23 Noyabr 2024

Şənbə, 05:41

ÖZ PULUMUZLA

Getdikcə daha çox ölkə Azərbaycana ikitərəfli ticarəti milli valyutaya keçirməyi təklif edir

Müəllif:

15.04.2021

Xarici ticarət əməliyyatlarında qarşılıqlı hesablaşmaların milli valyutalarda aparılması mövzusu artıq neçə ildir ki, dövlətlərarası danışıqların gündəmindədir. Ayrı-ayrı ölkələrin və hətta ölkə qruplarının öz iqtisadiyyatlarının dollardan asılılığını azaltmağa cəhd etməsi və malların idxal-ixracı zamanı ödənişi öz valyutalarında gerçəkləşdirməklə bağlı anlaşması üzrə ilk uğurlu və ya o qədər də yaxşı olmayan nümunələr var.

Azərbaycan hökumətinə də bu cür təkliflər həm müxtəlif iqtisadi birliklər çərçivəsində, həm də böyük ticarət tərəfdaşları tərəfindən ikitərəfli səviyyədə dəfələrlə verilib. Bu yaxınlarda bu məsələ daha bir dəfə Bakıda Türkiyənin ticarət naziri Ruhsar Pekcanın Azərbaycan hökumətinin iqtisadi blok nazirləri ilə görüşündə qaldırılıb.

 

Cəlbedici təklif

"Bakı və Ankara “Sərbəst ticarət haqqında» və ticarətin liberallaşdırılması, o cümlədən hesablaşmaların milli valyutada həyata keçirilməsi barədə bir müqavilə imzalamağa çalışmalıdırlar",- deyə türkiyəli nazir bildirib. “Biz malların siyahısı haqqında deyil, ticarətimizin liberallaşdırılması barədə danışmalıyıq. İki ölkə prezidentləri tərəfindən qarşılıqlı ticarət dövriyyəsini ildə 15 milyard dollara çatdırmaqla bağlı qarşımıza qoyulmuş öhdəliyi gerçəkləşdirmək üçün ticarətdəki qarşılıqlı maneələri aradan qaldırmalı və ticarət əməliyyatları üzrə yerli valyutada ödənişlərə daha çox diqqət yetirməliyik”,- deyə Pekcan vurğulayıb.

Burada qeyd etmək lazımdır ki, keçən il Azərbaycan ilə Türkiyə arasındakı ticarət dövriyyəsinin həcmi, həqiqətən, 8% azalaraq 4,2 milyard dollara düşüb. Ancaq Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun da bildirdiyi kimi, bu, pandemiya ilə bağlı olub. İki ölkə arasında keçən il imzalanmış "Güzəştli ticarət haqqında" anlaşma 1 mart 2021-ci il tarixindən qüvvəyə minib ki, bu, Türkiyə ilə Azərbaycan arasında malların qarşılıqlı göndərilməsi üzrə sıfır gömrük rüsumunun tətbiq edilməsini nəzərdə tutur. Buna görə də bu ilin sonuna qədər müsbət trendə çıxmağa ümid var. Yadda saxlamaq lazımdır ki, hökumətlər qarşılıqlı ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq üzrə öhdəlik müəyyən ediblər. Bu olduqca iddialı bir hədəfdir və buna çatmaq üçün əlavə mexanizmlərə ehtiyac var.  

Türkiyə tərəfi sərbəst ticarət müqaviləsi imzalamağı təklif edir, çünki "Azərbaycanla güzəştli ticarət müqaviləsinə düşən malların siyahısı o qədər məhduddur ki, bu, iki ölkə arasındakı münasibətlərə uyğun gəlmir". Həm də hesablaşmalarda lirə və manata keçmək təklif olunur.

Bəs, gerçəkdənmi, xarici ticarət dövriyyəsinin artması üçün milli valyutaların dollara çevrilməsi vacibliyinin aradan qaldırılması faydalıdır, bunun bütünlükdə iqtisadiyyat üçün riskləri varmı?

 

Presedent var

İqtisadçılar qeyd edirlər ki, ölkələrin xarici ticarət hesablaşmalarında milli valyutalardan daha fəal istifadə etmək istəyi son illərdə aparıcı dünya valyutaları ilə bağlı risklərin artması əsasında yaranıb. Beləliklə, hökumətlər kəskinləşən qlobal geosiyasi vəziyyət şərtlərində beynəlxalq valyuta - maliyyə bazarının konyunkturundan asılılıq dərəcələrini azaltmağa ümid edirlər.

Məsələn, mart ayının sonunda Rusiya xarici işlər naziri Sergey Lavrov Çin KİV-lərinə verdiyi müsahibədə bildirib ki, ABŞ tərəfindən sanksiya risklərini milli valyutalarda və ya dollara alternativ valyutalarda hesablaşmalara keçərək, yaxud Qərbin nəzarət etdiyi ödəniş sistemlərinin istifadəsindən qaçınaraq azaltmaq lazımdır.  

Ümumiyyətlə, bu gün Rusiya və Çin ticarət hesablaşmalarında milli valyutaların istifadəsi üzrə, demək olar ki, lokomotiv rolunu oynayır. Bu ölkələrin rəhbərləri, hələ 7-8 il əvvəl həm dövlət, həm də biznes müqavilələri çərçivəsində ödənişlərdə milli valyutaların payının artırılması barədə bir qərar verdiklərini elan etmişdilər. Bundan əlavə, BRİKS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) 2011-2012-ci illərdə xarici ticarət əməliyyatlarında öz milli valyutalarının qarşılıqlı istifadəsi ilə bağlı bir sıra müqavilələr imzalamışdılar. Bu müqavilələr əsasında 2019-cu ildə Rusiyanın BRİKS ölkələri ilə ABŞ valyutasında hesablaşmaları 30% azalıb.

Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanı əhatə edən Avrasiya İqtisadi İttifaqının (Aİİ) ikitərəfli ticarət-iqtisadi münasibətlərində də oxşar şəkildə milli valyutalara keçid nəzərdə tutulur. “Məsələn, Aİİ çərçivəsində milli valyutada hesablaşmalar 74%-ə qədər artıb. Çin və Türkiyə ilə milli valyuta ticarətimizi də planlı şəkildə qururuq”, - deyə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.

Həmçinin qeyd edək ki, hələ 4 oktyabr 2019-cu il tarixində Rusiya Federasiyası və Türkiyə hökumətləri arasında hesablaşmalar və ödəmələr barədə saziş imzalanıb və bu, banklararası əməkdaşlığın genişləndirilməsinə və möhkəmləndirilməsinə, həmçinin hər iki ölkənin təsərrüfat subyektləri arasında fasiləsiz hesablaşmaların təmin edilməsinə yönəlib.  

Rusiya son illərdə Azərbaycan hökumətinə də dəfələrlə bu cür ticarət əlaqələri sxemini təklif edib. “Qarşılıqlı ticarətdə milli valyutalardan istifadə perspektivlərinə gəldikdə isə, bunun üçün lazım olan bütün imkanların olduğunu deməliyəm. Bu gün bu cür hesablamaları aparmaq üçün bütün institusional mühit yaradılıb”, - deyə daha öncə Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Azər Talıbov bildirib.

Bildirmək gərəkdir ki, bəzi mal qrupları üzrə bu cür hesablamalar artıq aparılır, lakin ümumi ticarət dövriyyəsində onların payı həddindən azdır.

 

Başlıca maneələr

Bununla yanaşı, əksər analitiklər dünya iqtisadiyyatının dollardan asılılığının hələ də çox yüksək olması fikrində yekdildirlər. Ticarət və maliyyə hesablaşmalarının böyük hissəsi hələ də ABŞ valyutası ilə aparılır, bütün ixrac və xammal iqtisadiyyatları isə dollar və dollar ödənişlərinə güclü şəkildə bağlıdır. Buna görə, milli valyutalarda qarşılıqlı hesablaşmaların payının Amerika valyutasının hakim mövqesi üçün təhlükəli bir səviyyəyə yüksələcəyini söyləmək hələ tezdir.

Ekspertlər milli valyutaların rolunun gücləndirilməsinin önündəki əsas maneələr sırasında valyuta risklərini, mövcud bazar mühitini və milli valyutaların istifadəsi üçün stimulların olmamasını sadalayırlar. Məsələ bundadır ki, milli valyutanın cəlbedicilik dərəcəsi, böyük ölçüdə milli maliyyə bazarının inkişaf səviyyəsindən və sözün geniş mənasında isə qeyri-rezidentlərin - xarici iqtisadi fəaliyyət iştirakçılarının normal fasiləsiz işini təmin edən müvafiq infrastrukturdan asılıdır. Valyutaların devalvasiya riskləri nəzərə alınarkən çox nüanslar yaranır.

“Ölkələr arasında qarşılıqlı hesablaşma sistemi uzun illər ərzində inkişaf edib. Buna görə də onu dəyişdirmək və milli valyutalara keçmək üçün biz müəyyən iqtisadi stimullar yaratmalıyıq ki, bu prosesi sürətləndirsin. Bunun üçün müfəssəl layihə işlənməli və əlbəttə ki, vaxt lazımdır”, - deyə ekspertlər bildirirlər.

Milli valyutalardan istifadə edərək xarici ticarət fəaliyyətini stimullaşdırmaq üçün dünyanın müxtəlif ölkələri yerli ixracatçılara dövlət dəstəyi verir, onlara zəmanət və milli valyutada nisbətən ucuz kreditlər təqdim edirlər.

Əslində, qlobal hesablaşmaların və ödənişlərin 40% -i SWIFT sistemi vasitəsilə dollarla həyata keçirilir. Əgər daha az tanınmış valyutada hesablaşma gedərsə, xərc arta bilər ki, bu, ticarət tərəfləri üçün heç sərfəli deyil. Yəni bu gün oyun qaydaları elədir ki, iqtisadiyyatına zərər vermədən dollardan imtina etmək istəyən ölkələrin heç biri uğur qazanmır.

Bununla yanaşı, onlar artıq iqtisadiyyatın və dövlətlərarası ticarətin dollarlaşmadan çıxarılması ilə bağlı bütün maneələri dəf etmək üçün daha təsirli addımlar atırlar. Və bunlar... rəqəmsal valyutaların yaradılmasından ibarətdir.

 

Rəqəmsal keçid

Ekspertlərin fikrincə, rəqəmsal valyutaların inkişafı ilə müxtəlif ölkələrin mərkəzi banklarının SWIFT sisteminə ehtiyacı xeyli azala bilər. CBDC (Central Bank Digital Currency - mərkəzi bankın rəqəmsal valyutası) infrastrukturu rəqəmsal valyutanı bütün sutkalıq rejimdə kommersiya bankları üçün əlçatar edəcək və köçürmələrin, xüsusilə transsərhəd köçürmələrin dəyəri önəmli dərəcədə aşağı düşəcək.

Beynəlxalq Hesablaşmalar Bankının verdiyi məlumata görə, hazırda 50-dən çox mərkəzi bank milli rəqəmsal valyuta üzərində işləyir və onların birbaşa inteqrasiya məsələsi 5-7 il ərzində həll ediləcək. Bu gün ən tanınmış ticari CBDC layihələri Yaponiya, Kanada, avrozona mərkəzi bankları ilə yanaşı Sinqapur və Hong Konq maliyyə qurumları tərəfindən həyata keçirilir. Çin artıq rəqəmsal yuan əsasında ödəmə sisteminin genişmiqyaslı sınaqlarına başlayıb. Avropa Mərkəzi Bankı isə rəqəmsal avronun əslində nağd pul kimi mərkəzləşdirilməmiş və anonim bir şəkildə bazarda sirkulyasiyasına imkan verən bir mexanizm üzərində işləyir.

Rusiya Mərkəzi Bankı da yaxın gələcəkdə rəqəmsal rubl konsepsiyasını ictimaiyyətə təqdim etməyi planlaşdırır - iyun ayında ictimai müzakirələr keçiriləcək və dekabr ayında prototip hazırlanacaq.

Türkiyədə "rəqəmsal lirə"nin sınaqlarına 2021-ci ilin ikinci yarısında başlamağı planlaşdırırlar. Ekspertlər "rəqəmsal lirənin" dövriyyəyə buraxılmasının ölkənin xarici investorlar qarşısında mövqeyinin yaxşılaşdırılmasına və milli valyuta ilə bağlı əminlik aşılanmasına kömək edəcəyinə inanırlar. Rəqəmsal valyutanın tətbiqi ilə prezident Rəcəb Tayyib Ərdoğan " iqtisadiyyatın institusional sektoru üçün maksimum əlverişli şərait yaratmaq və ölkənin yurisdiksiyasını maliyyə sektoru üçün cəlbedici hala gətirmək" niyyətindədir

Belə rəqəmsal pullar tamamilə qanuni ödəniş vasitəsi olacaq, konvertasiya olunacaq, dövriyyəyə buraxılacaq və emitent ölkədə mübadilə vasitəsi kimi qəbul ediləcək. Uyğun olaraq, onları dövlətlərarası ticarətdə hesablaşma valyutası kimi də maneəsiz istifadə etmək olacaq.

Azərbaycanda "rəqəmsal manat"ın yaradılması hələ ki, KİV-lər və ekspertlər səviyyəsində müzakirə olunur - Mərkəzi Bank tərəfindən bununla bağlı heç bir xüsusi açıqlama verilməyib. Ümumiyyətlə, AMB siyasətində mühafizəkar yanaşmaya riayət etsə də, bazarda mütərəqqi yeniliklərə və onların Azərbaycanda tətbiq olunmasına heç vaxt qarşı çıxmır. Buna görə də, ehtimal etmək olar ki, əgər ölkənin qonşularının və ticarət tərəfdaşlarının rəqəmsal valyutalara əsaslanan hesablaşmalara keçiddən qazancları, həqiqətən, tənzimləyici üçün inandırıcı səviyyədə olarsa, onda “rəqəmsal manat”ın yaradılması üçün heç bir maneə qalmayacaq.  

Hələ ki, bütün bu variantlar, eləcə də milli valyutalara keçid üzrə təkliflər araşdırma və qiymətləndirmə mərhələsindədir. Burada ən başlıcası, yalnız siyasi rəğbət nəzərə alınmaqla qalmamalı, həm də daxili biznes cəmiyyətinin maraqları və bütövlükdə ölkənin iqtisadi inkişafı əsas götürülməklə, qərar verilməlidir.



MƏSLƏHƏT GÖR:

211