25 Noyabr 2024

Bazar ertəsi, 05:37

«SOYUQ MÜHARİBƏ 2.0»

Çin yeni tarixdə ilk dəfədir ki, dünya liderliyini ABŞ-ın əlindən almağa açıq iddia edir

Müəllif:

15.04.2021

Martın sonunda ABŞ ilə Çin arasında yüksək səviyyəli görüş keçirilib. Maraqlıdır ki, bu, ABŞ-da yeni administrasiyanın hakimiyyətə gəlişindən yalnız 2 ay sonra baş verib. Görüşün keçirildiyi yer də ola bilsin, təsadüfən seçilməmişdi və o, dünyanın ən nəhəng iki iqtisadiyyatının münasibətlərindəki reallığı əks etdirirdi. Görüşün ABŞ-ın ən soyuq ştatı olan Alyaskaya aid Ankoric şəhərində keçirilməsini başqa necə izah etmək olar?

Hər halda, danışıqlar da əməkdaşlıq əhvalından çox qarşıdurma atmosferində keçib. Amerikalıların özündən razı tonuna çinlilər elə eyni cür də cavab veriblər: «ABŞ dünyanı deyil, yalnız Birləşmiş Ştatlar hökumətini təmsil edir». Yeni tarixdə bu, ABŞ-ın dünya liderliyinə ilk açıq iddia sayıla bilər.

Əgər Ankoric görüşündə hədəf hər hansı anlaşılmazlığın yaşanmaması üçün tərəflərin strateji fikir ayrılıqlarını, qırmızı xətləri və qarşılıqlı tələbləri müəyyənləşdirməsi idisə, onun uğurlu keçdiyini söyləmək olar. Lakin tərəflərin maraqları və tələbləri bir-birinə o qədər ziddir ki (və bu, görüşdə açıq şəkildə ifadə olunub), hansısa kompromiss və barışıq perspektivi çox dumanlı görünür. Əksinə, görünən odur ki, mövcud fikir ayrılıqları ətrafında mübarizə daha da qızışacaq.

Müxtəlif milli dəyərlər və əsas maraqlardan qaynaqlanan münaqişələr, həmçinin qarşılıqlı inamın olmaması tərəflər arasında iqtisadi, siyasi, texnoloji, hərbi və s. sahələrdə rəqabətə mənfi təsir göstərə, əsas həlledici amilə çevrilə bilər. Hazırkı gərginlik qarşıdurmanın eskalasiyası riskini də daşıyır. Bu vəziyyətdə Şərqi və Cənubi Çin dənizlərində regional silahlı qarşıdurmaları belə, istisna etmək olmaz. Beləliklə, Çinlə ABŞ arasındakı münasibətləri «soyuq müharibə»nin müasir versiyası kimi qiymətləndirmək üçün bütün əsaslar var. ABŞ nümayəndə heyətinin rəhbəri, dövlət katibi Entoni Blinken də görüşdən sonra hazırkı vəziyyəti «XXI əsrin ən nəhəng geosiyasi sınağı» adlandırıb.

 

Fukidid tələsi

2012-ci ildə Çin ABŞ-a «böyük fəvqəldövlətlər arasında yeni münasibətlər forması» konsepsiyasını təklif edib. O, Birləşmiş Ştatlarla Pekinin bir-birinin əsas maraqlarına hörmət etməsini nəzərdə tutur. Çin «əsas maraqlara hörmət» dedikdə, bir-birinin faktiki nüfuz dairəsinə hörmətlə yanaşılmasını nəzərdə tutur. Amerikada isə belə qənaətə gəliblər ki, Pekin bu zaman yalnız Tayvan və Tibetdən danışmır, həm də Cənubi Çin dənizinə də iddia edir. Bu şərti qəbul etməyən Obama administrasiyası o zaman belə formulu rədd etmişdi.

Qrem Allison hesab edir ki, Pekin hələ də həmin formula sadiqdir, amma Baydenin Obamadan fərqli mövqe tutacağını gözləməyə səbəb yoxdur. O, 2017-ci ildə özünün «Mübarizəyə məhkumlar. Amerika ilə Çin Fukidid tələsindən qaça biləcəklərmi?» kitabında istifadə etdiyi «Fukidid tələsi» termininin müəllifidir.

Allison həmin kitabda dünya tarixindəki münaqişələrin səbəblərini tədqiq edib və onların əksəriyyətində Afina ilə Sparta arasındakı 30 illik Peloponnes müharibəsi ilə çoxsaylı bənzərliklər tapıb. Söhbət qədim yunan tarixçisi Fukididin təsvir etdiyi müharibədən gedir. Afinanın yüksəlişi vacib olsa da, müharibənin başlaması üçün bu, kifayət etmirdi. Burada insan emosiyası da öz rolunu oynamışdı. Həmin müharibənin qızışmasının səbəbləri sırasında, bəlkə də, məhz qorxu, qürur və yanlış təsəvvür də var idi.

Allison iddia edir ki, son 500 ildə qüdrətli dövlətlər arasında ən azı 16 oxşar nümunəyə rast gəlinir. Onlardan yalnız 4-ü dinc yolla həll olunub, 12-si isə müharibəyə səbəb olub.

 

Dünyagörüşləri arasında mübahisə

Bu günün reallıqları XX əsrin «soyuq müharibə»si dövrünün reallıqlarına, demək olar ki, bənzəmir. SSRİ-dən fərqli olaraq, Çin bu gün dünyada iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsidir. Ötən il o, COVID-19 pandemiyası vaxtı inkişaf etmiş yeganə nəhəng iqtisadiyyat oldu. Bu gün dünya ÜDM-nin 18%-i məhz Pekinin payına düşür. Bu gün Çinin beynəlxalq ticarətdəki payı 1959-cu ilin Sovet İttifaqı ilə müqayisədə 3 dəfə artıqdır. O, bu yaxınlarda Aİ-nin ən nəhəng ticarət tərəfdaşı kimi, ABŞ-ı da geridə qoyub. Ümumilikdə, Çin dünyanın 64 ölkəsinin əsas ticarət tərəfdaşıdır. ABŞ-da bu rəqəm 38-dir.

Bəzi proqnozlara görə, 2028-ci ildə Çin dünyanın ən nəhəng iqtisadiyyatı statusunu ABŞ-ın əlindən alacaq. Demək, bu, əvvəllər proqnozlaşdırılandan 5 il tez baş verəcək. Səbəb ABŞ iqtisadiyyatını 3,5% geri atmış pandemiyadır – eyni dövrdə Çin iqtisadiyyatı 2,3% inkişaf edib.

Beləliklə, ABŞ-ın keçmiş və indiki rəqibinin iqtisadi imkanları müqayisəolunmazdır. Lakin iki «soyuq müharibə»nin bənzər cəhətləri də var.

ABŞ-ın keçmişdə SSRİ, bu gün isə Çinlə qarşıdurması ideoloji xarakter daşıyır. O zaman da mübarizə dünyagörüşləri arasında gedirdi, bu gün də. Söhbət demokratiya ilə totalitar rejimlərin mübarizəsindən gedir. Lakin alətlər bir-birindən ciddi şəkildə fərqlənir. Onun adı süni intellektdir.

 

Gələcəyin müharibəsi

Süni intellekt texnologiyaları hələ ibtidai dövrünü yaşayır. Amma çox tezliklə o, istər iqtisadi proseslərdə, istərsə də milli təhlükəsizlik məsələlərində əsas amilə çevriləcək. Gələcəyin müharibələrində qalib, şübhəsiz ki, müxtəlif istiqamətlərdə daha inkişaf etmiş süni intellektə malik güclər olacaq.

Artıq bu gün çoxsaylı istiqamətlərdə – üzün tanınmasından, maliyyə texnologiyalarından tutmuş dronlara və 5G-dək – Çin nəinki ABŞ-a çatıb, hətta şəksiz dünya liderinə çerilib. 2001-ci ildə Çin dünyanın 500 ən sürətli superkompüterindən birinə də malik deyildi. 2019-cu ildə artıq onun 219 belə kompüteri var idi. Üstəlik, həmin vaxt ABŞ 116 belə kompüterə malik idi. Bundan başqa, əvvəllər Çinin superkompüterləri Amerika istehsalı olan avadanlıqlarla yığılırdısa, bu gün onlar tamamilə yerli istehsaldır.

Cəmi 6 ay əvvəl dünyanın ən nəhəng 20 internet şirkətinin yalnız 2-si Çinə məxsus idi. Bu gün onların sayı 9-dur.

Süni intellekt sahəsində dünyanın ən öncül 10 startapının 5-i Çinə, 5-i ABŞ-a məxsusdur. Süni intellekt texnologiyaları üzrə açıq patentlərə görə isə Pekin Vaşinqtonu hələ 2015-ci ildə geridə qoyub. Bu gün dünyanın 5 aparıcı kommersiya dronu markasının 3-ü Çinə, yalnız 1-i ABŞ-a məxsusdur.

Üzün tanınması texnologiyasına gəlincə, Çin nəinki dünyanın mütləq lideridir, həm də bu sahədə yeganə tədqiqatçı və istehsalçıdır. ABŞ və qərbli tərəfdaşları bu sahədə araşdırmaları etik baxımdan sürətləndirmirsə, Çin üçün belə mənəvi baryerlər yoxdur.

Və müasir dövrün əsas sualı. Birləşmiş Ştatlarla Çin arasında süni intellekt yarışı ABŞ ilə SSRİ arasındakı nüvə silahı yarışı yolu ilə gedəcəksə, tərəflər qarşılıqlı məhvin başlayacağı qırmızı xəttin qarşısında dayanmağı bacaracaqlarmı?

Rəqiblərin hər birinin əlində atom texnologiyasının olması onlar üçün nüvə savaşına yol verməmək kimi ümumi maraq da yaratmışdı. Çünki son nəticədə onların hər ikisi qurbana çevrilə bilərdi. Nəticədə, hər iki tərəf ehtiyatlı davranırdı və bu, son 7 onillikdə iki fövqəldövlət arasında müharibənin baş verməməsinin, bəlkə də, əsas səbəbi idi.

Bəs, ABŞ ilə Çinin onları yeni reallıqlara uyğunlaşmağa, keçmiş «soyuq müharibə»dən dərs çıxarmağa sövq edəcək ümumi maraq varmı? Süni intellektdə, hələ ki, belə baryerlər müşahidə olunmur. Üstəlik, tərəflərdə belə ümumi marağın axtarılmasına həvəs də hiss edilmir.

İndiki dövrdə ən azı bir məqam sevindiricidir: ABŞ bu yarışda geri qalmağın ciddi təhlükələrə yol açacağını anlayır. Süni intellekt sahəsində Milli Təhlükəsizlik Komissiyası martda dünyada süni intellektin inkişafı və tətbiqilə bağlı 2 il aparılmış araşdırmanın nəticələrini açıqlayıb. 700 səhifəlik hesabatda bildirilir ki, ABŞ süni intellekt dövründə Çindən müdafiəyə və ya onunla rəqabətə yaxşı hazırlaşmayıb. Hesabatın müəllifləri (nəhəng süni intellekt şirkətlərinin rəhbərləri və ekspertləri, həmçinin kibertəhlükəsizlik sahəsində mütəxəssislər) xəbərdarlıq edirlər: ABŞ süni intellekt texnologiyalarının mənimsənilməsi və onlardan istifadə prosesini sürətləndirməzsə, milli təhlükəsizlik və iqtisadi sabitliklə bağlı görünməmiş təhdidlərlə üz-üzə qalacaq.

Komissiyanın üzvləri yaxın zamanlarda Konqres qarşısında çıxış edəcəklər. Onların təkliflərinin hər iki partiya tərəfindən dəstəklənəcəyinə heç bir şübhə yoxdur.

 

Dinc məqsədlərlə əzələ nümayişi

Ankoric danışıqlarındakı qarşıdurma tonu çoxları tərəfindən Amerika-Çin münasibətlərinin daha da pisləşəcəyinin, bu münasibətlərdə müxtəlif böhranların yaranacağının müjdəçisi kimi qəbul edilib. Lakin «Analitik Şura» mərkəzində hesab edirlər ki, Bayden administrasiyası buna fərqli yanaşır.

Bu ilk «toqquşma»nın ardınca, bəlkə də, yeniləri də gələcək. Amma bu, vacibdir. Birincisi, ABŞ-ın müttəfiqlərini demokratiyanı Çinin çağırışlarından qorumaq əzmində olduğuna əmin etmək üçün. İkincisi, Çinə Birləşmiş Ştatlar, müttəfiqləri və tərəfdaşlarının öz maraqlarını qəti şəkildə müdafiə edəcəklərini göstərmək üçün. Bu maraqlar arasında isə yeni texnologiyalar üçün ümumdünya standartlarının müəyyənləşdirilməsi, insan haqlarının və demokratik azadlıqların müdafiəsi, həmçinin qaydalara əsaslanan beynəlxalq münasibətlər sisteminin dəstəklənməsi də var.

Nəhayət, üçüncüsü, Ankoricdə əzələ nümayişi daxili auditoriyaya da hesablanmışdı. Ağ Ev Respublikaçılar Partiyasının Çinə münasibətdə yumşaq mövqe tutulduğuna dair tənqidlərindən qaçmağa çalışır. Senatda demokratlarla respublikaçıların bərabər sayda olduğunu nəzərə alsaq, Co Beydenin manevr imkanlarına ehtiyacı var. Bu, ona iqlim dəyşikliyi, terrorçuluq, səhiyyə və s. kimi qlobal problemlərin həllində ABŞ-Çin əməkdaşlığının dəstəklənməsi üçün lazımdır.



MƏSLƏHƏT GÖR:

262