Müəllif: Nigar ABBASOVA
Belarus bu gün MDB-də Azərbaycandan neft alan yeganə ölkədir. İki ölkə arasında birbaşa boru xətti və ya tanker əlaqəsinin olmamasına baxmayaraq, istər siyasi, istərsə iqtisadi sahədəki güclü əlaqələr, dostluq münasibətləri tərəfləri əlavə tərəfdaşlıq layihələrinin reallaşdırılması yolunda istənilən maneəni aradan qaldırmağa stimullaşdırır. Belə layihələr isə hələ çox olacaq – istər yanacaq-enerji kompleksində, istərsə də ondan kənarda. Aleksandr Lukaşenkonun Bakıya səfəri zamanı iki ölkə prezidentlərinin verdikləri bəyanatlar bunu təsdiqləyir.
Əsas məhsul
Bu gün Azərbaycandan Belarusa ixrac olunan əsas məhsul neftdir. Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, iki ölkə arasında ticarət dövriyyəsi ötən il məhz bu məhsulun ixracı sayəsində əhəmiyyətli dərəcədə artıb. Bu tendensiya 2021-ci ilin ilk rübündə də davam edib. Bu il Azərbaycandan Belarusa ixrac olunacaq neftin həcminin ötənilki göstəricini üstələyəcəyi gözlənilir. «Marşrut artıq testlənib, layihə qarşılıqlı faydalıdır. Təbii ki, biz bu sahədə əməkdaşlığı genişləndirmək, məhz energetika sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini nəzərdən keçirmək niyyətindəyik, yəni Belarusun neftayırma zavodlarına təkcə xam neft çatdırmaqla kifayətlənməyəcəyik», - deyə Prezident İlham Əliyev belaruslu həmkarı ilə danışıqların yekununda bildirib.
A.Lukaşenko isə qeyd edib ki, o, danışıqlar zamanı öz dediyi kimi, həssas məsələlərə də toxunub, Azərbaycana karbohidrogen xammalının tədarükü sahəsində əməkdaşlığın dərinləşdirilməsini təklif edib: «Bəlkə biz münasibətlərimizi məhz bu həssas sahədə dərinləşdirmək məsələsinə baxmalıyıq, ona görə ki, Belarus iqtisadi, siyasi hadisələrin mərkəzində yerləşir. Lakin bununla belə, həll edilə bilməyən məsələlər yoxdur».
Beləliklə, liderlər münasibətlərini əsaslı şəkildə təftiş ediblər və nəticədə, bir neçə vacib ikitərəfli sənəd imzalanıb. Onların arasında energetika sahəsində əməkdaşlıq məsələlərinə dair Anlaşma Memorandumu da var. Nəzərə alsaq ki, sənəddə başqa məsələlərlə yanaşı, Azərbaycanın SOCAR şirkətinin Belarus bazarında neft məhsulları satmasını nəzərdə tutan maddə də var, onun Azərbaycan tərəfi üçün əhəmiyyətinə şübhə yoxdur. Çünki Belarus bazarı Baltik dənizi vasitəsi ilə ixracın həyata keçirilməsi baxımından yaxşı perspektivlər vəd edir.
Maraqlar çərçivəsi müəyyənləşdirilib
Belarus Dövlət Neft və Kimya Konserni ilə SOCAR arasında Anlaşma Memorandumunu «Belneftexim» konserninin sədri Andrey Rıbakov və SOCAR-ın prezidenti Rövnəq Abdullayev imzalayıblar. Tərəflər neft və neft məhsullarının istehsalı və reallaşdırılması sahəsində imkanların genişləndirilməsi haqda razılığa gəliblər.
Memorandumda birgə investisiya layihələrinin icrası, SOCAR-ın Belarusun daxili bazarında neft məhsulları satması işində əməkdaşlıqdan da danışılır. Başqa sözlə, söhbət Belarusda SOCAR brendi altında yanacaqdoldurma stansiyalarının açılmasından gedə bilər. Hazırda bu ölkənin pərakəndə satış bazarında «Belarusneft» dövlət şirkəti liderdir. Belarusdakı yanacaqdoldurma stansiyalarının 65%-dən çoxu (573 ədəd) və neft məhsullarının topdansatış anbarlarının üçdə biri ona məxsusdur. Təxminən, 200 yanacaqdoldurma stansiyası və topdansatış anbarlarının, təxminən, dörddə biri isə Rusiya kapitalı ilə çalışır. Bu gün Belarusda Rusiyanın «LukOYL», «Qazprom neft», «Rosneft» və «Tatneft» şirkətlərinə məxsus yanacaqdoldurma stansiyalarına rast gəlmək mümkündür. «Reuters»in qiymətləndirməsinə görə Belarusdakı yanacaqdoldurma stansiyalarının, təxminən, 20%-i bu şirkətlərə məxsusdur. Belarusda ən çox yanacaqdoldurma stansiyasına malik Rusiya şirkəti «LukOYL»dur – 80-dən artıq.
Belarusun Bakıdakı sabiq səfiri Gennadi Axramoviç hələ 2017-ci ildə keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Minsk bu əməkdaşlığa açıqdır və SOCAR maraq göstərərsə, məsələnin müzakirəyə çıxarılması mümkündür. Beləliklə, yeni memorandumun imzalanması bu layihənin reallaşdırılması ilə bağlı daha detallı müzakirələrin başlanılmasına təkan verə bilər.
Azərbaycan şirkətinin xaricdə yanacaqdoldurma stansiyaları şəbəkəsinin inkişafı işində böyük təcrübəsi var. Onun ölkə xaricindəki fəaliyyətinin əsasını məhz neft və neft məhsullarının satışı təşkil edir. Lakin SOCAR Belarusun yanacaq bazarına yalnız o halda daxil olacaq ki, bu layihə kommersiya nöqteyi-nəzərindən cəlbedici olsun. Məsələn, şirkət neft-kimya və neft emalı sahəsində gen-bol fəaliyyət göstərdiyi, özünün neft emalı zavodunun da fəaliyyət göstərdiyi Türkiyədə yanacaqdoldurma stansiyları şəbəkəsinin yaradılması imkanlarını dəfələrlə nəzərdən keçirsə də, sonda bunun sərfəli olmayacağı qənaətinə gələrək, plandan imtina edib. O, hələlik Türkiyənin bəzi aparıcı limanlarında belə stansiyalar açmaqla kifayətlənib. Ola bilsin ki, Belarusla bağlı vəziyyət fərqli olacaq. Bu halda SOCAR məmnuniyyətlə bu ölkənin pərakəndə neft məhsulları satışı bazarına daxil olacaq.
Marşrut fəaliyyətdədir
İki ölkənin yanacaq-enerji kompleksi sahəsində əməkdaşlığı heç də Azərbaycandan neft ixracı ilə məhdudlaşmır. Bakı öz növbəsində, Belarusdan müntəzəm olaraq neft məhsulları, o cümlədən avtomobil benzini alır.
Belarusun Azərbaycandakı səfiri Andrey Ravkovun sözlərinə görə, 2020-ci ilin əvvəlindən Minsk neft idxalı marşrutlarının şaxələndirilməsi üzərində işə başlayıb. «Bu istiqamətdə işlər hələ başa çatmayıb. Lakin artıq deyə bilərik ki, Azərbaycan Belarusun Rusiyadan sonra ikinci böyük neft tədarükçüsünə çevrilib», - deyə diplomat qeyd edib.
Belarusda əsas neft istehlakçısı ölkənin neft emalı sahəsidir. O, həm də avtomobil yanacağı istehsal edir.
Belarusun neft emalı komplekslərinin əsas ənənəvi xammal tədarükçülərindən biri Rusiyadır. Lakin son zamanlar Minsk bir tədarükçüdən asılılığı azaltmaq üçün alternativ iqtisadi və nəqliyyat zəncirləri qurur.
2020-ci ilin əvvəlində Belarus Rusiyadan neft idxalı ilə bağlı problemlərlə üz-üzə qalmışdı. Həmin ilin ilk rübündə tədarük şərtlərilə bağlı razılaşmanın olmadığını əsas gətirən Rusiya Belarusun neft emalı zavodlarına xammal nəqlini azaltmışdı. O zaman Belarus hökuməti yaranmış çatışmazlığı digər ölkələr, o cümlədən Azərbaycanın hesabına kompensasiya etmək qərarına gəlmişdi. Bu məqsədlə Belarus ərazisində hasil olunan və iqtisadi səbəblərlə ənənəvi olaraq ixrac edilən neft də emala yönəldilmişdi. O zaman alternativ mənbələrdən idxala dünya bazarında neftin ucuzlaşması da əlavə imkan yaratmışdı – neft emalçıları yeni mənbə və nəql marşrutları axtarışında əlavə imkanlar qazanmışdılar. Beləliklə, Belarus Norveç, Səudiyyə Ərəbistanı, Azərbaycan və ABŞ-dan alternativ xammal idxalına başlamışdı.
Minsk Azərbaycandan neft idxalını ötən ilin martında bərpa edib. Bu, Odessa limanı və Odessa-Brodı neft kəməri vasitəsilə həyata keçirilir. Azərbaycan Dövlət Neft Şirkəti Belarusa xammalı özünün «SOCAR Trading» trayderi vasitəsilə çatdırır. Neft Belarusun «Belneftxim» konserninə satılır.
Bunadək Azərbaycan Belarusa Odessa-Brodı boru xətti vasitəsilə 2011 və 2016-cı illərdə neft nəql etmişdi.
2020-ci ildə Minsk Azərbaycandan, təxminən, 1 milyon ton neft idxal edib. Onun, təxminən, 720 min tonu «Azeri Light», qalan hissəsi isə üçüncü ölkələrin nefti olub.
Bu il Belarusun idxal etdiyi neftin əsas hissəsi Rusiyanın payına düşür. Bununla yanaşı, Minsk artıq neft emalı zavodları üçün Azərbaycan da daxil olmaqla, alternativ mənbələrdən xammal tədarükünü davam etdirəcəyini açıqlayıb. «Bizim tədarük həcmi ilə bağlı heç bir problemimiz yoxdur. Alternativ tədarükə gəlincə, bu da dava etdiriləcək», - deyə Belarusun baş naziri Roman Qolovçenko bildirib. Onun sözlərinə görə, Belarusun neft emalı zavodlarına Rusiyadan ildə 18-20 milyon ton neft daxil olur: «Konkret hansı həcmdə xammalın tədarük olunacağı müəssisənin texniki emal imkanlarından, neft məhsulları bazarındakı vəziyyətdən asılı olacaq».
Belarus bu il üçün «SOCAR Trading» ilə, təxminən, 1 milyon tonluq neft müqaviləsi imzalayıb. İlin ilk rübündə artıq 4 tankerdə 360 min tondan artıq «Azeri Light» Belarusa göndərilib. Belarus Azərbaycanla uzunmüddətli müqavilə imzalamaq niyyətini açıqlasa da, anlamaq lazımdır ki, bu nəql zamanı istifadə olunan marşrut Rusiyadan boru vasitəsilə neft idxalı ilə müqayisədə xeyli baha başa gəlir.
Əlavə imkanlar
İki ölkə arasında neft sahəsində əməkdaşlıq xammal tədarükü ilə məhdudlaşmır. Bu il «SOCAR Construction» şirkətinin mütəxəssisləri Mozır NAZ-da ağır neft qalıqlarının hidrokrekinqi kompleksinin tikinisi çərçivəsində montaj işlərini müvəffəqiyətlə bitiriblər.
Azərbaycan şirkətinin personalının xüsusi təhlükəli obyektlərin sənaye inşaatı və istehsal sahəsindəki bilikləri və bacarığı Belarusda haqlı olaraq çox yüksək qiymətləndirilib. Bu üzdən də «SOCAR Construction» bu neft emalı zavodunda istilikkeçirmənin qarşısının alınması işlərinin görülməsi ilə bağlı əlavə sifariş alıb.
SOCAR-ın Belarusda reallaşdırılmasına maraq göstərdiyi layihələr sırasında azot gübrəsinin istehsalı üçün yeni «Qrodno Azot» ASC kompleksinin inşası və «Naftan» ASC-nin modernləşdirilməsi kimi layihələr də qeyd olunur. Ümumilikdə Azərbaycan və Belarusun neft emalı və neft-kimya sahələrindəki təcrübəsi qarşılıqlı səmərəli və uzunmüddətli əməkdaşlığın inkişafı üçün əsas yaradır. Potensial böyükdür, qarşılıqlı maraq var, birgə layihələrin reallaşdırılması üçün isə lazımi hüquqi və təşkilatı baza yaradılıb.
MƏSLƏHƏT GÖR: