərbindəki Kenai yarımadasında qazın mayeləşdirilməsi qurğularının tikintisini nəzərdə tutan «Alaska LNG»dir.
Nazirliyin Enerji İnformasiya İdarəsinin (EIA) qiymətləndirməsinə görə, 2022-ci ildə Amerikadan mayeləşdirilmiş qaz ixracatı ilk dəfə olaraq ölkədən boru kəməri qazı ixracını üstələyəcək.
“2021-ci ildə ABŞ-dan gündəlik LNG ixracatı orta hesabla 8,5 milyard kub fut olacaq. 2022-ci ildə, EIA-nın proqnozuna görə, ABŞ-dan LNG ixracatı orta hesabla gündəlik 9,2 milyard kub futa çatacaq və ilk dəfə olaraq boru kəməri ilə qaz ixracatını üstələyəcək”, - deyə qurumun hesabatında vurğulanır.
Planlar yetərincə gerçəkdir, nəzərə almaq lazımdır ki, Pekin ABŞ-dan mayeləşdirilmiş təbii qaz alışlarını artırmaq üçün yaşıl işıq yandırıb. ÇXR Maliyyə Nazirliyi fevralın 18-də 696 adda Amerika malının siyahısını dərc edib ki, 2 mart tarixindən başlayaraq bir il ərzində onların idxalından ABŞ-ın oxşar tədbirlərinə cavab kimi tətbiq olunan qoruyucu rüsumlar tətbiq olunmayacaq. Siyahıya çoxsaylı kənd təsərrüfatı məhsulları ilə yanaşı enerji daşıyıcıları da daxildir.
Azərbaycan üçün perspektivlər
LNG-yə tələbin proqnozlaşdırılan artımı və bazarda artan rəqabət Azərbaycanın qaz sənayesi üçün də yeni fikirləri diktə edir. Hazırda Azərbaycanda mayeləşdirilmiş qazın əsas hissəsi SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunur. O, ölkədə və xaricdə satışları həyata keçirən “Məişət Maye Qaz” MMC-yə satılır.
Bundan başqa, Dövlət Neft Şirkətinin ticari «törəməsi» olan «SOCAR Trading» uğurla üçüncü ölkələrdən beynəlxalq bazarlara LNG tədarükü həyata keçirir. Məsələn, 2020-ci ildə şirkət Pakistana LNG nəql edib və bunu bu il də tender əsasında davam etdirib. Azərbaycan tərəfi həm də iki ölkənin qardaşlıq münasibətlərini nəzərə alaraq, cəlbedici şərtlər çərçivəsində Pakistana uzunmüddətli əsaslarda mayeləşdirilmiş qaz nəqlinin həyata keçirilməsi imkanları üzrə təşəbbüs göstərib.
Bununla yanaşı, SOCAR-ın Bakı Neft Emalı Zavodunda aparılan modernləşmə ilə bağlı gələcəkdə həcmlərin artacağını gözləmək olar, ən əsası, Azərbaycanda istehsal olunan və birbaşa, vasitəçilər olmadan ixracata göndərilən maye qazın keyfiyyətinin yaxşılaşacağını ümid etmək olar.
Bununla yanaşı, Azərbaycan Xəzər dənizinin şərq sahillərindən - Qazaxıstan və Türkmənistandan dəmir yolu ilə Avropaya LNG tranzit nəqlini təşkil etmək üçün yaxşı potensiala malikdir. Bakı-Tbilisi-Qars dəmir yolu əlaqəsinin olması, eləcə də Azərbaycanın digər bölgələri ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin açılması belə bir layihənin irəliləməsini sürətləndirə bilər.
Özü də, Qazaxıstanla artıq neçə ildir ki, maye karbohidrogen xammalının Azərbaycan ərazisindən tranzitinin artırılması imkanları müzakirə olunur. Buna hər iki tərəfdən də maraq var. Qazaxıstan Energetika Nazirliyi variantlardan biri kimi ölkənin qərbində LNG zavodu tikmək və məhsulun daha sonra Azərbaycan ərazisindən dünya bazarlarına daşınması ilə bağlı imkanlarını nəzərdən keçirirdi.
Əlbəttə ki, pandemiya şəraitində bu layihənin gerçəkləşdirmə ehtimalının nə qədər yüksək olacağını qiymətləndirmək çətindir, amma görünən odur ki, müəyyən zaman ərzində bu məsələ bu və ya digər şəkildə öz həllini tapacaq. Dünyada LNG-yə artan maraq nəzərə alınarsa, Azərbaycan və Xəzərdəki qonşuları belə cəlbedici və perspektivli bir bazardan uzaq olmaq istəməzlər.
MƏSLƏHƏT GÖR: