Müəllif: Kənan RÖVŞƏNOĞLU
Aralıq dənizinin şərq hissəsində ərazi suları mövzusunda ölkələr arasında bir neçə ildir davam edən mübahisəli proses yeni mərhələyə qədəm qoyur. Daha konkret deyilsə, son iki ildə Türkiyənin əleyhinə cərəyan edən proseslərdə gözlənilməz dəyişiklik baş verib: Misir Türkiyə ilə münasibətləri normallaşdırma istiqamətində addım atıb.
Bir qədər əvvəldən başlayaq…
Aralıq dənizinin şərq sahillərində müxtəlif dövrlərdə neft və qaz yataqları kəşf olunub. ABŞ Geoloji Araşdırmalar Mərkəzinin hesablamalarına görə, Aralıq dənizinin Suriya sahillərinə yaxın Levant adı verilən hissəsində 3,5 trilyon kubmetr qaz və 1,7 milyard barel neft ehtiyatı var. Yenə həmin mərkəzin hesablamalarına görə, Nil deltasında (Misir sahilləri) 1,8 milyard barel neft və 6,3 trilyon kubmetr təbii qaz ehtiyatı var.
Bundan başqa “Herodot” adı verilən Krit adası yaxınlığında 3,5 trilyon kubmetr qaz ehtiyatı olan iki yataq mövcuddur. Ümumilikdə isə Şərqi Aralıq dənizində 30 milyard barel neft ehtiyatının olduğu ehtimal edilir.
Yəni göründüyü kimi, bu ərazidə böyük zəngin ehtiyatlar mövcuddur. Ancaq bu ehtiyatın istismarı ciddi maneə ilə üzləşib. Bu isə təbii ki, bölgə ölkələri arasındakı münasibətlərdən qaynaqlanır. Kipr mövzusunda 50 ilə yaxındır davam edən fikir ayrılığı və münaqişə bitmir.
Türkiyə və Yunanıstan arasındakı bu gərginlik Aralıq dənizinin şərqindəki digər ölkələrə də sirayət edib. Yəni ölkələr enerji ehtiyatlarının istismarı və bölünməsi mövzusunda ortaq məxrəcə gələ bilmirlər. Xüsusən də regional siyasi gərginliklər dövlətlər arasında anlaşmanı daha da çətinləşdirir.
Sözügedən dəniz ərazisində isə 9 dövlət var. Bunlar: Liviya, Misir, İsrail (Fələstin), Livan, Suriya, Türkiyə, Yunanıstan və iki Kipr – Cənubi Kipr və Şimali Kipr - dövləti var. Və dəniz ərazilərinin bölünməyən, yaxud da bölünməsi mübahisələrə səbəb olan hissəsi Türkiyə və Yunanıstan, eləcə də Kipr adasının dəniz suları və təsir zonalarıdır.
İki qütb, yoxsa yaxınlaşma kursu?
Aralıq dənizinin şərq hissəsində neft-qaz ehtiyatlarının kəşf olunması dəniz əraziləri üstündə iki dövlət arasında, onsuz da, soyuq olan münasibətləri daha da gərdi və bu dəfə regional cəbhələşməyə çevirdi. Və bu məsələdə yunanlar qabağa düşdü. Cənubi Kipr hökuməti 2003-cü ildə Misir, 2007-ci ildə Livan, 2010-cu ildə isə İsraillə dəniz yurisdiksiyasını müəyyən edən müqavilə imzalayıb. Türkiyə isə Şimali Kiprin mövqeyini nəzərə almayan bu müqavilələri tanımayıb.
Məsələnin daha bir mürəkkəb tərəfi ondan ibarətdir ki, sahil ölkələrinin bir çoxu ilə Türkiyənin münasibətlərində ciddi soyuqluq var. Məsələn, Yunan Kipri ilə İsrail arasında dəniz sərhədlərini müəyyən edən müqavilənin imzalandığı 2010-cu ildə Aralıq dənizi vasitəsilə Qəzzaya yardım aparan “Mavi Mərmərə” gəmisi və onu müşayiət edən bir neçə yardım gəmilərinə İsrail ordusunun hücum etməsi səbəbi ilə iki ölkə arasında münasibətlər kəskin şəkildə pisləşib, səfirlər geri çağırılıb. Yaxud da Suriya ilə münaqişə səbəbi ilə münasibətlər korlanıb.
Nəhayət, 2013-cü ildə Misirdə baş verən hərbi çevrilişdən sonra Türkiyə və Misir arasında münasibətlər kəskin şəkildə pisləşib. Hər iki ölkə qarşılıqlı olaraq səfirləri geri çağırıb, demək olar ki, bütün platformalarda iki ölkənin rəqabəti qeydə alınıb.
Misir isə Türkiyə ilə birlikdə Aralıq dənizinin şərq hissəsində ən çox sahil zolağına sahib ölkə hesab olunur. Məhz Misirlə Türkiyə arasında münasibətlərin soyuqluğundan istifadə edən Yunanıstan İsraildən sonra Misirlə yaxınlaşıb.
Türkiyə isə bütün bunların qarşılığında yalnız 2019-cu il noyabrın 27-də Liviyanın Milli Saziş Hökuməti ilə dəniz sərhədlərinin müəyyən edilməsi və əməkdaşlıq sazişi ilə savab verib. Bu saziş müəyyən mənada Yunanıstan və Misir arasında Aralıq dənizində enerji əməkdaşlığını əngəlləyirdi. Lakin Liviyada ötən il vəziyyətin dəyişməsi, hərbi-siyasi proseslərin ABŞ-ın nəzarəti altına düşməsi və atəşkəsin elanı 27 noyabr sazişini risk altında qoyurdu.
Lakin indi gözlənilmədən, Misirdən Türkiyəyə qarşı müsbət jest edilib. Belə ki, rəsmi Qahirə Aralıq dənizinin şərq hissəsində karbohidrogen fəaliyyətləri üçün etdiyi tenderdə sərhəd xəttini 28-ci meridianın şərqinə qədər müəyyən edib. Bu da Türkiyənin sahil suları elan etdiyi ərazinin cənubunu əhatə edir. Yəni başqa sözlə, Qahirə Yunanıstanın əksinə olaraq, Türkiyənin iddia etdiyi əraziləri nəzərə alıb.
Qahirənin bu jestinə cavab olaraq, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Misir haqqında müsbət mesajlar verərək əlaqələrin bərpa olunması imkanlarından danışıb. Məsələ ondadır ki, hələ ötən il avqustun 6-da Qahirə və Afina arasında Şərqi Aralıq dənizində sərhədlərin müəyyən edilməsi müqaviləsi imzalanarkən Misir tərəfi Afinanın cəhdlərinə baxmayaraq, sərhəd xəttinin Meis adasından başlaması ilə razılaşmayıb. Bununla da, adaların sahil ərazisinə düşməsi ilə bağlı Yunanıstanın planına mane olub. Həmçinin Misir prezidenti bu yaxınlarda deyib ki, Misir dəniz sərhədlərinin müəyyən olunması ilə bağlı Türkiyə ilə danışıqlara başlaya bilər.
İndi isə Qahirənin son addımı Yunanıstanda ciddi narahatlığa səbəb olub. Yunanıstanın baş naziri Kiryakos Miçotakis Misir prezidenti Əbdülfəttah əs-Sisiyə telefonla zəng edib. Martın ikinci həftəsində isə xarici işlər naziri Nikos Dendias Qahirəyə gedərək misirli həmkarı Semih Şükri ilə “iki ölkə arasında enerji əməkdaşlığı və Şərqi Aralıq dənizindəki prosesləri” müzakirə edib. Aydın məsələdir ki, rəsmi Afina bu gedişlərlə Misirlə ötən ilin avqustunda əldə olunmuş razılaşmanı qoruyub saxlamaq və başqa sözlə, Aralıq dənizindəki müttəfiqini itirməməyə çalışır. Yunanıstan buna qismən nail olub. Çünki Yunanıstan XİN başçısının Qahirəyə səfərindən sonra Misir hökuməti xəritədə müəyyən dəyişikliyə gedərək Afinanın istəklərini nəzərə alıb.
Lakin indi bu o qədər də asan olmayacaq. Çünki Misirin özündə hər nə qədər Türkiyə ilə münasibətlərdə soyuqluq olsa da, Ankara ilə dil tapmağa daha çox meyillidir. Bunun isə bir neçə mühüm səbəbi var.
Birinci səbəb, Şərqi Aralıq dənzindəki real vəziyyət və enerji ehtiyatlarının istehsalı ilə bağlı bölgüdür. Misirdə bir çoxları hesab edir ki, Qahirə oxşar anlaşmanı Yunanıstan və Cənubi Kiprlə deyil, Türkiyə ilə imzalasa, ölkə olaraq daha çox qazanclı ola bilər. Yəni sırf iqtisadi-siyasi və dövlət maraqları Misiri Türkiyə ilə yaxınlaşmağa sövq edir.
İkinci səbəb regional siyasi maraqlardır. Türkiyə və Misir regionun iki güclü ölkəsidir və soyuq münasibətlər iki ölkənin maraqlarına zərbə vurur.
Üçüncü amil, Misir və müttəfiqləri olan Səudiyyə Ərəbistanı və BƏƏ-nin Qətərlə barışmasıdır. Qətərlə razılaşma Türkiyə ilə barışığın yolunu açır və Misir bu fürsəti dəyərləndirmək istəyir.
Misirlə Türkiyənin münasibətlərin yaxşılaşmasına mane olan 3 əsas səbəb mövcuddur. Daha doğrusu, bu 3 maneəni aradan qaldırmaq mümkün olsa, Ankara və Qahirə yenidən əvvəlki münaisbətləri bərpa edə bilər.
Bunlardan birincisi, iki ölkə arasında siyasi böhrandır. 2013-cü ildə Misirdə baş verən hərbi çevrilişə ən sərt reaksiya verən ölkə Türkiyə oldu. Türkiyə hakimiyyəti Misirdəki hərbi çevrilişi insanlıq cinayəti adlandıraraq bu hadisəni pisləyib. Ötən müddətdə bu ritorika davam edib. Bu səbəbdən, iki ölkə arasında səfirlər geri çağırılıb.
Misir Ankaranın bu ritorikanı dəyişməsini, həmçinin Türkiyənin beynəlxalq və regional platformalarda Misirə qarşı fəaliyyətini dayandırmasını tələb edir. Bu istiqamətdə iki ölkə arasında müəyyən yumşalma var. Türkiyədə Misir hakimiyyəti haqqında sərt tənqidlər müəyyən qədər yumşalıb. Son iki ildə iki ölkə kəşfiyyat orqanları arasında gizli danışıqlar başlayıb. Həmçinin ötən il İslam Əməkdaşlıq Təşkilatının konfransında Türkiyə və Misir XİN başçıları görüşüb. Türkiyə Misirin NATO toplantılarında iştirakına qoyduğu vetonu götürüb.
Misirin Türkiyədən ikinci tələbi “Müsəlman Qardaşlar” Təşkilatı ilə bağlıdır. 2013-cü il hərbi çevrilişindən sonra MQ aktiv üzvlərinin bir qismi Misirdən qaçaraq qonşu ölkələrə, o cümlədən Türkiyəyə yerləşib. Qahirə onların Türkiyə ərazisində Misir əleyhinə fəaliyyətinə məhdudiyyət qoyulmasını tələb edir. Misir kəşfiyyatının Türkiyə kəşfiyyatı ilə müzakirələrinin əsas mövzusu məhz mühacir MQ üzvləridir.
Türkiyə və Misirin “arasına girən” üçüncü səbəb isə Liviyadır. Daha dəqiqi hər iki ölkənin Liviyadakı maraqları. Liviya Misirlə qonşudur və Misir hakimiyyəti digər ərəb müttəfiqləri (Səudiyyə Ərəbistanı, BƏƏ) ilə birlikdə Liviyanın şərqindəki Tobruk Təmsilçilər Mərkəzi hökumətini dəstəkləyir. Türkiyə isə Tripolidə yerləşən islamçı Milli Saziş Hökumətini müdafiə edir. Liviya mövzusunda iki ölkənin dil tapa bilməsi həm də barışıq üçün səbəb ola bilər.
Görünən odur ki, mövcud regional siyasi şərait indi Misiri Türkiyə ilə yaxınlaşdırır. Yeri gəlmişkən, Yunanıstanın Türkiyə əleyhinə ittifaqa cəlb etməyə çalışdığı İsrail də son aylarda Ankaraya jestlər etməyə başlayıb. Əlbəttə, hər dövlət ilk növbədə öz milli maraqlarını nəzərə alır. Bu mənada İsrail və ya Misir kimi regionun güclü ölkələri Aralıq dənizinin ehtiyatlarının bölüşdürülməsi mövzusuna Yunanıstandan fərqli olaraq ideoloji düşmənçilik kontekstindən deyil, milli və regional maraqlardan yanaşır. Hər kəs anlayır ki, bu cür regional layihədə kəskin cəbhələşmə faydalı ola bilməz, digər tərəfdən dənizdəki enerji ehtiyatlarının bölünməsi mövzusunda Türkiyə kimi regionun güclü dövləti ilə düşmənçilik faydalı ola bilməz. Bu mənada məsələyə iqtisadi və enerji maraqlarından deyil, ideoloji və tarixi rəqabət kontekstindən yanaşaraq siyasət aparan Yunanıstanın bu prosesdə təklənməsi ehtimalı daha çoxdur.
MƏSLƏHƏT GÖR: