Müəllif: Kənan RÖVŞƏNOĞLU
Yaxın Şərqin iki böyük dini dövləti İran və Səudiyyə Ərəbistanı barışır. Əgər bir neçə ay əvvəl başlanan danışıqlar prosesi uğurla davam edərsə, yaxın dövrdə iki ölkə arasında münasibətlər yumşala bilər.
Bir qədər əvvəl Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Faysal bin Fərhan bildirdi ki, İranla hazırda davam edən kəşfiyyat səviyyəsində danışıqlar ilkin mərhələdə olsa da, ümidvericidir. Ancaq iyunun 18-də İranda keçirilən seçkilərin nəticələrinin bu danışıqlara hansı təsiri göstərəcəyi də elə seçkinin nəticələrindən asılı ola bilər. Səudiyyəli nazir qırılan əlaqələri yenidən bərpa edəcəklərinə ümid etdiklərini deyib.
Gələcəyə doğru geriyə
Uzun müddətdir aralarında soyuq münasibətlər olan İran və Səudiyyə Ərəbistanı arasında gizli danışıqların ilk mərhələsi bu il aprelin 9-da İraqın paytaxtı Bağdad şəhərində baş tutub. Bu görüşün əsas vasitəçisi isə keçmiş kəşfiyyatçı olan İraqın hazırkı baş naziri Mustafa əl-Kazımi olub. Cənab Kazımi bir neçə dəfə ər-Riyad və Tehrana səfər etdikdən sonra bu görüşü təşkil edə bilib. Sözsüz ki, bu danışıqların baş tutmasında hər iki tərəf ölkənin marağı vardı. Ancaq maraqlıdır ki, 9 aprelə, yəni ilk danışıqlara qədər bu proses gizli saxlanılmışdı.
Bu il aprelin 3-cü ongünlüyündə rəsmi dövlət televiziyasına müsahibə verən Səudiyyə Ərəbistanı vəliəhd-şahzadəsi Məhəmməd bin Salman “İran qonşu dövlətdir, biz onunla yaxşı və üst səviyyədə əlaqələr qurmaq arzusundayıq” demişdi. Şahzadə müsahibəsində İranın rifahını və Səudiyyə Ərəbistanı ilə qarşılıqlı maraqlarının olmasını istədiklərini, lakin İranın nüvə proqramı, ballistik istehsalı və regionun bəzi ölkələrində qanunsuz silahlı qrupları dəstəkləməsi bu yolda əsas maneələrin olduğunu əlavə etmişdi. Bin Salman bu problemlərin həll olunması üçün müttəfiqləri ilə birgə çalışdıqlarını demişdi.
Şahzadə onu da demişdi ki, ötən əsrin 50-70-ci illərində “ərəb millətçiliyi və sosializm layihələri müsəlman ölkələrində radikal dinçi qrupların dövlət sistemlərinə nüfuz etməsinə səbəb olub”. Amma vəliəhdə görə radikalizm “xoş olmayan” nəticələr doğurub. Buna görə də Məhəmməd bin Salman radikalizmin təmizlənməsi ilə həqiqi inkişafın baş verə biləcəyinə ümid etdiyini deyib.
Hər nə qədər son illərdə İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərdəki soyuqluq din-məzhəb mövzusu üzərindən şərh olunsa da, məsələnin əsl kökü siyasətdədir. Məsələn, hər iki ölkədə monarxiyanın olduğu 1979-cu ilə qədər Tehran və ər-Riyad arasında hər hansı ciddi problem olmayıb. Baxmayaraq ki, dini-məzhəbi fərqlər o zaman da vardı. Hətta 1962-ci il Yəmən hadisələrindən sonra bu ölkədə “İmamət”i bərpa etmək üçün başladılan kampaniyada Səudiyyə Ərəbistanı və İran müttəfiq olub.
Ancaq 1979-cu ildə İranda İslam inqilabı və ardınca inqilabın yayılması doktrini iki ölkə münaisbətlərinə mənfi təsir etdi. İran İslam inqilabından ruhlanan müsəlman ölkələrindəki siyasi islam hərəkatları Səudiyyə Ərəbistanında da baş qaldırdı. 1979-cu il Məkkə qiyamı, sonrakı illərdə Həcc ziyarəti zamanı baş verən siyasi aksiyalar Krallığı narahat etməyə başladı.
Körfəz müharibəsi və Yaxın Şərqin yenidən dizayn dövründə Səudiyyə Ərəbistanı daşıdığı missiya (Krallıq rəsmi olaraq İslam aləminin iki müqəddəs məkanına – Məkkə və Mədinənin himayəçisi hesab olunur – K.R.) və neft-qaz gəlirlərinin yaratdığı zənginlik hesabına müsəlman aləminin yeni lideri kimi çıxış etməyə başladı. “Ərəb baharı” və ondan sonra baş verən müharibələrdə Krallıq regionda ərəb ölkələrinin hamisi kimi çıxış etməyə başladı və bu zaman İraq, Suriya, Yəmən kimi ölkələrdə faktiki olaraq İranla qarşıdurmaya getdi. İki ölkə birbaşa hərbi münaqişəyə girməsələr də hər 3 ölkədə faktiki olaraq mandat müharibəsi apardı. Bu isə ümumilikdə təkcə Yaxın Şərq deyil, bütövlükdə müsəlman aləminə öz acı təsirini göstərdi.
İki ölkə münasibətlərində qopma isə 2015-ci ildən sonra oldu. 2015-ci ildə sentyabr ayında Həcc ziyarəti zamanı aralarında iranlı zəvvarların da olduğu yüzlərlə zəvvarın həlak olması iki ölkə arasında münaisbətləri gərdi. Rəsmi Tehran Məkkədə izdiham zamanı 769 zəvvarın ölümü (onlardan 169-u İran vətəndaşları olub) və yüzlərlə insan itkin düşməsini Səudiyyə Ərəbistanı hökumətinin səriştəsizliyi və bərbad təşkilatçılığı ilə izah edib. Bundan sonra münasibətlər pisləşib və sonrakı il iranlıların Həcc ziyarəti baş tutmayıb. Eyni zamanda Səudiyyə Ərəbistanının şiələrin kompakt yaşadığı (krallığın əhalisinin 20 faizə yaxınının şiə məzhəbi ardıcıl olduğu güman edilir – K.R.) Şərq vilayətində dini liderlərindən Ayətullah Şeyx Baqir Nimr İranın və beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq, asılaraq edam edilib.
Bu iki hadisə, onsuz da, soyuq olan iki ölkə münasibətlərində gərginliyi üzə çıxarıb. Sonrakı illərdə Yəməndə, Suriyada, eləcə də Qətər, Livan böhranları zamanı iki ölkə “qarşı cəbhədə” yer alıb.
Amma bütün bu gərginlik nöqtələrində ümumi olaraq region ölkələri, müsəlman aləmi zərər görüb. Müsəlman aləmində məzhəb üzərindən qarşıdurma artıb, bölünmə daha da dərinləşib. Nəticə etibarilə iki ölkənin siyasi rəqabəti bütünlükdə müsəlman aləmi üçün fəsadlara gətirib.
2019-cu ildə İranın xarici işlər naziri Cavad Zərif Tehranın ər-Riyadla birbaşa və ya üçüncü tərəfin vasitəçiliyi ilə danışıqlara hazır olduğunu açıqladı. Zərif: “Səudiyyə Ərəbistanı ilə bütün mövzularda müzakirələrə hazırıq. Ərəbistan qonşumuzdur, bizim bir-birimizlə danışmaqdan başqa seçimimiz yoxdur” demişdi.
Amma bu danışıqların reallaşması üçün daha iki il lazım gəldi. Artıq İran XİN Ərəbistanla danışıqların olduğunu təsdiqləyib. Nazirlik iki ölkə hökumətinin problemləri həll eləmək üçün əlindən gələni edəcəyini bildirib. Amma indi bunun necə davam edəcəyi həm də müəyyən mənada 18 iyun seçkilərinin nəticələrindən asılı olacaq. Baxmayaraq ki, Səudiyyə Ərəbistanından olan rəsmilər İranda əsas qərar verən orqanın prezident deyil, ali dini lider olduğunu deyərək, seçkilərin prosesə təsir etməyəcəyinə ümid etdiklərini deyiblər.
Düşmənçilik uğur gətirməz
Əlbəttə, hər şey regionda və dünyada baş verən dəyişikliklərlə əlaqədardır. Aydın məsələdir ki, iki ölkə arasında münasibətlər regiondakı siyasi-hərbi vəziyyət, xüsusən də Yəmən, Suriya, İraq, Bəhreyndə baş verənlərin təsiri ilə yüksəldi. Məkkə hadisələri, Baqir Nimrin edamı bu işdə kulminasiya oldu. Daha sonra ABŞ-da respublikaçı Donald Trampın prezident seçilməsi regionda gərginlyi daha da artırdı. ABŞ prezidenti açıq şəkildə ərəb ölkələri və İsraili yanına alaraq İran və müttəfiqlərinə qarşı cəbhə açdı. Amma bu gərginlik hansısa toqquşma və ya İranın hərbi-siyasi süqutuna səbəb olmadı. Əksinə, Tramp cəmisi 4 il hakimiyyətdə qaldı və üstəlik, Yəmən, Suriya, Qətər, Livan kimi ölkələrdə antiiran cəbhəsi uğur qazana bilmədi.
Üstəlik, ildən-ilə dərinləşən nəticəsiz münaqişələr göstərdi ki, yaranmış vəziyyət nəticə etibarilə müsəlman ölkələrinin, başda elə İran və Səudiyyə Ərəbistanının ziyanına cərəyan edir. Üstəlik, regionda yeni oyunçuların – Çin və Rusiyanın - fəallaşması Yaxın Şərqi böyük güclərin savaş meydanına çevirməkdədir.
Nəticə etibarilə 10 ilə yaxındır davam edən dərin düşmənçilik siyasəti heç bir tərəfə strateji planda uğur gətirmədi. Üstəlik, Co Bayden prezident olduqdan sonra Yaxın Şərqdə daha fərqli, bütün tərəflərlə danışıqlar masasına oturmaq, Çin və Rusiyanın təsirini azaltmaq siyasətini başlatması ilə İrana qarşı Vaşinqtonun tutumunu dəyişdirdi. Nəticədə, ABŞ Yəməndə hərbi iştirakını azaltdı. Çünki indi Vaşinqton İranı Çinə güzəştə getmək istəmir.
Başqa sözlə, regional şərtlərin diktəsi başqadır. Ər-Riyad da buna uyğun olaraq siyasətini müəyyən etmək məcburiyyətindədir. Eyni sözləri İran haqqında da demək olar. Tehran yaxşı anlayır ki, bütün ərəb aləmi ilə inqilab ixracı və silahlı üsyançılar dili ilə danışmaq olmaz. Səudiyyə Ərəbistanı güclü və təsirli ölkədir. Onunla uzun müddət qarşıdurma İranın özünü təcrid edir və imkanlarını daha da azaldır. Buna görə də Ər-Riyadla barışıq daha əlverişlidir.
Əlbəttə, yaxın zamanda İran və Səudiyyə Ərəbistanı arasında dostluq əlaqələrinin yaranacağı inandırıcı deyil. Amma prosesin başlaması onu göstərir ki, hər iki ölkənin liderləri düşmənçilik siyasətinin nəticə verməyəcəyini, mübahisəli mövzuları yalnız silah və güclə həll etmək mümkün olmayacaq. Bunun üçün qarşılıqlı güzəşt, ümumislam və insanlıq xatirinə geri çəkilmək lazım gələcək. Hərçənd ki, bu prosesin özü də asan baş verməyəcək.
Lakin bu prosesin özü bir həqiqəti isbat etdi. Din adına aparılan müharibələrin əsl səbəbi heç də din deyil. Dinlər isə hər zaman olduğu kimi, indi də bu savaşlarda bir vasitədir.
MƏSLƏHƏT GÖR: