Müəllif: Natiq NAZİMOĞLU
İranın nüvə proqramı ətrafında hadisələrin inkişafı yenidən qlobal siyasət gündəmində əsas yerlərdən birini tutur. ABŞ-ın yeni administrasiyası İran atomu ilə bağlı beynəlxalq razılaşmanın bərpasında maraqlı olduğunu gizlətməsə də, bu istiqamətdə hələ ki, real irəliləyiş müşahidə olunmur. Tehranla Vaşinqton, daha geniş yanaşdıqda isə bütünlükdə Qərb arasında dialoqun yaxşılaşmasına Yaxın Şərqdəki ümumi geosiyasi konyunktur da imkan vermir.
İlk güzəştə kim gedəcək?
ABŞ prezidenti Co Bayden İrana qarşı sanksiyaların müddətinin daha bir il uzadılmasına qərar verib. Söhbət, ilk növbədə, İranın nüvə, raket və hərbi proqramları ilə bağlı tətbiq edilmiş məhdudiyyətlərdən gedir. Onlar, məsələn, İrana alümin qarışığının, misin və bir neçə növ poladın, həmçinin strateji əhəmiyyət daşıyan elektron məhsulların tədarükünü qadağan edir.
Amma sanksiyalar savaşını İran da cavabsız qoymur. Məsələn, ötən il Tehran Amerikanın artıq keçmiş administrasiyasının əsas şəxsləri «qara siyahı»ya salınmışdı. İran onları «terrorçuluğu dəstəkləməkdə», o cümlədən general Qasım Süleymani və nüvə fizikası üzrə alim Möhsün Fəxrizadənin qətlində günahlandırır.
Bununla yanaşı, ABŞ sanksiyalarının İrana zərəri, təbii ki, daha ciddidir. İran prezidenti Həsən Ruhani bildirib ki, son 3 ildə ölkəsinin Amerikanın sanksiyaları nəticəsində üzləşdiyi birbaşa zərər 200 milyard dolları ötüb. Buna baxmayaraq, Tehran ABŞ-ın İranın nüvə proqramına dair Birgə Əhatəli Fəaliyyət Planına (BƏFR) qayıtması üçün bu ziyanın ödənilməsi tələbini irəli sürmür.
Amma «İran məsələsi» ətrafında hadisələrin gələcək inkişafı məhz BHFP-nın bundan sonra reallaşdırılıb-reallaşdırılmayacağı, yaxud birdəfəlik iflasa uğrayıb-uğramayacağından asılıdır. İranla vasitəçi «altılıq» (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa, Almaniya) arasında 2015-ci ilin iyulunda əldə olunmuş razılaşmaya ilk ciddi zərbəni 2018-ci ilin mayında Birləşmiş Ştatların ozamankı prezidenti Donald Tramp vurub. Razılaşma İrana tətbiq edilmiş iqtisadi sanksiyaların aradan qaldırılmasını, əvəzində Tehranın nüvə proqramını məhdudlaşdırmasını nəzərdə tutur. Lakin 2018-ci ildə razılaşmadan birtərəfli şəkildə çıxan Vaşinqton Tehrana qarşı sanksiyaları bərpa edib. Bu, neft ixracı sahəsinə aid sanksiyalara da aiddir. Bir il sonra Amerikanın birtərəfli addımına reaksiya verən İran uranın zənginləşdirilməsilə bağlı üzərinə BHFP çərçivəsində götürdüyü öhdəliklərin bir hissəsindən imtina etdiyini açıqlayıb.
Beləliklə, birgə plan real olaraq pozulmaq təhlükəsilə üz-üzə qalmışdı. Onun bərpasına ümidlər ABŞ-da 2020-ci ildə keçirilmiş prezident seçkisində Donald Trampın uduzması və Ağ Evə Co Baydenin gəlməsindən sonra yaranıb. ABŞ-ın yeni prezidenti İranın nüvə proqramı ilə bağlı razılaşmanın bərpasını xarici siyasət proqramının əsas istiqamətlərindən elan edib. Amma bu istiqamətdə atılan ilk addımlar, daha doğrusu, onların ətrafında yaranan beynəlxalq atmosfer bu işin nə qədər çətin olduğunu üzə çıxarıb. Məlum olub ki, Vaşinqton razılaşmanı yalnız o halda bərpa edəcək ki, Tehran əvvəlki administrasiyanın birtərəfli addımlarına cavab olaraq qəbul etdiyi qərarlardan imtina etsin. Bu mənada, ABŞ-ın dövlət katibi Entoni Blinkenin bəyanatı da maraqlıdır. O, bildirib ki, ikitərəfli əlaqələrin gələcəyi məhz İranın reaksiyasından asılıdır. Bununla yanaşı, Birləşmiş Ştatlar İranın nüvə proqramı ilə bağlı problemin diplomatik yolla həllində maraqlı olduğunu göstərsə də, «səbrinin tükənə biləcəyinə» də eyhamlar vurur. Və belə görünür ki, amerikanların səbri üçün əsas imtahan «altılıqla» İran arasındakı yeni danışıqlar olacaq. Bu danışıqların təşəbbüskarı Avropa İttifaqıdır.
Aydındır ki, İranın da Amerika tərəfindən öz gözləntiləri var. Tehrandan gələn açıqlamalar göstərir ki, ABŞ «birtərəfli səhvi»ni aradan qaldırmazsa, onlar uranın zənginləşdirilməsi prosesini dayandırmayacaqlar. Bundan başqa, fevralın 23-dən İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) onun nüvə obyektlərində yoxlamalar aparmasına məhdudiyyət qoyub. İndi MAQATE nümayəndələri İranın nüvə obyektlərindəki müşahidə kameralarının qeydlərinə baxa bilməz. Qeydlər isə 3 ay saxlanacaq və Amerikanın nüvə razılaşmasına qayıtmayacağı təqdirdə silinəcək.
Nəzərə almaq lazımdır ki, İranın Vyanadakı beynəlxalq təşkilatlarda daimi nümayəndəsi Kazım Qərib Abadi hələ 2021-ci ilin yanvarında ölkəsinin metal uran istehsalı üzrə tədqiqat işlərinə başladığını rəsmən bəyan edib. Az sonra faktı MAQATE də təsdiqləyib. «Altılığ»ın Avropa hissəsi – Böyük Britaniya, Fransa və Almaniya Tehranın bu qərarından narahatlıqlarını ifadə edib, bunun HBFP-nin pozulması olduğunu bildiriblər. Avropalı «üçlüy»ün bəyanatında deyilir ki, İran bu sənədə görə üzərinə 15 il ərzində «uran metallurgiyası sahəsində tədqiqat aparmamaq, istehsal və ya təkrar istehsalla məşğul olmamaq» öhdəliyi götürüb.
Tehran isə bildirir ki, HBFP-yə qayıdış, onun şərtlərinə əməl olunması yalnız o halda mümkündür ki, ABŞ da daxil olmaqla, bütün iştirakçılar öhdəlikləri yerinə yetirsin. İran Aİ-nin ABŞ nüvə proqramına dair birbaşa danışıqlara başlanılması təşəbbüsünü bu əsasla rədd edib. İranlılar hesab edir ki, Birləşmiş Ştatların nüvə razılaşması iştirakçılarının müzakirələrində iştirak etmək hüququ yoxdur. Onların fikrincə, bunun üçün Tehrana HBFP-nin şərtlərinə zidd tətbiq olunmuş sanksiyalar aradan qaldırılmalıdır.
İran prezidenti Həsən Ruhani fransalı həmkarı Emmanuel Makronla telefon danışığında açıq şəkildə deyib ki, «nüvə razılaşmasının təkrar müzakirəsi mümkün deyil və onu qoruyub saxlamağın yeganə yolu ABŞ tərəfindən sanksiya tətbiqinin dayandırılmasıdır». İranın özünün HBFP-nin tələblərinə tam əməl etməkdən boyun qaçırmasına gəlincə, o, bunu «ABŞ-ın razılaşmadan çıxması və Avropanın vədlərini yerinə yetirməməsi» ilə əsaslandırır. Avropa ilə bağlı məqamda, ilk növbədə, bu fövqəldövlətlərin Vaşinqtonun anti-İran siyasətinə qarşı çıxa bilməməsi və ya çıxmaq istəməməsi nəzərdə tutulur.
Odur ki, hələlik ABŞ-ın əlindən İranın birbaşa diplomatik əlaqələrdən imtinasından məyusluğunu ifadə etməkdən başqa heç nə gəlmir. Amma bu, heç də o demək deyil ki, Amerika «Tehranın qarşısının kəsilməsi» üçün heç bir addım atmayacaq. O, şübhəsiz ki, bundan sonra da İranın nüvə dövlətinə çevrilməsinə mane olmaq siyasətini davam etdirəcək. Tehran nüvə proqramının birmənalı olaraq dinc xarakter daşıdığını bildirsə də, ABŞ və müttəfiqləri üçün hədəf İranın nə zamansa nüvə dövlətinə çevrilməsinə imkan verməməkdir.
Gərginlik azalmır
Mahiyyətinə görə sadəcə Tehranın nüvə proqramı problemi deyil, daha geniş anlam kəsb edən «İran məsələsi» böyük Yaxın Şərq geosiyasətinin vacib hissələrindən biri olaraq qalır. Bu mənada, İranın Aİ-nin Vaşinqtonla danışıqlar təşəbbüsünü rədd etməsinin Birləşmiş Ştatların Suriyadakı iranpərəst dəstələrə aviazərbələr endirməsindən sonraya təsadüf etməsi də maraqlıdır. Vaşinqton bu hərbi aksiyanı onun İraqdakı bazalarına hücumların planlaşdırıldığı və həyata keçirildiyi obyektlərin məhvi zərurətilə əsaslandırır. Vaşinqton bu addımı ilə göstərib ki, onun hədəfi yalnız Tehranın nüvə proqramı yox, həm də regionun bir sıra ölkələrində, konkret desək, Suriya, Livan, İran və Yəməndəki iranpərəst «müqavimət qüvvələri»dir. İranın Suriya ərazisində dəstəklədiyi qüvvələrə aviazərbələrin endirilməsi növbəti dəfə göstərib ki, ABŞ «İran məsələsi»nin güc yolu ilə həllinə də hazırdır. Bu, indi olmasa da, hər hansı dövrdə Tehranın nüvə prqramı ilə bağlı problemə də aiddir.
Bunu ən yaxşı anlayanlardan biri isə ABŞ-ın ən yaxın müttəfiqi olan İsraildir. Yəhudi dövlətinin müdafiə naziri Beni Qants artıq «İranın nüvə obyektlərinə zərbə planını yenilədiklərini» bəyan edib. Əvəzində, Tehran nüvə obyektlərinə hücum olacağı təqdirdə, Təl-Əviv və Hayfanın hədəfə alınacağını bildirib. Bütün bu hərbi ritorika region üçün ciddi təhlükələrin mövcudluğunu təsdiqləyir. Başqa sözlə, Tehranın düşmənləri «İran məsələsi»nin «istənilən» yolla həlli imkanlarını hər zaman nəzərdən keçirir.
İran ətrafında daha bir geosiyasi mübarizə meydanı MAQATE-dir. Qurumun İdarə Şurasının Vyanada martın əvvəlində keçirilmiş toplantısında İran və onun atom sahəsindəki fəaliyyətinə dair yeni qətnamənin qəbulundan qaçmaq mümkün olub. Böyük Britaniya, Fransa və Almaniya yeni anti-İran sənədinin qəbulunda son anda bitərəf qalmağa üstünlük veriblər. Çünki qətnamənin qəbulu danışıqlar prosesinin bərpası perspektivinə mənfi təsir göstərə bilərdi. Bundan başqa, Bayden administrasiyasının hələ fəaliyyətə başlamaqda olduğunu nəzərə alsaq, avropalıların gözləmə mövqeyi tutmaları anlaşılandır. İranın xeyrinə işləyən daha bir amil isə Rusiya ilə Çinin mövqeyidir. Onlar bu məsələdə müəyyən mənada Amerikanın qarşısını kəsirlər.
Amma hər şey, ilk növbədə, Vaşinqton və ya Tehranın ilk kompromis addım atmağa hazır olub-olmayacağından asılıdır. Hadisələrin region və qlobal dünyanın maraqlarına zidd ssenari üzrə inkişaf etməməsi üçün bu addımın atılması vacibdir.
MƏSLƏHƏT GÖR: