Müəllif: Kənan RÖVŞƏNOĞLU
İyunun 18-də İranda növbəti prezident seçkiləri keçiriləcək. Seçkilər İran üçün həssas bir dövrdə baş tutacaq. Bir tərəfdən “islahatçı” Həsən Ruhaninin 8 illik prezidentlik müddəti başa çatır, ölkədə son illərdə mühafizəkar qanadın ciddi yüksəlişi qeydə alınır. Digər tərəfdən isə ABŞ-dan demokrat Bayden hakimiyyətə gəldikdən sonra İranla münasibətlərdə yumşalma və artıq Vaşinqton-Tehran danışıqlarında ilk razılaşma əldə olunub.
Bu mənada İran prezident seçkiləri həm də ölkənin gələcək kursunu müəyyən edəcək. Bu seçim həm də xalqın və siyasi hakimiyyətin mövqeyini ortaya qoyacaq. Hələliksə iranlılar və bu ölkədə baş verənləri izləyən mütəxəssisləri bir sual düşündürür: İranın növbəti 4 ildə prezidenti Qərbə qarşı kəskin mövqedə dayanan, “inqilabçı” “ikinci Əhmədinejad”, yoxsa Qərblə dil tapmağın tərəfdarı olan “islahatçı Ruhani” olacaq?
Yeddi iddiaçı və qalan sürprizlər
Bəri başdan deyək ki, İslam Respublikasında prezident ölkənin birinci şəxsi olmasa da, bu posta hər seçkidə çoxlu sayda “iddiaçı” olur. Bu il də prezidentliyə namizəd olmaq üçün nə az, nə çox 592 nəfər müraciət edib. Ancaq onların böyük bir qismi, yəni 90 faizdən çoxu ilkin “ələmə” prosesindən keçməyib. İranda mövcud qanunlara əsasən prezidentliyə (eləcə də parlament və Xubreqan-Mütəxəssislər Məclisinə) namizədlər Nəzarət Şurasından keçməlidir. Nəzarət Şurası isə dini və ölkə qanunlarına əsaslanaraq meyarları müəyyən edir, “uyğun olmayan” namizədləri rədd edir. 40-dan az və 70-dən çox olmayan, eləcə də seçkinin qanunun tələblərinə uyğun gələn şəxslərin namizədliyi qeydə alınır.
Mayın 25-də İran Mərkəzi Seçki Qərargahı Konstitusiyanın Qoruyucuları Şurası (Şuraye Negahban) tərəfindən “ələnən” son namizəd siyahını açıqlayıb. Yekun namizəd siyahısında 7 nəfərin adı olub. Bu şəxslərdən biri İranın yeni prezidenti olacaq: Səid Cəlili, Mohsen Rezai, Seyid İbrahim Rəisi, Əlirza Zakani, Seyid Mirhüseyn Qazizadə Haşimi, Mohsen Mehr-Əlizadə, Abdunnasr Hemmati.
Builki seçkilərin ilk fərqi o oldu ki, müvafiq dövlət qurumu iddiaçıların böyük əksəriyyətini kənarlaşdırdı. Seçkiyə buraxılmayanlar arasında dövlət və siyasi hakimiyyətdə mühüm postlar tutmuş və prezidentliyə şanslı hesab olunan namizədlər var idi. Bunların arasında keçmiş prezident Mahmud Əhmədinejad, keçmiş xarici işlər naziri və parlamentin spikeri Əli Laricani, vitse-prezident İshaq Cahangiri var idi. Hansı ki, hər 3 şəxs prezidentliyə şanslı namizədlər arasında adları hallanırdı. Bundan başqa siyasi dairələrdə məşhur olan islahatçı cinahın nümayəndəsi Mustafa Taczadənin də namizədliyi rədd edilib.
Həmçinin namizədlərin son siyahısı elan olunmamışdan bir gün əvvəl prezidentliyə iddiaçılar arasında adı keçən ali dini lideri müşaviri və keçmiş müdafiə naziri Hüseyn Dehqan və mühafizəkar qanaddan olan keçmiş neft naziri Rüstəm Qasımi namizədliklərini İbrahim Rəisinin lehinə geri çəkdiklərini elan ediblər.
“Namizəd ələnməsi”nin daha bir sürprizi də “Sepah” generalı, prezidentliyə ən şanslı namizədlərdən biri hesab edilən Səid Məhəmməd oldu. 53 yaşlı general Məhəmmədi müşahidəçilərə görə İranda prezidentliyə ən şanslı namizədlərdən biri idi. Lakin görünür, mühafizəkar qanadda səs parçalanmaması ehtimalına görə Məhəmmədinin namizədliyi ləğv olundu.
Azərbaycanlılar namizədlər arasında
Prezidentliyə namizədliyi qeydə alınmış 7 nəfərdən 2-si Azərbaycan əsillidir. Bundan başqa namizədlərdən yalnız 2-si islahat qanadını təmsil edir. Bunlar keçmiş vitse-prezident və İsfahanın keçmiş valisi (ostandar) Mohsen Mehr-Əlizadə və iqtisadçı, İran Mərkəzi Bankının keçmiş sədri, Çində səfir olmuş Abdunnasr Himmətidir.
Yerdə qalan namizədlərin 4-ü mühafizəkar qanadı təmsil edir. Bunlar Seyid İbrahim Rəisi, Mohsen Rezai, Səid Cəlili, Seyid MirHüseyn Qazızadə Haşimidir. Xüsusən də siyahıdakı ilk 3 nəfər, Rəisi, Rezai və Səid Cəlili xeyli məşhur simalardır.
General Möhsin Rezayi Sepahın keçmiş komandanıdır, hazırda Sistemin Məsləhətinin Təyini Şurasının katib postunu tutur. Ötən illərdə bir neçə dəfə prezident seçkilərə qatılsa da, qalib gələ bilməyib.
Səid Cəlili daha əvvəl bir sıra yüksək dövlət postları tutub və uzun müddət İranın nüvə danışıqlarını aparıb. Daha əvvəl seçkilərə qatılsa da uğur qazana bilməyib. O cümlədən digər namizədlərin də ciddi fərqlənəcəyi gözlənilmir. Mühafizəkar qanadda əsas diqqətlər İbrahim Rəisiyə yönəlib.
Seyid İbrahim Rəisi daha əvvəl İranda Məşhəd şəhərində yerləşən İmam Rza (ə) ziyarətgah kompleksinin rəhbəri olub. 2017-ci il seçkilərində Həsən Ruhaninin əsas rəqibi olub. Hazırda, yəni seçkilərə qədər İran Məhkəmə sisteminə rəhbərlik edib.
Əsas rəqiblər
İranda məhkəmə və dini elitanın əsas namizədi hesab olunan Seyid İbrahim Rəisi 2017-ci ildə mühafizəkar qanadın favorit namizədi idi. Ancaq seçki debatlarında illərin təcrübəli siyasətçisi, “diplomatiya şeyxi” Həsən Ruhani qaraqabaq və sakit məcazlı Rəisini üstələdi. Üstəlik, inqilabın ilk illərində “üçlük” məhkəmələrinin üzvü olması, ya da bu sistemdə çalışması Rəisinin xüsusən də gənc nəsil içərisində əleyhinə işləyən faktordur. Ancaq məhkəmə hakimiyyətinin başında olan şəxs, dini liderə çox yaxın olması, həmçinin Məşhəd İmam Rza (ə) ziyarət kompleksinə rəhbərlik etməsi, dini elitada ciddi dayaqlarının olması (qayınatası Məşhəd şəhərinin imam-cüməsi Ayətullah Əhməd Aləm əl-Huda) onun şansını artırır. Səid Məhəmmədi kimi İbrahim Rəisinin də tam siyasi dəstəyi alması seçki kampaniyasında özünü göstərməsindən asılı olacaq.
Lakin son “ələnmə” onu göstərir ki, mühafizəkar qanadın əsas namizədi məhz Rəisi olacaq. Bu isə hazırkı şərtlərdə Rəisinin böyük ehtimalla seçkilərin qalibi olacağını deməyə əsas verir. İbrahim Rəisinin 2017-ci il seçkilərindən dərhal sonra İran məhkəmə sisteminin başına gətirilməsi göstərir ki, dövlət içərisində Rəisiyə etimad böyükdür və hazırkı seçkilərə qatılması da bu etimadın nəticəsidir.
İslahat qanadında isə Rəisiyə əsas rəqib olaraq Himməti görünür. Daha əvvəl Mərkəzi Bankın rəhbəri və Çində İranın səfiri işləmiş Himməti iqtisadi sahədə nüfuzlu kadrlardan biridir. İslahat qanadından Himmətinin namizəd göstərilməsi də müəyyən mənada həm də iqtisadçı olması ilə əlaqədardır.
Məsələ ondadır ki, İslahat qanadının əsas namizədi kimi son aylara qədər xarici işlər naziri Cavad Zərif görünsə də, son aylarda baş verən kaset qalmaqalı xarici işlər nazirinin siyasi karyerasına ciddi zərbə oldu. Dini liderin tənbeh etdiyi Zərifin namizədliyi üzərinə ciddi kölgə saldı. Hətta bəzi iddialara görə keçmiş prezident, islahat qanadının görkəmli şəxsiyyəti Məhəmməd Xatəmi və İslam İnqilabı lideri Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyni (islahat qanadının əsas simalarından biridir) Zərifi namizədliyə razı salmaq istəsələr də o imtina edib.
Hazırkı format isə daha çox İranın gələcəyi ilə bağlı siyasi dairələrin baxışını ortaya qoyur. Mühafizəkar qanad növbəti 4 ildə ölkəyə dini kimliyi olan, inqilab xəttinə sadiq, məhkəmə sistemindən gələn Rəisini görür. İslahat qanadı isə Qərblə nüvə danışıqlarının davam etdiyi və sanksiyaların yumşaldılmasının gündəmdə olduğu bir mərhələdə ölkənin keçmiş baş bankirini, təcrübəli iqtisadçını irəli verməklə cəmiyyətə xüsusi mesaj verir. İran seçiciləri həm də obrazlı olaraq bu iki xətt arasında seçim etməli olacaq.
2021-ci il prezident seçkiləri İslam Respublikasının qarşıdakı 4 ildə hansı istiqamətdə gedəcəyi ilə bağlı xalqın baxışını müəyyən edəcək. İran xalqı Qərblə-ABŞ-la danışıqların davam etdirilib, dialoqu, yoxsa Qərblə barışmazlığa tərəfdar olduğunu bu seçkilərdə verilən səslər müəyyən edəcək. O da nəzərə alınmalıdır ki, Həsən Ruhaninin 8 il əvvəl nüvə sazişi və Qərblə dialoq proqramı iflas etdi və İranda iqtisadi vəziyyət daha da pisləşdi. ABŞ-ın keçmiş prezidenti Donald Trampın 4 il ərzində tətbiq etdiyi sərt sanksiyalar Qərblə dialoqa olan ümidlərə zərbə vurdu. Ötən ilki seçkilərdə mühafizəkarların parlamentdə çoxluğu ələ keçirməsinin əsas səbəblərindən biri də Qərblə dialoq xəttinin uğursuzluğu idi. Bayden ABŞ prezidenti kimi fəaliyyətə başladıqdan sonra nüvə danışıqlarının bərpa olunması və müəyyən güzəştlərin olması islahatçılar üçün seçkiqabağı “nəfəslik” rolunu oynasa da, bunun böyük bir dəyişikliyə səbəb olacağı inandırıcı deyil.
MƏSLƏHƏT GÖR: