Müəllif: Nigar ABBASOVA
OPEK+ iştirakçılarının neft hasilatını ümumilikdə 10 milyon barel/sutka azaldaraq, 2018-ci ilin oktyabr ayı səviyyəsinə endirmək üzrə misilsiz və ağır bir qərar qəbul etməsindən tam bir il ötür. 2020-ci il aprelin 12-də neft istehsalçıları bu anlaşmaya 2022-ci ilin mayına qədər əməl etmək, şərait yarandıqda hasilatı tədricən artırmaq barədə razılığa gəldilər. Dünya iqtisadiyyatı üçün çətin karantin dövrünü hələ ki, bu qərar sayəsində, praktiki olaraq, “qansız” keçirmək mümkün oldu.
Yazın gəlişi ilə neft bazarı yetərincə sabitləşə bildi və OPEK+ iştirakçıları yeni səviyyəyə qalxmaq barədə anlaşdılar və son altı ay üçün ən gözlənilməz qərar - hasilatı avqusta qədər tədricən 2,1 milyon barel artırmaq barədə qərar qəbul etdilər.
Kəskin dönüş
OPEK+-un 1 aprel toplantısı ərəfəsində Qərb KİV-ləri yazırdı ki, iştirakçılar istehsalın aprel səviyyəsinin qorunması haqqında qərar vermək niyyətindədirlər. Səudiyyə Ərəbistanı isə könüllü şəkildə istehsalının 1 milyon barel məhdudlaşdırılması barədə qərarını davam etdirməyə hazırdır.
İclasdan öncə OPEK+-un iştirakçısı olan 23 ölkədən çoxu hasilatın cari səviyyədə saxlanmasının tərəfdarı olduğunu bildirmişdi. Düzdür, bəziləri onu artırmaqdan çəkinmirdilər, bununla belə, çoxluğun qərarına qoşulmağa da hazır idilər. Bununla belə, bütün bu müzakirələr anlaşma liderlərinin - Rusiya və Səudiyyə Ərəbistanının planlarının səsləndirilməsindən əvvəl baş verirdi.
Səudiyyənin neft naziri, şahzadə Əbdüləziz bin Salman və Rusiya baş nazirinin müavini Aleksandr Novak yenidən ehtiyatlı olmağa çağırdılar. “Neft bazarında vəziyyət yaxşılaşır, iqtisadiyyat bərpa olunmağa davam edir, bu da neftə olan tələbə müsbət təsir göstərir. Peyvəndləşdirmə kampaniyası öz nəticələrini verir və nikbinliyə ümid verir, lakin Avropada COVID-19 pandemiyası ilə bağlı vəziyyətin qeyri-müəyyənliyi qalmaqdadır. Belə durumda nəbzi izləməyə davam etməliyik – nə bazarın həddindən artıq dolmasına, nə də böyük kəsirə imkan verməməliyik”, - deyə A.Novak vurğulayıb.
Bu müzakirələrin fonunda OPEK+ ölkələrinin anlaşmanın indiki şərtlərlə uzadılması barədə qərar verməsi yetərincə məntiqli olardı, lakin Səudiyyə şahzadəsi hər kəs üçün gözlənilmədən danışıqlara baxış bucağını dəyişdirməyi, hasilatın endirilməsi barədə yox, artırılması barədə düşünməyi təklif etdi.
Nəticədə, OPEK+ ölkələri may ayında neft hasilatını 350 min barel artırmağa səs verdilər, hasilat iyunda da eyni miqdarda və iyulda 440 min barel artacaq. Bütünlükdə, OPEK+ may-iyul ayları üçün bu ilin yanvarına proqnozlaşdırılan istehsal səviyyəsinə çatmağı planlaşdırır. Səudiyyə Ərəbistanı da istehsalını könüllü olaraq məhdudlaşdırdığı 1 milyon barel neftini bazara qaytaracaq.
"Bu yaxşı bir qərardır. İndi bizi və ya OPEK+-dan olan həmkarlarımızı heç nə narahat etmir. Ancaq bazarda vəziyyət pisləşərsə, hər zaman geri dönə bilərik ”, - deyə Əbdüləziz bin Salman vurğulayıb.
Nazir əmin etməyə tələsib ki, Səudiyyə Ərəbistanının OPEK+ anlaşması üzrə öhdəliyindən əlavə olaraq könüllü olaraq məhdudlaşdırdığı 1 milyon barel bazara hissə-hissə dönəcək. Uyğun olaraq, qiymət dəyişkənliyinə təsiri elə də hiss edilən olmayacaq.
A.Novakın sözlərinə görə, OPEK+ nazirləri verilmiş qərara 28 aprel tarixində keçiriləcək növbəti görüşdə yenidən baxmaq hüququnu özlərində saxlayır.
Bundan başqa, neftə olan tələbatın dinamikası ilə bağlı, o cümlədən OPEK daxil olmaqla, bəzi narahatlıqlar qalmaqdadır. “Bəli, tələbin artımı üzrə proqnoz gerçəkdən 300 min barel azaldılıb. Ancaq bu, yalnız 300 min bareldir, 3 milyon barel deyil. Bu, bizim OPEK katibliyinin nə qədər məntiqli olduğunu göstərir. Onlar, sadəcə, əksər beynəlxalq institutlardan daha mühafizəkardırlar. Onların təqdim etdikləri tələb həcmi önümüzdəki bir neçə ay ərzində bizim yumşalma tövsiyə etməyimiz üçün yetərlidir”, - deyə şahzadə vurğulayıb.
Müsbət proqnoz
Bazar OPEK+-in məhdudiyyətləri azaltmaq qərarını müsbət qiymətləndirib, bu, Brent neftinin qiymətinin 2 dollar/barel artaraq, 65 dollara çatmasında özünü göstərib. Bununla belə, aprel ayının ilk on günü qiymətlər bir qədər azalıb və 63,14 dollar/ barelə enib. ABŞ dollarının möhkəmlənməsi də bazara əlavə təzyiq göstərir, çünki bu, onu başqa valyuta saxlayanlar üçün sərfəsiz edir.
Bütünlükdə, analitiklərin fikrincə, "qara qızıl"ın qiymətləri bu il 50-70 dollar səviyyəsində qorunacaq ki, bu da özlüyündə yaxşı göstəricidir. İnvestorlar Avropa, Braziliya və Hindistanda koronavirus yoluxmalarının artmasından narahatdırlar.
"Hindistan və Braziliya kimi əhalisi sıx ölkələrdə yoluxmalar artan zaman, bu, neftə tələbat üçün daha çox problem yaradır, çünki yoluxmaların yayılmasının cilovlanması üzrə tədbirlər avtomobil yanacağı istehlakını məhdudlaşdırır", - deyə «Rystad Energy» şirkətinin analitiki Luiz Dikson bildirib.
«ABN Amro»nun baş neft analitiki Hans van Klif öz növbəsində sanır ki, "neft qiymətlərinin artırıcı potensialı məhdud görünür", çünki OPEK+ hasilatı qismən bərpa edir. Bununla belə, o qeyd edib ki, "investorlar tunelin sonunda işıq görürlər və buna görə öz uzunmüddətli mövqelərini qoruyurlar".
ABŞ Enerji Nazirliyi proqnozlaşdırır ki, 2021-ci ildə Brent markalı neftin orta qiyməti 62 dollar/barel, 2022-ci ildə isə 60 dollar/barel olacaq.
“Mart ayında Brent markalı neftin orta aylıq qiyməti 2019-cu ilin sonundan bu yana ən yüksək - bir barel üçün 70 dollar olub. Bununla belə, sonradan qiymətlər düşdü və bu, müəyyən qədər COVID-19 hallarının sayının, xüsusilə də Avropada artması üzündən dünya üzrə neftə tələbin artımındakı yavaşlamanı əks etdirdi”, - deyə ABŞ enerji təhlükəsizliyi idarəsi bildirir.
Beynəlxalq Valyuta Fondu (BVF) qiymətləndirmələrində daha təmkinli yanaşıb, ancaq bununla belə, cari il üçün dünya üzrə orta neft qiymətləri proqnozunu 8,5 dollar/barel artıraraq 58,5 dollar/barelə çatdırıb. Yanvar ayında fond bu göstəricini bir barel üçün 50,03 dollar səviyyəsində proqnozlaşdırırdı. Fond hesab edir ki, neftin qiyməti üçün risklər cüzidir, qiymətlər isə özlüyündə neft kəşfiyyatına və hasilatına qoyulan sərmayələrin azalması üzündən artmağa meyillidir. Bunlarn fonunda neft qiymətlərinin azalmasına səbəb olan amillər, yəni tələbin bərpasının gecikməsi və ehtiyatların yüksək səviyyəsi qiymət dinamikasına təsirini itirir.
Bununla yanaşı, unutmaq olmaz ki, neftin qiyməti bir barel üçün 70 dollar səviyyəsində qalarsa, OPEK+-dan kənardakı istehsalçılar, məsələn, ABŞ-dakı istehsalçılar bazara qayıdacaqlar və bu da qiymətlərə yenidən təzyiq göstərəcək.
Bundan başqa, İranın bazara qayıtma ehtimalı da istisna edilməməlidir, çünki İran artıq nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə danışıqlar masasına qayıdıb.
Buna baxmayaraq, qiymətlər üzrə proqnoz müsbətdir və əgər 50-60 dollar səviyyəsində qalacaqsa, bu həm “qara qızıl” istehsalçıları, həm də alıcıları üçün əlverişli olacaq, həm də şist nefti istehsalçılarının əl-qol açmasına imkan verməyəcək.
Azərbaycan nə əldə edəcək?
OPEK+ çərçivəsində yeni anlaşmaya görə, Azərbaycan 2021-ci ilin may-iyul aylarında neft hasilatını 25 min barel/sutka artıracaq. Beləliklə, ölkədə gündəlik neft hasilatının yanvar-aprel aylarında 595 min barel/sutka səviyyəsində saxlanması barədə öhdəliyindən sonra, may ayında gündəlik neft hasilatı 603 min barel/sutka, iyun ayında - 610 min barel/sutka, iyulda - 620 min barel/sutka təşkil edəcək.
“Bizim üçün əsas hədəf neft bazarında ümumi maraqlara cavab verən bir balansa nail olmaqdır. Düşünürəm ki, bu dəfə OPEK+-un qərarı bazarın dinamikasını tarazlaşdırmaq səylərinə töhfə verəcək”, - deyə Azərbaycan Energetika Nazirliyinin rəhbəri Pərviz Şahbazov bildirib.
2020-ci ilin sonuna qədər Azərbaycanda OPEK+ anlaşmasında iştirak da nəzərə alınmaqla neft və kondensat hasilatı 7,8 % azalma göstərərək 34,6 milyon tona qədər düşüb.
Bu zaman, neft hasilatının ümumi həcmində kondensatın payı 12,2% və ya 4,2 milyon ton təşkil edib (artım 7,9% olub), qalan 87,8% və ya 30,4 milyon ton neftə aiddir (azalma 9,6% olub). OPEK+ çərçivəsində yumşalma nəzərə alınarsa, bu il Azərbaycanın neft hasilatı və ixracında cüzi də olsa, artım gözləmək olar. Bu, başlıca olaraq, «Azəri-Çıraq-Günəşli» bloku, eləcə də, SOCAR-ın işlətdiyi yataqlarda yeni quyuların istismara verilməsi hesabına baş verə bilər.
Məlumdur ki, ölkəyə gələn xarici valyutanın 88%-dən çoxu enerji xammalı ixracı sayəsində əldə edilir. Beləliklə, neftin hasilatı və ixracındakı artım neft qiymətlərinin yüksək səviyyəsi ilə birlikdə ölkə iqtisadiyyatına, milli valyutanın sabitliyinə müsbət təsir göstərəcək və Azərbaycanın tədiyyə balansında profisiti təmin edəcək.
“Dünya neft qiymətlərində artım meylinin davam etməsi tədiyyə balansına müsbət təsir göstərir və valyuta bazarında balansı qoruyur. OPEK+ anlaşması və qlobal iqtisadi bərpa kimi gözləntilərin təsiri altında, 2021-ci ilin ötən müddəti ərzində neftin orta qiyməti bir barel üçün 60 dolları, martın əvvəlindən bu yana isə 67 dolları keçib. Aparıcı beyin mərkəzləri son hesabatlarında cari il üçün neft istehlakı və qiymət üzrə proqnozlarını bir qədər artırıblar”, - deyə Mərkəzi Bank vurğulayır.
Bundan başqa, neft qiymətlərindəki artım Azərbaycan Dövlət Neft Fondunun gəlirlərinin artmasına da kömək edir, qurumun cari il üzrə büdcəsində neftin qiyməti bir barel üçün 40 dollardan hesablanıb. Bu baxımdan, beynəlxalq reytinq agentliyi «Moody`s Investors Service» gözləyir ki, neftin bir barelinin qiyməti 45-65 dollar səviyyəsində qalacağı təqdirdə, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri artacaq.
“ARDNF-in xarici valyuta aktivləri və likvid bazarlara sərmayələri 2020-ci ildə pandemiyaya baxmayaraq, böyüməyə davam edib. Ortamüddətli neftin bir barelinin qiymətinin 45-65 dollar olması barədə ehtimallara əsaslanaraq, hökumətə transfertlərdə kəskin artım olmadığı təqdirdə, ARDNF aktivlərinin həcmi yaxın bir neçə il ərzində artmağa davam edəcək”, - deyə agentliyin analitikləri bildirib.
Bütünlükdə, bazardakı mövcud vəziyyət 28 apreldə keçiriləcək OPEK+ nazirlərinin görüşünün heç nəyi dəyişməyəcəyini söyləməyə imkan verir və məhdudiyyətlərə qayıdışı gözləməyə dəyməz. Neft bazarında kartel narahatlığına səbəb olan və vəziyyəti xilas etmək üçün tədbirlər tələb edən amillər yoxdur. Beləliklə, neft çıxaran ölkələr yaxın üç ayda hasilatı müəyyən edilmiş kvotalar çərçivəsində artırmaq üzrə niyyəti təsdiqləyəcəklər, yalnız müəyyən düzəlişlər edilməsi istisna edilmir.
MƏSLƏHƏT GÖR: