Müəllif: Xəzər AXUNDOV
Ötən il Azərbaycanda nağdsız ödənişlər sahəsinin inkişafında ən yüksək nəticə qeydə alınıb. “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində bir sıra layihələrin həyata keçirilməsi bunda mühüm rol oynayıb. Bununla yanaşı, COVID-19 pandemiyasının yaratdığı böhran şirkətləri rəqəmsal dövriyyənin payını artırmağa məcbur etdi, fəaliyyəti karantin tədbirləri ilə məhdudlaşdırılan əhali üçünsə ticarət, xidmət, iaşə və s. sahələrdə nağdsız ödənişlər ənənəvi ödənişlərin populyar alternativinə çevrilib. Bu meyillər bu ilin birinci rübündə daha da güclənib və mütəxəssislərin fikrincə, pandemiya sonrası dövrdə də davam edəcək.
İkiqat artım
Son üç-dörd ildə Azərbaycan hökuməti dövriyyədə nağdsız ödənişlərin payını artırmaq üçün böyük səylər göstərib. Bu işlər həm yuxarıda göstərilən dövlət proqramı çərçivəsində, həm də bank sektorunda yeni rəqəmsal mexanizmlərin və xidmətlərin inkişafı yolu ilə gerçəkləşdirilib. Özü də əgər, dövlətin əsas hədəfi pul dövriyyəsinin şəffaflığını təmin etmək və kölgə iqtisadiyyatı azaltmaqla vergi bazasını genişləndirmək, özəlliklə də, ticarət və xidmət sahəsində "boz sxemlər"in qarşısını almaq olubsa, bank sektoruna və korporativ sektora nağdsız ödənişlər və bütünlükdə, rəqəmsal ödəmə infrastrukturu pandemiya böhranını minimum itkilərlə keçirməkdə yardımçı olub.
Ölkədə normativ- tənzimləyici və hüquqi mexanizmlərin islahatı aparılıb, İT infrastrukturu genişlənib, ödəniş terminalları və ya "elektron Azərbaycan" sisteminin internet resursları vasitəsi ilə təqdim olunan elektron xidmətlərin sayı xeyli artdı. Bundan başqa, bankların institusional bazası nəzərəçarpacaq dərəcədə möhkəmlənib, bunun sayəsində müştərilərin elektron bankinq xidmətlərinə marağı statistik xəta səviyyəsindən yetərincə anlaşılan ölçülərə qədər artıb. Müsbət dəyişikliklər sırasına bu gün pensiyaların, stipendiyaların, sosial müavinətlərin, bütün büdcə təşkilatlarının, eləcə də əksər özəl qurumların maaşlarının hər yerdə debet kartlarının yardımı ilə verilməsini aid etmək olar. Bütünlükdə, bu ilin əvvəlində dövriyyədə olan ödəniş kartlarının ümumi sayı 9,6 milyon ədəd olub. Ekspertlər ehtimal edirlər ki, qulluqçulara və muzdlu işçilərə debet və kredit kartlarının kütləvi şəkildə verilməsi ölkə daxilində gerçəkləşdirilən əməliyyatların strukturunda nağdsız dövriyyənin payının (2016-cı ilə nisbətən) iki dəfədən çox artmasında önəmli rol oynayıb.
Başlıcası odur ki, bütün bu tədbirlər Azərbaycan ictimaiyyətinin nisbətən yaxın zamanlara qədər birmənalı olaraq nağd pul əməliyyatlarına üstünlük verən çoxluğunun düşüncə ətalətini bir neçə il içərisində dəyişdirməyə imkan verdi.
Hər işdə bir xeyir var…
Nağdsız ödənişlər sahəsində köklü dəyişikliklər iqtisadiyyat üçün yetərincə çətin olan 2020-ci ildə baş verdi. Pandemiya qapanmaları əhali arasında təmassız əməliyyatların və onlayn ödənişlərin populyarlığını önəmli dərəcədə artırdı. Elektron ticarət, xidmət və hətta iaşə sahəsində çox sayda obyektlər bu tələbə uyğunlaşaraq, bank kartları və digər şəbəkə vasitələrinin yardımı ilə ödəniş çərçivəsində onlayn xidmətlər göstərilməsini, malların, məhsulların və s.-in çatdırılmasını təşkil etdilər.
Bununla bağlı, Azərbaycanda elektron ticarət komponenti kəskin artım nümayiş etdirdi - elektron ticarət seqmentində əməliyyatların sayı 2020-ci ildə 55 faiz artdı və pul həcmi 22 faiz böyüdü.
Karantin məhdudiyyətləri, həmçinin bankların işini dəyişdirib: onların çoxu uzun növbələrin qarşısını almaq üçün müştərilərlə elektron bankçılıq xidmətləri, həmçinin bankomatlar vasitəsilə elektron hesabların doldurulması xidmətləri istiqamətində işləri fəallaşdırıblar. Uyğun olaraq, bankomatların ümumi sayı 2.7% artıb və bu ilin əvvəlinə 2779 ədədə çatıb, özü də, ölkənin bölgələrində bankomatlarrın artım tempi 5%-ə yaxın olub.
Koronavirus pandemiyasının səbəb olduğu karantin məhdudiyyətləri üzündən qeyri-neft sektorunda bir çox şirkətlər ofis fəaliyyətini uzaqdan iş rejiminə keçirmək məcburiyyətində qaldılar. Bu zaman, maliyyə əməliyyatlarının əksəriyyəti, cari xidmətlər üçün ödənişlər, konstagentlərlə iş də internet vasitəsilə gerçəkləşdirilməyə başlandı və bu, onlayn ödəniş resurslarının istifadəsini xeyli genişləndirdi. Özü də, korporativ sektorda nağdsız əməliyyatların həcmi, ilk növbədə, rəqəmsal iqtisadiyyat sahələrində və ticari fəaliyyətin bir hissəsini operativ virtuallaşdırmağı bacaran müəssisələrdə artdı.
Rekord artım
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, 2020-ci ildə nağdsız ödəniş infrastrukturundan istifadə yetərincə artıb. Beləliklə, elektron bankçılıq yolu ilə cari hesablardan müştəri köçürmələrinin həcmi 95,7 milyard manat, ölkə daxilində ödəniş kartları vasitəsilə həyata keçirilən nağdsız əməliyyatlar isə 6,4 milyard manat təşkil edib. AMB qeyd edir ki, bu keçənilki göstəricilərin hər ikisi tarixi maksimum kimi qiymətləndirilir. Ümumilikdə, 2020-ci ildə ölkə daxilində nağdsız ödənişlərin həcmi 34%, ödəniş kartları ilə əməliyyatlar isə 26% artıb. Eyni zamanda hesabat dövründə Azərbaycanda təmassız əməliyyatların sayı 4,3 dəfə, pul həcmi isə 5,4 dəfə artıb.
Bu müsbət meyillərin cari ildə çox sahədə davam etməsi də diqqət çəkir. Mərkəzi Bankın məlumatına görə, o cümlədən, 2021-ci ilin yanvar-fevral aylarında bankomatlar və POS terminallar da daxil olmaqla bir ödəmə terminalına düşən orta istifadəçi sayı dörd mini keçib. İllik hesabatda bu göstərici 8% artıb, orta aylıq göstəricilər uyğun şəkildə böyüyüb.
İlin əvvəlinə Azərbaycanda POS-terminalların sayı 57 mini keçib. Bu gün Bakıda və bütün böyük şəhərlərdə, hətta ən kiçik ticarət və xidmət obyektlərinin, iaşə nöqtələrinin və s.-in, demək olar ki, hamısı bu avadanlıqla təchiz edilib. Bununla da, bütün mallar və xidmətləri nağdsız şəkildə əldə etmək mümkündür. Rusiya, Ukrayna, Qazaxıstanın oxşar təcrübəsinə əsaslanan ekspertlərin rəylərinə görə, pandemiya dövründə əhalinin alışdığı nağdsız ödənişlər təcrübəsi böyük ehtimalla sonrakı illərdə də davam edəcək.
Böyük perspektiv
Bu gün Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi tədbirləri gerçəkləşdirilir. Mərkəzi Bankın baş direktoru Fərid Osmanovun sözlərinə görə, ödəniş bazarına yeni maliyyə texnologiyalarının cəlb edilməsi üzrə prioritet istiqamətlərin sırasına innovativ xidmətlərin tətbiqinin təmin edilməsini, Azərbaycanın istənilən yerində əhalinin və sahibkarların maliyyə xidmətlərinə çıxışının artırılmasını nəzərdə tutan istqamətlər müəyyənləşdirilib.
Həmçinin, iqtisadiyyatın müxtəlif sahələrində rəqəmsal ödəmə xidmətlərindən istifadə də nəzərəçarpacaq dərəcədə artacaq. Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlının sözlərinə görə, yaxın beş ildə “Ağıllı şəhər” layihəsi çərçivəsində ictimai nəqliyyat tamamilə nağdsız ödənişlərə keçməlidir. Özü də, paytaxt nəqliyyatında fəaliyyət göstərən (metro və avtobusların, təxminən, 50%-ni əhatə edən) BakiKart sistemi ilə yanaşı, ölkənin digər şəhərlərində və bölgələrində nəqliyyat xidmətlərinin ödəniş NFC ödəniş texnologiyasından (simsiz məlumat ötürülməsindən) istifadə edən bank kartları və mobil cihazlar vasitəsilə həyata keçiriləcək. Həmçinin, avtomobil dayanacaqları, velosiped və skuter kirayəsi üçün nağdsız ödənişlər üzrə də rəqəmsal platformalar hazırlanır. Yaxın aylarda Azərbaycan Dəmir Yolunun elektriçkalarında və qatarlarında gedişin təmassız bank kartları ilə ödənişi üzrə pilot layihənin başlaması gözlənilir.
AMB-nin strategiyası, ödəniş qurumları üzərində tənzimləmə və nəzarət mexanizmlərinin gücləndirilməsini də nəzərdə tutur ki, bunun üçün normativ-hüquqi baza təkmilləşdiriləcək. Söhbət bu sahədəki hüquqi və iqtisadi bazanı müəyyənləşdirən "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun layihəsi üzərində işdən gedir. Sənəd ödəniş təşkilatlarının, ödəniş xidmətləri təklif edən qeyri-bank təchizatçılarının, elektron pul kisələrinin fəaliyyətini, həmçinin açıq bankçılığın (OpenBanking) hüquqi aspektlərini əhatə edəcək. Bu tədbirlər ödəniş bazarında yüksək rəqabət qabiliyyətinin yaradılmasına, habelə maliyyə texnologiyaları innovasiyalarının dəstəklənməsinə, bununla da, bazara yeni məhsul və xidmətlərin təqdim edilməsinin stimullaşdırılmasına istiqamətlənib. Hazırda qanun layihəsi müvafiq dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.
Yaxın illər üçün daha bir hədəf - nağdsız ödənişlərin üstünlükləri barədə əhalinin məlumatlılığının artırılması, həmçinin nağd dövriyyənin azaldılması üçün müxtəlif promouşen tədbirlərinin, həmçinin keşbək qaytarılmasının və ƏDV geri alınmasının yardımı ilə vətəndaşların stimullaşdırılmasıdır. Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyevin fikrincə, bununla bağlı çox işlər görülüb. 2020-ci ilin yekunlarına görə, ilk dəfə olaraq ödəniş kartları ilə nağdsız tranzaksiyaların sayı bankomatlar vasitəsilə nağdlaşdırma əməliyyatlarının sayını keçib. Müqayisə üçün deyək ki, cəmi bir neçə il əvvəl əməkhaqqı, təqaüd və digər debet kartlarına daxil olan pulların, demək olar ki, 80%-i sahibləri tərəfindən dərhal nağdlaşdırılırdı.
Təbii ki, pul dövriyyəsinin rəqəmsallaşdırılmasının daha bir önəmli hədəfi - vergiyə cəlb olunan dövriyyənin şəffaflığının təmin edilməsi, bununla da, kölgə iqtisadiyyata qarşı mübarizə unudulmayıb. Burada birbaşa əlaqə var, çünki mütəxəssislərin qiymətləndirməsinə görə, nağdsız ödənişlərin 10% artması kölgə iqtisadiyyatının 5% azalmasına şərait yaradır. Buna görə yaxın beş ildə AMB, İqtisadiyyat Nazirliyi və maliyyə orqanları tərəfindən bu istiqamətdə müxtəlif yeniliklərin də gerçəkləşdirilməsi nəzərdə tutulur.
MƏSLƏHƏT GÖR: