25 Noyabr 2024

Bazar ertəsi, 04:26

RAKET KİMİ VURUB?

Bakı «İsgəndər-M» raketinin Ermənistanın əlinə necə keçdiyi sualına cavab gözləyir

Müəllif:

15.04.2021

Aprelin 2-də Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti toplantısı keçirilib. Azərbaycanı iclasda Ceyhun Bayramov təmsil edib. Gözlənildiyi kimi, tədbir çərçivəsində Azərbaycanın xarici işlər naziri rusiyalı həmkarı Sergey Lavrov ilə ikitərəfli görüş də keçirib. Amma o, Moskvada Ermənistanın XİN başçısı Ara Ayvazyanla görüşməyib. Heç Bayramov-Lavrov-Ayvazyan üçtərəfli görüşü də olmayıb. Müşahidəçilər üçün bu, çox gözlənilməz olub: nə baş verir? Özünü regionda əsas vasitəçi kimi aparan Rusiya diplomatik səyləri dayandırır?

 

Sahibi bilinməyən «İsgəndər-M»

MDB XİNŞ toplantısının keçirildiyi günlərdə Azərbaycanda «bir nömrəli mövzu» Şuşadan tapılmış «İsgəndər-M» raketi qalıqları ilə bağlı idi. Məsələ ondadır ki, bu operativ-taktiki raket kompleksinin (OTRK) bu modifikasiyasından yalnız Rusiya ordusu istifadə edə bilər və o, ixrac üçün nəzərdə tutulmayıb. Ekspertlər dərhal bir faktı xatırlatmağa başlayıb: Ermənistan tərəfi müharibənin son günlərində «İsgəndər» raketindən istifadə etdiklərini, üstəlik, onu məhz Şuşaya atdıqlarını etiraf etmişdi. O vaxt bunu Ermənistan silahlı qüvvələrinin artıq sabiq baş qərargah rəisi, general Movses Akopyan, ardınca isə eks-prezident Serj Sarqsyan dilə gətirmişdilər. Lakin elə həmin andaca Moskva Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkovun dilindən deyilənləri təkzib etmişdi. O, Qarabağ müharibəsi zamanı «İsgəndər» OTRK-dən istifadə olunmadığını bildirmişdi.

Lakin indi Şuşada sözügedən raketin qalıqları aşkarlanıb. Moskva isə məsələyə rəsmi münasibət bildirməyə, aydınlıq gətirməyə tələsmir.

Məhz bu üzdən bir neçə gün əvvəl azərbaycanlı jurnalist və blogerlərdən ibarət qrup Rusiyanın Bakıdakı səfirliyinə müraciət də ünvanlayıb: «Biz təəccüblənirik ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, digər əlaqədar strukturların şəxsində Şuşa şəhərinə «İskəndər-M» Operativ-Taktiki Raket Kompleksindən necə atəş açıla bilməsinə aydınlıq gətirməyə tələsmir. Əlbəttə, bu faktın tam və hərtərəfli təhqiqatı vaxt tələb edir. Lakin hətta təhqiqatın başlanması barədə rəsmi bəyanatın da olmaması Azərbaycan ictimaiyyətində ciddi anlaşılmazlıq və narahatlıq doğurur».

Ekspertlər əmindirlər ki, burada söhbət çətin ki, «diplomatik pauza»dan getsin. Elə həmin günlərdə Rusiya Federasiyasının baş prokuroru İqor Krasno həm Bakıya, həm də İrəvana səfər edib. Xatırladaq ki, o, Moskvada Azərbaycan və Ermənistanın baş prokurorları ilə üçtərəfli görüş də keçirib. Bundan başqa, Qarabağ mövzusu Rusiya və Türkiyə prezidentləri Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğanın telefon danışığı zamanı da müzakirə olunub. Üstəlik, Moskvada Putin Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib, ardınca isə Azərbaycanın dövlət başçısı İlham Əliyev ilə telefonla danışıb. Bir sözlə, diplomatik fəallıq ortadadır. Sadəcə o, başqa istiqamətdə gedir.

 

Putin Paşinyana nələri xatırladıb?

Baş verənlər fonunda düşündürücü olan artıq qeyd etdiyimiz Putin-Paşinyan görüşüdür. «Milli müdafiə» jurnalının baş redaktoru İqor Korotçenko öz «Telegram» səhifəsində bu görüşlə bağlı rişxənd dolu «post» da paylaşmışdı: «Paşinyan: «Bizə 1 milyon doza peyvənd, yeni AES, güzəştli qiymətlə qaz, «Su-30» qırıcıları, «İsgəndər»lər, güzəştli kredit lazımdır. İstəyirik ki, siz bizim ordumuzu müasirləşdirəsiniz, əsirlərin geri qaytarılmasına kömək edəsiniz, seçkidə məni dəstəkləyəsiniz…». Putin: «Nikol Vovayeviç, siyahınız davam edir, ya bitdi?»

İrəvanda əksər müşahidəçilər Moskva görüşünə gözlənildiyi kimi, öz pəncərəsindən baxıb. Bu görüşdən cəmi bir neçə gün əvvəl Ermənistanın ikinci prezidenti Robert Koçaryan da Moskvaya səfər etmiş, bu zaman Vladimir Pozdnerə müsahibə də vermişdi. Koçaryanın Rusiyanın «Birinci kanal»ının efirində peyda olmasını çoxları aşkar mesaj kimi qiymətləndirmişdi: Ermənistanda keçiriləcək seçkidə Kremlin favoriti Robert Sedrakoviçdir. Paşinyanın Moskva səfərindən sonra isə əhval dəyişib: görünən odur ki, Moskva Nikol Vovayeviçi ən azı düşmən saymır.

Putin ilə görüşdə Paşinyan elə irəvanlı müşahidəçilərin hesablamasına görə, 10 dəfə «şparqalka»sına baxıb. Yəqin ki, baş nazir istəklərini oradan oxuyurmuş. Putin isə onun dediklərinin qarşılığında diqqəti daha çox regionda kommunikasiyaların açılması məsələsinə yönəldib və bunun vacibliyini bildirib. «Ən vacib məsələ Ermənistanın inkişaf üçün yeni imkanlar əldə etməsi məqsədilə regionda iqtisadi-ticarət əlaqələrinin və nəqliyyat marşrutlarının bərpası mümkünlüyüdür. Fikrimcə, bu, son dərəcə vacib məsələdir», - deyə KİV-in məlumatına görə, Putin bildirib. Rusiya liderinin nə demək istədiyi aydındır: regionda postmünaqişə dövrünün nizamlanması Ermənistanın qarşısında yaxşı perspektivlər açır, artıq onun Rusiyanın yox, öz hesabına yaşamasının vaxtıdır. Bundan başqa, görünən odur ki, İrəvanın Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın reallaşdırmasını əngəlləmək cəhdləri sülh prosesinin moderatoru olan Moskvada artıq ciddi narahatlıq yaradır.

 

Moskva danışıqlarının «ermənidaxili pərdəarxası»

Ermənistanda Zəngəzur dəhlizi mövzusu son dərəcə ciddi etirazla qarşılanıb və qarşılanır. Müxalifət Vovayeviçi «əraziləri təslim etməkdə» (İrəvanda regionda sərhədlərin dəqiqləşdirilməsi belə qiymətləndirilir) günahlandırır. Bəziləri deyir ki, bir azdan Paşinyan yalnız Qarabağı deyil, Zəngəzuru da «türklərə verəcək»! Onlar Rusiya sülhməramlı kontingentinin komandanı Rüstəm Muradovun Ermənistana səfəri ətrafındakı qalmaqalı da bu mövzuya «calayıblar». Xatırladaq ki, Ermənistan baş nazirinin müavini Tiqran Avinyanın mətbuat katibi Njde Ovsepyan bu səfər ərəfəsində rəsmən bəyan etmişdi ki, Muradov «erməni əsirlər»i İrəvana gətirəcək. Söhbət Azərbaycanın Xocavənd rayonu ərazisinə atəşkəs bəyannaməsindən sonra soxulmuş və bu zaman ələ keçmiş yaraqlılardan gedir. Halbuki Bakı onların əsir deyil, terrorçu olduqlarını dəfələrlə bəyan edib və bildirib ki, əsirlərin azad olunması ilə bağlı «hamının hamıya» prinsipi bu şəxslərə şamil edilə bilməz. Nəticədə, Muradovun təyyarəsi İrəvana boş qayıdıb və bunun ardınca ortaya yeni «feyk» atılıb: guya bu təyyarə ilə Ermənistana gizli şəkildə Azərbaycan-Türkiyə nümayəndə heyəti gəlib! Guya onlar Ermənistana Zəngəzur dəhlizi üçün ölçülərin yerində müəyyənləşdirilməsi məqsədilə yollanıblarmış! Amma sonradan bu xəbər bə təkzib olunub…

Göründüyü kimi, Paşinyanın simasında Ermənistan hakimiyyəti daxili siyasi «çətinliklər»ə istinad edərək, kommunikasiya layihələrinin reallaşdırılmasını ləngitməyə çalışır. Paşinyanın «xidmət dəftərçəsi» olmasaydı, bunu yenə də anlamaq olardı. Nikol Vovayeviç hakimiyyətə gələr-gəlməz, Qarabağ probleminin nizama salınması prosesini irəli aparacağını vəd etmiş, sadəcə, bunun üçün seçkini gözləməyin vacibliyini bildirmişdi. Seçki keçirilmiş, lakin Paşinyan vədini unutmuşdu. Amma indi İrəvana daxili siyasi problemlərə istinad da kömək etməyəcək. Putin də Paşinyana məhz bunu xatırladıb.



MƏSLƏHƏT GÖR:

240