Müəllif: İrina XALTURİNA
Aprelin əvvəlində Yaxın Şərqin ən sakit, dünyəvi, inkişaf etmiş dövlətlərindən olan İordaniya Haşimilər Krallığından dövlət çevrilişinə cəhd xəbərləri gəlməyə başlamışdı. «The Washington Post» aprelin 3-də keçmiş vəliəhd Həmzə bin Hüseynin həbs olunduğu xəbərini də yayıb. O, milli təhlükəsizliyə və dövlətin sabitliyinə təhdid olan sövdələşməyə getməkdə təqsirləndirilir.
Həmzə ilə yanaşı, 20-dək insan saxlanılıb. Onların arasında müxtəlif tayfalardan olan şeyxlər, hakim ailənin uzaq qohumları, kralın Səudiyyə Ərəbistanındakı sabiq elçisi Şərif Həsən bin Zaid, keçmiş maliyyə naziri Bassem Avadalla və digərləri var. İordaniya baş nazirinin müavini və xarici işlər naziri Ayman əs-Safadi bəyan edib ki, Həmzə bəzi xarici qüvvələrin dəstəy ilə «faktları təhrif etməyə, bununla da həm İordaniya daxilində, həm də xaricdə rəğbət qazanmağa çalışıb».
Qəsd, yoxsa qurama?
Baş verənlər fonunda regionun bir çox dövləti Krallığın hazırkı hakimiyyətinə dəstək ifadə edib – BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt, Oman, İran, Yəmən və s. ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays da «kral Abdullanın Birləşmiş Ştatların əsas tərəfdaşı olduğunu» bəyan edib. Amma əs-Safadinin dediklərinə şübhə ilə yanaşanlar da az deyil: o, hansı «xarici qüvvələr»i nəzərdə tutur? İordaniyada sabitliyin pozulması kiməsə sərf edə bilər ki?
Hazırkı münaqişənin kökləri düz 20 il əvvələ, mərhum kral Hüseyn ibn Talalın 1999-cu ildə ikinci xanımından olan oğlu Abdullanı (II Abdulla) taxt-tacın varisi elan etdiyi, Həmzənin isə vəliəhd olması təklifini irəli sürdüyü vaxtlara gedib çıxır. Oğlu onun bu istəyini yerinə yetirib, lakin artıq 2004-cü ildə qardaşını bu tituldan məhrum edərək, bu postu böyük qardaşı, babasının adını daşıyan Hüseynə həvalə edib. Görünür, bütün bunlar Həmzənin xoşuna gəlməyib. Onun özünə inamı isə xalq arasında həm də mərhum atasına son dərəcə bənzərliyi sayəsində çox populyar olmasından qaynaqlanır. Həmzənin atası xalqın yaddaşında, həqiqətən də, sevimli hökmdar kimi qalıb. Kral Hüseynin Həmzəni açıq şəkildə «gözümün işığı» adlandırdığını çoxları xatırlayır. Beləliklə, güman etmək olar ki, «qəsd» əslində, qurama da ola bilər. Bəlkə də, hazırkı hakimiyyət bu yolla Həmzəni İoardaniyanın siyasi üfüqündən yox etməyə çalışır.
Hazırkı kral və ətrafı üçün «qırmızı xətt» sabiq vəliəhdin İordaniya tayfaları (klanları) ilə sıx münasibəti ola bilər. Bəlkə də, bu tayfalardan hansılarsa Həmzəyə dəstəyini ifadə edib və hakimiyyət bundan xəbər tutub. Ərazisinin 90%-dən çoxu səhra və yarımsəhra olan İordaniya klassik tayfa ölkəsidir və burada yerli şeyxlər böyük nüfuza sahibdirlər. 1921-ci ildə Krallıq da məhz onların hakimiyyətin Haşimilərə verilməsilə bağlı konsensusa gəlməsi nəticəsində yaradılıb. Tayfa klanları, əlbəttə ki, kralın siyasətinə də təsirlərini davam etdirirlər. Məsələn, 2018-ci ilin yayında Beni Sahr tayfasının üzvləri Əmmanla Madaba arasındakı əsas yolu bağlayacaqları, «İordaniya dövlətinin dayaqlarını sarsıdacaqları» ilə bağlı hədələr səsləndirirdilər. Səbəb tayfanın görkəmli nümayəndəsi, alim Fares əl-Fayezin həbsi idi. O, sosial şəbəkələrdə kral II Abdullanı sərt tənqid etdiyi videonun yayılmasından sonra həbs olunmuşdu.
Həmzə isə qardaşından narazılığını hər zaman aşkar ifadə edib. Bununla yanaşı, tayfa liderlərilə söhbətlərində sabiq vəliəhd bir amildən də öz xeyrinə istifadə edirdi – bəziləri Abdullanı fələstinli qüvvələrə həddindən artıq yaxın sayır (səbəb xanımı, kraliça Raniyənin əslinin fələstinli olmasıdır). Yeri gəlmişkən, bəzi qiymətləndirmələrə görə, müasir iordaniyalıların, təxminən, yarısının kökü Fələstinə bağlıdır.
Narazılıq səbəbləri
Maraqlıdır ki, Həmzə artıq ev dustağı edildikdən sonra belə, vəkilləri vasitəsilə BBC-yə videomüraciət göndərə bilib. Müraciətində o, dövlət çevrilişinə cəhddə yer almadığını bildirir, lakin bununla yanaşı, ölkə idarəçilyiində ildən-ilə dərinləşən böhrana, korrupsiya və səriştəsizliyə görə, məsuliyyət daşımadığını deyir. Bundan başqa, Həmzə İordaniyada söz azadlığının pozulduğunu vurğulayır, öz fikrini bildirən insanların tez-tez təqib və hədələrlə üzləşdiklərini söyləyir.
Amma ölkədə əsas narazılıq iqtisadi vəziyyətin ağırlığı ilə bağlıdır və bundan yalnız sabiq vəliəhd deyil, əhalinin böyük əksəriyyəti şikayətçidir. Bu çətinliklər hələ «ərəb baharı» dövründə başlayıb, COVID-19 pandemiyası üzündən tətbiq olunan karantin tədbirləri isə vəziyyəti daha da ağırlaşdırıb. Məsələ ondadır ki, təbii resursları son dərəcə məhdud olan İordaniyada büdcə gəlirlərinin əhəmiyyətli hissəsi turizm sektorundan gəlir. Odur ki, ölkədə hələ koronavirusadək 18% təşkil etmiş işsizliyin səviyyəsi durmadan artır və qeyri-rəsmi məlumata görə, hazırda 30%-ə çatır. Bununla yanaşı, İordaniyanın dövlət borcu da ildən-ilə artır. Bu gün o, ÜDM-in 90%-dən də çoxdur.
Problemi dərinləşdirən səbəblərdən biri isə İordaniyanın Suriya və İraqdan olan 2 milyondan artıq qaçqına sığınacaq verməsidir. Bu, əlbəttə ki, dövlət büdcəsinə əlavə yükdür. Bəs, belə bir şəraitdə Krallıq necə yaşayır? O, ABŞ-ın Yaxın Şərqdəki çoxdankı müttəfiqidir. İordaniyaya istər qərbli tərəfdaşlarından, istərsə də ona loyal olan region dövlətlərindən ciddi pul axır. Bununla yanaşı, aydındır ki, hər hansı «qəsd» Qərbin diqqətindən yayına bilməz. Yalnız onu qeyd edək ki, İordaniya ərazisində ABŞ hərbi bazası yerləşir. Burada Amerikanın yüzlərlə hərbi təlimatçısı çalışır. Bildirilir ki, 2011-ci ildə başlamış Suriya münaqişəsindən sonra ABŞ İordaniyanın müdafiə qabiliyyətinin gücləndirilməsinə 100 milyonlarla dollar xərcləyib. II Abdullanın özü yarıingilisdir. O, təhsilini Böyük Britaniya və ABŞ-da alıb, həmçinin Sendherst Kral Hərbi Akademiyasında, Oksfordda, Corctaun Universitetində oxuyub.
Xarici güclər, yoxsa izlər?
Bütün bunların fonunda bəzi KİV-in yaşananlarda «İsrail izi» axtarması maraqlıdır. Bəzi məlumatlara görə, Həmzənin ev dustağı edilməsindən sonra xanımı israilli iş adamı Roy Şapoşnikə məktub yazaraq, ondan ailəni şəxsi təyyarəsi ilə Avropaya aparmasını istəyib. Bu sahibkar azad şəxs və şahzadənin şəxsi dostu kimi tanınsa da, Əmmanda onun Mossadla əlaqəsinin olduğu da deyilir. Bəzi müşahidəçilərin fikrincə, bunun qəsdən edildiyi istisna deyil. Onlar hesab edir ki, məqsəd sabiq vəliəhdin adını ictimai rəydə bəyənilməyən dövlətə bağlanmasıdır. Hər halda, ortaya atılmış versiyada «RS Logistical Solutions» şirkətinin rəhbəri olan Şapoşnikin İsraillə yanaşı, ABŞ hökuməti ilə də əlaqələrə malik olduğu vurğulanmır.
Bu arada, İsrailin özünün Əmmanla kifayət qədər güclü ortaq nöqtələri var. Birincisi, İordaniya Fələstin probleminin həlli prosesində əsas rol oynayan dövlətdir. İkincisi, Haşimilər Krallığı İranın nüfuz dairəsinin genişlənməsinin qarşısının alınması baxımından İsrail üçün bufer zonadır. İsrailin müdafiə naziri Beni Hants məhz bu üzdən «qəsd məsələsi»ni qonşu dövlətin daxili işi kimi qiymətləndirib. Amma bununla yanaşı, o, «güclü və çiçəklənən İordaniya»nın İsrailin təhlükəsizliyinin rəhni olduğunu da söyləyib. Nazir ölkəsinin İordaniyada iqtisadi maraqlarının da olduğunu bildirib.
Yaşananların sadəcə Həmzəyə qarşı qurulmuş oyun olduğunu təsdiqləyən daha bir fakt Birləşmiş Qərargah Rəisləri Komitəsi rəhbəri, general-mayor Yusif Əhməd əl-Hüneytinin Həmzənin həbsi xəbərini təkzib etməsidir. Onun sözlərinə görə, sabiq vəliəhddən sadəcə, «İordaniyanın təhlükəsizliyinə təhdid yaradan əməllərdən çəkinməsi» istənilib.
Kral və onun ətrafı keçmiş vəliəhdə qarşı təqiblərlə əhalini lap təşvişə salmaqdan ehtiyat edirlər. Bundan başqa, artıq aprelin 7-də İordaniya kralı ölkədə böhrana son qoyulduğunu, şahzadə Həmzənin taxt-taca tam sadiqliyini, ailəsilə birlikdə sarayda olduğunu bəyan edib. Kral sarayının dəftərxanası isə sabiq vəliəhdin II Abdullaya dəstək məktubuna imza atdığını açıqlayıb.
Bütün bunlarla yanaşı, İordaniyaya qarşı çıxa biləcək müəyyən xarici qüvvələri hesabdan silmək olmaz. Birincisi, artıq barəsində danışdığımız İran. İsraillə ənənəvi düşmənçiliyi davam etdirən Tehran fələstinlilərlə davamlı iş aparmağa çalışır, İordaniya əhalisinin isə az qala 60%-i məhz fələstinlilərdir.
İordaniya ilə özünəməxsus münasibətləri və ümumi sərhədi olan daha bir dövlət Səudiyyə Ərəbistanıdır. Məsələ ondadır ki, Haşimilər sülaləsi Hicazdandır. Onlar Məkkənin əsas klanlarından birini təmsil edir. Bu klanın kökləri isə Məhəmməd Peyğəmbərin ulu babası olmuş Haşimin şəcərəsinə gedib çıxır. 1920-ci illərdə, Ərəbistan yarımadasında uzun illər davam etmiş münaqişədən sonra Haşimilər sülaləsi əl Səud tərəfindən çıxışdırılıb. O vaxt onlara hazırkı İordaniya ərazisindəki tayfalar sahib çıxıb və burada Britaniyanın hərbi-siyasi dəstəyi ilə İordaniya dövləti yaradılıb. Beləliklə, səudiyyəlilərlə haşimilər Qüdsün müqəddəs məkanları, xüsusilə Məbəd dağına nəzarət uğrunda rəqabət aparırlar. Halbuki, Qüdsdə islam müqəddəslərini qoruyub saxlamış qüvvə məhz İordaniyanın hakim sülaləsidir. 1990-cı ildə Səudiyyə Ərəbistanı İraqla qarşıdurmaya gedən zaman İordaniya onu dəstəkləməkdən imtina etmiş və bu, Ər-Riyadı sözün əsl mənasında şoka salmışdı.
İordaniya-Səudiyyə Ərəbistanı münasibətləri 2000-ci ildə normallaşıb. Lakin bu dəfə fikir ayrılığına Suriya səbəb olub. Səbəb Ər-Riyadın bu münaqişədə Bəşər Əsədin əleyhdarlarını dəstəkləməsidir.
Bundan başqa, İordaniyanın yaxın müttəfiqi sayılan BƏƏ-nin İsraillə sülh razılaşmasına gedən zaman Abdulla ilə məsləhətləşməməsi, əksinə, bu işdə Səudiyyə Ərəbistanının mövqeyinə əsaslanması da tərəflər arasında dostluğun bərpasına əngəllərdəndir. Çünki BƏƏ-nin bu addımı İordaniyanın strategiyası ilə tam ziddiyyət təşkil edir. Əmmanda hesab edirlər ki, İsrail-ərəb əlaqələrində istənilən genişlənmə Fələstin-İsrail probleminin həllinə bağlı olmalıdır. Xatırladaq ki, İsrailin baş naziri Binyamin Netanyahunun BƏƏ-yə bu ilin martına təyin olunmuş səfəri son anda təxirə salınıb. Səbəb İordaniyanın hava məkanını Əmirlik təyyarələrinin üzünə bağlaması olub…
Daha bir son dərəcə maraqlı fakt həbs olunmuş «sui-qəsdçilər»in sırasında Bassem Avadallanın da olmasıdır. «Tomoh Advisory» (Dubay) konsaltinq şirkətinin baş direktoru olan Avadalla KİV-in məlumatına görə, son illər həm də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın məsləhətçisi kimi çalışır. O, bin Salmanın Neom – «gələcəyin şəhəri» layihəsinin planlaşdırılmasında da iştirak edib. Bundan başqa, Avadallanın BƏƏ vəliəhd şahzadəsi Məhəmməd ben Zaid ilə də sıx münasibətləri var. Deyilənə görə, o, Yaxın Şərqin tam açıqlığı və yeni regional əməkdaşlıq düzəni siyasətinin tərəfdarıdır. Digər tərəfdən 2011-ci ilin «ərəb baharı» vaxtı İordaniyada etiraza çıxmış insanlar Avadallanın hökumətdən kənarlaşdırılmasını da tələb edirdilər. Hesab olunurdu ki, ölkənin iqtisadi problemlərinə görə əsas məsuliyyəti məhz o daşıyır.
Beləliklə, İordaniyanın Qərbdən və qonşularından asılı dövlət olduğuna şübhə yoxdur. Bir tərəfdən Krallıqda daxili düzən daha çox tayfalar arasındakı konsensus hesabına qorunub saxlanır, digər yandan əhali fələstinlilər və suriyalı qaçqınların hesabına xeyli «qarışıb». Üstəlik, son zamanlar kənar amillərin təzyiqi də əhəmiyyətli dərəcədə artıb ki, onlardan ən güclüsü də koronavirus pandemiyasıdır. Bu cür dövlət quruluşunda balansı pozmaq çox asandır.
Amma burada mütləq bir məqam da nəzərə alınmalıdır: tayfa təmsilçiləri arasında təhsilli şəxslər az deyil və onlar Haşimilərin hakimiyyətdə olmayacaqları təqdirdə, İordaniyanın feodallar arasında ədavət meydanına çevrilə, ümumiyyətlə parçalana biləcəyini anlayırlar. Bunu, əlbəttə ki, şahzadə Həmzə də başa düşür. Eyni zamanda, hadisələrin belə gedişi ABŞ-ı, Əmmanın qonşuları olan digər monarxiyaları da qane edə bilməz. Belə olan təqdirdə, son hadisə necə meydana gəlib? Bəlkə, əs-Safadinin dediyi «xarici qüvvələr» İordaniyanın daha çevik olmasına çalışır və bunun regionda yaşanmaqda olan geosiyasi dəyişikliklərə daha effektiv cavab olacağını düşünür? Ağ Evin yeni administrasiyasının regional dəyişikliklərə düzəliş vermək qərarına gəlməsi də istisna deyil. Hər halda, məlum «İbrahim razılaşması» (yeri gəlmişkən, Həmzə bu razılaşmanı tənqid edirdi) ABŞ prezidenti Co Baydenin qatı düşməni Donald Trampın iştirakı ilə imzalanıb və sabiq dövlət başçısının siyasi nailiyyəti hesab olunur.
Nəzərə alınmalı olan daha bir amil Fələstində parlament seçkisinin yaxınlaşmasıdır. Son 14 ildə ilk dəfə keçiriləcək seçki vaxtı Fələstin məsələsi yenidən gərginləşə bilər. Haaqa Beynəlxalq Məhkəməsinin martın 4-də Fələstin Muxtariyyəti ərazisində mümkün hərbi cinayətlərlə bağlı rəsmi araşdırmalara başlaması isə sanki «odun üzərinə yağ töküb». İsrailin baş naziri Binyamin Netanyahu artıq onu antisemitizm və riyakarlıq apofeozu adlandırıb. İordaniya məhz bu cür çətin regional proseslərin düz mərkəzində yer alır. Üstəlik, Krallıq geostrateji baxımdan da son dərəcə əlverişli mövqeyə sahibdir və bu amil fövqəldövlətlər arasında çoxdan gedən aşkar və gizli mübarizənin daha bir obyekti sayıla bilər.
MƏSLƏHƏT GÖR: