Müəllif: İrina XALTURİNA
ABŞ-da Co Bayden administrasiyasının hakimiyyətə gəlişi ilə Rusiya ilə Qərb arasında qarşıdurma sürətlə dərinləşir, getdikcə daha sərt xarakter alır. Üstəlik, münaqişənin nə ilə bitəcəyini heç kəs proqnozlaşdıra bilmir. Çünki bu mövzu ən müxtəlif dillərdə KİV-də geniş müzakirə olunsa da, sosial şəbəkələrin əsas mövzularından birinə çevrilsə də, qarşıdurma ilə bağlı bir çox nüanslar gizli qalır. Bəli, bu məsələdə bir çox «naməlum» məqam var. Düşmənlər birbaşa toqquşmadan qaçır, lakin mübarizə bütün mümkün vasitələrlə davam edir. Odur ki, baş verənləri artıq tam ciddiyyəti ilə ikinci «soyuq müharibə» adlandırırlar.
Qərbdə hesab edirlər ki, Rusiyanın addımları beynəlxalq hüququn əsas normalarına ziddir. Bu, xüsusilə Ukrayna ətrafında yaşananlara, rusiyalı bloger və müxalifətçi Aleksey Navalnının həbsinə, müxtəlif kiberhücumlara aiddir.
Moskva isə öz növbəsində, qətiyyətlə bildirir ki, ABŞ və NATO Rusiyanın təhlükəsizliyinə ən ciddi təhdiddir.
Qərb dualizmi
Vaşinqtonun Rusiya ilə münasibətlərə bugünkü yanaşmasını ikili yanaşma adlandırmaq olar. Bir tərəfdən Rusiyanın cəzalandırılmasına davamlı çağırışlar edilir və bu istiqamətdə əsasən sanksiyalar vasitəsi ilə konkret addımlar atılır, digər yandan isə dialoq və əməkdaşlığa açıqlıqdan danışılır. Aydındır ki, vəziyyətin Rusiyanın «dəmir pərdə» ilə qapanacağı həddədək gərginləşdirmək kollektiv Qərbə sərf etmir. Çünki bu, avtomatik olaraq Rusiyada hakimiyyətin güclənməsinə, əhalinin, məsələn, Navalnı kimi hansısa müxalifətçinin ətrafında deyil, artıq xarici təhlükəyə qarşı birləşməsinə səbəb olacaq. Bəlkə də, ABŞ-ın dövlət katibi Entoni Blinken mayın 4-də britaniyalı həmkarı Dominik Raab ilə Londonda keçirdiyi birgə mətbuat konfransında bu üzdən Rusiya ilə daha sabit münasibətlər arzusunu dilə gətirib. Bununla yanaşı, o, hər şeyin Kremlin nə dərəcədə aqressiv davranacağından asılı olduğunu söyləyib. Dominik Raab da Moskva ilə müsbət münasibətlər və diplomatiya qapısının hər zaman açıq olduğunu, NATO üzvlərinin əksəriyyətinin bu fikirdə olduğunu desə də, ardınca Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi davranışını dəyişməsinin vacibliyini bildirib. Görünən odur ki, Bayden də məhz bu yanaşmaya əsasən, 2021-ci ilin iyununda Putin ilə görüşə biləcəklərinə ümidini dilə gətirib.
Qeyd etmək lazımdır ki, bu görüşün mümkün nəticələrilə bağlı heç kimdə nikbinlik yoxdur. Baydenin hələ martda Rusiya prezidentini «qatil» adlandırmasından sonra isə iki ölkə liderlərinin bir-birlərinə şəxsi simpatiyasının olmadığı da ortaya çıxıb. O zaman Kreml rəhbəri həmkarına sanki zarafatla cavab vermişdi: «İnsan hər kəsi özü kimi bilir».
Bir sözlə, dialoqa ümid azdır. ABŞ ilə Rusiya arasında kommunikasiya imkanları (demək, həm də mümkün görüşə hazırlıq) da azdır, çünki ölkələr qarşılıqlı olaraq bir-birinin diplomatlarını qovublar. Əvvəlcə yeni sanksiyalar çərçivəsində Rusiyanın Birləşmiş Ştatlardakı səfirliyinin onlarla əməkdaşı ölkədən çıxarılıb. Daha sonra Moskva buna eyni cür cavab verib və ABŞ səfirliyinin işçilərini qovmaqla yanaşı, həm də Dövlət Departamenti əməkdaşlarının Rusiyaya qısamüddətli səfər təcrübəsini məhdudlaşdırıb. Bundan başqa, Rusiya ərazisində Amerika fondları və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin qadağan edilməsi qərara alınıb. Söhbət «Rusiyanın daxili həyatına müdaxilə edən» qurumlardan gedir.
Ukrayna – Moskvanın «qırmızı xətti»
Bütün bunları nəzərə alsaq, bu görüş amerikalıların nəyinə gərəkdir – üstəlik, belə çətin dövrdə? Münasibətlərin bir qədər mülayimləşməsini gözləmək, eyni zamanda dialoqa daha optimal səviyyədə hazırlaşmaq imkanı qazanmaq daha asan və daha məntiqli olmazdımı? Görünür, həqiqətən, liderlərin şəxsən müzakirə etməli olduqları təcili məsələ var. Ümumiyyətlə, müəyyən məsələlər var ki, orada Rusiyanın olmaması Qərb üçün çətinlik yaradır – nüvə silahlarının yayılmaması, strateji hücum silahlarını ilə dağlı 3-cü müqavilənin müddətinin uzadılması, İranla nüvə razılaşması, Ukrayna problemi və s.
Hazırda İran məsələsi bir qədər «səngiyibsə», «gözləmə rejimi»nə qoyulubsa, Ukraynanın cənub-şərqində baş verən son olaylardan sonra hazırda ən problemli mövzunun məhz Ukrayna mövzusu olduğunu deyə bilərik. Mayın 6-da ABŞ-ın dövlət katibi Entoni Blinken və siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Kiyevə səfər də edib, sonda səfəri «məhsuldar» adlandırıblar. «Birləşmiş Ştatlar Rusiyanın təcavüzü qarşısında Ukraynada islahatlara, bu ölkənin suveren, demokratik və çiçəklənən gələcəyinin təmininə dəstəyini davam etdirmək əzmindədir», - deyə Blinken səfərin yekununda özünün «Twitter» səhifəsində yazıb.
Ukrayna prezidenti Vladimir Zelenski isə Blinken ilə söhbəti haqda danışarkən, tərəflər arasında gələcəkdə təhlükəsizliklə bağlı razılaşmanın imzalana biləcəyini söyləyib. Ola bilsin ki, burada söhbət Kiyevə tezliklə NATO-ya üzvlüklə bağlı Fəaliyyət planı almaq imkanı verəcək «yol xəritəsi»ndən gedir.
Rusiyada Blinkenin Ukraynaya səfəri «təftiş səfəri» kimi qiymətləndirilib, «Ukraynageyt» ilə əlaqələndirilib. Eyni zamanda Rusiya dairələri bu səfər zamanı Vaşinqtonun Kiyevə konkret heç nə vəd etmədiyi bildirir. Ümumiyyətlə, Moskva Ukraynanı xüsusi «qırmızı xətt» kimi təqdim edir, Qərb isə bu xətti yalnız o zaman keçə bilər ki, aparılan analiz və hesablamalara arxalanaraq özünün strateji və hərbi üstünlüyünə əmin olsun.
Amma görünən odur ki, Qərb bu üstünlüklərə malik deyil. ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin Senatdakı dinləmələr üçün hazırladığı 2021-ci ilin qlobal təhdidlərinə dair məruzədə Rusiya Silahlı Qüvvələrinin Birləşmiş Ştatların özünün mövcudluğuna potensial təhlükə olduğu bildirilir. Sənəddə bildirilir ki, ordu Rusiyanın bütün sərhədi boyu yerləşən ölkələrdə nüfuzunu qoruması üçün əsas alətidir və Vaşinqton buna özünün qlobal liderliyinə çağırış kimi yanaşır. Beləliklə, Moskvanın qərb sərhədlərindəki say üstünlüyündən narahat olan ABŞ Rusiya sərhədlərində hərbi mövcudluğunu artırmağa davam edir. Pentaqon yaxın aylarda Avropada «Kremlin aqressiyasına sinə gərilməsi məqsədi ilə» iki yeni hərbi bölük yaratmaq niyyətindədir. Çoxdomenli operativ qrup (Multi-Domain Task Force, MDTF) və hərbi əməliyyatlar meydanında atəşin idarə olunması komandanlığı (Theater Fires Command, TFC) Rusiya ilə potensial münaqişədə NATO-nun üstünlüyünü təmin etməlidir. NATO lazım gələcəyi təqdirdə, məsələn, Kalininqraddakı «girişin məhdud olduğu zonalar» (Anti-Access/Area Denial, A2/AD) kimi zonaları bu yolla «sındırmağı» düşünür. Söhbət hər iki tərəfin ən müasir silahlarla silahlanmasından gedir – yüksək dəqiqliklə uzunmənzilli raketlər, yaylım atəşi sistemləri, hipersəsli silahlar, HHM, RHM, REM, kibertəhlükəsizlik sistemləri.
Yeri gəlmişkən, bunadək Böyük Britaniya da Rusiyanı öz təhlükəsizliyinə ən ciddi təhdid adlandırmışdı.
Kollektiv təzyiq
Maraqlıdır ki, Ukraynanın Avropa ilə sərhədində vəziyyətin müəyyən qədər «yumşaldığı» dövrdə – mayın 17-dən iyunun 2-dək ABŞ-ın rəhbərliyi ilə son onilliyin ən miqyaslı hərbi təlimlərindən birinin keçirilməsi nəzərdə tutulur. «Avropanın müdafiəçisi-21» («Defender Europe-21») adlı təlimdə 26 dövlət, o cümlədən Bosniya və Herseqovina, Kosovo, Moldova, Ukrayna və Gürcüstan iştirak edəcək. Təlimlərin əsas keçirilmə yeri Balkanlar olsa da, «NATO qoşunlarının təcili olaraq Şərqə atılması» təlimi də keçiriləcək. Ümumilikdə, manevrlər 12 ölkədə baş tutacaq və onlarda 28 min hərbçi iştirak edəcək.
Dünyanın bu bölgəsində Qərb üçün əsas təhlükənin Rusiya olduğunu söyləmək artıqdır. Bu, onsuz da, hər kəsə məlumdur. Hər halda, strateji əhəmiiyyətli Balkan-Qara dəniz regionunda NATO qoşunlarına sinə gərə biləcək hər hansı başqa güc yoxdur. İndi bu təlimlərlə yanaşı, ABŞ Rumıniyadakı aviabazasını müasirləşdirməyi də düşünür. Onun Qara dəniz regionunda NATO-nun əsas habına çevrilməsi nəzərdə tutulur. Eyni zamanda, Almaniyadakı Amerika hərbçilərinin sayı da artırılacaq. Bu da son deyil. Amerikalılar Norveçin ayrı-ayrı yerlərində hərbi qüvvələr, həmçinin təlim, məşq və xidmət vasitələrinin yer alacağı rayonlar yaratmaq üçün razılıq alıb. Analitiklərin fikrincə, son məsələ Rusiyanın Arktikaya təsirini artırması ilə əlaqədardır. ABŞ müdafiə baxımından bu bölgəni çox vacib, eyni zamanda «güclənməkdə olan rəqabət fonunda zəif» region sayır.
Bundan başqa, mayın 3-də Varşavada Reç Pospolitiyanın Kontitusiyasının qəbulunun 230 illiyi münasibətilə Ukrayna, Polşa, Litva, Latviya və Estoniya (bunların 4-ü NATO üzvüdür) birgə bəyannamə imzalayıblar. Sənəddə bildirilir ki, bu dövlətlər «müasir təhdidlər» şəraitində «ümumi təhlükəsizlik» naminə əməkdaşlığı davam etdirəcəklər. «müasir təhdidlər» deyən zaman isə əsas, təbii ki, Rusiya nəzərdə tutulur. Təsadüfi deyil ki, bu hadisədən dərhal sonra rusiyalı ekspertlər sözügedən dövlətlərin «düşmən bəyanatları»nı yada salmağa başlayıb, onları Vaşinqtonun tapşırıqlarını yerinə yetirməkdə təqsirləndirib və burada yeganə məqsədin Rusiya sərhədlərində gərginlik yaratmaq olduğunu vurğulayıblar. Məsələn, Estoniyanın müdafiə naziri Kalle Lannetin «Moskva daxili sosial-iqtisadi problemləri üzündən müharibəyə başlamağa hazırdır» bəyanatı yada salınır.
Bundan başqa, son zamanlar Avropa İttifaqında xarici dövlətlərə, o cümlədən Aİ üzvü olmayan ölkələrə, məsələn, Ukraynaya təcili kömək göstərilməsi üçün çevik reakisya briqadalarının yaradılması planı yenidən gündəmə gətirilməyə başlayıb.
Bütün bunlar göstərir ki, Baydenin ABŞ-ın başına keçməsi ilə Rusiyaya Qərbin kollektiv təzyiqi artıb. Maraqlıdır ki, aprelin ortalarında Praqa da Rusiyaya qarşı ittihamlar irəli sürüb. Çexiya Vrbetisedəki döyüş sursatları anbarında 2014-cü ildə baş vermiş partlayışa görə Rusiyanın xüsusi xidmət orqanlarını günahlandırır. Xatırladaq ki, həmin partlayış 2 nəfərin həyatına son qoymuşdu. Bu ittihamın ardınca 18 rusiyalı diplomat Çexiyadan qovulub. Cavabında Moskva Çexiyanın Rusiyadakı səfirliyinin 20 əməkdaşını persona non-qrata elan edib. Bundan sonra isə Slovakiya, Estoniya, Litva və Latviya Praqaya dəstək aksiyası kimi, rusiyalı diplomatları persona non-qrata elan ediblər. Bu da son deyil. Təxminən, eyni vaxtda Polşa, Bolqarıstan və Rumıniyadan da rusiyalı diplomatlar çıxarılıb. Bundan başqa, Aİ-nin xarici siyasət xidmətinin yaydığı bəyanatda Brüsselin Rusiyanın əməllərini pislədiyi və qəbul etmədiyi deyilir.
«Soyuq müharibə-2.0»
Beləliklə, münaqişənin elementləri ortadadır. ABŞ-ın nüfuzu, Rusiyanın Suriya, Liviya və keçmiş SSRİ məkanı ilə bağlı planları və iddiaları, həmçinin Kremlin Avrasiya layihəsi qarşısında NATO və Avropa İttifaqının genişlənməsi. Bütün bu işlərdə Qərb köhnə, sınanmış üsullardan istifdə edir – Moskvanı təcrid duruma salmaq və çətin iqtisadi vəziyyətlə üz-üzə qoymaq. Bu məqsədlə bir yandan maliyyə və iqtisadi sanksiyalar davamlı olaraq genişləndirilir, «Şimal axını-2» layihəsinə təzyiqlər artırılır, digər tərəfdən isə diplomatik böhran yaradılır. Moskva elə bu sxemlə də yeni silahlanma yarışına cəlb olunur, nəticədə, davamlı şəkildə təlimlər, müxtəlif yerdəyişmələr vasitəsi ilə hərbi güc nümayiş etdirir. Maraqlısı odur ki, Rusiya davamlı olaraq bu tələyə düşür. Səbəb onun sadəcə, başqa yolunun olmamasıdır. Bütün iqtisadi və maliyyə münasibətlərinin Qərbin əlində olduğu dünyada təkbaşına yaşamaq mümkün deyil. Bundan başqa, Kremlə başqa çıxış yolu qoymurlar. Üstəlik, o, ənənəvi olaraq insan haqları ilə bağlı ittihamlarla da üz-üzədir. Hər halda, Navalnı ilə bağlı yaşananlar məhz bunu göstərir.
Amma əvvəlki «soyuq müharibə» ilə müqayisədə, bu dəfə «yeni elementlər» də var və onların davam etməkdə olan qarşıdurmaya hansı təsiri göstərəcəyi, hələ ki, məlum deyil. Birincisi, əvvəlki «soyuq müharibə» zamanı internet və onun təbliğat imkanları, saxta xəbər axını, insanların fikrinə indiki qədər kütləvi təsir imkanları yox idi. O vaxtlar SSRİ və Qərb dövlətlərinin auditoriyası yalnız KİV-in təqdim etdiyi məlumatlarla bəslənirdi. İndi isə media inhisarçılığı çoxdan itirib. Bu gün KİV-in nüfuzunun əhəmiyyətli hissəsi sosial şəbəkələrə keçib, onlar isə öz qanunları ilə işləyir və praktik olaraq, sərhəd tanımır. Məhz bu səbəbdən, amerikalılar öz nüfuzlarına ziyan olmasına rəğmən, Rusiyanın ABŞ-da sonuncudan əvvəlki prezident seçkisinin nəticələrinə təsir göstərdiyini bütün dünyaya car çəkirlər.
İndiki «soyuq müharibə»də daha bir vasitə kiberhücumlardır. Belə hücumlar zamanı hansısa tərəfi, məsələn, adi silahlardan istifadə halında olduğu kimi, birmənalı günahlandırmaq çətindir. Məsələn, bu yaxınlarda Qərbin aparıcı KİV-i yazırdı ki, ABŞ-ın əsas neft kəmərlərindən olan «Colonial Pipeline» xəttinin işinin dayanması rusiyalı hakerlərin «DarkSide» qrupunun işi ola bilər. Yəni bu sahədə ittihamlar natamam olur. Amma Moskva bu sahədə, həqiqətən, ciddi mövqeyə sahibdir.
Eyni şeyi müxtəlif qaynar geosiyasi nöqtələrdə proksi ordulardan istifadə haqda da demək olar. Artıq bu, ikinci məsələdir. Burada söhbət, əlbəttə ki, Kremlin tərk etməyi düşünmədiyi və kifayət qədər uğurlu əməkdaşlıq qurduğu Suriyadan gedir.
Üçüncüsü, ilk «soyuq müharibə»nin sonlarında belə, Çin hələ özünü istənilən qüvvə üçün indiki qədər dəhşətli rəqib kimi tanıtmamışdı – istər iqtisadi sahədə, istər texnoloji, istərsə də hərbi.
Doğrudur, hələlik Pekin Rusiya-Qərb qarşıdurmasından kənarda dayana bilir, hətta dünyanın müxtəlif nöqtələrində öz strateji mövqeyini gücləndirmək üçün bu qarşıdurmadan yararlanır. Lakin gələcəkdə Çinin daha birmənalı mövqedən çıxış etməsi zərurəti yarana bilər. Amerikanın aparıcı nəşrlərindən olan «The National Interest» əbəs yerə yazmır ki, Bayden administrasiyasının Rusiyaya qarşı düşmən münasibəti Moskvanı Pekinlə yaxınlaşmaya vadar edə bilər.
Dördüncüsü, Rusiya-Qərb qarşıdurmasında Türkiyə də eyni dərəcədə «naməlum» güc sayıla bilər. Ankaranın regional və beynəlxalq nüfuzunun davamlı şəkildə artdığı ortadadır. Demək, hansısa mərhələdə o, öz milli maraqlarını əsas tutaraq, tərəflərdən birinin yanında yer ala bilər.
Nəhayət, beşincisi, koronavirus pandemiyası ilə bağlı vəziyyət hələ də düzəlməyib. Son illərin təcrübəsi göstərir ki, onun ciddi iqtisadi və geosiyasi effektləri olur. Eyni zzamand iqlim dəyişikliyi də yaxın gələcəkdə eyni dərəcədə ciddi amilə çevrilə bilər.
Bütün sadalananlardan hansı nəticəyə gəlmək olar? Rusiya ilə Qərbin timsalında ABŞ-ın ümumi dil tapması, «yenilənmə» haqda danışa bilməsi, əlbəttə ki, bütün dünya ictimaiyyəti üçün daha arzulanandır. Amma güman ki, bu gözləntilər əbəsdir. Odur ki, kəmərləri bərkitməli və «çoxməchullu» tənliyi həll etməyə çalışmalıyıq.
MƏSLƏHƏT GÖR: