Müəllif: Xəzər AXUNDOV
Azərbaycan iqtisadiyyatının karantindən sonrakı bərpasının ən önəmli istiqamətlərindən biri, şübhəsiz ki, kiçik sahibkarlığın fəaliyyətinə dəstək olacaq – aqrar sektorda, ticarətdə, xidmət, iaşə və turizm sektorlarında, həmçinin digər seqmentlərdə əmək qabiliyyətli əhalinin, təxminən, 40%-i işləyir. Pandemiya böhranını yaşamış kiçik biznes subyektlərinin, hər şeydən öncə, fəaliyyətlərini bərpa etmək üçün dəstək və dövriyyə vəsaitlərinə ehtiyac duyurlar. Bu tələbi dövlət fondları ilə birlikdə mikromaliyyə təşkilatlarının təmin etməsi düşünülür ki, bu baxımdan 2021-ci ildə bu təşkilatlar kiçik kreditlərə çıxış imkanlarını ucuzlaşdıraraq maliyyələşdirmə həcmini artırmalıdırlar.
Problemlər «əvvəl və sonra»
Son illərdə Azərbaycanda dinamik inkişaf edən mikrokredit sektoru kiçik sahibkarlığın maliyyələşdirilməsi üçün ən təsirli alətlərdən birinə çevrilə bilib. Bu prosesin əsası 90-cı illərin ortalarında qaçqınlara və məcburi köçkünlərə beynəlxalq və hökumət donor yardımları çərçivəsində qoyulub. Daha sonra əsasən əkinçilik bölgələrində bank olmayan kredit təşkilatları (BOKT) və kredit ittifaqları fəaliyyətlərinin əhatə dairəsini tədricən genişləndirərək bir sıra yeni istiqamətlərə çıxdılar. Yüksək rentabellilik, təşkilati çeviklik və yarım milyondan çox müştəri bazasını əhatə etməsi 20 il ərzində 4 milyard manatdan çox mikrokredit verməyə imkan yaradıb.
Bu müsbət trend 2014-2017-ci illərdə baş vermiş qlobal enerji böhranının mənfi təsiri nəticəsində qəflətən kəsildi. Azərbaycanda manatın məzənnəsinin kəskin enişi və iqtisadi inkişafdakı müəyyən ləngimə üç ildən bir az artıq müddətdə daxili mikromaliyyə bazarını çökdürüb, kreditləşmə həcmini, təxminən, 10 dəfəyə qədər aşağı saldı. Mikrokredit təşkilatlarının mövqeyini sarsıdan əsas səbəblərdən biri də milli valyutanın devalvasiyası ilə bağlı idi və bu, borcların kütləvi şəkildə qaytarılmamasına səbəb oldu. Ölkədə fəaliyyət göstərən BOKT-ların önəmli hissəsi ixtisaslaşmış xarici şirkətlərin filialları ilə təmsil olunurdu, qalan yerli strukturlar isə yalnız xarici valyutada kredit xətləri təqdim edən beynəlxalq donorlardan borc götürürdülər. Uyğun olaraq, müştərilərə manatla verilən borclar, istənilən halda, dolların məzənnəsinə bağlanmışdı ki, bu da həm borc verənlər, həm də borc alanlar üçün riskləri çox artırdı.
Əlverişsiz valyuta məzənnəsi bu gün də kiçik sahibkarlıq subyektlərinə mikrokredit verilməsində xarici donorların vəsaitlərindən yararlanmağı cəlbedici etmir. Üstəlik, BOKT müştərilərinin əsas hissəsi əsasən Azərbaycanın aqrar bölgələrində fəaliyyət göstərən, öz xidmətlərini və məhsullarını yalnız daxili bazarda manata satan ailə fermer təsərrüfatları, kiçik ticarət biznesi, kiçik emalatxanalar və xidmət obyektləri, kiçik tikinti sektorudur. Vəziyyət həm də ona görə daha da ağırlaşır ki, BOKT-lar banklardan fərqli olaraq əmanət cəlb etmək hüququna malik deyillər, uyğun olaraq aşağı faizli manat mənbələrindən istifadələri də məhdudlaşdırılıb.
Başqa bir problem onunla bağlıdır ki, kiçik biznes subyektləri ənənəvi olaraq dövriyyə vəsaitləri üçün nisbətən qısa müddətə borc alırdılar və mikrokreditlər girov təminatı olmadan verilirdi. Bu, xüsusilə böhranlar zamanı mikromaliyyə strukturlarının fəaliyyətindəki riskləri önəmli dərəcədə artırır – istər
2014-cü ilin enerji sektoru böhranı, istərsə də koronavirus pandemiyasının səbəb olduğu bugünkü iflas olsun.
Sistem problemləri
Yuxarıda sadalanan amillər cəmlənərək mikrokredit sektorunun inkişafını xeyli ləngidir. Nəticədə, böhrandan əvvəlki dövrdə (2015-ci ilə qədər) 150-dən çox qurumu olan Azərbaycan mikromaliyyə bazarında qurum sayı 2020-ci ilin sonunda 91-ə düşdü, bu saya 42 kredit ittifaqı da daxildir ki, (onların bəzilərinin fəaliyyəti dondurulub) .
Bu seqmentdə həmçinin əməliyyat fəaliyyəti və müştəri bazası da azalıb. Belə ki, 2015-ci ilin əvvəlində mikromaliyyə təşkilatlarının müştəri sayı 600 min nəfəri keçmişdi və verilən kreditlərin miqdarı 800 milyon manata çatırdı. Sonrakı illərdə bu göstəricilər dəfələrlə azaldı və yalnız 2018-2019-cu illərdə artıma doğru kiçik bir düzəliş oldu.
Ancaq çətin "pandemiya"lı 2020-ci il çoxsaylı qapanma və karantin məhdudiyyətləri ilə on minlərlə kiçik müəssisənin fəaliyyətini donduraraq, ili bu seqmentdəki mənfi meyilləri yenidən gücləndirdi. Azərbaycan Mərkəzi Bankına (AMB) məlumatına görə, 1 yanvar 2021-ci il tarixinə BOKT-ların portfeli bir il ərzində 2% azalaraq 263,4 milyon manat təşkil edib, kredit ittifaqları isə 2020-ci ili 10,7 faizlik portfel itkiləri ilə başa vuraraq 13,3 milyon manat səviyyəsinə eniblər. AMB bildirir ki, keçən il BOKT-ların xalis mənfəəti, təxminən, üçdə bir azalaraq, 9,9 milyon manat təşkil edib. BOKT-ların məcmu aktivlərində də 7,7% azalma qeydə alınıb, həmçinin mikrokredit təşkilatlarının öhdəliklərində, kapitallaşmasında və digər parametrlərində də azalma qeydə alınıb.
Bununla yanaşı, Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) məlumatına görə, 2020-ci ildə BOKT-ların toplam nizamnamə kapitalı 113,8 manatdan 120,3 milyon manata qədər artıb ki, bu da bu sahədəki biznesə marağın qorunmasını və bank olmayan kredit qurumlarının potensialını göstərir.
Bütünlükdə, mikrokredit sektorunda sistem problemləri, ilk növbədə, milli valyutada güzəştli kredit xətlərinin cəlb edilməsində çətinliklər qalmaqdadır. Bundan başqa, BOKT-ların fəaliyyəti hələ də davam edən pandemiya şəraitində spesifik risklərlə qarşılaşır.
AMFA İdarə Heyətinin sədri Cəlal Əliyev mikromaliyyə bazarındakı son vəziyyəti şərh edərkən xüsusi bildirib ki, yerli BOKT-lar üçün beynəlxalq maliyyə institutlarından (BMİ) maliyyələşmə azalıb.
“Maliyyənin azalmasının səbəblərindən biri bəzi beynəlxalq fondların öz strateji planlarında regional fəaliyyət meyarlarını dəyişdirməsidir. Başqa səbəb - məzənnə riskləridir ki, xarici valyutada vəsait cəlb edən zaman məzənnə arta bilər”, - deyə C.Əliyev bildirib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadənin sözlərinə görə, bu gün kiçik və mikrobiznes güzəştli maliyyəyə, hər şeydən öncə, girovsuz resurslara çıxışla bağlı müəyyən çətinliklərlə üzləşir.
“Hazırda İqtisadiyyat Nazirliyinin təklifləri əsasında hökumət iri biznes üçün 500 milyon manatdan yuxarı məbləğdə yeni kreditlər üzrə 60% zəmanət təminatını öhdəsinə götürür. Gələcəkdə bənzər yanaşmanın kiçik və mikro biznes kreditləri üçün də tətbiq edilməsi zəruridir. Yəni girovun 60-70%-i Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təmin edilməlidir”, - deyə M. Abbaszadə bildirib.
Bir sıra ekspertlərin fikrincə, belə bir mexanizmin qəbulu mikromaliyyə təşkilatlarına və onların müştərilərinə milli valyutada aşağı faizli resurslara çıxış imkanı yaradacaq və beynəlxalq donor köməyinə olan tələbatı önəmli dərəcədə azaldacaq.
Bu il üçün planlar
Bununla yanaşı, AMFA-ya daxil olan qurumlar 2021-ci ildə bölgələrdəki kiçik sahibkarlıq subyektlərinə maliyyə dəstəyini artırmağı, mikromaliyyə bazarının inkişafını genişləndirməyi və bir sıra yeni xidmətlər yaratmağı planlaşdırır. AMFA-nın 2021-ci ildəki əsas fəaliyyət istiqamətləri sırasına qadın sahibkarlığının stimullaşdırılması və həm BOKT-ların öz vəsaitləri hesabına, həm də digər imkanları cəlb etməklə bu sahibkarlığı kreditləşdirmənin artması daxildir. Sonuncu həddindən vacibdir, çünki bu gün ölkənin bölgələrindəki mikrokredit təşkilatlarının müştərilərinin, təxminən, 64%-i qadın sahibkarlardır. Biznes qadınları üçün mikro kreditlər çıxış imkanı Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Azərbaycanın bölgələrində dayanıqlı mikro müəssisələrin inkişafının sürətləndirilməsi” layihəsi ilə təmin olunur. Bu günə qədər layihə çərçivəsində 113 benefisiar tərəfindən 277,8 min manat məbləğində sərmayə kapitalı verilib və bu məbləğ ilin sonuna qədər önəmli dərəcədə artacaq.
Mikrokreditlərə çıxışın genişləndirilməsinə bu il hökumətin Asiya İnkişaf Bankı (AİB) ilə birlikdə həyata keçirdiyi başqa bir layihə imkan verəcək: o, mikro sahibkarlara orta hesabla, təxminən, 2-5 min manat, girovsuz kredit verilməsini təmin edir. Bu təşəbbüs üçün vəsait AİB tərəfindən təmin ediləcək və sahibkarların girov üzrə zəmanətlərini Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu öz öhdəsinə götürəcək.
Öz növbəsində, bu gün aqrar sektorda dövlət başçısının kənd təsərrüfatı sektorunun maliyyələşdirilməsinin stimullaşdırılması haqqında fərmanına uyğun olaraq girovsuz mikrokreditlərin verilməsinin genişləndirilməsi üzrə mexanizm formalaşdırılır. Şübhəsiz ki, burada "lokomotiv" rolunu bu sahədə böyük təcrübəsi olan mikromaliyyə təşkilatları oynaya bilər. Bununla bağlı, bir il əvvəl AMFA və Dünya Bankı Qrupunun daxil olan Beynəlxalq Maliyyə Korporasiyası arasında AMFA üzvlərinin aqrar risklərin qiymətləndirilməsi üzrə CLARA (Cash-flow linked Agriculture Risk Assessment tool) alətlərinə çıxış imkanı yaradan saziş bağlanıb. Bu ekspert sistemi təsərrüfatın proqnozlaşdırılan pul axınının dəqiq modelləşdirilməsi hesabına kənd təsərrüfatı borcalanlarının kreditləşdirmə risklərini qiymətləndirməyə imkan verir və bununla da, fermerlərin daha sadələşdirilmiş qaydada maliyyələşməsini təmin edir.
BOKT-ların güzəştli kredit xətlərinə çıxışı, əlbəttə ki, yetərincə önəmlidir. Bununla belə, pandemiyadan sonrakı dirçəlmə şəraitində, bu sahədə institusional və qanunvericilik mexanizmlərinin modernləşdirilməsi, kreditor-borcalan münasibətlərində risk həddinin azaldılması da eyni dərəcədə vacibdir. Bu baxımdan, AMFA mikro və kiçik sahibkarlar üçün maliyyə inklüzivliyinin, maliyyə savadlılığının artırılması üzrə, o cümlədən «Qadın sahibkarların dayanıqlı inkişafı» layihəsi çərçivəsində də bir sıra layihələr həyata keçirir. Mikromaliyyə sahəsində rəqəmsallaşma prosesləri sürətlə inkişaf edir ki, pandemiya şəraitində bölgələrdə yaşayan borcalanlar üçün xüsusi önəm kəsb edir, onların maliyyə xidmətlərinə məhdudiyyətsiz onlayn çıxışını asanlaşdırır. Mərkəzi Bankla, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə də özünüməşğulluq sahəsində xidmətlərə çıxışın asanlaşdırılması üzrə ortaq işlər aparılır.
Nəhayət, bütün bu tədbirlərin kiçik və orta biznes sektorunun canlandırmasına kömək edəcəyi, uyğun olaraq, kiçik biznesin BOKT-lardan borc götürməyə marağının artacağı gözlənilir.
MƏSLƏHƏT GÖR: