23 Noyabr 2024

Şənbə, 05:42

İRƏVANIN REALLIĞI ANLAMASININ VAXTIDIR

Azərbaycan son 30 ildə ilk dəfə Rusiya qazının Ermənistana tranzitinə razılıq verib

Müəllif:

01.04.2021

SOCAR şirkəti kəşfiyyat qazma işlərinin nəticələrinə görə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Şəfəq-Asiman» strukturunda yeni qaz kondensat ehtiyatlarını açıqlayıb.

Aşkar edilmiş ehtiyatlar haqqında ətraflı məlumat hələ olmasa da, bu kəşfin Azərbaycanın qaz sənayesinin gələcək inkişafında mühüm rol oynayacağı və etibarlı qaz ixracatçısı kimi ölkənin mövqeyini möhkəmləndirəcəyi gözlənilir.

“Bu kəşf bizim təsdiq olunmuş karbohidrogen ehtiyatlarımızın artırılmasına dəyərli töhfə verəcək. İnanırıq ki, bu yataq digərləri ilə birlikdə ölkənin daxili ehtiyaclarını təmin edəcək, eyni zamanda ixrac öhdəliklərimizin yerinə yetirilməsinə imkan yaradacaq, həmçinin bölgənin və bütövlükdə dünyanın enerji təhlükəsizliyinin təmin edilməsinə yardımçı olacaq. Cənub Qaz Dəhlizinin (CQD) istismarının hazırkı və sonrakı mərhələlərində qazın «Şəfəq-Asiman» yatağından da nəql edilməsi mümkündür", - deyə SOCAR mütəxəssisləri qeyd edirlər.

 

Uğurlu kəşfiyyat

«Şəfəq-Asiman» strukturunun ehtiyatları 500 milyard kubmetr qaz və 65 milyon ton kondensat səviyyəsində qiymətləndirilir. Bu blokun SOCAR ilə BP arasında bərabər paylarla işlənməsi barədə anlaşma hələ 2010-cu ilin iyul ayında imzalanmış olsa da, blokda SAX01 quyusunun kəşfiyyat qazmasına 2020-ci ilin yanvarında başlanılmışdı. İşlər dənizin 623 m dərinliyində «Caspian Drilling Company»

 tərəfindən Heydər Əliyev adına yarımdalma qazma qurğusundan istifadə edilməklə aparılıb. Kəşfiyyat işinin məqsədi «Fasilya» məhsuldar layının açılması olub və sonucda bu, uğurla başa çatdırılıb. Ən nəhayət, «SAX01» quyusunda aparılan hərtərəfli tədqiqatların nəticələri üzrə 7189 m dərinlikdə ilk qaz-kondensat ehtiyatları aşkar edilib. İndi yataqdakı ehtiyatları dəqiqləşdirmək üçün «SAX01»dan yan şaxələndirmə ilə bir əlavə qiymətləndirmə quyusu qazılacaq.

“Bu gün biz ənənəvi tərəfdaşımız olan BP ilə bir neçə yeni layihə üzərində çalışırıq. Bunlardan biri də “Şəfəq-Asiman” perspektiv qaz strukturudur ki, burada artıq ilk quyunun qazılması müsbət nəticə ilə başa çatıb. Xəzərin Azərbaycan sektorunda, dənizin dərin hissəsində yeni yataqda ilk qaz-kondensat təzahürü bizim təsdiq edilmiş karbohidrogen ehtiyatlarımızın artmasına və nəticə etibarilə ölkəmizin və bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsinə dəyərli töfhə verəcək. Bu uğur münasibəti ilə Azərbaycan xalqını, Azərbaycan neftçilərini, BP və SOCAR şirkətlərini təbrik edirəm”, - deyə Azərbacan Prezidenti bəyan edib.

O vurğulayıb ki, hazırda BP-SOCAR əməkdaşlığı strateji xarakter daşıyır. BP şirkəti Azərbaycanın neft - qaz sənayesində ən böyük xarici sərmayəçidir. 

"Ölkəmizin təsdiq edilmiş təbii qaz ehtiyatları Cənub Qaz Dəhlizi və onun son halqası olan TAP boru kəməri üçün də əlavə resurs mənbəyi ola bilər", - deyə dövlət başçısı vurğulayıb.

Yeni bir yatağın açılması ölkənin 2024-cü ildə qaz hasilatını 50 milyard kubmetrə qədər çatdırılması və bunun ardınca Cənub Qaz Dəhlizinin gücünü ən azı 2 dəfə artırmaq planına tam uyğundur.

Yeri gəlmişkən, SOCAR-ın proqnozlarına görə, yaxın on ildə neft və qaz qiymətləri yüksək olacaq ki, bu da son nəticədə karbohidrogen satışından böyük gəlirlər əldə etmək üçün yataqların kəşfiyyatı və işlənməsinin sürətləndirilməsinin vacibliyini diktə edir.

 

Söz verildi – edildi

Yeni bir yatağın açılması, şübhəsiz ki, Cənub Qaz Dəhlizinin (CQD) "mavi yanacağ"ın Avropaya çatdırılması üzrə ən böyük regional layihənin mövqelərini gücləndirəcək və ömrünü uzadacaq. Bu, o deməkdir ki, Azərbaycan-Britaniya geoloqlarının uğuru CQD tranzit marşrutu ilə əlaqəsi olan bütün ölkələrin iqtisadi rifahına birbaşa təsir edəcək. İlk öncə, bu sırada, əlbəttə ki, bizim ən yaxın qonşularımız və dostlarımız - Türkiyə və Gürcüstan olacaqlar.

Başqa bir qonşumuz - Ermənistan, bəllidir ki, Azərbaycan ərazilərinin bir hissəsinin 30 ilə yaxın işğalda tutması nəticəsində bu cür beynəlxalq layihələrdən kənarda qaldı. Hətta keçənilki Qarabağ müharibəsində təslim olmaq da İrəvana öncə həyata keçirilmiş regional layihələrin bir hissəsi olmaqda kömək etməyəcək. Bununla yanaşı, nə qədər paradoksal səslənsə də, torpaqlarını azad edən Azərbaycan bu təcavüzkar ölkəni də öz işğal siyasətinin ağır yükündən qurtardı. Ermənistanın qarşısında regional təcriddən çıxış üçün real perspektiv açıldı, əlbəttə ki, bunun üçün İrəvan müharibədən sonrakı anlaşmalara sadiq qalmalı və revanşist əhvaldan imtina etməlidir.

Bu gün artıq Azərbaycan, Rusiya və Ermənistan arasında regional kommunikasiyaların blokadadan çıxarılması üzrə danışıqlar aparılır. Yeri gəlmişkən, Azərbaycan son 30 ildə ilk dəfə öz ərazisindən Rusiya qazının Ermənistana tranzitinə, müvəqqəti olsa da, icazə verdi.

Şimali Qafqaz – Cənubi Qafqaz magistral qaz kəmərində təmirə ehtiyac yaranıb. Daha öncəki təmir işləri zamanı Rusiyadan Ermənistandakı istehlakçılara qaz nəqli sadəcə dayandırılmışdı. Bu dəfə isə Rusiyanın «Qazprom Eksport» şirkəti («Qazprom»un törəmə şirkəti) qazın Azərbaycan ərazisindən nəql edilməsini xahiş edib. Ölkə liderləri tərəfindən üçtərəfli bəyanatının imzalanmasından bu yana çox vaxt keçməsə də və Ermənistanın sonrakı addımları ilə bağlı hələ də yetərincə şübhələr olsa da, Azərbaycan qəbul edilmiş anlaşmaların yerinə yetirilməsi ilə bağlı növbəti nümunə göstərərək tranzitə razılaşıb.

Azərbaycan Dövlət Neft Şirkəti ilə «Qazprom Eksport» arasında 16 mart tarixində imzalanmış qısamüddətli sazişə görə, Rusiya şirkətindən qazı alan SOCAR yanacağı qonşu Gürcüstana çatdıracaq, oradan cənuba, yəni Ermənistana ixrac ediləcək.

“Rusiya qazının Ermənistana nəqli Şimali Qafqaz – Cənubi Qafqaz qaz kəmərində planlaşdırılmış profilaktik təmir işləri ilə bağlı müvəqqəti olaraq Azərbaycan ərazisindən keçəcək. İşlər, təxminən, üç həftə çəkə bilər. Onların başa çatmasından sonra qaz Rusiya Federasiyası - Gürcüstan sərhədindən keçən əvvəlki marşrut üzrə nəql ediləcək”, - deyə «Qazprom Eksport» nümayəndəsi bildirib.

Daha sonra təchizatçı bildirib ki, Ermənistana təbii qaz nəqli ilə bağlı saziş öhdəliklərini yerinə yetirmək üçün Azərbaycandan keçən yeni marşrut 2021-ci il martın 18-dən aprelin 15-dək işləyəcək.

Qeyd etmək lazımdır ki, Şimali Qafqaz – Cənubi Qafqaz qaz kəməri 1988-ci ildə istismara verilib və çətin dağlıq -geoloji ərazidən keçir. Qaz kəməri ilə Gürcüstana, daha sonra isə Ermənistana tranzit olaraq qaz nəqli gerçəkləşdirilir. 

Sonuncu dəfə Rusiya qazının Ermənistana nəqli 2021-ci il yanvarın ortalarında, Ermənistan-Gürcüstan sərhədindəki «Qırmızı körpü – Sevkar – Berd» qaz kəmərində təmir işləri aparıldıqda dayandırılmışdı. Onda Abovyan yeraltı qaz anbarının ehtiyatlarının 1-2 gün ərzində istifadə edilməsinə qərar verildi. Bununla belə, yaranmış vəziyyətdə «Qazprom-Armeniya» şirkəti sakinləri qazı qənaət rejimində istehlak etməyə çağırdı.

İstehlakçıların fikrincə, Ermənistanda ay yarım ərzində daxili bazarın tələbatını ödəməyə imkan verən qaz ehtiyatları var, lakin anbardan qaz ehtiyatlarının yarısının istehlak edilməsi ölkənin enerji təhlükəsizliyi üçün risk yarada bilər.

«Qazprom-Armeniya» şirkətində, həmçinin düşünürlər ki, Abovyan yeraltı qaz anbarının ehtiyatlarının Şimali Qafqaz – Cənubi Qafqaz qaz kəmərinin təmiri zamanı istifadəsi məqsədəuyğun deyil. Qeyd edirlər ki, "o ehtiyatlar strateji xarakter daşıyır, "mavi yanacağın" alınması və satışında, habelə qəza və digər fövqəladə hadisələr zamanı gündəlik və mövsümi pozuntuları tənzimləmək üçün istifadə olunur və belə həcmlərdə çatışmazlığı ödəmək üçün nəzərdə tutulmayıblar".

 

Düşünmək şansı

Azərbaycan ərazisindən Rusiya qazının tranzit həcmləri barədə məlumat yoxdur, lakin aydınlıq gətirmək üçün xatırlayaq ki, bu ilin yanvar ayında «Qazprom Eksport» Ermənistana 310 milyon kubmetr qaz nəql edib. Bundan əlavə, Rusiya qazının Azərbaycan ərazisindən nəqli, bu cür əməliyyatlar üçün nəzərdə tutulduğu kimi, uyğun tranzit haqqı ilə həyata keçiriləcək və bunun miqdarı kommersiya sirri kimi saxlanır. 

Ticari tərəfinə baxmayaraq, Azərbaycanın öz ərazisindən Rusiya qazının keçməsinə razılıq verməsi həm də müəyyən bir siyasi əhəmiyyətə malikdir və rəsmi Bakının regionda kommunikasiyaları açmağa hazır olduğunu nümayiş etdirir.

"Azərbaycanın istər Rusiyadan, istərsə də başqa bir ölkədən Ermənistana sabit qaz nəqlini təmin etməyə kömək etməsi faktı Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra nə qədər müsbət və insani davranış göstərdiyinin daha bir göstəricisidir", - deyə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib.

O vurğulayıb ki, bu addım Azərbaycanın Ermənistana qonşuları ilə reinteqrasiyada, bununla da, iqtisadi əməkdaşlıq və iqtisadi artım yolu ilə müharibə yaralarını sağaltmaqda kömək etməyə çalışmasının başqa bir əlamətidir. 

“Ermənistanın bu fürsətdən istifadə etməsi çox müdriklik olardı. Təəssüf ki, siyasi böhran Ermənistanda elə bir psixoloji sarsıntı yaradıb ki, ölkə rəhbərliyi və hətta adi vətəndaşlar belə çox vaxt onlar üçün hansı gözəl imkanların açıldığını başa düşə bilmirlər. Belə fürsət, əlbəttə ki, 10 noyabr anlaşmasıdır və onda bildirilir ki, regionda bütün nəqliyyat kommunikasiyaları açılacaq. İndi Ermənistana da fayda verə biləcək infrastruktur layihələri baxımından çox sayda imkanlar mövcuddur. Ümid edirəm ki, Ermənistan bu imkanlardan istifadə edəcək”,- deyə M.Brayza bildirib.

Ermənistanın ortaya çıxan şanslardan istifadə edib-etməyəcəyi barədə öncədən qərar vermək çətindir. İrəvanda revanş haqqında qışqıran siyasətçilər normal həyata qayıtmaq perspektivlərini görmək istəmirlər. Bununla yanaşı, gec-tez sadə bir həqiqəti dərk etmək lazım gələcək: öz iqtisadi uğursuzluqları ilə bağlı hər kəsə və hər şeyə qarşı əsassız ittihamlardansa, qonşularla sülh və regional əməkdaşlıq bütövlükdə ölkəyə dividend gətirəcək, onun müstəqilliyini və çiçəklənməsini güləndirəcək.



MƏSLƏHƏT GÖR:

210