Müəllif: Cahangir HÜSEYNOV
Böyük Britaniyanın Avropa İttifaqını (Aİ) tərk etməsi ilə bağlı ehtiraslar yatmamış, üfüqdə yeni problem görünməyə başlayıb. Üstəlik, indi problem Avropanın düz göbəyində baş qaldırır.
İsveçrə Aİ ilə çərçivə razılaşmasının imzalanması üçün aparılan danışıqlar prosesindən çıxdığını bəyan edib. Bu razılaşma onların münasibətlərinə sistemlilik gətirməli, gələcək üçün vahid hüquqi əsas formalaşdırmalı idi.
Məsafədən əməkdaşlıq
İsveçrənin 1972-ci ildə Avropa İqtisadi Birliyi (Aİ-nin sələfi) ilə azad ticarət sazişi imzalamasından, 1992-ci ildə keçirilmiş referendumda isə bu təşkilata qoşulmağın əleyhinə səs verməsindən sonra tərəflər arasında 120 müqavilə imzalanıb. Bu müqavilələr vahid Aİ bazarının müxtəlif sektorlarını İsveçrə şirkətləri üçün əlçatan edib. Bu əlçatanlıq o qədər miqyaslıdır ki, Aİ və Avropa Azad Ticarət Assosiasiyası (İsveçrə bu assosiasiyanın üzvüdür) ölkələrinin Aİ-nin daxili bazarına inteqrasiya dərəcəsi reytinqində məhz İsveçrə (Belçika və İrlandiya ilə birlikdə) ən yüksək pillələrdə yer alır. 2019-cu ilin araşdırmasına görə, vahid Aİ bazarından İsveçrədən çox qazanan ölkə yoxdur. Vahid bazarda yer almaq səbəbi ilə Aİ vətəndaşlarının gəlirlərinə ildə 1008 dollar əlavə olunursa, İsveçrə vətəndaşları üçün bu rəqəm 3499 dollardır.
Aİ İsveçrə üçün ən vacib ticarət tərəfdaşıdır – ixracda 42, idxalda 50%. İsveçrə isə öz növbəsində, Aİ-nin Çin, ABŞ və Böyük Britaniyadan sonra 4-cü ticarət tərəfdaşıdır. 1,4 milyondan artıq Aİ vətəndaşı İsveçrədə, təxminən, 400 min isveçrəli isə Aİ-də yaşayır. Bütün bunlar göstərir ki, İsveçrə Aİ bazarına çıxış imkanından yalnız qazanır.
Bütün bunlara baxmayaraq, 30 ildir İsveçrədə bir mövzu ətrafında diskussiyalar bitmir: Aİ ilə əməkdaşlığı daha da dərinləşdirməli, ona üzv olmalı, yoxsa isteqrasiya prosesindən kənarda qalmalı? Avropa İttifaqı ilə əməkdaşlıq məsələsi bir neçə dəfə referenduma da çıxarılıb və nəticə hər dəfə eyni olub: Aİ ilə sıx əməkdaşlıq edilməli, lakin ondan İsveçrənin iqtisadi maraqlarına ziyan vurmayacaq dərəcədə aralı dayanmalı.
Nifaq müqaviləsi
Tarixçi Klod Lonşan özünün İsveçrə-Aİ münasibətlərinin tarixinə həsr etdiyi kitabında yazır ki, «bir gün ikitərəfli sənədlərin sayının ağlabatan rəqəmi aşacağını lap əvvəldən hamı bilirdi. Bu qədər müxtəlif, təxminedilməz həyatın hər aspektini, əlbəttə ki, konkret hüquqi akt çərçivəsinə salmaq olar. Amma bu strategiyanın həyat qabiliyyəti nə qədərdir? Bu qədər fərqli kontragentlərin əməkdaşlığı üçün baza əsasların yer alacağı ümumi sənədin olması zərurət idi».
Baza razılaşmasına ehtiyac ona görə var idi ki, ikitərəfli razılaşmaların idarə olunmasının çətinliyi hər kəsə məlumdur. Onları mütəmadi olaraq yeniləmək, demək, bitmək bilməyən danışıqlar aparmaq lazımdır. Bundan başqa, tərəflərdən biri ikitərəfli razılaşmalardan hər hansını ləğv edirsə və ya pozursa, digər razılaşmalar da avtomatik olaraq pozulur.
2014-cü ilin fevralında, İsveçrə vətəndaşlarının əksəriyyətinin referendumda Aİ-dən immiqrasiyanın məhdudlaşdırılmasına səs verdiyi zaman da belə olmuşdu. Bu qərar münasibətləri xeyli çətinləşdirmiş və yalnız bundan sonra Bern ilə Brüssel mövcud razılaşmaların sabitləşdirilməsi, gələcək üçün şərtlərin müəyyənləşdirilməsi üçün yollar axtarmağa başlamışdılar. Nəhayət, 2018-ci ildə danışıqlar başa çatıb və ortaya beş əsas istiqaməti əhatə edən sənəd çıxıb: insanların sərbəst hərəkəti, sənaye və kənd təsərrüfatı məhsulları standartlarının qarşılıqlı qəbulu, hava və quru nəqliyyatı.
Lakin əslində tərəfləri yaxınlaşdırmalı olan razılaşma onları bir-birindən daha da uzaqlaşdırıb. Səbəb İsveçrənin Aİ qaydalarına zidd olan bəzi tələblər irəli sürməsi olub: İsveçrə vətəndaşlarının yüksək əməkhaqlarının qorunub saxlanması, avropalıların İsveçrənin sosial təminat sisteminə qoşulmasının məhdudlaşdırılması, həmçinin dövlət yardımını tənzisləyən qaydaların ləğvi və s.
Brüssel isə öz növbəsində, heç bir dəyişikliyə getməyəcəyini bəyan edib. O, bu qərarını vahid bazar qaydaları ilə əsaslandırıb: vahid bazarın bütün iştirakçıları eyni qaydalara əməl etməli, bərabər öhdəliklər götürməlidirlər.
Brexit-in pis karması
İlk baxışdan bu vəziyyətin «Brexit»lə heç bir ümumi cəhəti yoxdur. Çünki Birləşmiş Krallıq Aİ-dən uzaqlaşmağa qərar veribsə, İsveçrə əksinə, yaxınlaşmaya razıdır. Amma bənzərlik də var. İsveçrə Aİ ilə münasibətlərini genişləndirməyə çalışsa da, Böyük Britaniya kimi, suverenliyini də qoruyub saxlamaq istəyir.
«Brexit» ilə başqa əlaqə də var. Bir zamanlar Londonun etdiyi kimi, Bern də Aİ bazarına qaydalara minimum riayət etməklə, maksimum çıxış əldə etməyə çalışır. Aİ-yə üzv 27 ölkə isə bu şərtləri həm də ona görə qəbul etmir ki, qalanlar belə tələblərin mənasız olduğunu anlasın.
Ümumiyyətlə, çoxları hesab edir ki, Brüsselin London və Bernlə apardığı danışıqlar bir-birinə çox bağlıdır və onlara ümumi proses kimi yanaşmaq da olar. «Brexit»in çətinliyi əsasən İsveçrə ilə razılaşmanın yaratdığı mübahisələrlə bağlıdırsa, Aİ ilə britaniyalıların ayrılması Bern-Brüssel danışıqlarını çətinləşdirib. Aİ Britaniyanı İsveçrənin «ikitərəfli razılaşmalar» yolu ilə getməyə təşviq etmək istəmirdi, Bern isə London qarşısında zəiflik nümayiş etdirməməyə çalışır.
Nəticədə, İsveçrə fərdi razılaşmaya nail ola bilməyib, halbuki o, buna haqqının olduğunu düşünür. Bəlkə də, şərait fərqli olsaydı, Bern bu istəyinə nail olacaqdı.
İki il bu cür qeyri-müəyyənlik şəraitində keçib. Yalnız ötən ilin payızında isveçrəlilər ölkələri ilə Aİ arasında hərəkət sərbəstliyinə səs verən zaman məlum olub ki, Bern-Brüssel danışıqları, nəhayət, «ölü nöqtə»dən tərpənə bilər.
Amma görünən odur ki, indi İsveçrə daxilində bu razılaşmaya etiraz daha da artıb və nəticədə, hökumət ondan tamamilə imtina etmək qərarına gəlib.
Heç kim əmin deyil
Razılaşmanı İsveçrədə həm sağçılar, həm də solçular tənqid edir. Parlamentdə çoxluğa malik radikal sağçı İsveçrə Xalq Partiyası razılaşmanın tam əleyhinədir. Partiya liderlərinin fikrincə, burada söhbət «neomüstəmləkə Avropa iqtisadi məkanının yenidən işə salınmasından» gedir və razılaşma «İsveçrənin kapitulyasiyasından, qarşı tərəfə tabe olmasından başqa bir şey deyil».
Sosial-demokratlarla həmkarlar ittifaqı təşkilatları isə hesab edirlər ki, ölkəyə əməkhaqlarının (Avropada ən yüksək) qorunması tədbirlərinə uymayan ucuz işçi qüvvəsinin axını əksər isveçrəlinin maraqlarına zərbə olacaq.
Bundan başqa, skeptiklər deyirlər ki, razılaşma layihəsinə görə Avropa Məhkəməsi mübahisələrin həllində son apellyasiya instansiyası olacaq. Demək, «əcnəbi hakimlər» İsveçrəyə Aİ-nin qanunlarını yeridəcəklər.
İsveçrədə ümumrespublika miqyaslı istənilən qərar referendum yolu ilə qəbul edilir. Odur ki, yerli hökumətin qərarlarını anlamaq üçün xalqın əhvalını bilmək lazımdır. Son sosioloji sorğular isə göstərir ki, isveçrəlilərin, təxminən, üçdə ikisi Aİ ilə münasibətlərin inkişafına ehtiyac duymur. Rəyi soruşulanların yalnız yarısı çərçivə sazişinin tərəfdarıdır. Odur ki, səsvermənin nəticəsinin necə olacağına heç kim əmin deyil.
Yeni mandat lazımdır
İsveçrənin ən böyük ticarət tərəfdaşı olan Aİ ilə əlaqələri gücləndirəcək müqavilədən imtinası bu ölkədə iqtisadi inkişafı zəiflədəcək. Hər halda, «Fitch» reytinq agentliyində belə düşünürlər. Səbəblərdən biri Aİ ilə münasibətlərdəki qeyri-müəyyənliyin İsveçrəni biznes baxımından daha az cəlbedici ölkəyə çevirməsidir.
Aİ artıq Börnlə imzaladığı 120 setorial razılaşmanın hər birinin müddətsiz davam etməsində maraqlı olmadığını bəyan edib. Məsələn, mayda tibbi avadanlıqlarda standartlarla bağlı razılaşmanın müddəti bitib və nəticədə, isverəli ixracatçılar Avropa bazarlarına sərfəli birbaşa çıxışdan məhrum olublar. İsveçrə vahid bazarın yeni sektorlarına çıxışdan da mərhum ola bilər.
Daha bir problem var. İsveçrə razılaşma ilə bağlı danışıqları birtərəfli qaydada dayandırdığından, Avropa Komissiyanın onunla danışıqlar aparmaq mandatı avtomatik olaraq, qüvvədən düşür. Demək, Börn danışıqları bərpa etmək fikrinə düşərsə, Brüssel Aİ üzvü olan bütün 27 ölkədən belə mandat almalıdır. Bu isə illərlə vaxt tələb edə bilər.
«B» planı
İndi İsveçrə hökumətinin kabinetlərində əsas diqqət bir məsələyə yönəldilib: necə etmək olar ki, Aİ ilə ikitərəfli münasibətlər «Konfederasiyanın milli qanunvericiliyinə əlavə və dəyişikliklər olunmaqla, sabitləşdirilsin?». Yəni Bern təcili olaraq yerli qanunvericiliyini birtərəfli qaydada Aİ normalarına uyğunlaşdırmaq haqda düşünür. Hökumət bui şi Ədliyyə Nazirliyinə tapşırıb. Bu «B» planına mayın ortalarında, Börnün Brüssellə çərçivə sazişi haqda danışıqları dayandırdığını elan etməsindən 1 həftə əvvəl start verilib.
Bu strategiyanın məqsədi Aİ-ni özünə cəlb edə bilmək, onu çərçivə sazişinin əvvəllər tərəfdər arasında fikir ayrılığı yaratmamış bəndlərinin birtərəfli qaydada reallaşdırılmasına meyilləndirməkdir.
Əzələ nümayişi
Bütün bu prosesdə Aİ-Böyük Britaniya problemindən bir ciddi fərq var. «Barrikada»nın hər iki tərəfində əmindirlər ki, İsveçrə yaxın gələcəkdə Brüssel tərəfindən soyuqluq hiss edər-etməz, «şaxtalı dövr» yaşamağa başlayacaq. «Brexit»dən fərqli olaraq, Bern ilə Brüssel «nəfəs almağa, panikaya düşməməyə imkan verəcək mövcud razılaşmalar»a qayıda biləcəklər.
Yaxın həftələrdə və aylarda hər iki tərəf, yəqin ki, danışıqlarda mövqelərini yaxşılaşdırmaq üçün «əzələ nümayişi»nə başlayacaq. Amma onlar əlaqələrin zəifləməsinə, xüsusilə kəsilməsinə yol verməyəcəklər. «Swexit» olmayacaq.
MƏSLƏHƏT GÖR: